DAĞLAR

 

Düşmən pozdu cəlalını

Tüstülənir başım, dağlar.

Od ələnir göydən-yerə

Alov saçır daşın, dağlar.

 

Zirvələrin köksün eşik

Qayaların deşik-deşik.

Sinən üstü qanlı beşik

Qızarıb göz yaşın, dağlar.

 

Çəmənlərin hisə batmış,

Çiçəklərin yasa batmış.

Zəmanəmi nəsə batmış?

Sərt çatılıb qaşın, dağlar.

 

Tanrıverdi, nə söyləsin?

Tanrı özü rəhm eyləsin.

Fitnə, feyli xətm eyləsin

Bitsin bu savaşın, dağlar.

 

 

NƏDƏN LAZIMDI YAZMAQ

 

Ey, haqqın yolunu azan şairlər,

Gül-çiçək eşqindən yazan şairlər,

Ey aşıq şairlər, ozan şairlər,

Xalqın dərdlərindən lazımdı yazmaq.

Ölən mərdlərindən lazımdı yazmaq.

 

Torpaq-qisas! - deyir qana-qan deyir

Qisas alınacaq bəs haçan?! - deyir.

Qəlbim təbil çalır, həyacan deyir,

Zamanın nəbzindən lazımdı yazmaq.

Hər günün özündən lazımdı yazmaq.

 

Bir dön millətinə yetir diqqəti,

Aşağı-yuxarı ötür diqqəti,

Bu yerin, bu göyün fikridir qəti

Yalnız həqiqəti lazımdı yazmaq.

Gizli xəyanəti lazımdı yazmaq.

 

Dərdli könüllərdən qəm silinməyir,

Nə vaxt qayıdacaq-köç bilinməyir,

Haqq itib-həqiqət heç görünməyir,

İtgin düşənlərdən lazımdı yazmaq,

Odda bişənlərdən lazımdı yazmaq.

 

Vicdan sızlayanda-ürək nə deyir?

Varsa da əqidə-məslək nə deyir?

Üzü tut Tanrıya bax-fələk nə deyir?

Ədalət adından lazımdı yazmaq.

Cəhənnəm odundan lazımdı yazmaq.

 

Tanrıverdi illər, zaman ötsə də,

Ümid görünsə , ümüd itsə ,

Atəşkəs adıyla döyüş bitsə də,

Haqqın zəfərindən lazımdı yazmaq.

Aydın səhərindən lazımdı yazmaq.

 

 

Tanrıverdi Nağıyev

 

Ədalət.-2010.- 24 noyabr.- S. 7.