HƏYATI YAZAN HƏKİM
Müdrik insanlar deyirlər ki, oxumaq, mütaliə etmək insan üçün həm mənəvi qida, həm də beyinin təzələnməsidir. Əlbəttə, bu haqlı fikri dartışmağa dəyməz. Amma mənə elə gəlir ki, insan nə qədər oxuyursa, nə qədər qiraətlə məşğuldursa öz həyatından, öz ömründən savayı oxuduqları qədər də əlavə ömür yaşamış olur. Əlbəttə, burada da təəccüblü heç nə yoxdur. Çünki oxuduğun əsərlərdəki qəhrəmanların yanında olmaq, onların başına gələnləri təsəvvüründə canlandırmaq, onlarla birlikdə hiss və həyəcanları yaşamaq, təsvir olunan hadisələri içindən keçirmək... elə o həyatı da yaşamaq deyilmi?
Əlbəttə, oxucunun maraqlı, həyəcanlı həyatlarda yaşaması isə həmişə əsər müəlliflərindən, yazıçılardan, yaradıcı şəxslərdən asılı olub. Dostayevski, Qonçarov, Kamyu, Drayzer, Hüqo... məgər bizə dəfələrlə təsvir etdikləri həyatı yaşatmayıblarmı? Biz Prusun yazdıqları ilə qədim Misrə səyahət etməmişikmi, şarlotta brontelərin romanlarında İngiltərədə, balzakların bəşəri komediyasında Fransada, voyniçlərin romanlarında İtaliyada, əziz nesinlərin yazdıqlarında Türkiyədə yaşamadıqmı? Məncə yaşadıq. Biz də elə oradakı hadisələrin içindən keçdik. Elə eynən indi söhbət açmaq istədiyim gözəl qələm sahibi, çox istedadlı şotland yazıçısı Arçibald Kroninin əsərlərindəki kimi...
ARÇİBALD COZEF
1896-cı il,
iyul ayının 19-da Şotlandiyanın Dunbarşir
qraflığında - Kardrossda anadan olan Kronin şotland
yazıçısı hesab edilsə də onun atası Patrik
Kronin əslən irlandiyalı idi. Bəzi tədqiqatçılar
onun ulu babalarının məhz Şotlandiyadan İrlandiyaya
köçdüklərini yazırlar. Arçibaldın
anası Cessi isə şotland protestantlarından idi. Gəlirləri də pis deyildi. Ata
babasının Qərbi Dunbarşirdə, Aleksandriyada torpaq
mülkü vardı. Digər babası
Arçibald Monthomer isə şlyapa ustası idi və
özünün şəxsi mağazası fəaliyyət
göstərirdi. Arçibald ailənin tək
övladı olduğundan valideynləri onun yaxşı təhsil
alması üçün hər cür şərait
yaratmışdılar.
Amma
uşaqlıq illərində həyat onun üçün kədərli
sürpriz də hazırlamışdı. Onun 7
yaşı olanda atası vərəmə tutuldu və
çox keçmədi ki, öldü. Anası
ilə birlikdə çox çətin, maddi
sıxıntılar içərisində yaşamağa məcbur
qaldılar. Lakin belə davam etmək
mümkün deyildi. Anası kiçik
Arçibaldla birlikdə yaşamaq üçün Danbartona -
atası Arçibald Monthomerin evinə gəldi. Və Cessi orada səhiyyə idarəsində
inspektor vəzifəsinə işə düzəldi. Bəlkə də bu təsadüflərin nəticəsiydi
ki, Arçibald sonradan tibbi sahəyə meyl göstərdi.
Əslində isə bu gəncin daxili
bütünlüklə həyat enerjisi ilə dolu idi. Və bu üzdən də o bir çox sahələrdə
özünü görürdü. Danbarton
Akademiyasının tələbəsi kimi o bir sıra
konkurslara qatılaraq uğur qazandı. Boş
vaxtlarını yüngül atletika ilə məşğul
olur, futbol komandasında çıxış edirdi. Ən çox da gününü kitablara həsr
edir, oxuyurdu.
1914-cü ildə
Arçibald Cozef Qlazqoya gəldi və burada imtahanları verib
Qlazqo Universitetinin tibb məktəbinə daxil oldu. Və burada
özünün qeyri-adi bacarığı, savadı ilə
xüsusu tələbə təqaüdü ilə təmin
edildi. Beş illik təhsil illərindən
sonra o bir müddət dünya müharibəsində donanmada
həkim-cərrah da işlədi. Amma gənc
Arçibald hiss edirdi ki, bütün bunlar onun daxilindəki
enerjinin sərf olunmasına kifayət etmir. O, dünyanı
daha yaxından görmək, insanları olduqları kimi, dərindən
tanımaq istəyirdi. Məhz bu istəklərinə
görə də gəmi ilə Hindistan səfərinə
çıxdı. Amma bu o qədər də
uzun sürmədi. Yenidən Şotlandiyaya
qayıdan Arçibald Cozef yenidən təhsilini davam etdirməyə
başladı.
GƏLƏCƏK HƏYAT RƏFİQƏSİ İLƏ
25 yaşında olanda evlənməyə
qərar verdi. Əslində o, tibb
fakültəsində oxuyan Aqnes Meri Qibsonla (Mey) hələ tələbəlik
illərində
Üç ildən
sonra Aqnes Meri bir oğlan - Vinserti dünyaya gətirdi. Ata olmasından qürur
duyan Arçibaldın sonrakı illərdə - 1926-cı ildə
Patrik, 11 il sonra isə Endryu adlı daha iki
oğlu doğuldu. Arçibaldın həyat tərzi,
ailəsi ilə əlaqədar qısaca yalnız onu demək
olar ki, o, övladlarına və arvadına qarşı həmişə
diqqət göstərib. Övladlarının
təhsilinə və tərbiyəsinə ciddi yanaşıb.
Ümumiyyətlə, Kronin təbiətcə tələbkar adam idi. Bu tələbkarlıq hətta
o səviyyədə olurdu ki, Kronin yaradıcılıq
işinə də müəyyən normalar tətbiq edib.
O ƏSL HƏYATI YAZIRDI
Yaradıcılığının
ən gözəl nümunələrindən biri olan
"Qala" romanını oxuyarkən şəxsən mən
Arçibald Kroninin həyatını, onların gənc ailə
və yenicə həkimlik fəaliyyətinə başlayan
cütlük kimi çətinliklərdən necə
keçdiyini, daxili həyəcanlarını, bir sözlə
öz həyatlarını təsəvvürümdə
canlandırmışam. Əlbəttə, ola bilməzdi ki,
qızğın həyat tərzi keçirən,
böyük istedad sahibi, əsərlərində həyatı
olduğu kimi əks etdirməyə çalışan, insan
duyğularını yüksək bədii dildə təsvir
edə bilən Arçibald Kronin yaşadıqlarının,
gördüklərinin, hiss etdiklərinin bir
parçasını, hansısa hissəsini əsərlərinə
gətirməsin. Ümumiyyətlə,
yaradıcılığı boyu qondarmaçılıqdan
uzaq olan, ən çox həyatın özünü,
reallıqları, insan duyğularının ən incə
çalarlarını, qüsurları və müsbətlərini
qələmə alan Kronin həmişə
dünyanın müxtəlif dillərinə tərcümə
olunaraq böyük tirajlarla çap olunub. Hətta
onun bir sıra əsərləri həm İngiltərədə,
həm də Hollivudda ekranlaşdırılıb.
Əslində
Kroninin bədii yaradıcılığı 1931-ci ildə
yazdığı elə ilk romanı - "Broudi qəsri"
ilə diqqəti cəlb etdi. Əslində Kroninin
bu romanın yazılmasının qısa, lakin qəribə
tarixçəsi də var. Bəlkə də bu əsər
heç tamamlanmayacaq, işıq üzü görməyəcəkdi.
Belə ki, səhhətində yaranan problemləri
bərpa etmək məqsədi ilə Şotlandiya
dağlarına yola düşən Arçibald Kronin burada bu
romanı yazmağa başladı. Lakin bir
müddət sonra əsərin alınmadığını
düşünən yazıçı bundan vaz keçdi və
əlyazmanı oradaca xəndəklərin birinə atdı.
Amma xoş bir təsadüf "Broudi qəsri"ni xilas etdi. Məhz həmin xəndəyi
qazan yerli fermerlərdən biri əlyazmanı tapdı və
Kronin bundan sonra əsəri tamamladı. Və
roman qısa müddət ərzində böyük uğur
qazandı.
Bu elə bir
uğur idi ki, həm ədəbi mühit, həm də
oxucular onu yazıçı kimi qəbul etdilər. Böyük müvəffəqiyyət
qazanan Kronin artıq həkimlikdən uzaqlaşmağa və
bütünlüklə özünü
yaradıcılığa həsr etməyə qərar verdi. Bundan sonra, 1935-ci ildə
onun ikici romanı - "Ulduzlar aşağı baxır" əsəri
işıq üzü gördü və belə demək
mümkünsə, yazıçının uğuru bu əsərlə
də davam etdi. Buradakı hadisələr
adi sosial problemlərdən bəhs etsə də
yazıçı çox böyük ustalıqla onları cəmiyyətin
problemləri səviyyəsinə qaldıra bilmişdi. Bəlkə də
yaradıcılığındakı məhz bu məziyyətlərinə
görə, bir sıra tənqidçilər onu ingilis tənqidi
realizmin ən aparıcı yazıçılarından biri
kimi təqdim edirdilər. Amma onu başqa
cür görənlər də vardı. Tənqidçi
Anqus Rossa yazırdı: "Kroninin "Broudi qəsri", eləcə
də digər romanları sosial problemlərlə naturalist
baxışların qarışığıdır...".
Əslində
isə Arçibald Kronin tam mənada nə naturalist, nə də
tənqidi realist yazıçı idi. O, deyilən ədəbi cərəyanların
qarışığı da deyildi. Kronin
yüksək bədii zövqə malik, həyatı, çəmiyyəti
olduğu kimi təsvir etməyi ustalıqla bacaran realist
yazıçı idi. Bəlkədə tənqidçilər
Arçibalddakı naturalizmi onun obrazlarını, qəhrəmanlarını
həyatda, ətrafda gördükləri üçün belə
qənaətə gəlmişdilər. Hərçənd
onun bir sıra əsərlərində romantika da qabarıq
şəkildə özünü göstərirdi. 1937-ci ildə yazıçının
yazdığı "Qala" romanını şöhrətin
üstünə daha böyük şöhrət gətirən
əsər də adlandırmaq olardı. Çünki
bu roman da çox sürətlə yayıldı,
oxucuların rəğbətini qazandı və bir sıra
dillərə tərcümə olundu. Maraqlıdır,
İkinci Dünya Müharibəsi dövründə əsərləri
öz mahiyyətinə görə Almaniyada qadağan olunsa da
yazıçının kitabları orada da sevilə-sevilə
oxunurdu.
Onun
"Qala" romanı Birləşmiş Ştatlarda ən
çox sevilən əsər kimi ad qazandı. Ümumiyyətlə,
onun kitabları ABŞ-da rekord həddə
satılırdı. Elə 1958-ci ildə
oxucular tərəfindən alınan kitablarının sayı
7 milyonu ötmüşdü. Bu bir
gerçəklik idi, həkim Arçibald Kronin artıq öz
ölkəsinin hüdudlarından çox-çox uzaqlarda belə
məşhurlaşmışdı. Artıq
yazıçının "Gənclik illəri",
"İspan bağbanı", "İudanın
ağacı", "Səlibçiyə abidə",
"Şimal ziyası", "Cib dolusu çovdar"...
romanları hər tərəfi əl-əl
dolaşırdı. Hər kəs ona valeh idi...
AMERİKAYA GETMƏK İSTƏYİRDİ
və o, bu istəyini 1939-cu ildə
reallaşdırdı. Kronin ailəsi ilə
birlikdə "yeni dünya"ya gəldi. Amma onun buradakı
yaradıcılığını məhsuldar hesab etmək
olmaz. Yəni Avropa ilə müqayisədə burada o
çox az yazdı. Arçibald
əslində Amerikada psixologiya, fəlsəfə, din,
Tanrı haqda daha çox şey öyrənməyə
başladı. Dini baxışlarında inkişaf
baş verdi. Ümumiyyətlə,
əvvələr dinə, Tanrıya, dindarlığa ciddi
baxmamışdı. Amma Arçibald Kronin
sonradan səhv etdiyinin fərqinə vardı və dini
mövzuda esselər, yazılar da yazırdı. O,
Allahı dərk edərək inandı. Yazıçı
esselərinin birində - "Mən Allaha niyə
inanıram?"da öz düşüncüləri ilə
bağlı açıq etirafda da bulunur. O yazırdı ki,
tibbi fakültədə oxuyarkən və təcrübələr
keçərkən aqnostik idim: (Aqnostisizim obyektiv aləmin dərk
edilməsi ilə bağlı fəlsəfi nəzəriyyə)
"Mən Allah haqqında düşünərkən
gülməyim gəlirdi". Amma Kronin Uelsdə mömin
insanlar arasında təcrübə keçərkən
Tanrının, Böyük Yaradanın var olduğunu hiss etməyə
başlayib: "Həyatın mövcudluğunun sərhədləri
mənim oxuyub öyrəndiyim kitablarda göstərildiyindən
qat-qat geniş idi. Hətta o qədər
genişdir ki, mən bunları təsəvvür belə edə
bilməzdim. Hər şeydən qabaq
özümə inamı itirdim. Bunu
özümə etiraf etməsəm də Allahı aramaq yoluna
doğru ilk addımlarımı atdım. ...Əgər
fiziki cəhətdən belə dünyanı öyrəniriksə,
biz ilk Yaradanı xatırlamaqdan yayına bilmərik..."
SON
Səyahətləri, sərgüzəştləri
sevən yazıçı həmin illər ərzində
"yeni" və "qoca" qitə arasında bir
neçə dəfə səyahət etdi. Özü
də ailəsi ilə birlikdə. Uzun
müddətli olmasa da müxtəlif yerlərdə
yaşadı. Amma belə demək
mümkünsə, nəhayət yenidən Avropaya
qayıtdı, Dublinə gəldi. Amma
burada da həmişəlik qalmadı. Bir
müddət sonra anadan olduğu, böyüdüyü... yerləri
qoyub İsveçrəyə köçdü. Lyutserndə, Montredə yaşadı.
Maraqlıdır, Kronin həyatının böyük bir hissəsini
səyahətlərdə, yad ölkələrdə
keçirsə də, anadan olduğu yerlərdə çox az yaşasa da Danbartonu unuda bilmədi. Qocalıq yaşlarında bu özünü daha
çox büruzə verirdi. Təxminən
75 yaşında ikən İrlandiyada yerli müəllimlərin
birinə yazdığı məktub onu ürəyindəki
duyğuları çox gözəl ifadə edir.
Arçibald yazırdı:
"...Əslində mən bütün dünyanı gəzmişəm.
Amma bütün səmimiyyətimlə deməliyəm ki, mənim
ürəyim Danbartona məxsusdur... Mənim
kabinetimdə 17-ci əsrə aid gözəl bir gül
qravyurası asılıb. Onun üzərində
Danbarton qəsri təsvir olunub. Mən hətta
böyük həvəslə Dambarton futbol komandasının
oyunlarını da izləyirəm..." Kroninin
kluba yazdığı məktub bu gün də Dambartonun futbol
komandasının meydançasının vestibülündə
çərçivənin içərisində
asılıb. Arçibald Cozef Kronin
ömrünün son 25 ilini elə burada da keçirdi.
84 yaşında - 1981-ci il, yanvar
ayının 6-da həyatdan köçdü və
doğulduğu torpaqlardan çox uzaqlarda - İsveçrədə,
La tur-de-Peylis şəhərciyinin qəbiristanlığında
dəfn edildi.
O getdi, özündən
sonra dünyanın hər bir yerində oxunan əsərləri
qaldı, bir də qərib yerdəki məzarı...
BABƏK YUSİFOĞLU
Ədalət.- 2010.- 23 noyabr.- S. 5.