Öyünməyə haqqımız var

 

Öyünməyə haqqımız var,

Hər addımda qınanırıq.

Nə deyirik inanmırlar,

Nə deyirlər inanırıq...

 

Avam imiş dəli şeytan,

Tükdən papış toxumuşuq.

Yanmış palanın altından,

Kitab tapıb oxumuşuq...

 

Qolumda dəyirman daşı,

Körpə uşaq qoca bilir.

Bu kənddə allahın quşu

Qanadsız da uça bilir...

 

Bu millətin hay-küyünə,

Dözməlisən, döz, qulağım.

Öz dilinin dediyinə,

Məhəttəldir öz qulağım...

 

Ay gözünə dönüm, babam

Kim yabaynan dovğa içib.

Yüz il qabaq mənim babam,

Xoruz minib, çaydan keçib...

 

***

 

İnanmırdın açanda,

Solurmuş hərə bir gün,

Yüz il göydə uçan da,

Qayıdır yerə bir gün...

 

Dərd dəryadan dərindi,

O sahildə tay nə var.

Təzə ay ki, göründü,

Köhnəni doğrayırlar...

 

Özündən bezmə təki,

Təkliyə dadanırsan.

O qədər yaşadın ki,

Ölümdən utanırsan...

 

Gecələr qılıqlıdı,

Udar son nəfəsini.

Qulağım pambıqlıdı,

Eşitmirəm səsini...

 

Ot oldum mən də belə,

Dur danış torpağıma.

Yan-yörəm boşdu hələ,

Gəl qarış torpağıma...

 

***

 

Qadağa nə doğa bilər,

Yataqlara yağan qardı.

Bütün oğurluq sevgilər,

Minalanmış torpaqlardı...

 

Necə deyim belə etmə,

Gümanım qırılar axı,

Bu günahı çox şişirtmə,

Bağışlamaq olar axı...

 

Çevrilib arxaya baxma,

Gəlmir qoyub qaçdıqların.

Bacadan girənlər doğma,

Yaddı qapı açdıqların...

İkiyik günah anında,

Gec-tez tək qalacaq hamı.

Onsuz da haqq divanında,

Vəkilsiz olacaq hamı...

 

Sən deyənə qayıtmağa,

Gedən yol ağlıma batmır.

Onları unutmağa,

Neyləyirəm, gücüm çatmır...

 

Çıx damardan qaşıq qanım,

Qurulub dar ağaclarım.

Yüz divə kəndirdi canım,

Bircə qadının saçları...

 

***

 

Yol uzundu adsız vətən,

Ay ünvansız, adsız vətən.

Kövrəlmə urvatsız vətən,

Səni ağlayan azalır...

 

Gəldi çatdı kor zamanı,

Yox insafı, yox amanı.

Şeytan aparır imanı,

Dini ağlayan azalır...

 

Elə bükülübdü dizi,

Torpaq da tanımır bizi.

Şum yeri qəbir dənizi,

Dəni ağlayan azalır...

 

Çoxda ölüb sən ağlayan,

Mənə, sənə gün ağlayan.

Çoxaldıqca mən ağlayan,

Məni ağlayan azalır...

 

***

 

Tapdı məni dərd su yolu,

Əkməsəm də bitib çıxır.

Gəl dirildək, biz bu yolu,

Görək hara gedib çıxır...

 

İcazə var hara qədər,

Bizlik deyil hardan belə?

Nə olub ki, bura qədər,

Nə də ola bundan belə.

 

Həm işıqda, həm də səsdə,

Eyni olacaq yazılıb.

Hər İtin damının üstə,

İndi bir çıraq asılıb.

 

Gözlədim artmadı kəmim,

Səhrada qəmi gəzirəm.

İtkin düşməyib heç kimim,

Mən görən kimi gəzirəm?..

 

Uşaq da özündən deyir,

Sözü böyükdür hər kəsin.

Gözlərim torpaq istəyir.

Sula barı göynətməsin...

 

Daha əsil vaxtdı məncə,

Adımı çək yandır şamı

Min adamı bezdirincə,

Qoy ağladım on adamı...

 

***

 

İçində quyruq tələnin,

Dadı üzümə gülməyib.

Hələ ağlıma gələnin,

Çoxu başıma gəlməyib...

 

Şan-şöhrət böyrümdən keçdi,

Və ilaxir, şair oldum.

Yaşıdlarım əkdi, biçdi.

Mən də gəldim şair oldum...

 

Közü qalmayıb ocağın,

Külün iyinə gəlirəm.

Əlimə batan budağın,

Meyvəsi olub, bilirəm...

Bizi güdən torpaqlar şum,

Bir də doğulmağa nə var,

Vaxt çatıbsa bircə udum,

Suda boğulmağa nə var...

 

Qara günün bəyaz qarı,

Göydə çürüdü şor kimi.

Allah götür qızılları,

Körpüdən keçdim kor kimi...

 

Tale yazmır mən yazanı,

hələ buna qazanc deyək.

Qoy ortaya boş qazanı,

Qismətdən artığı yeyək...

 

***

 

Gözlə sən boş otaqda,

Bu da bir işdi gülüm.

Sevmək də, unutmaq da,

Quru vərdişdi, gülüm...

 

Gedən qayıtmaz geri,

Əlindən qaşıq düşür.

Sal daha pərdələri,

Gözümə işıq düşür...

 

Yalvarırsın nə üzlə,

Gün çıxıb, qar əriyib.

Sağ tərəfi əzizlə,

Sol tərəfin çürüyüb...

 

Canı yoxdur illərin,

İstəsin, alsın nəyi?

Gətirdiyin güllərin,

Ağ daşa çatmır iyi...

 

Mənim kimi dəlinin

Dəlliyin yemə tay.

Dərdi olmur ölünün

Dərdin alım demə, tay...

 

Hər gün gəlib yoxlasan,

Köhnə izlər itəcək.

Yaz ağzıdı ağlasan,

Üstümdə ot bitəcək...

 

***

 

Keçmişin altını-üstə çevirəm,

Köçə bilərsənmi bu yad evə sən.

Nəyə and içim ki, səni sevirəm.

Nəyə and verim ki, məni sevəsən.

 

Ətəklər cırılıb, əl üzülübsə,

Qabaqda nə var ki, qalandan demə.

Özümüz yazmışıq nə yazılıbsa,

Belə olmalıydı, yalandan demə...

 

Çiçəyə oxşamır kəsək də, daş da,

Dəlisov sevdalar uzaqdı məndən

Sən indi Leylinin anası yaşda,

Məcnunun atası uşaqdı məndən...

 

Biz kösöv olanda söndü ocaqlar,

Külünə qovuşmaz külüm, sonsuzuq,

Ayrı-ayrılıqda övladımız var,

İkimiz bir yerdə, gülüm sonsuzuq.

 

Mətbəxdə, yataqda xoş keçən ömrün,

Guya ki, ləzzəti, tamı belədi.

Təsəllisi birdi, boş keçən ömrün,

Adam elə bilir hamı belədi.

 

Bir qapıdan bəxtəvər tək girmədin,

Şükür mən də öz başımın daşıyam.

Heç sən də Allahın günün görmədin,

Qoymadın ki, qulağı dinc yaşayam...

 

Bu istəklər qabağıma çıxandan,

Qazandığım itirdiyim su olub.

O dünyada tutacağam yaxandan,

Deyəcəm ki, Əzrayılım bu olub...

 

***

 

Ot açılıb, at bağlanıb,

At açılıb, ot bağlanıb,

Hər işığa it bağlanıb,

Sözümə baxan olmadı.

 

Solaxaydı, sağı, soldu,

Cəhənnəmə gedən yoldu...

Ayaqlarım çəpər oldu,

Üzümə baxan olmadı.

 

Qazancını şərdə gəzir,

Biçilməmiş vərdə gəzir

Kim nə gəzir yerdə gəzir

Gözümə baxan olmadı.

 

Qovrulmuş quma baxdılar

Çürümüş tuma baxdılar,

Əkinlik şuma baxdılar

Dizimə baxan olmadı...

 

***

 

Məni oğul deyib çağırır o səs,

Babamdan-nənəmdən giley gətirir.

Bir qarış yurdunu atıb gedən kəs,

Bəlkə də min aıddım vətən itirir...

 

Əyil doğulduğun torpağa əyil,

O torpaq tükənməz bərəkət, çörək.

O yurd, o ev sənə yolüstü deyil,

Qala yaddaşında xoş xatirə tək...

 

Rəngi avazıyıb uçuq divarın,

Eyvanın su basır, sellər oynayır.

Hardasa qeyrətdən dəm qılanların,

Ata yurdlarında yellər oynayır.

 

Dəli fəryad olar hər düşən gecə,

Kövrələ-kövrələ baxıb illərə;

Uzaq şəhərlərdə həsrət çəkincə,

Qayıt o həyətə, ay doğan yerə...

 

Yalandan, doğrudan çıxan xəbərin,

Elə sədası da güman kimidi.

Fərsiz oğulları qaçan evlərin,

Qapısı süprülmüş xırman kimidi...

 

Kökündən ayrılan kök atar çətin,

Quş da ayrı düşməz öz yuvasından.

Ata birdəfəlik çıxan həyətin,

Oğul girməlidir darvazasından...

 

***

 

Bir kərpicim düşdü, hər gün, yaşadım,

Vətəndə vətənsiz, sürgün, yaşadım

Açdım qapısını bir gün yaşadım.

Mən niyə tikirdim görən bu evi?

 

Kimin üzə çıxır, batır qisməti.

Hələ çox oyağın yatır qisməti.

Alın yazısıymış çadır qisməti

Mən niyə tikirdim görən bu evi?

 

Daş daşı götürmüş, əkmə dedilər,

Üstünə palçığı tökmə dedilər.

Gələnlər nəhs gəldi, tikmə, dedilər,

Mən niyə tikirdim görən bu evi?

 

Demirəm bədənsiz baş elə məni,

Ay Allah tikənə tuş elə məni.

Mən haçan dedim ki, quş elə məni,

Mən niyə tikirdim görən bu evi?

 

Tay məni əritmə, sellənmək olmur,

Özgə süfrəsində şellənmək olmur.

Köçəndə hər şeyi şəllənmək olmur,

Mən niyə tikirdim görən bu evi?

 

Unutdum, arxada gözüm qalmadı,

Bezdim, səhərlərə, dözüm qalmadı.

Tikdim izim qalsın, izim qalmadı.

Mən niyə tikirdim görən bu evi?

 

... Sökən adamdımı, adam tikəni,

Mən necə atayam, bala, balama?

qoruya bildim atam tikəni,

tikə bildim , qala balama...

 

 

Vahid ƏLİFOĞLU

 

Ədalət.- 2010.- 20 noyabr.- S. 20.