Bakı simpoziumu
Ekspertlər onu
yüksək qiymətləndirir
Ötən ay Bakıda daha bir beynəlxalq tədbirə
imza atıldı. Paytaxtımızda beynəlxalq münasibətlər
üzrə ixtisaslaşan ekspertlərin Bakı simpoziumu
keçirildi. Onu da qeyd edək ki, sözügedən tədbirlə
bağlı yerli siyasi ekspertlər məlumatsız olsalar da bu
toplantıda iştirak edən Qərb politoloqlarının
fikirləri birmənalıdır. Onlar bu konfransın və tədbirdə
qəbul edilən Bakı bəyannaməsinin tək region
üçün deyil, dünya üçün böyük əhəmiyyət
kəsb etdiyini vurğulayıblar.
Türkiyə Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri
Cəlal Cem Oğuz da konfransın həddən artıq mühüm əhəmiyyət
kəsb etdiyini bildirib. Onun sözlərinə görə, bu,
çox böyük bir hadisə idi. Bu, Azərbaycanın
potensialı və onun dünyadakı rolu baxımından
mühüm tədbir kimi yadda qalacaq: "Xüsusilə də
belə bir tədbirin hər il keçirilməsi mühüm
əhəmiyyət kəsb edir. Tədbirdə əsas
mövzu Cənubi Qafqaz və Azərbaycanın rolu ilə
bağlı oldu. Azərbaycan bu gün regionda çox
böyük rol oynayır və bu, qanunauyğun haldır. Enerji
məsələsi Cənubi Qafqazın başlıca
faktorlarından biridir və bu səbəbdən də tək
region üçün deyil, bütün dünya
üçün fövqəladə əhəmiyyət kəsb
edir".
Enerji təhlükəsizliyi
məsələsi problemini hazırda əksər dünya
ölkələrinin yaşadığını vurğulayan
ekspert qeyd edib ki, məhz bu regiona maraq artacaq: "Bu səbəbdən
də mən tam əminəm ki, bu regiona artan maraq nəinki
azalacaq, əksinə, deyərdim ki, yüksələcək. Bütün
dünyanın diqqəti regionun ən əhəmiyyətli
dövləti olan Azərbaycana yönələcək. Bu təsadüfi
deyil və burada söhbət tək enerji məsələlərindən
getmir. Azərbaycan regionun ən dinamik inkişaf etmiş
ölkələrindəndir".
Ekspert onu da
vurğulayıb ki, hazırda Türkiyə Azərbaycanın əsas
tərəfdaşlarından və regional təşəbbüslərin
reallaşmasını həyata keçirən dövlətlərdən
biridir. Bakı və Ankara açıq şəkildə bəyan
edirlər ki, bizim ölkəmizin iştirakı olmadan regionda
hər hansı bir layihəni həyata keçirmək
mümkün deyil".
İkitərəfli
münasibətlərin hazırkı səviyyəsinə
toxunan politoloqun sözlərinə görə, bu münasibətlərin
səviyyəsi həddən artıq yüksəkdir:
"Bizim ölkələrimizin razılığı və
iştirakı olmadan regionda hər hansı bir layihənin
reallaşdırmaq çox çətindir. Hətta deyərdim
ki, bu reallaşsa belə, onun effektivliyi olmayacaq. Çünki
Azərbaycan və Türkiyə qarşılıqlı maraq
doğuran məsələlərdə bir-birinin arxasında
durublar. Bu səbəbdən də ikitərəfli münasibətlərin
genişləndirilməsi gələcək inkişaf
üçün əsas əhəmiyyət kəsb edəcək".
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması perspektivlərinə də
yer ayıran türkiyəli ekspert ölkəsinin problemi diqqətdən
kənrda saxlamadığını da bildirib: "Hamıya məlumdur
ki, Türkiyə bununla bağlı öz müttəfiqlərinə
böyük təzyiqlər göstərir. Biz deyirik ki, Ermənistana
qarşı heç bir iradımız yoxdur. Yalnız bir
şərtlə. Ermənistan, Azərbaycan və Türkiyəyə
qarşı əsassız iddialarından əl çəkməlidir.
Ermənistan regional əməkdaşlıq üçün
ondan asılı olan bütün məsələləri həyata
keçirməlidir. Belə məsələlərin həlli
geriyə çəkilmək, kompromislər deməkdir. Lakin
Ermənistan hər hansı bir kompromisə getmək istəmir.
Yəni onun tərəfindən beynəlxalq hüquq
normalarına əməl edilməməsi göz
qabağındadır və bütün bunlar dünya ictimaiyyətinin
mövqeyi nəzərə alınmadan həyata keçirilir.
Biz rəsmi Yerevan tərəfindən Dağlıq Qarabağ
münaqişəsinin həllində xoş məram görmək
istərdik".
Politoloq ölkəsinin
Ermənistanla münasibətlərinin normallaşması ilə
bağlı hazırkı durum da aydınlıq gətirib:
"Türkiyənin prezidenti və baş naziri dəfələrlə
açıq şəkildə bildiriblər ki, bizim Ermənistanla
problemimiz yoxdur. Bu ölkə Qarabağ münaqişəsinin
həlli ilə bağlı hər hansı addım atarsa,
Türkiyə də münasibətlərin normallaşması
ilə bağlı addım ata bilər. Yəni Ermənistanla
münasibətlərin normallaşmasına hazırıq və
bu addımın onlar tərəfindən atılmasını
gözləyirik".
Beynəlxalq ekspertlərin
Bakı görüşü barədə Böyük
Britaniyalı lord Con Leyrd də müsbət fikirdədir. "Düzünü
desəm, mən konfransı pozitiv notda keçən konfrans
adlandırardım. Mən hesab edirəm ki, Azərbaycan
regionda pozitiv rol oynayır. Hesab edirəm ki, mənim ölkəmdə
sizin respublika haqqında daha maraqlı məlumatlar eşitmək
istərdilər.Buradakı insanların mövqeyi, mədəniyyətlərin
qovuşması yaxşı olardı. Əminəm ki,
britaniyalılar Azərbaycandan nəsə öyrənərdilər".
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı məsələyə toxunan ekspert münaqişəni
bütün region üçün problem hesab edir: "Lakin mən
əminəm ki, Dağlıq Qarabağ müəyyən mərhələdə
həll ediləcək problemdir. Eyni zamanda problemin insanların
inkişafını, mədəniyyətini tormozlanmasına
yol vermək olmaz. Mən hesab edirəm ki, əgər Azərbaycan
dünya arenasında öz nüfuzunu artırarsa,
münaqişənin həllinin asılı olduğu fövqəldövlətlər
onun xeyrinə müvafiq qərar çıxara bilər. Bunu
istisna etmək olmaz. Azərbaycanın üzləşdiyi əsas
problemlərdən biri erməni lobbisinin fəaliyyətidir. Mən
hesab edirəm ki, azərbaycanlıların da aktiv fəaliyyətə
keçmək vaxtı yetişib. Sizin ölkənizdə nə
qədər çox insanla ünsiyyət qururamsa, bir o qədər
də onların baxışları ilə yaxından
tanış oluram. Bu insanlar nə qədər aktiv olsalar bu
problemə baxışları daha asan dəyişmək
mümkün olacaq".
Ölkəsinin Azərbaycandakı
maraqlarına da toxunan britaniyalı siyasi şərhçi
dövlətlərarası əlaqə ilə yanaşı həm
də insanlarımızın intellektual səviyyəsindən
də danışıb: "Mənim bildiyimə görə,
Böyük Britaniya Azərbaycanda ən böyük
investorlardan biridir və əminəm ki, bu, gələcəkdə
də belə olacaq. Mən London Sitidə yaşayıram və
orada yüksək savada malik azərbaycanlılar
yaşayır. Onlar öz fikirlərini çox intellektual
şəkildə ortaya qoyurlar. Çox əhəmiyyətli
bir məsələdir ki, bu insanlar öz ölkələrinə
qayıtdıqdan sonra topladıqları təcrübə və
bilikləri özləri ilə bura gətirəcəklər
və bunu da xalqına həsr edəcəklər. Bu çox
yaxşı haldır. Bu dünyada ən asan məsələ
ideyanın ixrac olunmasıdır. Çünki bu ixrac
üçün heç bir lisenziya almaq lazım deyil. Sadəcə,
insanların bir-biri ilə daha çox ünsiyyəti gərəkdir.
Mən Azərbaycandakı insanlarla təəssüratlarım
çox yüksəkdir və çox istərdim ki,
xalqlarımız arasında münasibətlər daha da
güclənsin".
Gülgün
Ədalət.- 2010.- 11 noyabr.- S. 4.