Rəşid Behbudovun
yaradıcılığına həsr edilmiş
ilk elmi
araşdırma
Füsunkar səsin
sahibi Rəşid Behbudov Caz Mərkəzində anıldı.
Musiqişünaslar, mədəniyyət və ictimaiyyət
xadimlərinin bura toplanmasının səbəbi Azərbaycanın
musiqi mədəniyyəti tarixində parlaq səhifə
açan Rəşid Behbudovun yaradıcılığına
həsr edilmiş elmi araşdırmanı müzakirə etməkdir.
"Rəşid Behbudovun ifaçılıq üslubu milli və
klassik vokal ənənənələrinin sintezi konteksində"
adlı dissertasiyada məşhur sənətkarın vokal
imkanlarından söhbət açılır.
Musiqişünas Məryəm
Babayeva bu dissertasiyanın 2006-cı ildən təsdiq
olunduğunu bildirib: "Elmi işim 4 ilə başa gəlib.
Dissertasiya Rəşid Behbudovun ifaçılıq üslubuna
həsr edilib. Ümumiyyətlə, Rəşid Behbudovun
yaradıcılığı o qədər zəngindir ki, ona
1 yox, bir necə dissertasiya yarada bilərik. Elmi işimdə
onun ifaçılıq üslubundan, konkret olaraq akademik vokal,
estrada və əlbəttə xanəndəlik
ifaçılığından bəhs etmişəm".
Öz işini elmi
yenilik kimi qiymətləndirən müəllif deyir ki, bu, Rəşid
Behbudov yaradıcılığının və orijinal
ifaçılıq üslubünun öyrənilməsində
ilk xüsusi tədqiqatdır. Burada ilk dəfə Rəşid
Behbudovun ifası milli və klassik ənənələr
konteksində tədqiq edilir. Konfrans
iştirakçıları elmi araşdırmanın vokal sənətinin
tədrisi sahəsində də təcrübi əhəmiyyət
kəsb etdiyini vurğuladı.
Rəşid Behbudovun həyat
yoldaşı Ceyran Behbudova bu yolda atılan ilk
addımların çox parlaq olacağını deyir:
"Böyük fenomen Rəşid Behbudov haqqında
yazılan bu dissertasiya elmi tərəfdən bizim
üçün çox böyük sirlər
açacaq".
Xalq artisti Fərhad Bədəlbəyli
bu günə qədər niyə belə bir namizədlik,
doktorluq müdafiə olunmadığına təəccübləndiyini
qeyd edib: "Rəşid Behbudov bir dəryadır. Onun
haqqında nəinki bir, 10-15 müdafiə olmalıdır.
Onun teatr, estrada, opera teatrının xüsusi ilə kino sahəsində
hər sahədə izi var. O həqiqətən böyük
bir insan idi. Xoşbəxtəm ki, uşaqlıqdan onu
tanımışam".
Xatırladaq ki, bu il
görkəmli sənətkar Rəşid Behbudovun anadan
olmasının 95 illiyidir. Sənətkarın yubileyi dekabr
ayında müxtəlif tədbirlərlə qeyd olunacaq.
Ədalət.- 2010.- 13 noyabr.- S. 24.