Xəzərin vəziyyəti

 

Xəzərin ekoloji vəziyyəti son 30-50 il ərzində təbii və antropogen amillərin təsiri nəticəsində əhəmiyyətli dərəcədə dəyişmişdir.

 

Xəzər dənizi qapalı su hövzəsi olduğundan tarixən yeni gəlmə növlərin axınına (invaziyasına) məruz qalmışdır. Son əsr ərzində Xəzərə 150-yə yaxın plankton və bentosa aid onurğasız heyvanların gəlmə növlərinin axını olmuşdur ki, bu da, dəniz ekosistemində növlər arasında nisbətin, say və biokütlənin dəyişməsi, ümumən bütün Xəzər ekosisteminin adekvat reaksiyası ilə nəticələnmişdir. Bu cür reaksiya artıq 10 ildir ki, müşahidə olunur.

Amerikanın Atlantika sahillərinə məxsus olan Mnemiopsis növünə 1987-ci ildə Qara dənizdə, 1990-cı ildə Azov dənizində təsadüf olunmuşdur. Xəzər dənizinə isə bu növ 1999-cu ildə Volqa- Don kanalı vasitəsilə ilə gəlmişdir.

Yeni biotopu olan Xəzər dənizində rəqibi ilə rastlaşmayan Mnemiopsis növü kilkə balıqlarının əsas yemini təşkil edən zooplanktonla qidalandığı üçün Xəzərin relikt ekosisteminin bütün halqalarına, əsasən də dənizdə balıqların ümumi kütləsinin 60 faizini təşkil edən kilkə balıqlarına mənfi təsir göstərmiş, eyni zamanda, zooplanktonun sayının və biokütləsinin 10 dəfəyə qədər azalmasına səbəb olmuşdur. Öz növbəsində isə, kilkələrin azalması onlarla qidalanan daha böyük balıqların (məsələn, siyənəklərin, nərəkimilərin) və suitilərin sayının azalmasına və vəziyyətinə mənfi təsir göstərmişdir. Kilkə balıqlarının ehtiyatı Xəzərdə endemik olan bu növlərin sayının stabil olmasını təmin edir.

Analoji olaraq, keçmiş əsrin 80-ci illərində Mnemiopsis növünün axını Qara dənizdə kilkələrin kütləvi ölümünə və nəticədə daha böyük balıq növlərinin sayının 300-400 dəfə azalmasına səbəb olmuşdur. Hətta Mnemiopsisin rəqibi olan Beroyenin (Beroe Ovata) süni şəkildə Qara dənizə gətirilməsindən 10 il keçməsinə baxmayaraq, bütün ekosistemin vəziyyəti stabilləşsə də, Mnemiopsis növünün say və biokütləsi əhəmiyyətli dərəcədə azalmamışdır.

Gəlmə Mnemiopsis növünün ilkin dövrdə say və biokütləsinin əhəmiyyətli dərəcədə artması və axınına qarşı bütövlükdə dəniz ekosisteminin cavab reaksiyasından sonra, son üç il ərzində Xəzərin ekosistemində müsbət kompensasiyalı stabilləşmə tendensiyası müşahidə olunur.

Xəzərin şimal və orta hissəsində ekosistemin stabilləşməsi prosesi nisbətən daha gözəçarpacaq dərəcədə baş verir və yaxın zamanlarda bu prosesin Xəzərin cənubunda da gedəcəyi gözlənilir. Bu da Mnemiopsislə bioloji mübarizədə Beroyenin Xəzər dənizinə gətirilməsinə ehtiyac olmadığına dəlalət edir.

  

  

Vüsal

 

Ədalət.- 2010.- 9 noyabr.- S. 7.