Sammitlər ardınca gələn sammit

 

Status məsələsi gələn ilə qaldı

 

Hələ bir müddət siyasi müşahidəçilərin diqqətində saxlanılacaq sammit nəhayət ki, baş tutdu. Hələ sammitdən bir neçə gün əvvəl bəzi siyasi şərhçilər bildirmişdilər ki, noyabrın 18-ə planlaşdırılan tədbir İranın sammitöncəsi verdiyi bəyanatlar üzündən baş tutmaya bilər.

Görünür, rəsmi Tehran səsləndirilən fikirlər müqabilində kimlərəsə əsas vermək niyyətindən əl çəkməli olub. Beləliklə noyabrın 18-də Azərbaycan prezidentinin "Gənclik" iqamətgahında Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısı keçirildi. Sahilyanı dövlətlərin prezidentləri səviyyəsində baş tutan tədbirdə Xəzərin statusunun müəyyənləşməsi məsələsində irəliyə doğru bir addımın atıldığı bildirilir. Azərbaycan prezidenti İlham Əliyev zirvə toplantısına qatılan Xəzəryanı ölkələrin prezidentləri - Dmitri Medvedyev, Mahmud Əhmədinejad, Qurbanqulu Berdıməhəmmədov Nursultan Nazarbayevi qarşılayıb.

 

Dostluq dənizi

 

Daha sonra dövlət başçılarının zirvə görüşünü açılış nitqi söyləyən prezident İlham Əliyev Xəzərin hüquqi statusunun müəyyən olunmasında konsensusa gəlməyin vacibliyini qeyd edib. O bəyan edib ki, Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin bölünməsində razılığa gəliblər: "Bu gün Xəzəri dostluq dənizinə çevirmək üçün beş sahilyanı ölkənin iqtisadi əməkdaşlığını gücləndirmək lazımdır".

Qeyd edək ki, Xəzəryanı ölkələrin dövlət başçılarının ilk zirvə toplantısı 2002-ci il aprelin 23-24-də Aşqabadda, ikinci sammit isə 2007-ci il oktyabrın 16-da Tehranda keçirilib.

Azərbaycan prezidenti daha sonra qeyd edib ki, Xəzərin statusunun müəyyənləşməsi məsələsinin həllini tapmaması regionda münasibətlərə neqativ təsir göstərmir. O bildirib ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsi istiqamətində böyük aparılır: "Əminəm ki, gələcəkdə bu istiqamətdə təcrübi həll yolları tapılacaq. Bu məsələnin nizamlanmaması bizim münasibətlərimizə heç bir neqativ təsir göstərmir". Xəzərlə bağlı Rusiya-Azərbaycan, Rusiya-Qazaxıstan Qazaxıstan-Azərbaycan razılaşmalarının əhəmiyyətini vurğulayan prezident ümidvar olduğunu bildirib ki, bu təcrübə gələcəkdə Xəzərin hüquqi statusunun müəyyənləşməsində nümunə rolunu oynaya bilər.

Azərbaycan prezidenti həmçinin onu da qeyd edib ki, Xəzəryanı ölkələr energetika məsələlərində bir-biri ilə rəqib deyillər: "Xəzərin karbohidrogen ehtiyatlarının tranziti üçün Azərbaycanın yaratdığı müasir infrastrukturda qonşu ölkələrin də istifadəsinə verilə bilər. Azərbaycan özünün bütün imkanlarını Xəzəryanı ölkələrə təqdim etməyə hazırdır. Əminəm ki bugünkü görüş bizim ümumi işimizə öz töhfəsini vermiş olacaq".

 

Siyasiləşmə meyli

 

Xəzərin statusu məsələsində İranla fikirləri kəsişən Türkmənistanın dövlət başçısı da öz fikirlərini açıqlayıb. "Bu, hüquqi məsələdir", - deyən Türkmənistanın dövlət başçısı sahilyanı dövlətlərin Xəzərdə əsas söz sahibi olmalarına diqqət yönəldib: "Türkmənistan qəti əmindir ki, Xəzərin neft-qaz ehtiyatlarının nəql olunacağı yeni boru kəmərləri yalnız keçəcəyi sektorların aid olduğu tərəflərin razılığı ilə çəkilə bilər. Əlbəttə ki, ekoloji təhlükəsizliyə dair bütün şərtlərə əməl olunmaqla". Bu məsələnin siyasiləşdirilməsinin əlehinə olduğunu qeyd edən Türkmənistan prezidenti bildirib ki, Xəzərdə delimitasiya beynəlxalq hüquq normaları əsasında həyata keçirilməlidir: "Bu məsələyə siyasi qiymət vermək lazım deyil. Bu, hüquqi məsələdir".

 

Prosesin sonunu gətirəcək 2011-ci il

  

Öz növbəsində İran prezidenti Mahmud Əhmədinejad Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısında toplantıya qatılan həmkarlarını Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair prosesi 2011-ci ildə başa çatdırmağı təklif edib. İran prezidenti qeyd edib ki, Xəzərdə təhlükəsizliyin təminatı sahilyanı ölkələrin öz işidir: "İran Xəzərdə əməkdaşlığı dəqiqliklə ehtiva edən proqramlarda işləməyə hazırdır. Xəzəryanı ölkələr həmçinin birgə gəmiçilik şirkəti yaratmalı, mədəniyyət turizm sahəsində daha sıx əlaqələr qurmalıdır".

 

Qazaxıstanın moratorium təklifi

 

Prezident Nursultan Nazarbayev Xəzərdə nərəkimilərin ovuna beştərəfli moratorium tətbiq olunması təklifi ilə çıxış edib. N. Nazarbayev bunu Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən zirvə toplantısında deyib. O bildirib ki, Xəzərdə nərəkimilərin ovuna heç olmasa 5 il müddətinə qadağa qoyulmalıdır: "Belə qərar Xəzərin resurslarının qorunması bərpasına kömək edər".

Qeyd edək ki, nərəkimilərin sənaye əsasında ovu yalnız Xəzərə tökülən çaylarda - Volqa Uralda, həmçinin İranda həyata keçirilir. Xəzəryanı ölkələr üçün kvotanı hər il beynəlxalq təşkilat - CITES müəyyən edir.

 

Növbəti ildən gözlənilən sənəd

 

"Xəzərin hüquqi statusuna dair Konvensiya bir il sonra Rusiyada keçiriləcək sahilyanı ölkələrin dövlət başçılarının zirvə görüşündə imzalana bilər",- deyən

Rusiya prezidenti Dmitri Medvedyev sahilyanı ölkələrin dövlət başçılarının zirvə görüşünün yekunlarına həsr olunmuş brifinqdə bəzi məqamlara toxunub. O bildirib ki, dövlət başçıları müxtəlif məsələləri, o cümlədən delimitasiya ilə bağlı məsələləri konstruktiv şəraitdə müzakirə ediblər: "Mənə elə gəlir ki, biz bu məsələdə razılıq əldə edə bilmişik. Bu razılıq mənim fikrimcə ondan ibarətdir ki, biz müvafiq qurumlara üç ay ərzində 24-25 mil məsafədən başlayaraq milli zonaların eni barədə mövqeləri müzakirə edib razılaşdırmaq, müvafiq təklifləri hazırlayaraq dövlət başçılarına təqdim etmək barədə göstəriş vermək qərarına gəldik. Bu o deməkdir ki, Xəzər dənizinin statusu ilə bağlı məsələdə irəliləyiş göz qabağındadır. Mən bütün iştirakçıları Rusiya Federasiyasına dəvət edirəm. Ümidvaram ki, bu son dərəcə mühüm məsələyə son nöqtəni qoya biləcəyik".

 

Birgə Bəyannamə

 

Qeyd edək ki, müzakirələrini optimist notlar üzərində bitirən prezidentlər sammitin sonunda birgə bəyənnaməni də imzalayıblar. Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan İran prezidentləri Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən III zirvə toplantısının yekununda qəbul etdikləri Birgə Bəyannamədə Xəzərin hüququ statusuna dair Konvensiya üzərində işi davam etdirmək niyyətlərini təsdiqləyiblər. Birgə Bəyannamədə deyilir: "Tərəflər sahilyanı ölkələrin Xəzər dənizinə onun resurslarına münasibətdə suveren hüquqlarını tanıdıqlarını bəyan edirlər. Onlar Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzərində işi başa çatdırmaq niyyətlərini təsdiqləyirlər. Bu Konvensiya sahilyanı ölkələrin Xəzər dənizində fəaliyyətini tənzimləyəcək baza sənədi olacaq".

Sammitin yekunlarına həsr olunmuş brifinqdə Rusiya prezidenti Dmitri Medvedyev bildirib ki, Konvensiya üzərində işi bir il ərzində başa çatdırmaq mümkündür.

 

III zirvə görüşünün sazişi

 

Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısı baş tutdu. Zirvə görüşünün sonunda Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan İran prezidentləri "Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş" imzalayıblar. Bundan başqa dövlət başçıları Birgə Bəyannamə qəbul ediblər.

Həmçinin də Xəzərdə milli zonaları razılaşdırmaq barədə qərar qəbul edilib.

"Sahilyanı ölkələrin dövlət başçıları Xəzərdə öz milli zonalarını razılaşdırmaq barədə qərar qəbul ediblər". Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Prezident bildirib ki, zirvə toplantısına qatılan dövlət başçıları hər bir ölkənin dənizdəki milli zonalarının ən qısa vaxtda müzakirə edilməsi razılaşdırılması barədə qərar qəbul ediblər. Bundan başqa prezident bildirib ki, sammitdə Xəzər dənizində nərəkimilər fəsiləsindən olan balıqların ovuna 5 il müddətinə moratorium qoyulması ilə bağlı mexanizm hazırlamaq müzakirə etmək barədə razılıq əldə olunub.

Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən III zirvə görüşündə bu formatda toplantıların hər il keçirilməsi barədə razılıq əldə olunub. Bu barədə sammitin yekunlarına həsr olunmuş brifinqdə Rusiya prezidenti Dmitri Medvedyev bildirib: "Biz ildə bir dəfə görüşmək barədə razılıq əldə etdik. Üç ildə bir dəfə görüşmək yolverilməzdir".

  

  

Gülgün

 

Ədalət.- 2010.- 20 noyabr.- S. 4.