Türkmənistan Mədəniyyəti Günləri başa çatdı

 

Azərbaycanda keçirilən Türkmənistan Mədəniyyəti Günləri başa çatdı. Mədəniyyət və incəsənət xadimlərindən ibarət 60 nəfərlik nümayəndə heyətinə Türkmənistan Milli Mədəniyyət Mərkəzinin baş direktoru xanim Tuvakbibi Durdiyeva rəhbərlik edirdi. Mədəniyyət günləri çərçivəsində Muzey Mərkəzində bu ölkənin tanınmış incəsənət xadimləri və xalq tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgi keçirilib. Ekspozisiyada türkmən mədəniyyətinin müxtəlif sahələrini əks etdirən rəngkarlıq, xalça və zərgərlik nümunələri təqdim olunub.

Tamaşaçılar türkmən xalçaları, milli geyim və rəsm əsərlərini maraqla qarşılayıb. Onlar həmçinin türkmən mətbəxi ilə tanış olmaq imkanı qazanıblar. Xüsusi mərasimlər üçün bişirilən çörək və şirniyyatların dadına da baxmaq mümkün olub. Kırmızı Kurbanyazova çörəyin bərəkət olduğunu əsas götürərək bu nümunələri Azərbaycana gətirdiklərini bildirib: "İstəyirik ki, hər iki ölkə həmişə ruzi-bərəkət içində olsun".

Türkmən milli musiqisi sərgiyə xüsusi ab-hava qatırdı. Belə ki, qədim xalqın mədəniyyəti və tarixi haqqında təəssüratları türkmən xalq mahnıları müşayiət edirdi. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin mədəni siyasət şöbəsinin müdiri Fikrət Babayev və Türkmənistan milli mədəniyyət mərkəzinin baş direktoru Tuvakbibi Durdiyeva xalqlarımız arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən, ortaq mənəvi dəyərlərdən, ölkələrimiz arasında mədəni əməkdaşlığın uğurlu inkişafından danışıb.

Bakı sakinləri türkmən kinematoqrafiyası ilə də tanış olub. Muzey Mərkəzində bu ölkənin kinorejissorları tərəfindən çəkilən "Karvan yolu", "Marquş" sənədli filmləri və "Oğul borcu" bədii filmləri nümayiş etdirilib. "Türkmənfilm"in baş redaktoru Bəhdimqulu Rəcəbov isə bildirdi ki, azərbaycanlılara həm sənədli, həm də bədii türkmən filmləri ilə tanış etməklə bu sahə haqqında ətraflı məlumat vermək istəyib: "Sözsüz ki, azərbaycanlı tamaşaçılar türkmən filmlərinin son illərdə çox inkişaf etdiyinin şahidi oldular".

Türkmənistan Mədəniyyət Günləri çərçivəsində Abdulla Şaiq adına Kukla Teatrında da tamaşa nümayiş etdirildi. Rejissor Urmatxan Alim Melenin türkmən şairi və klassiki Mollanepesin "Zöhrə - Tahir" dastanı əsasında hazırladığı "Aşiqlər şahı" tamaşası təqdim olundu. Türkmənistanın xalq artisti Anna Melenin ifasında monotamaşa böyük maraqla qarşılandı.

 

 

Ədalət.- 2010.- 9 noyabr.- S. 8.