MƏDƏNİYYƏTLƏRİN VƏ DİLLƏRİN DİALOQU

 

9-10 noyabr 2010-cu ildə Bakıda "XXI əsrdə Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrində mədəniyyətlərin və dillərin dialoqu" mövzusunda VI Beynəlxalq Forum keçirildi. Forum MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Rusiyanın Moskva Dövlət Linqvistik Universiteti (MDLU) və Bakı Slavyan Universiteti (BSU) tərəfindən təşkil olunmuşdur.

 

Müstəqil Dövlətlər Birliyinin 20-illik yubileyinə və MDB-ölkələrinin dil və mədəniyyətlər üzrə Baza Təşkilatının yaradılmasının 10-illiyinə həsr olunmuş tədbir plenar və sessiya iclasları formasında təşkil olunmuşdur.

Forum MDB və ŞƏT ölkələri humanitar mühitinin siyasi, hüquqi, iqtisadi, sosial və mədəni aspektləri; çoxdilli humanitar mühitində dillərin və mədəniyyətlərin dialoqu; rus dili millətlərarası ünsiyyət vasitəsi kimi; ədəbi tərcümələr - mədəniyyətlər və dillər arasında qarşılıqlı təsir vasitəsi kimi; dini təhsil - MDB və ŞƏT ölkələrinin dünyəvi və dini tədris müəssisələri arasında dialoq vasitəsi kimi məsələlərin müzakirəsinə həsr olunmuşdur.

Xatırlatmaq lazımdır ki, MDLU ilə Bakı Slavyan Universitetinin arasında 2005-ci ildə bağlanmış müqaviləyə əsasən iki universitet arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş, 2008-ci ildə Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılmışdır. 2008-ci ilin sentyabr ayında isə universitetlər arasında "MDB ölkələrində humanitar mühitin formalaşması: Çağırışlar; Tapşırıqlar; Vasitələr" adlı elmi-praktik konfrans keçirilmişdi.

Forumun açılışı 9 noyabrda BSU-da baş tutdu. Mərasimdə MDLU-nin rektoru professor İ.İ.Xaleyeva, MDB-nin İcra Komitəsinin sədri S.N.Lebedev, MDB Parlamentlərarası Asambleyasının Mədəniyyət və İnformasiya Daimi Kommissiyasının katibi K.A.Pşenko, Nəsimi Rayon İcra hakimiyyətinin başçısı N.Məhəməliyev, Azərbaycan Respublikası Təhsil nazirinin müavini İ.Hüseynova, Minsk Dövlət Linqvistik Universitetinin rektoru professor N.P.Baranova, Kiyev Milli Linqvistik Universitetinin rektoru professor R.V.Vasko və digər universitetlərin nümayəndələri çıxış etdilər və formun işinə uğurlar arzuladılar. MDB-nin İcra komitəsinin sədri S.N.Lebedev öz çıxışında xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə keçirilən forumun əhəmiyyətindən söz açdı.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor K.Abdullayev öz çıxışında BSU-nun belə bir möhtəşəm tədbirə ev sahibliyi etdiyindən məmnunluğunu bildirdi: "Bu gün Bakı Slavyan Universiteti Azərbaycanda rus, slavyan və Avropa mədəniyyəti ocağı kimi Rusiyanın və digər MDB ölkələrinin elmi-mədəni mərkəzləri ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına və genişlənməsinə böyük xidmət göstərir. Biz bu görüşə çox şadıq və əminik ki, bu forum MDB məkanında humanitar əlaqələrin möhkəmlənməsinə, təhsil ocaqlarımız, tələbə və müəllimlərimiz arasında birbaşa münasibətlərin qurulmasına yardım edəcəkdir ".

9 noyabrda Azərbaycan və Rus mətbuatı nümayəndələri üçün geniş mətbuat konfransı keçirildi və forumun işi barədə ölkənin KİV nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırıldı.

Bakı Slavyan Universitetində keçirilmiş forumda xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri də Rusiya, Ukrayna, Belarus, Moldava, Qazağıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Azərbaycanın tədbirdə iştirak edən universitetləri arasında MDB-nin iştirakçı dövlətlərinin humanitar təhsil sahəsində əməkdaşlığın gələcək inkişafı barədə Memorandumun imzalanması olmuşdur. Eyni zamanda Bakı Slavyan Universiteti ilə Kiyev Milli Linqvistik Universiteti, Minsk Dövlət Linqvistik Universiteti və Rusiya-Tacikistan (Slavyan) Universitetləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilənin önəmli tərəfi də budur ki, adları çəkilən universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması nəzərdə tutulur. Bununla bərabər, qeyd etmək lazımdır ki, Kiyev Milli linqvistik Universiteti ilə Minsk Dövlət Linqvistik Universiteti öz aralalarında məhz Bakı Slavyan Universitetində əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

Forumun gedişi zamanı Birlik ölkələrində dil və mədəniyyətlərə dair MDLU tərəfindən hazırlanmış tədris materiallarının sərgisi təşkil olundu.

10 noyabrda Moskva Dövlət Linqvistik Universiteti mütəxəssisləri tərəfindən BSU-da videokonfrans formatında ustad dərslər keçirildi, dil və mədəniyyətlərin öyrənilməsində yeni marifləndirici texnologiyaların səmərəli istifadəsinə dair elmi-metodoloji seminarlar aparıldı, regionşünaslıq, dilçilik, tərcümə və mədəniyyətlərarası ünsiyyət mövzusunda mühazirələr oxundu.

 

 

Ədalət.- 2010.- 11 sentyabr.- S. 4.