O BİR ŞAHZADƏMİ,
BAŞINDA TACI?..
... Gah tutqunlaşıb
hər ötən günün qışa doğru olduğunu xatırladan, gah da "bulud pərdələrin" arxasındakı
ilıq nəfəsli
günəşə boylanan
gözəl bir payız səhəridir.
Adına
meyvələr şahı
narın vətəni
deyilən Şirvanın
incisi Göyçayın
bu al-əlvan səhəri ayrı bir ovqat doğurur.
Hardan baxsan, hardan keçsən bu gözəlliyin, bu təmtərağın əsirinə
çevrilirsən. Xan çinarların
günəşdən qızarmağa,
alışıb yanmağa
başlayan yarpaqları
da sanki bu büsatı özünəməxsus pıçıltılarla
vəsf edirlər.
"Şahzadənin" şərəfinə
bütün şəhər
qırmızı, yaşıl,
göy, mavi, ağ, qızılı...
rənglərə boyanıb,
bütün şəhər
nağıllı, nəğməli
xoş bir tilsimə düşüb
sanki.
Qədim Şirvan elinin
gündən-günə abadlaşan, inkişaf edib müasirləşən
Göyçay şəhəri həmişəki bayram
libasına bürünüb. Şəhərin giriş
qapılarından tutmuş mərkəzə doğru
bütün küçə və meydanlar, park və
bağlar al-əlvandır. İnsanların
üz-gözündəki sevincin başqa səbəbləri də
var. Sakinlər indi modern bir şəhərə çevrilən
doğma Göyçayın qürurunu şən əhval-ruhiyyə
ilə yaşayırlar. Bütün bunlar Dövlət
Proqramlarında da qarşıya qoyulmuş vəzifələrin
uğurlu həllinin, sosial-iqtisadi yüksəlişin və
başqa fərəhli amillərin göstəricisidir. Yəni
bu bayramlar, bu şənliklər Göyçayın halal
haqqıdır.
Bu, son illər hər
payız Göyçayda keçirilən ənənəvi
Nar bayramının səhər ovqatıdır. Və bu dəfəki
bayramın təşkilatçılığında, proqram
dizaynında yeniliklər də var. Göyçay Rayon İcra
Hakimiyyəti və AzNAR ASC-nin birgə keçirdiyi bu
böyük el şənliyinin iştirakçısı və
qonaqları da çoxdur. Qonaqlar da elə iki istiqamətdən
- Göyçay Rayon İcra Hakimiyyətindən və Teymur Əhmədov
adına Konserv zavodundan mərkəzi meydana
toplaşırdılar.
... Bütün şəhər
əhalisi, rayonun yaxın-uzaq kəndlərindən gələn
dəstə-dəstə insanlar Göyçayı dünyada
məşhurlaşdıran bu möcüzə meyvənin
şəninə, şöhrətinə üz tutublar.
Addımbaşı qələbəlikdir. Günortaya yaxın
Bakıdan, xarici ölkələrdən, respublikanın
müxtəlif rayonlarından gələn qonaqların
qarşılanma mərasimindən sonra Nar bayramı daha
şövqlü, daha teatral məqamlarla davam edəcək.
Hələ ki sakinlər,
bayram iştirakçıları əsasən Heydər Əliyev
prospektində təşkil edilmiş müxtəlif sərgilərə
tamaşa edir, nar məhsullarına, digər bayram
atributlarına diqqət yetirir, hal-əhval tutub
bayramlaşırlar. Bu görüşlər, bayramlaşmalar
zamanı sakinlər Ulu Öndər Heydər Əliyevin bir
vaxtlar Göyçaya səfərlərini, bu rayonun
inkişafına, xüsusilə nar bağlarının
genişləndirilməsinə və nar emalı müəssisələrinin
tikilməsinə qayğı və diqqət göstərdiyini
xoş duyğularla xatırlayırlar. Bu gün həmin
inkişafın daha böyük sürət alması
göyçaylıları çox sevindirir. Bütün
bunlara görə sakinlər Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənablarına minnətdarlıq
edirlər.
Saat 12-yə
yaxınlaşdıqca qonaqlar dəstə-dəstə Heydər
Əliyev prospektindəki geniş meydana daxil olurlar. Bir sıra
xarici dövlətlərin ölkəmizdəki səfirləri,
Milli Məclisin üzvləri, dövlət məmurları,
qonşu rayonların icra hakimiyyəti
başçıları və nümayəndə heyətləri,
Bakıda və respublikanın digər şəhər və
rayonlarında yaşayıb çalışan
tanınmış göyçaylılar, elm, mədəniyyət
xadimləri, incəsənət ustaları... Bayramın
qonaqları çoxdur. Göyçaylıların fəxr
etdiyi, dünyada tanınan məşhur iş adamı Fərhad
Əhmədov da öz dostları - Azərbaycan Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilov, Rusiyanın
ölkəmizdəki keçmiş səfiri Vasili İstratov
və başqaları ilə birlikdə camaat
arasındadır.
Milli paltarlar geyinmiş
oğlan və qızlar qonaqlara nar şirəsi və nar məhsulları
təklif edirlər. Uşaqlıq dostum Fərəclə mən
yanaşı dayanmışıq. Bu bayrama ən çox sevinənlərdən
biri də yüksək mədəniyyət sahibi olan Fərəc
Əhmədovdur - Fərhad Əhmədovun qardaşı.
İntellektual səviyyə,
eyni zamanda sadəlik, təvazökarlıq Əhmədov
qardaşlarını fərqləndirən xarakterik
xüsusiyyətlərdir.
... Heydər Əliyev mərkəzinin
qarşısındakı meydanda daha böyük izdihamdır.
Burada Ulu Öndərin abidəsi önünə
gül-çiçək dəstələri
düzülür. Hamı dahi rəhbərə öz sonsuz
ehtiramını nümayiş etdirir.
Göyçay Rayon
İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov
çıxış edərək qonaqları və
bütün bayram iştirakçılarını
salamlayır. O, rayonun sosial-iqtisadi və mədəni yüksəlişinə
xüsusi qayğı və diqqət göstərən
İlham Əliyev cənablarına
göyçaylıların dərin minnətdarlığını
bildirir.
Millət vəkilləri
- "İrəli" Gənclər Təşkilatının
sədri Ceyhun Osmanlı, Sabir Hacıyev, Elton Məmmədov,
Şəmsəddin Hacıyev, digər qonaqlar
çıxış edərək
iştirakçıları Nar bayramı münasibətilə
təbrik edirlər.
Sonra bayram tədbirləri
orijinal təqdimatlarla bir-birini əvəzləyir. Folklor
nümunələri, meydan tamaşaları, müasir rəqs və
mahnılar, nar meyvəsinə aid uduşlu yarışlar...
Rəmzi nar ağacı
əkilməsi mərasimində Fərhad Əhmədovun
qonaqlarla və həmyerliləri ilə çox səmimi
söhbətinin də şahidi oluruq. Məşhur
göyçaylı deyirdi:
- Ölkənin çox
yerində yetişməsinə baxmayaraq, narın əsas vətəni
hər zaman Göyçay hesab edilmişdir. Hələ sovetlər
dövründə Göyçay narı SSRİ-nin hər
yerində məşhur idi. Nar məhsulları xüsusi olaraq
Göyçay Konserv zavodunda hazırlanıb Kremlə və
digər möhtəşəm yerlərə göndərilirdi.
Məhz buna görə də Göyçay narının
dünya miqyasında tanınması, bu yolla da Azərbaycanın,
o cümlədən Göyçayın şöhrətinin
yüksəldilməsi üçün Nar bayramının
çox böyük əhəmiyyəti və rolu vardır.
Təbiidir ki, bu meyvə Azərbaycandan başqa digər
ölkələrdə də yetişir, ondan çoxlu sayda
xeyirli məhsullar hazırlayırlar və hər bir ölkə
öz məhsulunu dünyaya yaymağa çalışır.
Lakin bu gün dünya hər şeyin daha
yaxşısını, keyfiyyətlisini axtarır. Bu
baxımdan AzNAR-ın dünya arenasına
çıxarılan məhsulları, artıq ölkəyə
yüksək şöhrət gətirməyə
başlamışdır. Təsəvvür edin ki, son iki ildə
zavodumuzun məhsulları Kənd Təsərrüfatı Məhsullarının
Ümumdünya Sərgisində özünün keyfiyyətinə
və digər göstəricilərinə görə 5
qızıl medal qazanmışdır. Bu qızıl medallar
Azərbaycan xalqının, o cümlədən
göyçaylıların əməyinə və zəhmətinə
verilən qiymətdir. Ona görə də mən sizə və
xalqımıza, xüsusilə AzNAR-ın fəaliyyətinə
qayğı və diqqət göstərən cənab
Prezidentə dərin minnətdarlığımı və təşəkkürümü
bildirirəm...
Bayram şənlikləri
Heydər Əliyev muzeyinin qarşısında, Sabir
bağında, qarşı meydanda, prospekt boyu sıralanmış
fərqli sərgilərdə, yarmarkalarda davam edir.
Açıq havada dəmlənən plov qazanlarının,
sac üstündə bişirilən nar qutablarının, ocaq
nardançasının, narşərabın xoş və
dadlı qoxusu bir-birinə qarışır.
Bayramda
tanınmış şairlər də iştirak edir. Ədalətin,
Pərvizin söhbətləri maraqlıdır. Bütün
şəhəri öz rənginə, təntənəsinə,
şahanəliyinə çəkən bu ecazkar meyvənin
doğmalığı birdən mənə Rəsul Rzanı,
Əli Kərimi... xatırladır. Elə
dayandığımız yer də Əli Kərim
küçəsi ilə Heydər Əliyev prospektini
qovuşdurur. Göyçayı tanıdan, şöhrətləndirən
təkcə güleyşə narı, xan çinarları
deyil, həm də böyük şairləridir.
Gözəl və bənzərsiz
Nar bayramının sevincini yaşaya-yaşaya bu ovqata əsir
düşüb o şöhrət zirvələrini
xatırlamamaq mümkünmü? Və elə bu zaman mənə
bəlkə də dünyanın hansısa bir möcüzəsini
görüb yaşamaq da qismət olur.
Tanımadığım gənc bir oğlan mobil telefonunda
şeirə (!!!) qulaq asırdı. Meyxanaya deyil, repə deyil,
Rəqsanəyə deyil, şerə!
... Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi –
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı!
Bir zamanlar
Göyçay deyəndə həm də Əli Kərim
xatırlanırdı...
Axşama doğru hava
bir az da mülayimləşir. Heç kim bu əziz bayramdan
ayrılmaq istəmir.
Bakıdan gələn
incəsənət ustalarının konsert proqramı ilə
Göyçayda keçirilən Nar bayramı sona
çatır.
Gecə
düşüncə atəşfəşanlıq olur, səmada
rəngbərəng fişənglər uçuşur...
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2010.- 19 noyabr.- S. 5.