Ədəbi cəsarət
Ədəbi tənqid real ədəbi fakta fərdin
münasibətindən daha çox, obyektiv aləmlə onun bədii
təfəkkürdəki inikasının sosial mahiyyətini
araşdırdığından, ictimai fikrə və
gerçəkliyə ədəbiyyatın özündən
daha yaxın olur.
Buna görə də ədəbi
proses ictimai-tarixi münasibətlər kontekstində müxtəlif
"izmlər" altında çıxış etdiyi halda, ədəbi
tənqid bütöv, bölünməz və dəyişilməz
bir estetik görüş olaraq qalmaqdadır. Əslində,
yazıçı istedadı və ictimai maraq tandemi yalnız
ədəbi tənqdin prinsipial müdaxiləsi sayəsində
vahid bir üçbucaq halında tamamlanmaqla ədəbiyyatın
mühüm nailiyyətini ortaya qoya bilir. Bu mənada ədəbiyyat
küll halında ədəbi tənqidə nə qədər
borcludursa, ictimai fikir də öz estetik-əxlaqi dəyərlərinin
formalaşmasında və mükəmməlləşməsində
xüsusi yeri olan ədəbiyyatın məhz düzgün
qavranılmasına görə ədəbi tənqidə bir o
qədər minnətdar olmalıdır. İlk baxışdan
elə də nəzərə çarpmayan tənqidçi əməyi
bəzən böyük ədəbiyyat pleyadasından qat-qat
yüksəkdə dayanır. XİX əsr rus ədəbiyyatı
sandığında onlarla şair və yazıçı
mürgülədiyi halda, tək bir Belinski bu ədəbiyyatın
ictimai-mənəvi siqlətini dünyaya təqdim etməyə
kifayət edir... Ədəbi tənqid bədii məfkurənin
təyinedicisi, mətnin alt qatına girə bilən "kəşfiyyatçı"
və yazıçının çox vaxt müəmma
içində gizlətdiyi gələcəyin
"desantı" olmaqla bərabər, həm də ədəbi
cəsarət daşıyıcısıdır. Fərd bu
keyfiyyətə malik deyilsə, onun ədəbi-tənqidi fəaliyyəti
ədəbiyyata deyil, ədəbiyyatın adından öz məqsədlərini
gerçəkləşdirmək istəyənlərə -
titullu aristarxlara, ədəbiyyat generallarına xidmət
olacaq.
...Rəhim Əliyev
sovet dövründə, yəni Azərbaycanın qeyri-müstəqil
olduğu bir dönəmdə tam müstəqil tənqidçi
kimi ədəbiyyat aləminə gələndə sənət
haqqında öz bitkin baxışı və həmin
baxışın sərbəst surətdə ifadəsi ilə
çoxlarını heyrətləndirdi. Sosialist realizminin hələ
bütün ədəbi nümunələrə öz
parametrlərini tətbiq etdiyi bir vaxtda R.Əliyev ədəbiyyatın
estetik ideallarının cəmiyyətin sosial - siyasi prinsiplərindən,
tarixi ideoloji konsepsiyalardan, dialektik və eyni zamanda metafizik
baxışlardan daha yüksəkdə
dayandığını yazır və öz tənqidi mətnlərində
yeni yanaşmanın gerçəkləşmə
üsullarını nişan verirdi. O, məqalələrinin
birində yazırdı: "Hakimiyyət yaranandan saraylarda məddah
şairlərin olması ənənəsi olmuşdur. Onlar
kralı və sultanı tərifləməklə əsasən
onun insanlar arasında nüfuzunun artmasına və bu yolla
hakimiyyətinin möhkəmlənməsinə xidmət etməli
idilər. Rəsmi ədəbiyyatın əsas əlaməti
onda müəllif başlanğıcının, istedad və
daxili istəklərin ikinci dərəcəli olmasıdır.
Yəni rəsmi şair özünü ifadə etmir, o
sifarişi yerinə yetirir və pul qazanır. Onun
istedadının əsas əlaməti də bədiilik
yaratmaqda yox, yaltaqlıqda, hakimiyyətə yarınmaqda,
hakimiyyəti təmsil edən adamların şəxsi
ambisiyalarına maksimum xidmət etməkdir. Rəsmi ədəbiyyatın
əsas siması yazıçı yox, sifarişçidir,
haqq ödəyən hakimiyyətdir... "
... Təhlil zamanı ədəbi
əsərlərin uzun - uzadı məzmununu nəql edən
"realist tənqidin" nəhəng nümayəndələrinin
hələ hakim olduğu bir vaxtda yeni tənqid və tənqidçi
obrazının meydana çıxması sözün həqiqi
mənasında cəsarətli addım idi. O dövrdə Aydın Məmmədov, Nadir Cabbarzadə, Rəhim Əliyev və digərləri
bu işin öhdəsindən
uğurla gələrək
60-cıların nəsr və poeziyada
etdiklərini bir xeyli sonra ədəbi tənqiddə həyata
keçirdilər. 1970-ci illərin sonları və 80-ci illər
Azərbaycan ədəbi tənqidinin tam yeni və fərqli bir mərhələsi kimi
meydana çıxaraq, bədii mətni bütöv halda elmi - tənqidi müstəviyə gətirib onun mahiyyətindən çıxış
etməklə yanaşı, özünəqədərki tənqidə
biganə qalmamaqla da cəsarət
nümunəsi göstərdi. Rəhim Əliyev bununla bağlı yazır: "... Əvvəllər tənqidlə
məşğul olmuş qələm əhlinin
çoxu rəsmi tənqidin xidmətçiləri
idi, onların öz tənqidi
görüşlərindən danışmaq çətindir.
Rəsmi tənqidçi dövlətin ədəbi tələblərini
konkret yazıçıya və əsərə
tətbiq edirdi. Onun əsas
vəzifəsi sovet həyatındakı
qüsurların ədəbiyyatda göstərilməsinin
qarşısını almaq idi".
Ümumiyyətlə, tənqidçi
şəxsiyyəti yaradıcılıq idealı ilə fərdin
həyat prinsipləri bir-birini tamamladıqda, tənqidçi
məfkurəsi ictimai -siyasi, sosial-iqtisadi proseslərdən
yüksəkdə dayanaraq tam azadlıq qazandıqda, elmi məntiq,
bədii fəhm və daxili duyum emossionallığı
cilovlayaraq, yerini həqiqətə verdikdə
formalaşır. Əks halda, tənqid ədəbi prosesi təhlil
edərək ona istiqamət vermək, hadisə sayıla biləcək
bədii nümunənin meydana çıxmasına şərait
yaratmaq əvəzinə, proseslərin və fərdlərin
arxasınca sürünərək, ədəbi-tarixi prosesdə
itib batır. Bu gün onlarla görkəmli tənqid
"ustası"nı xatırlamaq olar ki, onların xidmət
vaxtı bitən kimi ədəbi taleləri də bitib.
... Rəhim Əliyev illər
uzunu müstəqil tənqidçi adını ləyaqətlə
qoruyub saxlayan, sözün üstündə əsən, cəsarət,
obyektivlik kimi tənqidçi üçün zəruri olan
keyfiyyətləri özündə birləşdirən
bütöv şəxsiyyətdir. Ədəbi
prosesləri daim diqqətlə izləyən, burada nəsil əvəzlənməsindən
tutmuş ictimai
dünyagörüşdə baş verən
hər bir dəyişiklikiyədək bütün hadisələri müşahidə
altında saxlayan tənqidçi ədəbi
- tənqidi məqalələrində bədii mətnə
reallıq prizmasından yanaşdığından onların
obyektivliyi heç kəsdə
şübhə doğurmayıb. Rəhim Əliyev
tənqidçinin qələmə xəyanətinin təkcə
bir insanın öz
vicdanına və yaxud onunla
ünsiyyətdə olanlara qarşı xəyanət
olmadığını, bunun
bütövlükdə cəmiyyətə, onun
mənəvi-əxlaqi dəyərlərinə, tarixi-keçmişinə,
gələcəyinə xəyanət olduğunu nəzərə alaraq,
həmişə kontekstdənkənar qiymətləndirmələrdən
imtina etmiş, bütün hallarda hər
bir əsəri ümumi
ictimai ədəbi proses
fonunda təhlil edərək onun obyektiv dəyərini
verməyə çalışmışdır.
Rəhim Əliyev sifarişli
ədəbiyyat və sifarişli ədəbi tənqid kimi
tendensiyalarla nəinki heç vaxt barışmamış, əksinə
daim belə bir mövqeni qamçılayaraq öz nümunəsində
qəlbin istəyi, vicdanın səsi ilə yazmağın ədəbiyyata
ən böyük xidmət olduğunu təsdiqləyib. Heç
təsadüfi deyil ki, elmi - ədəbi
araşdırmalarına Cəfər Cabbarlının
yaradıcılıq təkamülü ilə başlayan tənqidçi,
uzun illər Səməd Vurğun, Mirzə İbrahimov,
İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə kimi ədəbiyyatımızda
xüsusi xidmətləri olan sənətkarların nəhəng
ədəbi irsi üzərində düşüncə və
təhlillərlə davam etdirmişdir. Rəhim Əliyev
bütün məqalələrində dil və ədəbiyyatşünaslıq
problemlərini paralel şəkildə təhlil edərək
dilin mənşəyi haqqında öz nəzəriyyəsini
irəli sürməklə ədəbiyyatın mənşəyini
və inkişafını bu nəzəriyyənin işığında
təhlil edib. Bu nəzəriyyə aparıcı linqvistlər
tərəfindən birmənalı şəkildə
qarşılanmasa da, vahid mətn mədəniyyətinin
izahı baxımından təkzibolunmazdır.
Rəhim Əliyevin tənqidçi
erudisiyası təkcə müasir ədəbi proseslərin təhlili
ilə məhdudlaşmayıb, klassik ədəbiyyatın, o
cümlədən təriqət poeziyasının təhlili də
onun elmi yaradıcılığından ayrıca bir xətt
kimi keçir. O, Nəsimi yaradıcılığından bəhs
edən "Nəsimi və klassik dini üslubun təşəkkülü"
əsərində Azərbaycan tarixinin ən mürəkkəb
dövrünün dini-fəlsəfi görüşlərinin,
siyasi cərəyanlarının, islam-xristian
dünyabaxışının sintezinin nəticəsi kimi
meydana çıxan ayrı-ayrı sektaların real mənzərəsini
yaratmaqla şairin simvol və rəmzlər arxasında gizlənən
fikir və ideyalarına açar salaraq dünya nəsimişünaslığına
ciddi töhfə vermişdir.
Əsərin xarici dillərə
tərcüməsi Azərbaycan ədəbiyyatşünaslıq
elminin dünyada tanınması sahəsində ciddi addım
ola bilər.
Son illərdə daha
çox ədəbiyyatın nəzəri məsələləri
ilə məşğul olan Rəhim Əliyev 2008-ci ildə nəşr
olunmuş "Ədəbiyyat nəzəriyyəsi"
adlı əsərində də indiyəqədərki Azərbaycan
müəlliflərindən tam fərqli bir yolla gedərək,
ədəbiyyatın nəzəri problemlərini müasir ədəbiyyatşünaslıq
elminin yeni tələbləri əsasında təhlil
etmiş, söz və onun mahiyyətindən başlayaraq ən
yeni ədəbi cərəyanlara qədər bütün ədəbi
kateqoriyaların şərhini verən ensiklopedik bir kitab ortaya
qoymuşdur. Ədəbiyyatşünaslığın yaranma
tarixini qədim kanonik mətnlərdən başlayan müəllif
tarixi-müqayisəlilik prinsipi əsasında mifdən - totemə,
totemdən - monoteist dinə keçid mərhələlərində
ədəbi şərhlərin roluna, yerinə toxunaraq,
sonralar onların müstəqil bir bilik sahəsi kimi
formalaşmasını inandırıcı dəlillərlə
sübut edir.
Kitabda ayrı-ayrı ədəbi
cərəyanların təkamülü və əvəzlənməsi
prosesi milli və sosial dünyagörüşün təkamül
prosesinin bədii təzahürü kimi təqdim edilir.
Yuxarıda qeyd etdiyimiz kimi, R.Əliyevin "Ədəbiyyat nəzəriyyəsi"
kitabı fundamental bir tədqiqat işi olmaqla bərabər, ədəbiyyatsevərlər
üçün bir ensiklopedik mənbə də sayıla bilər.
Rəhim Əliyev
istedadlı tənqidçi, təmkinli bir ədəbiyyatşünas
alim olmaqla yanaşı, həm də səmimi bir
yazıçıdır. Onun rəvan və axıcı dildə
yazılmış hekayə və povestlərinin qəhrəmanları
adi, hər gün bizimlə çiyin-çiyinə
addımlayan insanlardır. Bəzən bu personajların sadəliyi,
səmimiliyi və hər şeydən öncə hədsiz
düzlüyü, obyektivliyi oxucunu hövsələdən
çıxarır, həmin qəhrəmanlar başlarına
gələn ən qəribə hadisəni, hətta ilk
baxışda əcaib görünən əhvalatı elə
sakit tərzdə etiraf edirlər ki, onları birdən-birə
anlamaq olmur. Tez-tez rüsvayçı vəziyyətə
düşən bu obrazlar Çexovun qəhrəmanları
kimi həm gülüş, həm də yazıqlıq hissi
doğururlar. Əlbəttə, həyatın mürəkkəb
və ziddiyyətli tərəflərini öz üzərində
sınamayan insanların həmin qəhrəmanları başa
düşməsi mümkün deyil... Bunu nəzərə
alan müəllif də sanki hadisələrin üstündən
ötəri keçir, lakin bu "ötəriliyin"
arxasında qəribə bir hissi yaddaş dayanır, oxucu nə
başverdiyini qavraya bilməsə də, özünü həmin
qəhrəmanın vəziyyətində görür və
özünə yazığı gəlir... Bizcə,
yazıçının elə bir nömrəli vəzifəsi
də oxucunu qəhrəmanın taleyini yaşamağa vadar etməkdir...
R.Əliyev buna ustalıqla nail olur.
Əslində o, bu
cür sadə, səmimi qəhrəmanlarla heç də həyatı
və qəhrəmanlarını idealizə etmir, əslində,
o, ədəbiyyatın insanlar üçün inam, ümid,
güvənc yeri olduğunu bildiyindən, ədəbi qəhrəmanları
vasitəsilə onlara əl uzatmağa
çalışır.
... Təbii ki, Rəhim Əliyevin
çoxşaxəli yaradıcılığı haqqında
kiçik bir təbrik yazısında geniş danışmaq
mümkün deyil. Yazını başlayanda da bir neçə
kəlməlik ürək sözü yazmaq niyyətində
idim. Amma yazım uzun alındı, yəqin ki, Rəhim müəllim
buna görə məni bağışlayar və sonda təbrik
sözlərimi deməyə imkan verər.
Mən əziz dostumu, qayğıkeş insanı, Azərbaycanın
nüfuzlu ədəbiyyatşünas alimini, obyektiv və ədalətli
tənqidçisini 60 yaş münasibətilə təbrik
edir, ona uzun ömür,
cansağlığı və tükənməz
yaradıcılıq enerjisi arzulayıram.
İbrahim Quliyev
Ədalət.- 2010.- 6 noyabr.- S. 22.