Beynəlxalq seminar
davam edir
Tədbir pulların yuyulması və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizəyə həsr olunub
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidməti (MMX) 2010-cu ilin noyabrın 9-11-də
Bakıda Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və
BMT-nin Narkotiklər və Cinayət İdarəsi ilə birgə
"Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində əməkdaşlığın
aktual məsələləri" mövzusunda beynəlxalq
seminar keçirir.
MMX-dən
"APA-Economics"ə verilən məlumata görə,
seminar Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və BMT-nin
Narkotiklər və Cinayət idarəsinin 4 nəfər beynəlxalq
eksperti tərəfindən aparılır.
Pulların yuyulmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində uzunmüddətli
peşəkar iş təcrübəsinə malik olan beynəlxalq
ekspertlər tərəfindən keçirilən seminar
praktiki xarakter daşıyır. Seminarda təqdimatlarla
yanaşı, pulların yuyulmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə ilə bağlı konkret nümunələr
və ölkə təcrübələri təhlil ediləcək,
maliyyə monitorinqi orqanları ilə hüquq-mühafizə
orqanları arasında əməkdaşlıq və məlumat
bazalarından birgə istifadə məsələlərinə
dair müzakirələr aparılacaq.
MMX-nın direktoru
Adışirin Qasımov tədbirdə çıxış
edərkən bildirib ki, qlobal miqyasda mövcud olan pulların
yuyulması və terrorçuluğun maliyyələşdirilməsi
problemi azad vətəndaş cəmiyyətinin
formalaşdırılması, liberal və rəqabətli
bazarların yaradılmasına istiqamətlənmiş beynəlxalq
səyləri sarsıdır və milli iqtisadiyyatların
inkişafına mane olur. Qeyd edilən problemlərin aradan
qaldırılması üçün həm ölkə
daxili, həm də beynəlxalq səviyyədə geniş əhatəli
strateji fəaliyyətə, intensiv əməkdaşlığa
və səmərəli koordinasiyanın təmin olunmasına
ehtiyac var.
A.Qasımovun sözlərinə
görə, maliyyə sisteminin şəffaflığının
və etibarlılığının artırılması,
iqtisadi cinayətkarlıq və korrupsiya yolu ilə qanunsuz gəlirlərin
əldə edilməsinə qarşı mübarizə sahəsində
də Azərbaycan dövlətinin siyasəti aydın hədəflərə
malik olan strategiyaya və qabaqcıl beynəlxalq
standartların tətbiqinə əsaslanır. Belə ki, Azərbaycanda
2004-2006-cı illər ərzində Korrupsiyaya qarşı
mübarizə üzrə Dövlət Proqramı qəbul
edilərək uğurla icra edilib. Bu Proqramın davamı kimi
"Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiya" və bu Strategiyanın həyata keçirilməsi
ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət
Planı qəbul edilib, tam əhatəli həyata
keçirilir. Bu proqram və strategiyaların
reallaşdırılması nəticəsində bu günlərdə
Azərbaycan FATF-ın xüsusi monitorinq rejimindən tam
çıxarılıb.
A.Qasımov bildirib ki,
seminarın daha bir əlamətdarlığı bu tədbirin
pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi
ilə mübarizədə birbaşa iştirak edən
hüquq-mühafizə orqanlarının nümayəndələrinin
geniş tərkibdə iştirakı ilə keçirilməsindədir.
Müxtəlif dövlət orqanları arasında
qarşılıqlı və səmərəli əməkdaşlığın
təmin edilməsi, məlumat bazalarından birgə istifadə
və məlumat mübadiləsinin həyata keçirilməsi
ölkədə effektiv PL/TMM sisteminin formalaşdırılmasının
əsas şərtlərindən biri kimi
çıxış edir.
Qeyd edək ki, MMX son bir
il ərzində pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə
qarşı mübarizə mövzusunda 45, o cümlədən
beynəlxalq ekspertlərin iştirakı ilə 9 təlim və
seminarlar keçirib. Bu təlim və seminarlarda 2 700 nəfərdən
çox yerli mütəxəssis iştirak edib.
Ədalət.- 2010.- 11 noyabr.- S. 3.