AXŞAM DÜŞÜNCƏ
Mənim taleyim ağ,
qara –
könlüm uçur
uzaqlara,
axşam
düşüncə dağlara
qəlbimi sıxan nədi?
Fələk zalım,
ürək dəcəl,
başıma fırlanma
əcəl.
birdən durduğum yerdəcə
gözümə
çıxan nədi?
Arxadırsa dağlar mənə,
niyə anam ağlar mənə,
dəli könül
çağlar yenə,
ruhumu yıxan nədi?
GETDİYİN YOL GERİ DÖNSÜN
Getdiyin yol geri
dönsün,
yolunu, izini öpüm.
Ana yurdum buludunu,
dağını,
düzünü öpüm.
Qürbətdi burdan o yana,
içim göynədi,
ay ana,
dodaqlarım yana-yana,
bir bulaq
gözünü öpüm.
Fələyin
ocağı sönsün,
ayrılıqlar külə
dönsün,
bir söz söylə
gülə dönsün,
ana, o sözünü
öpüm.
NİSGİLLİ MİSRALAR
Dağların dumanı
mənəm,
çiçəkləri
sənin olsun.
dünyanın yalanı
mənim,
gerçəkləri sənin
olsun.
göy üzünün
buludları
ötüb keçdi, mən
qaldım.
Yel apardı umudları,
Gözlərimdə
çən qaldım...
KİMƏ DEYİM
Bu qəmi çaya
deyim,
ulduza, aya deyim.
Bir deyil, iki deyil,
gəlmir ki, saya deyim.
Buludlar qatar-qatar,
ulduz batar, Ay
batar.
Yardan giley etməmiş
gileyim yara çatar.
Dərdlərim təzələndi,
sinəmdə söz ələndi.
Bu sevginin elə bil
üstünə köz
ələndi.
O tayda boyun burub,
yar niyə məlul
durub?
Arazı keçə
bilsəm
Bilərdim dərdin
sorub.
Özümüz bilə-bilə,
verəydik qəmi selə.
Bir gün nola
çıxaydın
Qarşıma gülə-gülə.
Bu qəmi kimə deyim,
yadlara demə, deyim.
Sinən bir saz olaydı
dönəydim simə
deyim.
SEVGİDƏN AĞI DEDİM
Dənizdən əsən
küləklə,
dərd
çırpır fələk üzümə.
Sevgidən ağı
dedim,
bir gün
özüm-özümə.
Sanki özgə taleyidi,
yaşadığım
ömür-gün.
Ölməmişəm ələ
də mən
səni sevdiyim
üçün.
Səni sevdiyim
üçün,
düşmən oldum
özümə.
Tanrıdan əsən
küləklə
Dərd
çırpır fələk üzümə...
SORUŞ
Bu ağac nədən
öləcək,
Yaşıl yarpaqdan
soruş.
Əvvəl nədir,
axır nə, -
qara torpaqdan soruş.
Qış nədi, bahar
nədi,
yağmur nədi, qar nədi,
ana nədi, qar nədi –
çəkdiyin ahdan
soruş.
Qanad nədi, lələk
nədi,
tale nədi, fələk
nədi,
şeytan nədi, mələk
nədi –
göydə Allahdan
soruş...
***
Köhnə
sevdalarımı
torpağa toxum əkdiyim
tək
əkmişəm ürəyimə
-
yaşıl-yaşıl
ümidləri,
böyük-böyük
sevdaları
yaşatmaq
üçün.
Mən səndən
başqa
bir kəsi
sevməmişəm desəm,
inanma.
Ürəyimdə
böyüyən
gözlərimdə
yarpaqlayan
yaşıl-yaşıl
ümidləri
görürsənmi?..
***
Durdum
ağrı-acımı unutdum,
Tanrıma üz tutdum.
Ulduzları şam kimi
aşmışdı
yolum üstə.
Nur içində nur
kimiydim –
qaranlıq can verirdi
qollarım üstə...
YURDSUZ-YUVASIZ
Bir müjdə göndərin
mənə
ötüb keçən
buludlarla,
bir müjdə gözləyirəm
umudlarla.
Orda,
qürbət ellərdə
halınız necədir,
köçəri quşlar?
Hələ də
gözləriniz
bulaq kimi durudurmu?
Burda gəlib mənə
dəyir
orda sizə atılan
daşlar.
Burda əmanət saxlayıram
boş qalmış
yuvaları –
məni d
yurdsuz-yuvasız qoydu
bu dünyanın
dəyişkən
havaları...
QIRMIZI DUMAN
Xatirələr
qonağım olur
qar yağışa
dönəndə,
xatirələrin
uçub gəldiyi
dağlar indi
itib qırmızı
dumanda.
Orda,
uzaqlarda,
o dumanlı dağlarda
gövdəsinə bir
qız adı yazdığım
bir nazənin ağac
qalıb –
o ağacdan nigaranam bu
axşam.
Bu axşam yenə
xatirələr qonaq gəlib
mənə.
Bir dərdli ah çəkdi
xatirələr
söndü
yandırdığım
şam...
ŞAİR DOSTLARIMA
Ürəklərini
Sarı bülbül tək
qızıl qəfəslərdə
saxlaya bilsəydilər,
dərd boğaza gələndə
ağlaya bilsəydilər
şairlər də
yüz il yaşayardılar,
şairlər yüz il
yaşamır ancaq.
Bu dunyada çox
şeynən
barışa bilərdilər,
bu dünyada çox
şeyə
alışa bilərdilər.
Şairlər də
yüz il yaşayardılar,
şairlər yüz il
yaşamır ancaq.
Şairləri qara
qarğış tez tutur,
şairləri qara
torpaq-toz udur.
Bir sənsən
ana torpaq
min dərdin bir əlacı.
Arazlar axmasaydı bəlkə
aralarından,
şairlər
yıxılmazdı qurşun yaralarından...
***
Yalanlar
dünyasının,
talanlar
dünyasının,
sonu yoxmu, İlahi?..
Sonu yoxmu
bahalığın,
sonu yoxmu tənhalığın?
Təsəllisiz
yolların,
cavabsız
sualların...
görmək istərdim
bir gün
sonu nədir bu
ömrün...
Adil ŞİRİN
Ədalət.- 2010.- 13 noyabr.- S. 20.