Təbliğata səfərbərlik

 

Adından da göründüyü kimi təbliğ etmək sözü tanıtmaq sözü ilə həmahəngdir və elə reklam etmək fikri də bu qəbildəndir. Əgər dünya yaranandan bəşər övladı haqqı, xeyiri təbliğ edib qara qüvvələrdən çəkinməyin yolunu bir-birinə göstəribsə, demək o, həm də xeyir işlərin reklamını edib. Oxuduğumuz və oxumadığımız bütün səmavi kitablarda da bizi yaradan bizə yalnız xeyirli işlər görməyi və hər an xeyirə doğru getməyi tələb edir. Lakin həyat heç də yaxşılardan və yaxşılığı reklam edənlərədən ibarət deyil. İnsanları pis əməllərə, əyri yollara sürükləyənlərlə, onun mənəviyyatını və mənlik şüurunu əlindən alaraq manqurta döndərmək istəyənlərlə, nəfsini ruhunun zirvəsində hakim edənlərlə də hər addımbaşı rastlaşırıq. İndi reklamın da başqa-başqa daha üst səviyyədə səslənən formaları var ki, bunun da adını hərə bir rənglə çağırır. Məsələn; qara piar, piar.

İllərin, əsrlərin düyünçəsi olan və adına tarix dediyimiz zaman öz hökmünü bütün dövrlərdə verib. Dünyanın o başından bu başına at üstündə hökm eyləyən babalarımız beşikdəki körpələrinə, davamçıları olan kiçik oğuzlara onun kimliyini, haradan gəlib, hara getdiyini bəlkə də bircə kərə deyib. Birdə ki, o zamanki dünya düzənində bizim qanımızda qarışıqlar yox idi və biz öz yeddi arxa dönəmimizə baxmaqla fəxarət hissi duyurduq. İgidlik, ərlik, vətənpərvərlik qaynayan qanımızda dövr eyləyərək düşüncəmizə hakim kəsilmişdi. Qılınc tutan əllərin, ana, vətən nidaları ilə döyünən ürəklərin təbliğata ehtiyacı yox idi.

Bu hünərlə, böyük vətən və torpaq sevdası ilə on altı imperiya qurduq. Atımızın nal basdığı yerlərə haqq və ədalət apardıq. Allahsızlığı, dinsizliyi heç zaman təbliğ etmədik. Hər zaman haqlının yanında, haqsızın qarşısında olduq. Ruhumuzu Tanrıdağdan gələn gur sellərdə yuyaraq qaranlıqları işığa çıxarmaq üçün günəşi belə əlimizdə çıraq etdik. Bircə şeyi səhv etdik. Düşmənləri özümüzdən gücsüz bilib, onların hiyləgərliklərini göz önünə almadıq. Və çox sonralar içimizdə murdarça çubuğu kimi kök salanlar bizləri "İç oğuza", "Dış oğuza" bölünməyə vadar etdilər. Bax beləcə qara günlərə boyun əydik. Vətən tariximizin şanlı səhifələrini məğlubiyyətlər, represiyalar, deportasiyalar əvəzləməyə başladı.

1920-ci ilin aprelindən uzaq Sibirin buz nəfəsi pöhrə oğullarımızı qol-budaq atmağa qoymadı. Bizlərə keçmişimiz yox, sovet ideoloqlarının və trojkalarının uydurduqları tarixdən bəhs etməyə, beynəlmiləlçilik ideyalarını təbliğ etməyə başladılar. Dilimizin haqq düyününü kəsib "Allah yoxdur" deməyə məcbur etdilər. "Sən sovet adamı, kommunist ideyalarının daşıyıcısı olmağınla fəxr etməlisən" deməklə dilimizin, dinimizin, milli düşüncəmizin önünə tikanlı məftillərdən çəpər çəkdilər. Biz tamam başqa bir ruhda, və başqa bir duyumda tərbiyə olunduq. Atlarımızın nalını söküb bizi boz çöllərdə tək qoydular. Türk adı tarixə gömüldü. "Özünə qayıt, türk oğlu, çünki sən özünə qayıdında böyük olursan" nidasına düz yetmiş il həsrət qaldıq.

Ancaq haqq yenə də öz yerini tapdı və 1991-ci ildə millətimiz azadlığına, milli kimliyinə qovuşdu. Bu gün 19 ildir ki, müstəqil bir dövlət kimi dünyanın siyasi xəritəsində varıq. Qanlar, qadalar, müharibələr bizi məhv etmədi. Torpaqlarımızın iyirmi faizindən çoxu düşmənlərimizin əlində olsa da ruhumuzun ən dərin qatlarında qoruyub saxladığımız vətənsevərliyimiz hələ ölməyib. Biz o müqəddəs günü gözləyirik.

Lakin hamı kimi məni də bir gənc olaraq bu gün təbliğatımızın aşağı səviyyədə olması narahat edir. Biz təbliğatımızı sistemli şəkildə qura bilmirik və ya qurmaq istəmirik. Bu gün televiziyalarımızda kibrit çöpündən tutmuş bütün hər şeyi reklam edirlər, yəni onların təbliğatını aparırlar. TV-lərimiz beyinlərimizə bütün etiket qaydalarından uzaq olan şouların, teleserialların, "bu Avropa dəyəridir" deyə bizlərə təqdim edilən verilişciklərin meydan suladığı məkanlara dönüb. Artıq el adətləri, mənəvi dəyərlərimizin şah əsərləri və toy kimi müqəddəs adətimiz cılızlaşdırılaraq nifrət obyektinə çevrilir.

Gündəlik nəqliyyat vasitəsi kimi milyonlarla insanın istifadə etdiyi metromuzda bir dənə də olsun vətəni sevməklə, torpaqlarımızın itirilməsi ilə bağlı və ya torpaqlarımız uğurunda döyüşərək canlarını fəda etmiş, şəhid olmuş oğullarımızdan bəhs edən kiçik bir rolika belə rast gəlmirik. Məgər bu beləmi çox vaxt aparan, çoxlu pullar tələb edən bir işdir? Bəs nəyə görə, incə səsli bir qızın tanışlıq saytlarının reklamına, təbliğinə metromuzda yer tapılır, vətənpərvərliyə yox? Belə biabırçı reklamlar ucbatından ölkəmizdə baş verən cinayət hallarından hamımızın xəbəri var. "Tamaşa", "Əlibaba", "Xatuba" düyüləri ilə vətən dərsi keçmək, torpaqları qaytarmaq və vətəni sevmək yox, yaxşı pul qazanmaq olar. Müxtəlif əcnəbilərin açdığı kurslarda "Magistr" pilləsinə hazırlaşmaqla nəticələr əldə etmək olar. Ancaq heç olmasa içimizdə Vətən sevmək adlı kursumuzu sonacan davam etdirməyi qarşımıza bir hədəf kimi qoymağı özümüzə təlqin etməliyik. Təbliğat beşikdən, layladan, oxşamadan başlayır. Layladan, oxşamadan, qımqımadan uzaqlaşmaq isə...

Mənfur düşmənlərimiz bizi öz körpəsinə, gəncinə öz adımızla-türk deyə tanıdırdı və bu gün də tanıdır. Çox təəssüflər olsun ki, bizlər hələ də özümüzü tanımaq istəmirik. Kökündən uzaq düşənləri isə tarix heç zaman bağışlamır və onları əbədilik məhv edir. Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspiralı, Məhəmmməd Əmin Rəsulzadə, müasir Azərbaycanın qurucusu ümumilli liderimiz Heydər Əliyev və onların ideya daşıyıcıları olan xalq fədailəri bizləri belə bir ruhda tərbiyə etmədilər.

Dünyanın siyasi və ictimai mənzərəsi onu deməyə əsas verir ki, ölkəmizdə bağçalarda, orta və ali təhsil məktəblərində təbliğata geniş yer verilməli, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. Biz ilk dərsimizi təbliğatdan başlamalıyıq. Əlaqədar təşkilatlar, dövlət qurumları bu istiqamətdə güclərini və imkanlarını səfərbər etsələr, onda millətimiz bir daha ölümlərlə, torpaqlarımızın itirilməsi bəlası ilə üzbəüz qalmaz. Bütün güc strukturlarında, xüsusən də ordumuzda təbliğat maşınımız hər zaman işlək səviyyədə olmalıdır. Fikrimizcə, gənclər arasında vətənpərvərlik hisslərinin təbliğində DİO əməkdaşlarının da xüsusi çəkisi özünü daha qabarıq şəkildə göstərməlidir. Bəlkə də bu fikrim çoxlarının dodağının qaçmasına səbəb olacaq. Ancaq mən bir gənc polis zabiti kimi çox istərdim ki, hər hansı bir rayonun polis rəisi həmin rayonda xüsusi istedadı, idmanda və təhsildə uğurları ilə fərqlənən gənclərlə görüşlər keçirsinonlara xatirə olaraq kiçik bir hədiyyə də bağışlasın. İnanıram ki, bu təcrübə böyük bir ictimai rezonans doğuracaq və ictimaiyyətlə polis arasında daha qırılmaz körpülər salacaqdır. Bəlkə də bu sadaladıqlarımda təbliğat strategiyamızın hər hansı bir nüansları oxucuların qəlbinə yol tapıb onları təbliğatımız uğruna hər zaman hazır olan bir əsgər kimi səfərbər edəcək.

 

Bizə nə lazımdır, ağız birliyi.

Ağ bəxtə yol açan ağ üz birliyi.

Qıpçaq qıvraqlığı, Oğuz birliyi.

Olsaydı Xətai, Yavuz birliyi.

Axmazdı ildırım, çaxmazdı şimşək.

Əgər yumruq kimi birləşə bilsək!!!

 

Hamımız Vətən, yəni böyük Azərbaycan adına sağlam təbliğatla məşğul olmalı, Qarabağın azadlığı uğrunda isə zərurət yarandıqda təbliğatımızı silahla əvəz etməliyik. Çünki Qarabağ müharibəsi bizim XX və XXI əsrdə olan ən böyük sınağımızdır. Bu sınaqdan alnıaçıq, üzüağ çıxmalıyıq.

 

P.S. Bu günlərdə ermənilər Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun və şəhid Fərid Əhmədovun mübarək meyitlərini qaytaranda millətimizin igid oğullarının əllərində Azərbaycan bayrağı tutub, yollara gül düzərək şəhidlərimizi qarşılamaları gözlərimi yaşartdı. Bax bu, milli həmrəyliyimizin ən böyük nümunəsi idi və onların Vətən uğrunda döyüşərək şəhid olmaları bizimçün bir örnək, həm də təbliğata səfərbərlik deyilmi?

Yazı Azərbaycan Respulikasının Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş müsabiqəyə təqdim olunur

 

 

Hafiz TƏMİROV

 

Ədalət.- 2010.- 13 noyabr.- S. 22.