XANIMIN BƏYİNİ TƏRİFLƏMƏKDƏN
GÖZƏL DÜNYADA NƏ VAR...
Adətən biz öz doğmalarımız
haqqında xüsusi ilə qadın söz adamları öz həyat
yoldaşları, ailə üzvləri ilə bağlı hər
hansı bir yazını qələmə alanda müəyyən
mentalları nəzərə alır. Amma şükürlər
olsun ki, son vaxtlar həmin o mental sıxıntılar nisbətən
aradan qalxır.
Necə deyərlər
daha xatirələr yox, həm də düşüncələr,
duyğular, hisslər, yaşanan anlar, ünvan sahibinin
sağlığında həyatda olduğu anlarda yazıya
köçürülüb kitab halında oxuculara təqdim
edilir. Bu mənada Azərbaycan xalqının dəyərli
ziyalısı, tanınan və sevilən şairi, dramaturqu,
ictimai xadimi Vaqif Səmədoğlu barəsində
"Şair və zaman" kitabı nəfis şəkildə
oxuculara təqdim edilib.
Kitabın tərtibçisi,
redaktoru və ön sözünün müəllifi Vaqif Səmədoğlunun
həyat yoldaşı Nüşabə Babayevə-Vəkilovadır.
Nüşabə xanım kitabın ön sözünü bu
cümlələrlə başlayır. "İlk dəfə
Vaqif Vəkilov imzası mənim yaddaşıma 60-cı illərin
sonlarında yazıldı. "Molodyoj Azerbacana" qəzetində
bir neçə gənc yazarla birgə Vaqifin də 3 şeiri
dərc edilmişdi. O şeirləri oxuyub,
hansı hissləri keçirdiyim
yadımda deyil". Bu səmimi fikirlərin
ardınca Nüşabə xanım onu da xatırladır ki,
"Vaqifin 70 illik yubileyi ərəfəsində özü
və yaradıcılığı haqqında olan
yaradıcılığı, özünün
yazdığı məqalələri toplayıb kitab hazırlamaq qərarına gəldim.
Onun arxivini saf-çürük etdim".
Bəli, indi həmin o
kitab bizim stolumuzun üstündədir. Vaqif Səmədoğlu
barəsində yazılmış səmimi fikirlər, eləcə
də onun özünün yazıları. Atası barəsində,
ailə üzvləri ilə bağlı, həmçinin
ölkə və xarici mətbuat səhifələrində
çap olunmuş fikirləri, müsahiblərindən
parçalar, bir sözlə Vaqif Səmədoğlunu təqdim
edən, tanıdan bu orijinal kitab həqiqətən də dəyərli
bir bədii nümunədir. Çünki toplum halında burda
Azərbaycanın çox dəyərli ictimai xadimləri,
siyasi liderləri, şair və publisistləri,
yazıçıları, eləcə də digər sənəd
sahəsinin nümunələri xüsusi ilə ölkə
hüdudlarından kənarda Vaqif Səmədoğlu
yaradıcılığına böyük sevgilərini dilə
gətirən insanların fikirləri oxucunu özünə
çəkir, onda bir qürur hissi yaradır.
Kitabdakı fotolar, həmçinin
Vaqif Səmədoğluna ithaf olunmuş şeirlər bu
kitabın mahiyyətini bir az da artırır, onun dəyərli
olmasını bir az da diqqətə çatdırır. Mənə
elə gəlir ki, bu kitab həm də Vaqif Səmədoğlu
yaradıcılığını öyrənmək
üçün dəyərli bir mənbədi.
Sonda onu da xatırladım ki, Nüşabə
Babayeva-Vəkilovanın "Şair və zaman" adı
altında tərtib etdiyi bu kitab şairin bütün zamanlarda
yaşayacağına dair bir xanım inamı, bir oxucu
etirafı, bir ziyalı güvəncidir. Biz də bu inama, bu
etirafa, bu güvəncə şərikik.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2010.- 13 noyabr.- S. 18.