ONLARIN DÜNƏNİ: TÜRKİYƏ və TÜRKİYƏLİLƏR-1

 

3500 KİLOMETR YOL BOYUNCA MƏNİM GÖRDÜYÜM TÜRKİYƏ

 

Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz DÜNƏNdən başlayıb. Dünənimizdə Kimlər və Haralar var. Bu Kimlər oralarda nələr yaşayırdılar? Görmədiyimiz o yerlər və o yerlərin insanları necəydi? Yeni nəsl üçün ibrətamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN ölkələrinin yaşam tərzi, keçdiyi yol, bu gün üçün son dərəcə gərəkli və daha qabarıq görünməkdədi.

Proyektimizin davamı olaraq Türkiyə haqqında yazılarımıza başlayırıq. Əslində bu mənim gördüyüm Türkiyədir. Bir qədər sadəlövh, tərtəmiz düşüncəylə görünən və yazılan Türkiyə. Eynən bu rubrikada daha nələr olacaq. İzləməyə dəyər.

Hələ 1989-cu ildi. Hələ Sovetlər Birliyi dağılmayıb. Bizə verilmiş bir vərəqlik proqramda beləcə yazılıb: SSRİ Teatr Xadimləri İttifaqının bir qrup işçisinin Türkiyəyə səfərinin tarixinin göstəricisi. Coğrafi genişliyinə görə çox seçilən bu səfərdə 3500 kilometr bir yol keçiləcəyini heç birimiz bilmirdik. Bu az yol deyil, az məsafə deyil və bu yol, bu məsafə boyunca keçəcəyimiz və gecələdiyimiz, qonaq qaldığımız, tarixi abidələrinə və görkəmli yerlərinə baxdığımız şəhərlərin sadəcə adlarını sadalayıram:Ankara, Çorum, Bokaskyuy, Alaca, Avonos, Zilbə, Dərinquyu, Üçhisar, Konya, Dənizli, Kappodoki, Miletus, Prieyen, Didim, Aydın, Quşadası, Efes, Bursa və nəhayət, İstanbul. Bu coğrafi genişliyi keçmək üçün, keçib, görməli, tarixi yerlərə baxmaq üçün bizim əlimizdə cəmisi 12-13 gün vaxt vardı. Beləydi bu səfərin təxmini proqramı.

Keçdik, gəzdik, gəldik.

Türkiyə nəylə yadımızda qaldı?

Nəylə yadınızda, xatirinizdə qaldı?

Həmkarlarımdan, yol yoldaşlarımdan bir neçəsinə müraciət eləyib, səslərini lentə alıram:

 

Tahir Qəhhar (şair-dramaturq, Özbəkistan):

- Mən Türkiyə haqqında on beş il öncə bir çox kitab görmüşdüm, oxumuşdum. Onlar nəticəsində əski türk tarixinə, qövmlər tarixinə məndə böyük məhəbbət oyanmışdı. Bu ədəbiyyatlar arasında mən deyə bilərəm Əbdülqadir Qazinin Türkiyə haqqında kitabını... Bu kitabları oxuyandan və mən bu gün, bu gözəl Turkiyənin çox yerlərini gəzəndən sonra belə nəticəyə gəldim ki, çox şeyləri gərək elə öz gözünlə görəsən. Türkiyə mənim fikrimcə iqtisadi, siyasi və dini cəhətdən sərbəst bir ölkədir. Çünki burada insan azad çalışa bilər, azad vuruşa bilər, azad düşünə bilər. İnsan burada daha çox praktikdir, o daha irəli gedə bilər. Pis insanlar, yəni ki, heç bir şeylə çalışmayan insanlar, etiqadsız və inamsız insanlar, prinsipsiz insanlar burada, bu ulu Türkiyədə yaşaya bilməzlər. Bu mənada "İzvestiya" qəzetəsində yazılmış məqalədən bir söz xatirimə gəlir, burada deyilir ki, biz neçə illərdən bəri öz xalqımıza, yəni bunu rus jurnalisti Zaxarko deyir, Türkiyə haqqında həmişə pis şeylər demişik. Mən bu gün iman gətirdim ki, Türkiyə belə deyildir. Burada iqtisadiyyat, sənaye, mədəniyyət və mənəviyyat yüksəkdir. Uludur. Türkiyə bizim qonşumuzdur, ona görə də qonşu ilə daima yaxşı münasibətlər yaratmalıyıq. Eyni bugünkü Türkiyə səksəninci illərdən fərqli çox tərəqqi etmiş və rövnəqlənmişdir. Biz Türkiyədən çox şeyləri öyrənməliyik. Türkiyədə şəxsən mən çox mədəni hadisələri gördüm, ziraət sahəsində, əxlaq və adət, türk adətləri sahəsində. Misal üçün, sadəcə olaraq onların ayaqyollarına fikir verin, bunlar memarlıq baxımından, insanlıq baxımından, təmizlik və gözəllik baxımından nə qədər seçiləndir. Sovetlər ölkəsində və bir çox cümhuriyyətlərdə bu mümkün deyil. Və yenə - camelərdə ayaqqabıları çıxarır və təzə ayaqqabılar geyirlər. Camelər xalıyla doludu: ayaq altı xalı, divar xalı... genə burada erkəklər də, xatunlar da bir-birilərinə yaxşı münasibətdədi. Hörmətli, geçinişli... Məsələn, bizim Daşkənddə turistlər şortidə gəzirlər. Mənim fikrimcə, bu özbək xalqına, açığını deyim ki, təhqirdi. Bunu onlar başa düşməlidilər: onlar kim olursa-olsun, yerli adəti duymalıdırlar. Burada münasibət tamamilə ayrıdır. Əlbəttə, bu çox xırda detallar xalqın özünün müəyyən bir hissəsi deməkdir.

 

Yaqub Məmmədov (teatrşünas - Bakı):

- Mənim aləmimdə hər bir azərbaycanlının qəlbində, düşüncəsində özünün Türkiyə adlı yarınağıl, yarıəfsanə bir məmləkət var. O məmləkət ki, hardasa lap "Min bir gecə nağılları"ndakı təsvir olunan yerləri xatırladır. Və bir də mənə elə gəlir ki, bu nağıllı dünyanı, məmləkəti görmək hamının ürəyində bir arzu kimi yaşayır. Bu məmləkətə olan daxili maraq bizim xalqların soykökləri, genetik oxşamaları və qohumluqları ilə sıx bağlıdır. Milyonlardan biri kimi mənim də bəxtimə bu nağıllı ölkəni, məmlə kəti görmək qisməti düşdü.

Məmləkəti gördük, insanlarını gördük, onlarla söhbət elədik, onlarla qonuşduq, türklərin özlərinin təbirincə desək. Bu qonuşmalarda, bu söhbətlərdə hamının simasında özümüzə qarşı diqqət və həssaslıq gördük. Gülərüz bu adamların hamısında Azərbaycana və azərbaycanlılara dərin maraq və səmimiyyətin şahidi olduq. Başqa millətlərin nümayəndələri olan yol yoldaşlarımız, səfərdaşlarımız bu doğmalığa görə hətta bir az heyrətlənirdilər də. Qınamaq olmaz. Axı onlar bilmirdilər ki, biz nə qədər bir-birimizə yaxınıq? Şəhərlər keçdik, uluslar gördük, yollarda dayandıq. Hər şey bizi maraqlandıracaq qədər gözəl və heyrətli idi. Kappodokidəki Avonos abidələrinə heyranlıqla baxdıq. Qayalar içərisindəki qədim evlər, dünya səyahətçilərini, turistlərini heyrətə gətirən səkkiz mərtəbəli dərininə olan yeraltı şəhər, ekzotik qədim abidələrdən, yerlərdən müasircəsinə istifadə, burada salınan müasir tipli restoranlar, barlar, muzeylər, otellər, müasir arxitektura qovuşmasıyla bu yerlərdə orijinal, təkrarsız, özünə bənzərsizlik bəxş etmişdir. Turistlər, səyyahlar bu yerləri qarış-qarış gəzərək əlləriylə bu qədim abidələrə toxunmaqdan, baxmaqdan zövq alır, öz heyrətlərini gizlədə bilmirdilər.O da daha çox yadımda qalıb ki, Ankarada birinci gün qonaq olduğumuz otelin sahibi Kamal bəy Çavuşoğlu özünün Sovetlər birliyinə səfərindən gözyaşarınca gülə-gülə danışdı.

Çox maraqlıdı: yerlər bizim yerlər kimi, tarlalar bizim tarlalar kimi... bir də görürsən ki, qupquru, yovşanlı bir düzdü lap elə Muğan düzü kimi... bir də görürsən ki, məhsullu, bostanlı bağlar yolun bütün tərəfini əhatə eləyib, buralar fikirləşirsən, ilahi, bizim Qarabağ torpaqlarına necə oxşayır. Böyük bir ölkədir, geniş bir ölkədir və bu böyüklük, bu genişlik heç şübhəsiz ki, özünün təzadlarıyla mütləq diqqəti çəkməlidi. Bizi müşayiət eləyən bələdçimiz - gidimiz Əfşan xanımın dediyinə görə, türklərin ən ulu adamı sayılan Kamal Paşa Atatürkün yüksək arzularından biri də bu olub ki, Türkiyəni yaşıllıqlar ölkəsinə çevirsin.

Ağ şəhər yadımda qaldı. Ağ şəhərdə Xoca Nəsrəddinin məzarı var. O yadımda qaldı. Bunlar bir xatirədir. Getdikcə yada düşəcək.

 

Bronius Kleviniskas (jurnalist)

Latviya televiziyasının ədəbi-dram verilişləri redaksiyasının müdiri): "Çox ölkələr görmüşəm, çox ellər keçmişəm və bəzən mənə elə gəlirdi ki, heç vaxt məni heyrətləndirəcək şeylər ola bilməz. Bu fikirdə idim. Əlbəttə, mən Türkiyə ilə tanış deyildim, lap açığını deyim ki, Türkiyəyə aid ədəbiyyatı da çox az oxumuşam, bəlkə ona görə ki, az ədəbiyyat və məlumat rastıma çıxıb. Ancaq mənim özümün çox gözəl duyma və qiymət vermək imkanım var. Bunu yekəxanalıq saymayın. Bəlkə siz Latviyada olmusunuz, Latviyanın da özünün gözəlliyi var, təkrarolunmaz arxitekturası var, gözəgəlimli yerləri var. Və bəzən Türkiyə boyunca elə binalara və tikililərə rast gəlirdim ki, lap elə bil bizim Pribaltikaya oxşayırdı, bəlkə Pribaltika buralara oxşayır, bu xətrinizə dəyməsin. Hər halda məsələ burada kimin birinci olmasında deyil. Nə oxumuşuq? Onu oxumuşuq ki, kapitalizm ölümə doğru gedir, belə öyrədib bizə dərsliklər və həmişə mənim dilimdə belə bir ifadə fırlanır: yazıq kapitalizm, uçurumun üstündə durub baxır ki, bina və sosializm bu uçurumun altındakı dərədə nə qurdalanır. Bax, bu mənim ən çox sevdiyim bir ifadədir. Əcəb can verən kapitalizmdir! Əgər doğrudan da bizim mətbuatımızın və ağzıgöyçək jurnalistlərimizin dediyi, təsvir elədiyi "can verən kapitalizm" budursa, onda can vermək bizim kimi yaşamaqdan min dəfə sərfəlidir. Mən bu gözəl Türkiyədə bir şeyin daha çox şahidi oldum. Burada hər şey ancaq insana xidmət eləyir. Əlbəttə, söhbət burada ticarətin, mədəniyyətin kimlərin əlində olmağından getmir və bunun özündə də, necə deyərlər "ağa" elə türklərin özüdür. Bu "ağalıq" türklərin sir-sifətindən görünsə də, onlar bir-birlərinə münasibətdə qətiyyən bunu büruzə vermirlər. Hər kəs öz əməyini nümayiş etdirməyə qadirdi, hər kəs öz mədəniyyətini çatdırmağa,öz qabiliyyətini gələn qonağın qabağına çıxarmağa imkan və vaxt tapır. Bunun özü çox böyük münasibət deməkdir. Təsəvvür edin ki, az vaxt içərisində biz bu qədər tarixi abidələrə və mədəniyyət mərkəzlərinə baxdıq. Və bu abidələrin biri o birini təkrar etmir və onu deyim ki, bunlara baxmaqdan adam bezmir. Yorulmursan, təkrarsızdı. Bənzərsizdi. Əlbəttə, bütün bunları yaratmaq üçün tarix gərəkdi. Mən deyəsən eşitmişəm ki, türklər çox zaman köçəri həyat keçiribdir və bunun yəqin ki, özünün də müxtəlif səbəbləri var. Ancaq, gəlin bir həqiqəti danmayaq, əsrlərlə bir yerdə oturub qalmış, əsrlərlə bir ərazidə yaşamış və ömür sürmüş o qədər millətlər və qəbilələr, xalqlar olub ki, indi itib getməkdədir. Özlərindən sonra heç nə saxlaya bilməmişlər. Ancaq türklər bu qədər tarixi abidələr, bu qədər yüzillər bundan sonra da yaşaya biləcək məbədlər, məscidlər, camelər tikib qorumuşlar. Açığını deyək heyrətləndirici faktlardır. Və hətta tük xalqının bu günü də heyrətlə doludu. Baxmaqla qurtarmır, bitmir. Görməklə sona yetmir".

 

 

Tofiq Abdin

 

Ədalət.- 2010.- 13 noyabr.- S. 15.