BAHAR DUYĞULU ŞEİRLƏR
İlin bütün fəsilləri
gözəldir. Dünyanı dümağ
qarına bələyən qışı da,
dəli küləkləri, saralmış yarpaqları, həşəm
olmuş çiçəkləri ilə
könlünə qəmli duyğular kimi gələn payızı da,
isti yayı da. Amma
bir fəsil var ki, hər il onun gəlişini, dünyaya
bir sevgi nəğməsi
kimi yağmasını, sənin bütün varlığını, hiss və duyğularını gözəllik
işığına qərq etməyini gözləyirsən.
O da bahardır. Səməd Vurğunun bir misrası ilə
desək: "Bahar, istəklimsən
başdan-binadan".
Mən bir poeziya həvəskarı
və tədqiqatçısı və həvəskarı
kimi uzun illərin müşahidəsindən belə qərara
gəlmişəm ki, Azərbaycan şairləri (istər
klassik, istər müasir) ilin fəsilləri içərisində
ən çox baharı tərənnüm ediblər. Sonrasa payızı. Nədir bunun
sirri? Məncə, bu sirr deyil, insanın həmişə
gəncləşmək, baharlaşmaq duyğusudur. Sən kimisə
sevirsən, sevda yolunun
yolçusu olursan,
varlığını, ruhunu eşq alovları bürüyür,
dünya gözəlləşir sənin üçün, hər bir
pisliyi, yamanlığı unudursan,
sevdiyin insanı bütün
gözəllikləri ilə ruhuna hopan bahara bənzədirsən.
İllər keçir, dünyanın neçə
payızı, qışı, yayı gəlir, amma baharlı duyğular səni
tərk etmir. Ömrün
payızı gəlir, sən də ağacdakı bir yarpaq kimi
saralırsan, xəzan küləkləri əsir ömründə,
amma içindəki o
baharlı duyğular səninlə
yaşayır.
Nailə
İbrahimovanın "Ürəklə söhbət"
şeirlər kitabını oxuyanda da belə bir hiss
keçirdim.
Bu, Azərbaycan
Yazıçılar Birliyini üzvü olan Nailə
xanımın ikinci kitabıdır. "Düşüncələr"
isə yeddi il əvvəl işıq üzü görüb.
Həmin o birinci kitabı vərəqləyirəm və
oradakı bahar duyğulu şeirlərin içindən
"İlk bahar"ı seçirəm:
Ağ buludlar göy üzündən
Çəkiliblər ətək-ətək.
Nə aydındır bu gün
səhər,
Mavi dəniz sularıtək.
Nailə xanım bu
şeirdə baharın gəlişini təsvir edir. Mən bu şeiri niyə
misal gətirdim? O səbəbdən
ki, içində baharlı duyğular yaşatmaq üçün
gərək onun gözəlliklərini də
duyasan. "Gəl
sinəmə sıxım
səni, Ay bəzəkli
yasəmənim" deyən
bir ürəyin sahibi olmalısan ki, şeirlərində də sərt bir qayanın sinəsinə sığınıb
tək bitən nərgiz, boynubükük
bənövşə, sənə
məhəbbət qədər
sevimli qızılgül
kimi zərif olasan, kövrək olasan.
Nailə
İbrahimovanın şeirləri də kövrəkdir, zərifdir,
amma bu kövrəkliyin, zərifliyin içində bəzən
həyatın istisini-soyuğunu, fərəhini-qəmini
yaşayan bir ananın qəlb döyüntülərini də
hiss edirsən.O, təkcə doğmalarından, əzizlərindən,
həyatında silinməz izlər buraxan insanlardan deyil, təbiətin
gözəlliklərindən, güldən-çiçəkdən
yazanda da ürəkdən yazır.
Doluxsunmuş gözə
bənzər,
Bir soluxmuş üzə bənzər.
Hər biri bir közə bənzər,
Nərgiz gülü.
Analar bütün
ömürləri boyu ürəkləri ilə
baş-başa veriblər. Dünyaya övlad gətirəndə,
ailənin sevincini, qəmini yaşayanda da.. Deyərdim ki, ana
ürəyini dünyanın balaca bir xəritəsinə
oxşatmaq olar. O xəritədə minlərlə işarələr
var: keçilən ömür yolunun bütün cizgiləri,
xətləri orda işarələnib. Bəlkə bizim
hamımızdan daha tez o ürək kainatda, dünyada, cəmiyyətdə
baş verən hadisələri, olayları öz içində
yaşadır. O ürək həmişə alovlanmaq istəyir.
Deyir ki:
İkiniz bir yol seçin,
O beyin, o sən, ürək.
Beyin dözür zülmünə,
Sən nə ürəksən, ürək.
Bütün şairlərin
taleyində TƏNHALIQ deyilən bir ada var. O ada yalnız
şairlərin üz tutduğu bir məkandır. Elə bir məkan
ki, doğmadır sənə. Tənhalıq gözəldir.
İnsan hər gün yüzlərlə insanla
qarşılaşır, amma o adaya kimsə yaxın
düşə bilməz. Bənzərsiz şair Əli Kərim
yazırdı ki, tənhalıq boşluq deyil, əgər bu
dünyada səni gözləyən bir arzu varsa, onda tənhalıq
gözəldir. Amma üzücü tənhalıq da var, o
zaman ki, yaşadığın mühitdə səni
anlamırlar, dərk etmirlər.
Nailə xanımın
şeirlərində üzücü tənhalıq uzun
sürmür, bahar dumanı kimi tez çəkilib gedir.
Nikbinlik, həyata bağlılıq bu şeirlərdə
bahar çiçəkləri kimi üzə gülür:
Gözəldir hər gördüyün,
Açıq dəniz, mavi göy.
Gözəldir əvvəlki tək,
Bu yer, bu səmavi göy.
Şair Musa Urud Nailə
xanımın birinci kitabına yazdığı ön
sözü belə adlandırıb: "Səmimiyyətin
poeziyası". Məncə, Musa Urud Nailə xanımın
şeirlərinin başlıca məziyyətini düzgün
müəyyənləşdirib. Ancan mən bu SƏMİMİYYƏT
sözünə TƏBİİLİK sözünü də
əlavə edərdim. Səmimiyyət və təbiiliyi Nailə
xanımın şeirlərinin həm formasında, həim də
məzmununda görürəm. O, fikirlərini oxucularla
açıq şəkildə bölüşür. Amma bu səmimiyyəti
gərək təbii şəkildə ifadə edəsən.
Oxucunu azdırmayasan, enişə-yoxuşa salmayasan. Nailə
xanımın şeirlərində dilin sadəliyi,
aydınlığı və çox məqamlarda
obrazlılığı diqqəti cəlb edir və mən
arzu edərdim ki, o, bundan sonra yazacağı bütün
şeirlərində beləcə səmimi və təbii
görünsün. Məsələn, "Ana" şeirində
olduğu kimi:
Əzizdir kəlmən, sözün,
Nəfəsin çiçək ətri.
Kövrələndə gözünün
Yaşına qurban, ana.
Kitabda "Yuxularıma
gələn kənd" adlı bir bölmə var və
burada müəllifin öz doğma kəndi üçün
həsrəti ifadə olunub. Zəngəzur mahalının
Qafan şəhərinin Şəhərcik qəsəbəsində
dünyaya göz açan müəllif indi o doğma
ocağı yuxularında görür.Oradakı bənövşələri
xatırlayır:
Səni dağdan, dərədən
Mən dərərdim, bənövşə.
Qoxlayardım ətrini,
Min sevinclə həmişə.
Hər zaman
incə, xəfif,
Nə gözəl ətrin vardı.
Sənin sevdiyin fəsil
Əzəldən ilk bahardı.
İncə, zərif kolunu
Özümüzlə gətirdik.
İnanmıram o yurdu,
Həmişəlik itirdik.
Nailə xanımın
Qarabağ həsrətiylə bağlı şeirlərini də
oxudum. O, bir ana və bu yurdun bir vətəndaşı kimi
işğal olunmuş torpaqlarımızın həsrətiylə
yaşayır, o torpaqlarda bitən güllərin,
çiçəklərin ətrini qoxulamaq istəyir. Biz də
içimizdə ümid yaşadan insanlarıq və
inanırıq ki, bir gün Zəngəzuru, Qarabağı
yuxularda, röyalarda yox, həqiqətdə görəcəyik.
O zaman Nailə xanım Zəngəzur həsrətiylə
yazdığı bu misraları xatırlayacaq:
İndi də meşələrdən
Dolanıb axır çaylar.
Gözləyir yolumuzu,
Boylanıb baxır dağlar.
Yollar uzanıb gedir,
Əlləri bizə sarı.
Axı, ordan başlayıb,
Bizim ömür yolları.
Sonda Nailə
xanımın içi məhəbbət dolu şeir
kitabından bu misralara üz tuturam:
Nə müharibə olardı,
Nə dünya dağılardı.
Nə ölüm olardı,
nə həsrət,
Nə hicran olardı,
nə qürbət,
Nə əsir olardı, nə əsarət,
Nə kin olardı, nə nifrət.
Bu dünyada olardı
Yalnız, yalnız məhəbbət!
VAQİF YUSİFLİ
Ədalət.- 2010.- 20 noyabr.- S. 19.