85 YAŞINIZDA GÖRÜŞƏNƏDƏK
Əli İldırımoğluna əl boyda məktub
İnsan bütün məqamlarda,
bütün hallarda özünə, ürəyinə,
duyğularına uyğun gələn, təmas qura bilən
ünvanlara üz tutur. Arayır, axtarır, bəzən
günləri, ayları sərf edir və məqamların
birində nəhayət, könlünün istədiyi
ünvana yetişir. Məhz həmin o yetişmə nöqtəsi
onun üçün o qədər qiymətli, o qədər dəyərli
olur ki, onu sözlə ifadə etmək və yaxud sözə
çevirmək mümkün olmur. Sadəcə, həmin anda
ünvana yetişənin, məqsədə çatanın
gözlərinə baxmaq kifayət edir. O gözlərdə
ifadə edilən nələr varsa onları səssiz şəkildə
oxuyub anlamaq, eyni durumu yaşamaq mümkün olur.
Mən mətbuatı,
bütövlükdə qəzet oxumağı öyrəndiyim
gündən bu insanı tanımışam. Doğulduğum
Tuğ kəndində, Dağlıq Qarabağın ucqar
nöqtəsində dağlara sığınıb
uşaqlığımı yaşadığım illərdə
o insanı tanımışam və yalnız müəyyən
zaman kəsiyindən sonra həmin imza sahibini mənim söykəndiyim
dağın çiynində - Qubadlıda doğulduğunu və
Qubadlıdan da Azərbaycana söz dünyası
açdığını öyrənmişəm. Bilmişəm
ki, Əli İldırımoğlu qələmini gün
işığıyla, ay işığıyla cilalayıb,
yükləyib və sözə, özü də ədalətli,
ümidli sözə xidmət edibdir.
Jurnalist olan hər kəs
sözün, qələmin müqəddəsliyini dərk
edir. Mən bu yerdə "müxbir" də yaza bilərdim,
amma yazmadım, çünki müxbirlik etməyi
çoxları bacarır, amma jurnalist olmağı gərək
fitrən, duyğuyla, ürəklə, əqidə və
ideya ilə bacarasan. Bax bu mənada Azərbaycanın sovet
jurnalistikasında barmaqla sayılan, jurnalistikaya şərəf
gətirən qələm adamlarından biri də Əli
İldırımoğludur. Şəxsən mən hər
yerdə, təbii ki, Sovet dönəmində bu imza sahibinin bir
şəxsiyyət kimi nə qədər böyük
nüfuza malik olduğunu müşahidə etdikcə
içimdə müqəddəs sözə, müqəddəs
jurnalistikaya sonsuz istəklər qanadlanıb. Bəlkə də
mənim sözə könül verməyimdə payı olanlardan
ən birincisi də məhz Əli
İldırımoğludur.
Mən Əli müəllimi
jurnalist kimi, şəxsiyyət kimi tanıyıb, sevib,
oxuduğum illərdə içimdə bir milli qürur da
baş qaldırırdı. Onun bölgə müxbiri kimi
Dağlıq Qarabağda da özünü saydırması,
ermənilərə yerini tanıtması mənə qol-qanad
verirdi. Bir uşaq, bir yeniyetmə istəyiylə
özümü onun yerində təsəvvür etməyə
çalışırdım, onun yerində görmək istəyirdim.
İnanın ki, mən bütün səmimiyyətimlə bu
cümlələri yazıram. Çünki o vaxtkı raykom
katiblərinin, səlahiyyət sahiblərinin Əli
İldırımoğlunun qələminin və
sözünün qarşısında necə
dayandıqlarını, ona hansı ehtiramlar göstərdiklərini
müşahidə etdikcə söz sahibinin
qarşısında baş əymək mümkünsüz
olurdu. Adam qanad açmaq, uçmaq istəyirdi. İllər
keçdi, az-çox mən də qələmlə, sözlə,
yazı-pozuyla mətbuata üz tutanda qiyabi də olsa
keçdiyim o məktəb köməyimə çatdı. Kənardan-kənara
öyrəndiklərim əlimdən tutdu. Və bir gün də
günlərin birində mən Əli
İldırımoğlunun kitabları ilə
qarşılaşdım. Bu kitabları oxuduqca bu böyük
ziyalının, bu böyük söz adamının, bu cəfakeş
jurnalistin ömür yolunu, tərcümeyi-halını
günbəgün öyrənmək imkanı əldə
etdim. Onun Qubadlının qarlı-qışlı gecələrində
odun daşımağını da, məktəbdə müəllimlik
etməyini də, qarlı aşırımları keçməyini
də, həyat fəlsəfəsini də öyrəndim. Və
öz gücümə, biliyimə güvənib oxucu
sözü yazmağıma da tərəddüd etmədim.
Çünki mənim sığındığım
dağın çiynində dünyaya gələn Əli
İldırımoğlu mənim üçün
jurnalistikanın zirvələrindən biridir. Və bu gün
də o zirvə olaraq qalır.
Bu günlərdə
ömrünün 84-cü ilini tamamlayan Əli müəllimin
"525-ci qəzet"də işıq üzü görən
romanından parçaları oxuduqca göydən
daşların elə-belə yağmadığına bir daha əmin
oldum. Elə həmin əminliklə də Əli müəllimin
ad gününü təbrik etmək istədim. Və həmin
istəklə də bilgisayara ürəyimdən keçənləri
diqtə edərkən ağsaqqal qələm sahibləri,
dostlarım olan imza sahibləri xalq şairi Fikrət Qoca,
hörmətli Arif Əmrahoğlu və şair Ədalət Əsgəroğlunun
da bir gün öncə Əli müəllimlə
bağlı söylədikləri fikirləri, sözləri
xatırladım. Ürək yaxınlığı güc gəldi
və içimdən keçən bir ərklə onların
da adından Əli İldırımoğlunu -
jurnalistikamızın böyük fədailərindən birini
təbrik etmək istədim. Məhz həmin istəklə də
yazdım:
- Ad gününüz
mübarək, Əli müəllim! 85 yaşınızda
görüşərik, inşallah!
Sizə böyük
hörmət və sevgilərlə:
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2010.- 19 noyabr.- S. 6.