Şeir kişi sirri kimi

 

Əbülfət Mədətoğlunun şeirləri haqqında

 

Çay öz axarını, öz qollarını seçən kimi, sözlər də şeirin sınırlarını, təhkiyə istiqamətini elə seçir. Əbülfət Mədətoğlunun "Ürəyimdəki sənsən" kitabı bu fikri təsdiq edir.

Poetik sistem poetik jestlərin sabit sistemidir. Poetik sistem insanın tikib yaşadığı ev kimidir - öz evinə elə öyrəşir ki, başqa yerdə qala bilmir, darıxır.

Poetik sistem belədir - öyrəşirsən - dəbdə olan, tez-tez dəyişən cərəyanlara, üslublara fikir versən , yenə öz "evinə" - öz sisteminə qayıdırsan. Bu, şair şəxsiyyətinin bütövlüyünü göstərir. Ə.Mədətoğlu öz sistemini qurmuş mənimsəmiş şairlərimizdəndir.

Ə.Mədətoğlunun "Məni" o qədər zərifdir və güclüdür ki, süni, psevopatriotik "biz" yoxdur. Hər yerdə yalnız özüdür, yalnız "mən" -dir. Şairin təbiəti elədir ki, sözləri qətiyyən incitmir. Sanki hər söz, hər qafiyə şeirdə öz yerini tanıyır, bilir Əbülfət sözlərlə çox utancaq, çox incə davranır:

 

üzülmüşəm içimdən

kirpikdən qopan yaştək.

 

Əbülfət şeirləri sanki dilinin ucunda pıçıltıyla səsləndirir. Kişi sirlərinin bədii etirafları kimi.

 

yuxumun şah damarı

üzülür, çiliklənir.

yanımca həsrət gəzir

kölgəmdə günlüklənir.

qısqanıram.

 

Onun ömür fəlsəfəsi sevginin, yaşın və qocalığın gətirdiyi anlamlardan ibarətdir. O, qadın yaddaşında unudulmaqdan qorxur. Əbülfət Mədətoğlu Şəhrizad kimidir: ölümün varlığını unutmaq üçün xatirələrini danışır, bəlkə də yaşam ümidini, sevgi bir az da artırmaq üçün bu şeirləri yazır.

 

gözlərimin

işığı

düşür gözünə -

səni yuxudan oyadıram.

 

Şair (adresantın) sözünün bir ünvanı (adresatı) var: içindəki qızın "Sənidir", çünki bilir ki, "Mən - sən" olanda sevgidən danışmaq olur.

Onun poetik yaddaşı emosional portret yaratmaq gücündədir. Jest-mimika detalları duyğulu, səmimi təqdim olunur.

 

gözlərin dolubdu

qan çanağı tək

məni ağlayırsan –

üzümə ağla

 

yaxud:

 

taleh güzəşt eləmir,

boynunu buranlara...

sən də sil gözlərini

namaza duranlara-

qoşul, ağlama məni...

 

Sözün obrazını öncə emosiya yaradır, sözün dəyəri emosiyanın azadlığı qədərdir. Şeirlərin ritmi, mənası, fəlsəfəsi emosiyanın məntiqindən və fəlsəfəsindən asılıdır.

Əbülfət Mədətoğlu deyəcəyi sözün intonasiyasını, havasını dürüst kökləyir. Bu, mühüm məsələdir, deyimlə ovqat bir "bətində" olur.

 

təkcə bir sevgi bəslədim,

o da xəzələ bükülər.

 

Hətta erotik folklor obrazın da bir işıqlı kişi ehtirası sezilir. Kişi ehtirası qətiyyən həddini aşmır, çünki obraz yaşantısı halal kədər ilə qarışıqdır.

 

dar bir köynək geymisən,

nar sıxılır sinəndə

nəsə tilsim etmisən

bar sıxılır sinəndə

 

Ə.Mədətoğlunun söyləməsi saxta pafosla - bəlağətlə yüklənmir - buna sadəcə lirika imkan vermir. Çünki öz pıçıltılarını özü eşidə bilir. Öz ürəyinə çox inanır. Bu vacib şərtdir. Şeirlərin və duyğuların səmimiliyini və təbiiliyini təmin edəndə məhz bu inanc hissidir.

 

dilim yanında lalsa –

tapşır məni fələyə,

 

- deyən şairin poeziyasında qəribə bir nəzakət var. Amma bu nəzakətin arxasında güclü poetik iradə dayanır - əks halda şeirlər yazılmazdı və söylənməzdi

Ömür eposu duyumlardan, lirik ehtiraslardan, kövrək xatirələrdən düzülüb qoşulur. Bu ömür eposunun süjetini görüş və ayrılıq zamanı təşkil edir.

Əbülfət Mədətoğlunun şeirləri sanki "epik bayatı"nın qırıntılarıdır. Misralar, deyimlər, arasında bayatı rüzgarı dolaşır. Diqqət yetirək:

 

dərdimin başı batsın

başdan çıxartdı məni

dörd tərəfim daş idi,

daşdan çıxartdı məni.

 

yaxud

 

nahaq könlüm dolandı

gözündə su bulandı

 

Qarabağın söz landşaftında epos həmişə lirika üçün, şikəstə, bayatı üçün darıxır (Bunu milli nəsrimizin klassikləri Ə.Haqverdiyevin və İ.Əfəndiyevin nəsrində də görmək mümkündür. Onların nəsrini "nəsrdə bayatı" adlandırardım), etnik mifologiyada, etnik tarixdə (məsələn "Qarabağnamə"lər də) lirik başlanğıc həmişə güclü olur. Qarabağ insanının faciəsi şikəstədən doğulur.

Əbülfət Mədətoğlunun şeirləri şüşə könlün sirləridir, gizlinləridir. Sirr isə məna dünyası ilə vəhdətdə olur.

 

 

Rüstəm Kamal

 

Ədalət.- 2010.- 20 noyabr.- S. 21.