MEŞƏ YANĞINLARI ETİNASIZLIQDAN YARANIR

 

Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektar təşkil edir ki, onun 809 milyon hektarı Rusiyanın, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın, 303 milyon hektarı isə ABŞ-ın payına düşür. Ümumiyyətlə, son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə, XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olub.

 

Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4%-ni təşkil edir. Bu rəqəm Rusiyada 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir. Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycan meşə fondu torpaqlarının ümumi sahəsi 1,214 milyon hektardır. Bundan meşə ilə örtülü sahə 989,4 min hektar təşkil etməklə ümumi ərazinin 11,4 %-i qədərdir. Bu gün Azərbaycanda adambaşına 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən təqribən 4 dəfə (0,48 ha) azdır. Bu gün ölkə dendro florasının tərkibində 70 regional endem növə təsadüf edilir. Bu da ümumi ağac kol bitki növlərinin 16%-i deməkdir. Amma dendrofloranın belə zəngin tərkibə malik olmasına baxmayaraq, əsas meşə əmələgətirən növlər azdır. Azərbaycan meşələri əsasən enliyarpaqlı cinslərdən ibarətdir. İynəyarpaqlı meşələrdə əsas Qarmaqvari şama Kiçik Qafqazda, Göygöldə, Tovuz rayonu ərazisində Şamlıq Böyük Qışlaq kəndləri ətrafı meşələrdə, Böyük Qafqazda Qusar rayonu meşələrində təsadüf edilir. İynəyarpaqlı meşələr respublika meşələrinin meşə ilə örtülü sahəsinin təqribən 1,6%-ni təşkil edir. Azərbaycanda həmişəyaşıl enliyarpaqlı meşələr yoxdur.

Belə cinslərə yalnız Bakı, Gəncə, Şəki, Sumqayıt və digər iri şəhər və qəsəbələrdə yaşayış məntəqələrinin yaşıllıqlarında təsadüf olunur. Respublika meşələrinin əsasını qışda yarpağını tökən enliyarpaqlı növlər təşkil edir. Azərbaycanın əksər meşələri (85%) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir. Meşələrin orta illik artımı 1,74 m3-dir. Bu artım bərk yarpaqlı (fıstıq, palıd, vələs və s.) cinslərdə-1,77 m3, yumşaq yarpaqlı (qovaq, yalanqoz, qızılağac) cinslərdə isə 2,12 m3 təşkil edir. Təhlillər göstərir ki, meşələrimizdə yüksək məhsuldar (I və II bonitet) ağaclıqlar (14,9%) azdır. Orta məhsuldar (III bonitet) ağaclıqlar 42,3%, az aşağı məhsuldar (IV və V bonitet) ağaclıqlar isə 42,8% təşkil edir. Meşələrimizdə 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri mövcuddur. Bu bitkilərdə min tonlarla (adi qoz, alma, armud, zoğal, alıca, əzgil, fındıq, xurma, yemişan, şabalıd, böyürtkən və s.) yabanı meyvə məhsulu var. Bu meyvələrdən 30%-i istismar əhəmiyyətli məhsullardır. Meşələrdə arıçılığın inkişafı üçün də əlverişli şərait var. Arılar meşə bitkilərinin tozlanmasına köməklik edir, bol toxum məhsullarının alınmasına şərait yaradır və əlavə bal məhsulu alınmasını təmin edir. Azərbaycan meşələrinin yüksəkliklərə görə paylanmasının da özünəməxsus qanunauyğunluqları var. Belə ki, əksərən şimal istiqamətli dağ yamaclarında palıd-vələs meşələri üstünlük təşkil edir. Aşağı dağ qurşağında az məhsuldar palıd, qarağac, dəmirağac meşələri, orta dağ qurşağında nisbətən məhsuldar palıd-vələs meşələri, yuxarı dağ meşə qurşağında isə daha yüksək məhsuldar palıd-vələs meşələri mövcuddur. Meşə qurşağının subalp qurşaqla qovuşduğu ərazidə az məhsuldar tozağacı və alçaq boylu əyri gövdəli fıstıq meşələrinə təsadüf edilir. Azərbaycan meşələri əhəmiyyətinə görə əsasən torpaqqoruyucu, sutənzimləyici, kurort, sağlamlaşdırıcı və s. faydalı funksiyaları daşıyır. Ümumiyyətlə, meşələr hər bir ölkədə iqtisadiyyatın inkişaf etdirilməsində, ətraf mühitin yaxşılaşdırılmasında, xalqın rifahının yüksəldilməsində mühüm rol oynayan təbii ehtiyatlar kompleksidir. Meşələr iqlimə, atmosferə, çayların və digər su obyektlərinin hidroloji rejiminə əlverişli təsir göstərir, torpağı külək və su eroziyasından qoruyur. Meşələrdən sağlamlıq məqsədilə əhalinin mədəni və estetik tələblərinin ödənilməsi üçün də istifadə edilir. Nazirlikdən bildirilib ki, münbit torpaqlarımızın yuyulub getməsinin qarşısının alınmasında, sel daşqınlarının minimuma endirilməsində, tarlaların küləkdən və quraqlıqdan qorunmasında meşələrin müstəsna əhəmiyyəti var.

Meşələr bir növ rütubət toplayıcısı rolunu oynayır və düzənliklərə suyun paylanmasını tənzimləyir, onu nisbətən tarazlaşdırır. Bununla yanaşı, meşələr dağlıq rayonlarda torpaq sürüşməsi və dağ uçqunlarının qarşısını alır. Eyni zamanda, meşələr fitonsit xüsusiyyətinə malikdir, onlar zərərli mikroorqanizmləri məhv edir. Meşələr bitkiləri, torpağı, su hövzələrini, yolları, yaşayış məntəqələrini, abidələri, təbii amillərin zərərli təsirindən qoruyur, mikroiqlimi dəyişir, quru, isti, güclü küləklərin təsirini azaldır. Meşələr dərə, yarğan və hərəkət edən qumları bərkidir, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir.

Bütün bunlarla yanaşı, meşələrin təbiətdə ən böyük rolu - hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir. 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır. Yer kürəsində iqlim dəyişməsi nəticəsində baş verən kataklizmaların və digər neqativ təbii proseslərin qarşısının alınması ilk növbədə meşələrin və yaşıllıqların artırılması, mövcud meşələrin qorunub saxlanması ilə bilavasitə bağlıdır. Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da iqlim dəyişməsi ilə əlaqədar xüsusi dövlət proqramı hazırlanıb ki, bu proqrama görə respublikada meşələrin sahəsinin optimal həddə - ərazinin 20%-inə qədər artırılması nəzərdə tutulub.

Amma meşələrin sahəsinin azalması, onların cins tərkibinin qiymətli ağac cinslərinin ikinci dərəcəli cinslərlə əvəz olunmasına doğru dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi tendensiyasına rast gəlinir. Bu proseslərin qarşısı vaxtında alınmazsa, respublika ağır ekoloji fəlakətlər, eroziya proseslərinin, bozqır ərazilərin artması, dağlıq ərazilərdə sel və sürüşmə, qar uçqunları, bulaqların və çayların quruması təhlükəsi ilə üz-üzə qala bilər. Ona görə də meşə təsərrüfatının problemləri və onun həlli istiqamətində diqqəti artırmaq lazımdır.

ETSN-də hesab edilir ki, respublikanın xüsusilə də az meşəli aran rayonlarında meşəbərpa və qoruyucu meşə zolaqlarının həcmini bir neçə dəfə artırmaq lazımdır. Bu istiqamətdə respublikamızın əsas su arteriyası olan Kür və Araz çayları vadisində yerləşən Tuqay meşələrinin bərpası istiqamətində böyük miqyaslı işlər həyata keçirilməlidir. Dağ yamaclarında su eroziyasının qarşısını almaq üçün geniş sahələrdə qoruyucu meşəliklər salınmalı, eləcə də iri dağ çaylarının hövzələrinin islah edilməsi üçün kompleks tədbirlər (meşəbərpa və hidromeliorativ) aparılmalıdır və s.

Respublikanın kənd rayonlarının qaz və digər yanacaq növləri ilə təmin olunmasında mövcud çətinliklər əsas yanacaq növü kimi odundan istifadə edilməsinə gətirib çıxarıb. ETSN-nin məlumatına görə, keçmiş dövrlərdə Rusiyadan hər il 1,2-1,5 milyon m3 odun, 200-250 min ton daş kömürün gətirilməsi demək olar ki, dayandırılıb. Bu da, öz növbəsində meşələrimizə olan təzyiqin xeyli artmasına səbəb olub. Düzən meşələrimizin sahələrinin az və doluluğunun aşağı olması üzündən bu ərazilərdə böyük meşəqırma işlərinin aparılması da mümkün deyil.

Dağ meşələrinə gəlincə, onların əksər hissəsi yüksək maillikli dağ yamaclarında yerləşir və burada meşəqırma işlərinin aparılması həmin sahələri eroziya təhlükəsi altında qoya bilər. Bundan başqa, hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilmiş ərazilərdədir. Ermənilərin işğal altında olan ərazilərdə təbiətə vurduğu zərəri hələ tamamilə dəqiqləşdirmək mümkün olmasa da, nazirliyin təqribi hesablamaları dəyən zərərin böyük olduğunu deməyə əsas verir. Ermənistanın təcavüzü nəticəsində 246 min ha meşə sahəsi vəhşicəsinə qırılıb talan edilir.

Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırıb. Amma bu gün meşələrimizə dəyən zərər yalnız ermənilərdən gəlmir. Bəzilərimizin meşələrimizə münasibəti də onlara yeni problemlər yaratmaqdadır. Belə ki, yayın gəlişi ilə əlaqədar meşələrdə yanğın başverməsi xəbərləri artmaqdadır.

Məsələn, iyulun 29-da saat 19:00 radələrində Xaçmaz rayonunun Bostançı kəndi yaxınlığındakı 0,04 hektar sahədə yanğın hadisəsi baş verib ki, ETSN-nin yerli qurumlarının səyləri nəticəsində qısa müddət ərzində söndürülən yanğının meşə fonduna keçməsinin qarşısı alınıb. İyulun 30-da isə Xaçmaz rayonunun Muxtadır və Susay kəndləri ərazisində də qamış və kövşənlərin yandırılması nəticəsində 2,25 hektar sahədə yanğın hadisəsi baş verib. Bu dəfə də ETSN-nin yerli qurumlarının və əhalinin köməkliyi nəticəsində yanğın söndürülərək, meşə fonduna keçməsinin qarşısı alınıb. Meşə Mühafizə Xidməti işçilərinin apardığı araşdırma nəticəsində məlum olub ki, Susay kəndi yaxınlığındakı yanğın, Məmmədəli Baratova məxsus 2 hektar ərazidə baş verib.

Yanğınla bağlı Yalama meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən rayon polis şöbəsinə məlumat verilib. Avqustun 3-də isə Qubanın Talabıqışlaq bələdiyyəsinin Küçeyi kəndi ərazisində yanğın hadisəsi baş verib. Yanğın torpaq mülkiyyətçilərinə məxsus taxılı biçilmiş kövşənlik və bələdiyyə fonduna aid 25 hektar quru ot və kol-kos sahələrini əhatə edib. ETSN-nin yerli qurumlarının, Quba və Şabran rayonlarının dövlət yanğından mühafizə dəstələrinin, habelə yerli əhalinin səyləri nəticəsində yanğın operativ şəkildə söndürülüb və onun yaxınlıqda olan meşəyə keçməsinin qarşısı tam alınıb.

 

Həmim gün saat 19:30 radələrində daha bir yanğın hadisəsi Lerik meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində naməlum səbəbdən baş verib və 0,9 hektar ərazini əhatə edib. Bu dəfə də yanğın ETSN-nin yerli qurumlarının və yerli sakinlərin köməkliyi ilə operativ şəkildə söndürülüb və meşə fonduna ziyan dəyməyib. Ümumiyyətlə, yanğınların başvermə səbəbi adətən ehtiyatsızlıq kimi dəyərləndirilsə də, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bununla razılaşmır. Nazir hesab edir ki, yanğınların başvermə səbəbləri ehtiyatsızlıq deyil, etinasızlıqdır. Məhz bu amil meşələrimizi ciddi risk altında qoyaraq onların təcavüzünə imkan yaradır.

  

  

Ülkər NƏBİYEVA

 

Ədalət.- 2010.- 9 noyabr.- S. 7.