"SARI ODALAR" HAQQINDA
İmzasını izlədiyim,
məqalələrini maraqla oxuduğum bir müəllifin-İradə
Tuncayın ədəbi hadisə doğuracaq ilk kitabı
işıq üzü görüb-"Sarı odalar". Artıq
bu kitabın Yazıçılar Birliyinin "Natəvan"
klubunda təqdimatı da keçirilib. İstər o təqdimatdan
əvvəl, istərsə də sonra mətbuat səhifələrində
xeyli məqalə də çap edilib, həm təqdimatda, həm
də çap olunan məqalələrdə İradə
xanımın "Sarı odalar"ı xeyli təriflənib
və əlbəttə, burada təəccüblü bir hadisə
yox. Kitab doğrudan tərifəlayiqdir və son illərin
publisistikasına dəyər verən, onun sanbalını
artıran bir kitabdır.Ancaq buradaca qeyd edim ki, bəzi məqalələrdə
və o təqdimatdakı çıxışlarda kitabın
məziyyət və uğurlarından deyil, onun müəllifinin
istedadından, Məmməd Arazın qızı, Aqil
Abbasın həyat yoldaşı olmasından
danışılır. Təbii ki, ailə mühitinin hər
hansı bir istedadın formalaşmasında müəyyən
rolu var və bunu danmaq olmaz. Ancaq bunun şəxsən İradə
Tuncayın kitabına heç bir dəxli yoxdur. Məmməd
Arazın qızı yaxud Aqil Abbasın həyat yoldaşı
olmaq xoşbəxtlikdir, ancaq "Sarı odalar"dakı
yetkin düşüncə tərzinin, fərdi, təkrarolunmaz
bədii-publisistik üslubun nə unudulmaz Məmməd Araza, nə
də Millət vəkili Aqil Abbasa bir yetənəyi yox. Ona
görə də mən kitabdan söz açıb, bəzi
mülahizələrimi oxucuların nəzərinə
çatdırmaq istəyirəm.
1.Publisistikanın bədii
yaradıcılıqla çox sıx əlaqəsi olduğu
məlumdur. Bunu kimsə dana bilməz ki, publisistika dediyimiz
yaradıcılıq sahəsi özündə bədii
yaradıcılığa xas olan bir çox komponentləri
birləşdirir.Bu, elə bir janrdır ki, orada bədii
yaradıcılığın digər janrları da
müştərək iştirak edir.Ona görə də
çox vaxt publisistika sözünün önünə bədii
təyini də əlavə oldunur.. Lakin
bütün yazılaramı? Əlbəttə,
yox! Sovet dövrünün bəzən qupquru,
rəsmi və şablon ifadə tərzi ilə
seçilən "publisistik"
yazılar mərhələsi çoxdan öz ömrünü başa çatdırıb. O tipli "publisistika"nın ən
başlıca qüsuru onda
idi ki, stereotip
düşüncə tərzi hakimi-mütləq idi. Əlbəttə, bunu
deməklə o dövrdə bizim yazıçıların bir
sıra önəmli publisistik yazılarının
dəyərini aşağı salmaq istəmirəm.
İradə Tuncayın
"Sarı odalar"dakı yazılarının əksəriyyəti
bu mənada əsl publisistika necə olmalıdır sualına
dəqiq cavab verən nümunələrdir. Cavabı belə
olacaq ki, publisistika bir janr olmaq etibarilə bədiiliklə qovuşmalıdır.
Təbii ki, nəsrə məxsus olan komponentləri zorla, məcburən
publisistikaya sırımaq olmaz. Onda bədii hekayə ilə
publisistik məqalənin fərqi bilinməz. Lakin bədii
publisistika deyəndə, biz onu nəzərdə tuturuq ki,
burada müəllifin bədii təfəkkürü qələmə
alınan məqalənin hər abzasında hiss edilsin. İradə
xanımın "Nağıl" adlı bir yazısına
müraciət edək: "Mən istəyirəm bu gün
sizə nağıl danışım. Deyə bilərsiniz ki,
elə onsuz da hamı bizə nağıl danışır,
bezmişik qulaq asmaqdan. Əvvəlcədən söz verirəm
ki, bu nağıl inteqpretasiyada olacaq. Adı çəkilən
qəhrəmanlar haqqında eşitsəniz də, olayların
döndüyü mənanı tanısanız da, yeni faktlarla
da üzləşəcəksiniz. Və bir daha əmin
olacaqsınız ki, tariximizi bilmirik. Ya da yumşaq desək-bildiklərimiz
tarix deyil. Bu nağılda da padşah var, göydən almalar
tökülür, şahlıq quşu kiminsə
başına qonur. Ağatlı oğlan da var. Bu oğlan
cani-dildən sevdiyi məmləkətin dərdləri ilə
yaşayır. Uzaq Şimal ölkəsindən gəlmiş,
top-tüfəngli böyük ordu ağatlı oğlanın
ölkəsini işğal edir. Bu oğlan anlayır ki, ətrafındakı
nənələr ona nağıl danışıb uyudarkən
başqa məmləkətlərdə elm, bilik öyrəniblər,
hər yeniliyə açılıblar və sonunda qüdrətli
dövlət qura biliblər".
Yazı 1828-ci ildə
Türkmənçay müqaviləsinin, 1920-ci il, 28 apreldə
işğalçı Qızıl Ordunun Azərbaycana fəlakət
gətirdiyindən, bu qanlı tarixlərin bir məmləkətin
milli-mənəvi varlığını
sarsıtdığından söz açır və əlbəttə,
bunu bir nağıl kontekstindən şərh eləməyin
özü çox maraqlıdır. Amma bu insanı şirin
yuxuya səsləyən nağıl deyil, çox qorxulu
nağıldır ."
2. Bədii
publisistikanın özəlliyindən söz açsaq, ilk
növbədə, müəllifin yazı manerası, fərdi
üslubu üzərində dayanmalı olarıq. Mirzə Cəlilin
publisistikası deyəndə Mirzə Cəlil üslubu və
yazı tərzi xatırlanır. Məncə, Mirzə Cəlil
məktəbinin ən axırıncı müdavimlərindən
olan İradə Tuncayın yazılarında da özünəməxsusluq
bununla izah edilməlidir. Onun yazılarında publisistikaya xas
olan mübarizlik, həyata, cəmiyyətə, dünyada
baş verən hadisələrə münasibət məhz fərdi
dəst-xətt, deyim tərzi ilə müşayiət
olunur.Bu üslubun bir az təmkinli, bir az ironik, bir az emosional,
bir az da nağılvari ədası var. Təbii ki, hər
yazının öz mövzusu, müəllifin demək istədiyi
bir məramı olur, ancaq bütün yazılarda sadə və
adsız, yarımçıq cümlələrdən
tutmuş mürəkkəb sintaksisə malik cümlələrə
qədər sənin nəfəsin duyulmalıdır. Necə
deyərlər, "üslub bütün üslubların
yaddan çıxarılmasıdır".
"Dəli olanlar da
oldu, intihar edənlər də, acından ölənlər də,
Vətəndən üz döndərənlər də,
qayıdanlar da. Onların izlərini aradım. Mətbuatda dərc
olunmuş yazılarla, ailə üzvləri ilə
tanışlıq bu insanların həyatını film kimi
gözlərimin önündən keçirdi. Bu 100 nəfərin
taleyi mürəkkəb və təzadlı XX əsrin
ağrılı-acılı səhifələridi.
Dünyanın sərsəm gedişi onları pərən-pərən
saldı. Bəziləri qorxudan Vətənə dönə
bilmədi, bəziləri döndü və həyatını
həbsxanalarda və sürgündə bitirdi. Bəziləri
də gizlənə-gizlənə, istedadını,
bacarığını içində boğa-boğa narahat
bir ömür yaşadı. Onlar Vətənə oğul
oldular, amma Vətən ana ola bilmədi.."
"Yüz cavan
oğlan" adlı yazısından bircə abzas misal gətirdik.
Cümhuriyyət dövründə xaricə təhsil
almağa gedən 100 azərbaycanlı tələbənin
taleyindən söz açır bu yazı. Və bu
yazının ovqatı bir az minor çalarlıdır. Deyə
bilərik ki, İradə xanımın hər bir
yazısının öz ovqatı var, amma ovqat dəyişkənliyi
yazıların üslubuna bir elə təsir göstərmir.
3. Dahi Mirzə Cəlil
felyetonlarının birində yazmışdı: "Yer
üzündə hər bir yerdə qatığın rəngi
ağdır və hər bir millət də bunu deyir ki,
qatığın rəngi ağdır. İndi məsələn,
qatığın rəngindən bir yanda söhbət
düşə və Şura hökumətindən sual edələr,
o da cavab verə ki, qatıq ağdır. Xəta elə
burasındadır ki, Şura hökuməti də deyə
qatıq ağdır. Güman edirəm ki, o saat yenə qiyamət
qopacaq, "rəqiblər" yenə işə düşəcəklər
ki: -Vay dad, vay bidad, qatıq qara olduğu halda Şura hökuməti
deyir ki, "qatıq ağdır"! Mən bunun
üstündə mərc gələ bilərəm".
Publisistika heç bir
vaxt qatıq qara olduğu halda, demir ki, qatıq ağdır. Ya
da əksinə. Lakin böyük Mirzə Cəlilin bu məsələyə
ironik münasibəti göz qabağındadır. Şura
hökumətinin təzə bina olduğu bir çağda bu
tipli sancmalara Mirzə Cəlilin sonrakı felyetonlarında da
rast gəlirik. Ümumiyyətlə, publisistika elə bir
döyüş sahəsidir ki, o cəbhədə Ezop dili, sətiraltı
maneralar, sözü bəzən birbaşa deyil, dolayısı
ilə çatdırmaq məharəti ilə seçilir.
İradə Tuncayın
yazılarında da Mirzə cəlildən gələn bu ənənəvi
priyomun davam etdirildiyini görürük. Amma İradə
xanımın yazılarında açıq və sözü
dolayısı ilə deyil, birbaşa ünvanına
çatdırmaq, opponentlərin üz-üzə dayanmaq istəyi
daha güclüdür. Budur, "Ömürdən
üç gün" yazısı. Yazı 8
may-Şuşanın işğal günü, 9 may-faşizm
üzərində Qələbə günü, 10
may-ümummilli liderimiz Heydər Əliyevin doğum
günü. Yazı məhz bu üç günün əhval-ruhiyyəsindən
yaranır.İradə xanımın "açıq danışıq"
üslubuna bələd olduğumdan bu yazının matəm,
qələbə, ehtiram intonasiyası üzərində
qurulmayacağına əmin idim. Daxili etirazlar, ötüb
keçənlərə bir az fərqli yanaşmağa
sövq edir müəllifi. Şuşanın
işğalından indi 18 il keçir. Bu məsələ ilə
müxtəlif beynəlxalq təşkilatlar da məşğul
olur, lakin heç bir şey dəyişmir.Məmləkətdə
isə çox hey dəyişir. "Heç kim heç nəyi
gizlətmir, hamı bilir ki, kim kimə ev harda alıb, kim kimə
nə maşın bağışlayıb. Böyük bir
qrup da məqam gözləyir ki, öz
ağrı-acısını, hirsini, hikkəsini
töksün. Cəmiyyəti niyə belə hala gətirmək
lazımdır ki, lümpenlər bu düşüncə və
arzularla yaşasın? İndi şəhər barlarında və
vaqonlarda böyümüş iki təzadlı nəsil
yetişib. Nə onlar, nə də bunlar işğal
olunmuş ərazilər haqqında heç
düşünmürlər də. Bu qütblərin
toqquşması yaxşı heç nə vəd etmir".
"Yazılsın tarixə
qızıl bir xətlə, Qırx beşinci ilin doqquz may
günü". İradə xanım 9 may Qələbə
gününə indi bəzilərinin
düşündüyü tərzdə yanaşmır. Yazır
ki, Böyük Vətən müharibəsi heç vaxt ordusu
olmayan, silah tutmağı bacarmayan bir xalq üçün məktəb
oldu. Biz bu müharibədən professional hərbçi
kadrlarla çıxdıq. Tankçı generalımız
oldu. Bu müharibə əslində,bütün itkiləri ilə
bizim xeyrimizə idi. O yazıda bir cümlə
hamımızı düşündürməlidir: "Ruhu
olmayan bir ordu ilə uzağa gedə bilməyəcəksən,
öz sərhədlərinin daxilində də bir qarış
irəliləməyəcəksən".
Ulu öndərimizlə
bağlı bu sətirlərə isə mən heç yerdə
rast gəlməmişəm. Yazır ki, ona vermək istədiyimiz
qiymətdə də şablon mədhlərdən o tərəfə
gedə bilmirik. "Hər kəsə Onun haqqında
danışmağa icazə verilməlidirmi?"
Doğrudan da
düşündürücü sualdır və ədəbiyyatçı
olduğum üçün Heydər Əliyevə həsr
olunan onlarla poemanı, yüzlərlə şeiri oxumuşam,
ya da nəzərdən keçirmişəm, bəsit
yazılar, şablon, standart ifadələr baş alıb gedir,
ulu öndərin isə obrazı görünmür(təbii
ki, bəzi əsərlər istisna olunmaqla).
"Açıq
danışıq üslubu" İradə xanımın digər
yazılarının da əsas priyomuna çevrilir. Və indi
elə bir dövrdür ki, hər şeyi açıq
danışmaq lazımdır.
4. İradə Tuncay sənətlə
bağlı yazılarında daha səmimi təsir bağışlayır.
Hiss olunur ki, o, bu mühitin yetirməsidir. Sənət əsərlərinə,
yazıçıların yaradıcılığına qiymət
vermək üçün təkcə bilikli olmaq azdır, əsərləri
oxumaqla, rəssamıqdan, heykəltaraşlıqdan,
memarlıqdan, teatrdan, kinodan bilgi əldə etməklə
yalnız məlumatlana bilərsən. Burada əsas rolu məncə,
fitri bir duyğu oynaya bilər. Sən şair deyilsən, amma
şeiri duyursan, sən rejissor deyilsən, amma içəridə
bir rejissor mürgüləyir və bu sənə imkan verir
ki, sənət əsəri barədə obyektiv fikir söyləyəsən.
Təfərrüata varmadan deyə bilərəm ki, İradə
Tuncayın Ramiz Rövşən haqqında qələmə
aldığı "Canavar vaxtı" yazısı məhz
bu fitri duyğunun hesabına yazılıb. Bu yazıda Ramiz
Rövşən poeziyasının professional təhlili və
ya onun şeirlərinin məziyyətləri açıb
göstərilmir, lakin Ramiz Rövşənin İradə
Tuncay tərəfindən rəsm olunmuş obrazı var.
Ümumiyyətlə,
şəxsiyyətlərin həyat və sənət
ömürlüklərinə intəhasız marağı
onun digər yazılarında da görürük. Məsələn,
mərhum aktyor, əsl istedad sahibi Mikayıl Mirzə yaxud Xalq
yazıçısı Anar haqqında yazıları son illərin
publisistikasının ən dəyərli nümunələri
hesab etmək olar. Mikayıl Mirzə haqqında az, Anar
haqqında çox yazıblar. Amma hər iki yazıda təzə
fikirlə qarşılaşırsan.
5. Əgər biz
İradə Tuncayın yazılarını qeydsiz-şərtsiz
olaraq bədii publisistikanın nümunələri hesab ediriksə,
o zaman bu yazıların dili barədə də söz deməliyik.
Böyük şairimiz Əli
Kərim "Üçüncü atlı" poemasında
Lermontovun dili ilə deyir: Bu gözəl dilini yaratmış
güman, İlahi damağı çağ olan zaman. Söhbət
Azərbaycan dilindən gedir.
İradə Tuncayın
publisistikası dilinin bədiiliyi və bu bədiiliyin
çoxçalarlılığı ilə diqqəti cəlb
edir. Onun yazılarının oxucuların marağını cəlb
etməsi, populyarlığı da ilk növbədə dili ilə
bağlıdır. "Bülbülün oğlu Polad. Bir tərəfdə
xalq mahnılarının, vokal partiyaların əvəzsiz
ifaçısı, bir tərəfdə tamam başqa canrlarla
250 milyon əhalisi olan Sovetlər İttifaqının hər
bir kiçik guşəsində də tanınan və sevilən
bir sənətçi. Bir tərəfdə ölümündən
qırx ilə yaxın vaxt keçsə də, xatırlanan,
yaddaşlarda qalan Bülbül. Bir tərəfdə də səhnədə
olduğu otuz beş ilə yaxın müddətdə
yazdığı musiqilərlə hələ də populyar
olan, bu gün də alqışlanan Polad. Bu musiqilər məndə
indi də qəribə nostalgiya hissləri doğurur. Dinlərkən
tələbəlik illərimi, ilk gəncliyimi, Bakının
gözəl vaxtlarını xatırlayıram"- Polad
Bülbüloğlu haqqında yazının
başlanğıcından götürdüyüm bu sitat deyərdim
ki, heç bir qəribəliyi ilə seçilmir. Amma
yazı mədəniyyəti, cümlələrin axarı səni
özünə cəlb edir.
İradə Tuncayın
"Sarı odalar" kitabı barədə bu
tamamlanmamış qeydlərimi başa çatdırıram. İndi
sual verə bilərsiniz ki, bəs bu kitabdakı
yazıların içində bir qüsur tapa bilmədiniz? Əlbəttə,
tapdım. Amma bunlardan danışmaq istəməzdim.
Çünki həyatın qanunudur: yaxşılar içində
yamanlar da tapılar. Təki yaxşıların sayı
çox olsun.
VAQİF YUSİFLİ
Ədalət.- 2010.- 9 noyabr.- S. 5.