HƏLƏ DEYİLƏSİ SÖZÜN VAR SƏNİN...

 

ƏDƏBİ HƏYAT

 

Xürrəm Qafanlı.. Bu imza çoxlarına tanış deyil. O, bəzi şair dostları kimi özünü qətiyyən reklam eləməyi, televiziyada görünməyi sevmir. Qaçqın düşdüyü illərdən Sumqayıtda yaşayır, oranın ədəbi mühiti Xürrəmi yaxşı tanıyır. Üç kitabı çıxıb və mən istəyirəm ki, oxuculara bu şairin şeirlərindən söz açım.

Qədim Zəngəzur mahalının Qafan rayonunun Həcəti kəndində dünyaya göz açan Xürrəm yurd itkisi ilə qovrulan, bu itkini şeirlərində acı bir həsrətlə yad edən soydaşlarımızdan biridir. Deyə bilmərəm, onun qəlbində şeir odu nə vaxt alışmağa başlayıb, sonra tonqala çevrilib, bu yolda ilk ustadı kim olub. Bircə onu bilirəm ki, Xürrəm Qafanlını dərd şair edib. Bu dərd adi dərd deyil ki, günlər, aylar, illər keçə unudula. Bu elə bir dərddir ki, aylar, illər keçdikcə sinədə korun-korun tüstülənir, qaysaq bağlayır. Elə buna görə Vətən dərdindən, yurd itkisindən yoğrulub Xürrəmin şeirləri.

 

Allahdan istərəm bir ömür,

izn,

Gəzərdim elimi mən

dizin-dizin,

Qalxıb Qırxbulağın,

enib Ərməzin,

Soyuq bulağından

içə biləydim.

 

Dolanıb kol-kosun, dağın, dərəsin,

Öpərdim hər yerin

bəndin, bərəsin,

Yığardım yarpızın, göyün, tərəsin,

Çırmayıb qolumu

biçə biləydim.

 

Nə vaxtsa düşməndən bac alanda da,

Yüksəlib arzuma

ucalanda da,

Bir vaxt yaşa dolub

qocalanda da,

O yerə, o yurda

köçə biləydim.

 

Mən Xürrəmin dünyaya göz açdığı Həcəti kəndini görməmişəm. Amma indi Xürrəm Qafanlının şeirlərini oxuyuram və o kəndi görürəm. Görürəm ki, bu kəndin qışı boranlıdır, qarlıdır, burada dadı damağdan getməyən Əzgil armudu, Pir armudu var, burada Gilə, Sədəf, Məstan nənələr -nağıl dünyaları yaşayır.

 

Böyük Palıd,

Xəlil yerin Maldaşın,

Əkbər çeşmən, Ulasdığın,

Saldaşın,

Qaramalıq, Arpalıq,

Oğazbaşın,

Orda bizim xoş keçirdi

günümüz,

Soyuq buz bulaqlı, şəfalı

kəndim,

Əvvəlim, axırım Həcəti kəndim.

 

Xürrəmin şeirlərində mən xalq poeziyasından xoş bir nəsimin əsdiyini görürəm. O, Aşıq Ələsgəri çox sevir. Şeirlərində Ələsgər dünyasının qoşmalı, gəraylılı, təcnisli, divanili ətrini duymaq olur. Bu, çox yaxşı cəhətdir. Ustad aşığın məşhur "Dağlar" rədifli qoşması dillər əzbəridir, Xürrəm də bu qoşmadan təsirlənərək yazır:

 

Gələni kəsilib,

gedəni yoxdur,

Dərdi dərdimizdən

bəlkə də çoxdur,

Qərq olub küləyə,

sovrulub yelə,

Köç edib yurdundan

malı dağların.

 

Sanki qarıyıbdır hər gün,

hər səhər,

Özünü şax tutur

bəlkə birtəhər,

Boz paça görünmür,

yox olub kəhər,

Vurulmur döşünə

xalı dağların.

 

Xürrəmin şeirlərində dil pəltəkliyi, sözlərin poetik kasadlığı ilə üzləşməzsən. Çox sadə yazır və bəzən də bu sadəlik səni heyrətləndirə bilir. Düşünürsən ki, ən böyük həqiqətləri ən sadə dildə də ifadə etmək mümkündür. Xürrəmin bayatıları bu mənada onun şeirləri içərisində örnək gətirilə biləcək nümunələrdir. Deyərdim ki, həmin bayatıları xalqın yaratdığı bayatılardan seçmək, ayırmaq mümkün deyil:

 

Əzizinəm, dağa bax,

Təpəyə bax, dağa bax.

Həsrət nədir, öyrənsən

Köksümdəki dağa bax.

 

Düz gedər,

Əyri gedər, düz gedər,

Hər yan əyri olsa da,

Vətənə yol düz gedər.

 

Əzizinəm çən gələ,

Duman gələ, çən gələ.

Varmı elə bir dərdli,

Mənlə yarı, tən gələ.

 

Xürrəmin şeirlərində bir neçə obraz görürəm. Yəni bunlar onun şeirlərinə ömür-gün xatirələrindən, indiyə qədər keçdiyi həyat yolunun acılığından, şirinliyindən və ən əsası onun dünyaya bir şair kimi özünəməxsus düşüncə tərzindən gəlib. Bu obrazlardan biri Xürrəmin indi xatirələrdə yaşatdığı Həcəti kəndinin obrazıdır. Bu barədə yazımın əvvəlində söz açdım. Xürrəmin ikinci şeirlər kitabı olan "Hələ deyiləsi sözüm var mənim"də o kəndin şəkli də var. Çox solğun görünsə də, o kəndin mənzərəsi məndə belə bir təəssürat yaratdı ki, Xürrəmi şair eləyən də o kənd imiş. Həm kəndin o solğun mənzərəsində bir həsrət duyulur, həm də başdan-ayağa ağaclar görünür. Və mən bilirəm ki, indi o kənd də, o kəndin ağacları da böyük həsrətlə Xürrəmi və didərgin düşən oğullarını, qızlarını gözləyir.

İkinci obraz DÜNYAdır. Elə bir şair tapılmaz ki, onun şeirlərində Dünya obrazı canlanmasın. Lakin təbii ki, hər bir şairin yaradıcılığında Dünya obrazı yeni poetik ştrixlərlə canlandırılırsa, bu həmin şairin uğuru sayılmalıdır. Xürrəmin DÜNYA obrazı klassik poeziyadan gəlir-hər şeyə qadir, insanı ucaldan və qocaldan, ağladan və güldürən FƏLƏK kimi təqdim olunur.

 

Alıb ağuşuna

sıxma Xürrəmi,

Salıb kəməndinə

boğma Xürrəmi,

Aparma dünyadan

doğma Xürrəmi,

Kəfəni tezliklə tikmə,

a dünya.

 

Xürrəmin şeirlərində həyatın, gerçəkliyin, cəmiyyətin, onun yaşadığı mühitin bir çox hadisələri, olayları, mürəkkəb situasiyaları öz poetik əksini tapır və bu da təbiidir. Şair adını daşıyan şəxs cəmiyyətin, yaşadığı mühitin hadisələrinə biganə qalmamalıdır. Xürrəmin əksər şeirlərində həyatın, yaşadığı mühitin bir sıra neqativ halları əks olunur və yaxşıdır ki, o, bu hadisələrə mövqeyini bildirməkdən çəkinmir. Məsələn, bu misralara diqqət edin:

 

Bu dünyada

hərə bir cür yaşayır,

Kimi atır, kimi tutur,

bilinmir.

Elə sanır bir loxmadır

bu dünya,

Kimi didir, kimi udur,

bilinmir.

 

Yaxud:

 

Çıxır qarşımıza

bir kötük kimi,

Daş qoyurlar baş altına

tük kimi,

Çalıb-çapıb talayır

ütük kimi,

Biz fil qulağında

hələ yatırıq.

 

"Köç-köç oldu Dərələyəz mahalı", "Terror qurbanları", "Vətən əsgəri", "Mən belə dünyanın nəyini sevim", "Əsgər marşı" və s. şeirlərində Xürrəm Qafanlını çağdaş dövrün həqiqətlərinə köklənən görürük. Ancaq onun şeirlərində ümid, inam motivləri daha güclüdür və şair bizə belə bir həqiqəti aşılayır ki:

İnsanlar həmişə

yovuşsa əgər,

Bütün xoş arzular

qovuşsa əgər,

Ağrılar, acılar

sovuşsa əgər,

Dünya düzələr.

 

Əlbəttə, təqdir etdiyim, oxuculara tanıtmaq istədiyim bu şairin şeirləri içərisində onun ən yaxşı şeirləri ilə müqayisədə zəif nəzərə çarpan nümunələr də var. Hiss olunur ki, Xürrəm bu şeirləri qələmə alanda ancaq ona çalışıb ki, necə deyərlər, tüstüsü düz çıxsın. Elə şeirləri də var ki, həmin şeirlərdə fikir var, amma bu fikrin poetik ifadəsi zəifdir.

Mən obasından-elindən didərgin düşən, bu dərdləri poeziya dililə ifadə edən bir şair-Xürrəm Qafanlının şeirlərindən söz açdım. Yeri gəlmişkən qeyd edim ki, Xürrəm Qafanlının 50 yaşı tamam olur və bu yazıdan istifadə edib onu ürəkdən təbrik edirik...

 

 

VAQİF YUSİFLİ

 

Ədalət.- 2010.- 13 noyabr.- S. 19.