Medianın dili
müzakirədə
Azərbaycan Dil Qurumunun təşkilatçılığı
ilə "Media və dil: mövcud durum və vəzifələr"
mövzusunda elmi-praktik konfrans keçirilib.
APA-nın məlumatına
görə, qurumun sədri Sabir Rüstəmxanlı Azərbaycan
dilinin qorunması istiqamətində keçmiş SSRİ
zamanında atılan addımlardan və bu gün
qarşılaşdığımız problemlərdən
danışıb. S. Rüstəmxanlı problemlərin aradan
qaldırılması və Azərbaycan dilinə kənar təsirlərin
qarşısının alınması üçün mətbuatı
diqqətli olmağa çağırıb: "Bu gün Azərbaycan
türkcəsində gəlmə, qarşılığı
olan sözlərdən yerli-yersiz çoxlu sayda istifadə
edilir. Hesab edirəm ki, dilimizə qarşı işğal
siyasəti aparılır".
Bakı Dövlət
Universitetinin (BDU) dilçilik kafedrasının professoru Əbülfəz
Rəcəbli "Medianın dil qüsurları" mövzusunda
etdiyi çıxışında televiziya kanallarının
dil üslubu barədə danışıb. Ə.Rəcəbli
deyib ki, Azərbaycanda fəaliyyət göstərən 7
televiziya kanalının hər birində ciddi problem
mövcuddur: "Tələffüzdən tutmuş, reklam mətnlərinə
qədər Azərbaycan türkcəsinin yazı və
danışıq qanunlarına xələl gətirilir".
Azərbaycan Dil Qurumunun
İşçi Qrupunun rəhbəri Rasim Qaraca, İctimai
Televiziya və Radio Yayımları Şurasının sədri
Cahangir Məmmədli, "Azadlıq" qəzetinin baş
redaktoru Qənimət Zahid, "Xəzər" TV-nin redaktoru
Qulu Məhərrəmli "Medianın dil
qüsurları", "Mətbuat dilindəki problemlərin
obyektiv və subyektiv səbəbləri" və
"KİV-də effsemizmlərdən istifadə
qaydaları" mövzularında çıxış ediblər.
"İnternet
medianın və sosial şəbəkənin dil xüsusiyyətləri"
mövzusunda çıxış edən APA İnformasiya
Agentliyinin baş direktoru Vüsalə Mahirqızı isə
deyib ki, Azərbaycanda internet mediası yeni sahə
olduğundan ictimaiyyət tərəfindən maraqla
qarşılanır: "Əvvəllər Azərbaycanda
sosial şəbəkələrə daxil olanların
yaşı 25-35 arasında olubsa, hazırda bu yaş 35-dən
yuxarıdır".
Bu gün Azərbaycanda
internet mediasının vahid xüsusiyyətlərinin
olması barədə danışmağın
mümkünsüzlüyünü qeyd edən V.
Mahirqızı bildirib ki, hazırda ölkədə həm rəsmi,
həm də normal media dilində yazan internet saytları fəaliyyət
göstərir: "Nəyə görə normal media dili
sözünü işlədirəm? Bəllidir ki, bizim
dilçi alimlərimiz bu məsələdə mühafizəkarlıq
nümayiş etdirirlər. Hesab edirəm ki, media çevik
olmalıdır. Ağırlaşdırıcı, dildönməz
ifadələrdən istifadə edilməsi xəbərin ümumi
yükünü artırır. İnternet mediadan istifadə edən insanlar isə vaxtı məhdud olan şəxslərdir. Onlar həm dolğun, həm də qısa xəbəri oxumaq istəyirlər.
Bu baxımdan medianın "gəlmişdir",
"getmişdir", "olmuşdur"
kimi sözlərdən
imtina etməsi yaxşı olardı.
Məsələn, rəsmi dövlət
mediası bu cür şəkilçilərdən
daha çox istifadə edir. Bundan başqa, hələ də bəlli olmayıb ki, "xoş gəlmişsiniz"
və "xoş gəlmisiniz" ifadələrindən
hansını işlədək".
V. Mahirqızı
medianın dilindən danışılarkən
reallığın nəzərə alınmasını məqsədəuyğun
sayıb: "Fikri daha axıcı formada yazmaqla dilin təhrif
olunmasını qarışdırmaq düzgün deyil. Yeni
orfoqrafiya lüğətində də problem var. Biz nə qədər
Azərbaycan dilini mühafizəkarcasına qorumağa
çalışsaq da, yeni media özü ilə yeni ifadələr,
sözlər gətirəcək və zaman-zaman da həmin
sözlər dilimizdə ümumvətəndaşlıq
pasportu qazanacaq".
Sonra tədbir mövzu ətrafında
müzakirələrlə davam etdirilib.
Ədalət.- 2010.- 20 noyabr.- S. 5.