Təbiətçilik -
İnsançılıq
(Atanın əsərlərindən seçmələr)
(əvvəli ötən sayımızda)
Təbiətə insani münasibət
yaranmalıdır
...Mütləqə
İnam Fəlsəfəsinin Yaradıcısı, Ruhani Ocaq
Atası, Dahi Azərbaycan Filosofu İnam Atanın (Asif
Atanın) yaradıcılığında təbiətə
münasibət ayrıca yer tutur. Türk fitri təbiətçidir.
Onun insana, həyata, dünyaya münasibəti fitri xarakterinin
ucalığından irəli gəlir. O, həyata daim
yaradıcı baxır, ruhunun gözü ilə insanilikdən
soraq verən hər bir cəhəti ləyaqətlə dəyərləndirir.
Bu cəhəti qoruyur, yaşadır və sabaha
çatdırır. Türkün təbiətə münasibəti
onun dağı, daşı, səmanı, çayı,
meşəni, təbiətdəki müxtəlif
varlıqları ilahiləşdirməsi demək olub. O, ilkin
mifoloji düşüncəsində fitrətən ilahi keyfiyyətlərini
ifadə edib. Türkün mifoloji düşüncə sistemi
heyrətamiz dərəcədə insana doğma təsir
bağışlayır: Türk təbiətdə, onun
müxtəlif varlıqlarında daim özünü
görüb, bu heyrətamizliyi müxtəlif formalarda vəsf
edib.
"Ədalət"in
sayğılı oxucularına ötən saylarda Atanın
"10 Kutsal Bitiq"inin 2-ci cildinə daxil olan "Mütləqləşmək-Var
Olmaq" Kitabından bölümlər təqdim edilmişdi.
Bu sayda isə Atanın digər əsərlərindən təbiət-insan
mövzusundakı fikirləri təqdim edilir. Atanın fikirlərindən
almalı olduğumuz dərs budur: İnsan indiyə kimi əslində
səthi yaşayıb, öz insani-ilahi imkanlarını
axıradək aşkarlamayıb, bu səbəbdən də təbiətdəki
ilahiliyi, insaniliyi axıradək görə bilməyib.
İndi bəşərin az qala ölüm ayağında
olduğu bir zamanda insanın qurtuluşu həm də onun təbiətə
ilahi, səcdəli münasibətinin yaranmasındadır.
Ərk Hökmü
Qədim Türk
Ruhaniyyatında İnsan Təbiətə hökm eləyirdi,
Ancaq Ağalıq eləmirdi.
Çünki
İnsanın Təbiətə hökmü istək idi - Ərk
idi; İnsan Təbiətə Ərk eləyirdi - bala
anasına ərk edən kimi.
Təbiətçilik – İnsançılıq
Qədim Türk təfəkküründə
Təbiət Ruhu - Allah deyil - İnsandır.
Burada Təbiətin
Ruhlaşması - onun İnsani keyfiyyət kəsb etməsi
olur - Təbiət İnsani yaşayır.
Təzad
Qədim Türk
Tanrıçılığı Dünyanı Müqəddəsləşdirdi.
Allahçılıq -
Dünyanı Faniləşdirdi.
Tanrıçılıqda
Dünya Ucalırdı - Allahçılıqda
Alçaldı.
Dünyaçılıq – Müqəddəslik
Dünyaçı -
Dünya Müqəddəsliyini, Dünyadan Üstün
İnsan Müqəddəsliyini Təsdiq edir -
Dünyaüstü Allahçı əsil Müqəddəsliyi
rədd edir.
Dünyaçılıqda
Müqəddəslik Özümləşir - Özgəlikdən
Ayrılır.
Gedişat
Qədim Türkün
Tanrısı Təbiət idi.
Adamlar Tanrısına
Yırtıcı Münasibət bəsləyə bilməzdilər
Sonradan Tanrı
Allahlaşdı və Adamların Təbiətə
qarşı Yırtıcılıq Tüğyanı
başladı
Bəndələr Təbiətə
yağı kəsildilər.
Qurbançılıq – Ağaçılıq
Qurbançılığı
Allahçılıq yaratdı, burada
Ağaçılığın Mahiyyəti bariz şəkildə
aşkarlanır!
Əslində Bəndə Allaha Qurban verilir; Rəiyyət Ağaya Qurban verilir.
Aşağı Təbəqə
Yuxarı Təbəqəyə Qurban verilir, Təbiət Adama
Qurban verilir
Qurbançılıq Ağaçılıqdır əslində.
Qədimlik – Yenilik
Qədimlik - Köhnəlmir.
Yenilik - Köhnəliyi əvəz edir; Qədimləşəndə
Yaşayır - Köhnələşəndə ölür.
Ölümə Acımaq
"Ölüm varsa - Həyat
cəfəngiyyatdır" deyirlər ekzistensialistlər.
Həyat Cəfəngiyyat
olsaydı - Ölümə Acımazdıq.
Ölüm –
Ölümsüzlük
Ölüm - Həyatın
Şərtidir.
Ölüm olmasa - Həyat
ölər.
Üstünlük – Əskiklik
Adam -
Dünyaüstüçüdür, bu səbəbdən də
Dünyadan Əskikdir.
İnsan -
Dünyaçıdır, bu səbəbdən də
Dünyadan Üstündür.
"Təbiət
İnsan üçündür!" - Hökmündə, Əməlində
İnsan Təbiətlə Yadlaşır.
"Təbiət Təbiət
üçündür!" - Hökmündə, Əməlində
İnsan Təbiətlə Doğmalaşır.
Təbiət
Özümləşdiyi dərəcədə İnsan Təbiətlə
Doğmalaşır.
Təbiət Özgələşdiyi
dərəcədə İnsan Təbiətlə
Yadlaşır.
İnsan Təbiətlə
Yadlaşdığı dərəcədə - Təbiətsizləşir.
***
Müasir Həyatda - Var
Haqqı Var və Zor Haqqı Var əslində.
Hər iki Haqq - möhtəşəm
Haqqsızlıqdır.
Müasir Həyatda
Haqsızlıq Haqqı Var əslində.
***
Təbiətdəkiləri
Təbiət idarə eləyir - İnsanı özü.
Bu, İnsanın ilkin
Azadlığıdır ki, cəmiyyət onu İnsanın əlindən
alır.
***
İdrak
Ağalığı - əslində Ağa İdrakıdır.
İdrak Nökərliyi
- əslində Nökər İdrakıdır.
İdrak Təbəqəliyi
- əslində Təbəqə İdrakıdır.
İdrak Özgəliyi
- əslində Özgə İdrakıdır.
***
İnsan Təbiətin
Təzyiqindən çıxa bildi - cəmiyyətin Təzyiqindən
çıxa bilmir.
Təbiətin Təzyiqindən
çıxmaq üçün - Adam olmaq kifayət idi; cəmiyyətin
Təzyiqindən çıxmaq üçün İnsan olmaq
gərəkdir.
***
İnsan öz
İnsaniliyiylə - Təbiətdən Fərqlənir.
Təbiət İnam
tanımır, İdrak tanımır, Mənəviyyat
tanımır, İradə tanımır.
İnsan öz
İctimailiyiylə Təbiəti Davam etdirir...
Ağalıq - Təbiətdəki
Yırtıcılığın Davamıdır.
Nökərlik - Təbiətdəki
Zalımlığın Davamıdır.
Təbəqəlik - Təbiətdəki
Yadlığın Davamıdır.
Özgələşmə
- Təbiətdəki Yağılığın
Davamıdır.
İnsan - cəmiyyətdə
Özündən Aşağıdır.
Cəmiyyət -
İnsanın əksilməsidir...
Kantda - İnsanı Təbiət
İdarə eləyir; Dövlət Təbiətin iradəsini
ifadə eləyir: beləliklə də Kantda Dövlət - Təbiətləşir
və Əbədiləşir.
***
İnsan Təbiətdən
Adamlıq səviyyəsi aldı, həmin səviyyə onu cəmiyyətləşdirdi;
həmin səviyyədən çıxmaq istəyir -
İnsan ola bilmir. Özünə sahib ola bilmir - Cəmiyyət
ona sahib olur.
Eyni bitkilərdən
ibarət olan Təbiət - Təbiət deyil - Bitkilərdir.
Eyni adamlardan ibarət
olan Bəşər - Bəşər deyil- Adamlardır.
Kəndliyim
Birinci fikirlərimi kəndliyim
üstə deyirəm. Evimizin qarşı tərəfində
qaya. Gözünü açanda qaya görürsən.
Qayanın başına yollar dolanır, qayanın
başına yağış yağır, dolu
düşür. Ancaq qaya tərpənmir, sabitdi, qaya
vüqarını pozmur, qaya özü olur. Heç zaman qaya
yağışlanmır - yağış yağsa da belə,
dağın dağlığında yağışlıq olur.
Dolu ağacları qırır, amma dolu dağın
başına dəyir və geri çəkilir.
Evimizin üst tərəfində
qaya. Həssas bir körpə ürəyi - qayayla
danışan (ürəyində danışan, təbii ki). Və
qaya ilə təmas yaradan, özü də daim qayaya küsənən.
Bu, onu çox mənada yalqız eləyirdi, tənha eləyirdi.
Heç kəs dağı inkar eləmirdi, amma heç kəsin
gözündə dağ bu qədər
açılmırdı. Uşaq başa
düşürdü ki, daha doğrusu, hiss eləyirdi ki, bu
dağ yalnız daş deyil, yalnız maddiyyat deyil. Bu dağ nəsə
hikmətdi, mənadı. Lakin onun mənası nədi, hikməti
nədi, bunu hansı dildə oxumaq olar, bunu hansı sözlə
demək olar, izah eləmək olar bu mənanı?! Çox
belə içəridə, daxildən güclü bir ehtiras,
vücudu titrədən, narahatlıq yaradan, qeyri-adiliyə
çağıran gözəl bir əhval ki, bunu sözlə
ifadə eləmək çox çətindir. Bu qayanın
üstünlüyü, qayanın səsi - qayalıq. Deyə
bilmərəm ki, məndə o dövrdə filosofluq
başladı indiki mənada. Bircə onu deyə bilərəm
ki, qayanın qayadan böyük mənası mənə
çatdı, ürəyimə çatdı. Bəlkə
ağlıma çatmadısa da, ürəyimə
çatdı. Hədsiz dərəcədə xoşbəxt
idim ki, belə bir qayalı kənddə yaşayıram. Və
bu Qaya ilə Göy arasında elə bir ahəng var! Axşam
düşəndə Qaya kölgələnir, sonra Göydə
Ay doğur, ulduzlar doğur. Elə bil bunlar dağın
başına qonur. Hədsiz dərəcədə həyəcanlı
idim, hədsiz dərəcədə zəngin duyğuluydum,
duyğularım axar çay kimi daxilimdə axırdı.
Lakin kimə deyəsən bu fikirləri?! Onda başa
düşürdüm ki, bu fikirlər deyiləsi deyil. Təəssüf ki! Anlamazdılar...
Dağın
aşağısıyla çay axırdı -
şırıltıyla, daim dəyişkən. Çayın
yaz vaxtı olurdu, payız vaxtı olurdu, qış vaxtı
olurdu. Çay danışırdı. Mən qəti əmin
idim ki, bu söhbətdi, danışıqdı. Bu eşqdi,
bu izhardı - demək istəyir dağa. Dağla
Çayın nəcabəti yaranırdı xəyalımda. Xəyal
da məni aparırdı. Lakin yenə də gətirib
çıxarırdı əfsanələrdən mənaya:
niyə Çayla Dağ arasında belə bir uyğunluq
olsun?! Nəsə, bu dünya sirli bir şeydi - kobud dünya
görünəndən artıqdı. Məgər söhbət
ondadır ki, dağda dağlıq var, dağda nə bilim,
metal var? Məndə olan o daxili ruhaniyyat pərvazlanırdı
- xüsusilə axşamlar, gecələr..
Çay həm də
bizim kəndi iki hissəyə bölürdü. "O tay"
deyirlər, "bu tay" deyirlər... Səhər
o başdan o taydan bu taya danışırdılar.
Çox
doğma bir danışıq idi.
Telefon danışığından yerdən
göyə qədər
fərqlənən. Belə bir
qəribə dünyaya
düşmüşdüm - qayalı və çaylı. Yaşamaq istəyirdim.
Dünyaya gəlməyimə hədsiz dərəcədə
minnətdar idim.
Nə gözəl şeydi bu həyat,
yaşamaq, insanlarla yanaşı Qayanın olması... Bu cür
bu "dünyanın
mənası dünyadan
artıqdır" ideyasının
rüşeymləri mənim
qəlbimə çatdı.
Yox, dünya görünən
deyil, dünya bu deyil. Dünyanın görünəndəkində görünməzlik var. Təbiidir
ki, bəlkə bu sözlərlə deyilmirdi, amma duyğuların axarı, duyğuların ahəngi bunu deyirdi. Daha doğrusu, bunu duyğular deyirdi, hisslər deyirdi, həyəcan deyirdi, fərəh deyirdi, qanad deyirdi.
Evimizin üst tərəfində
təpə var idi. O təpədən uzun bir meşə
yaranırdı - təpə üstə. O təpə mənim
başımın üstəydi həmişə. Üzüm
dağa olurdu, başımın üstündə də təpə
olurdu. Təpənin də üstündə meşələr
olurdu. Bu, möcüzəni lap artırırdı. Meşələr,
o yerlər hamısı elə bil göylə birləşirdi.
Adama elə gəlirdi ki, göy də burdadı, bu meşənin
içindədi. Bu, məni lap dəhşətə gətirirdi.
İçimdə mahnılar öz-özünə oxunurdu.
Çıxırdım təpəyə, bəzən
yoldaşlarla, amma onlar öz aləmlərindəydilər, mən
də öz aləmimdə. Lap təpənin
yuxarısından bütün kəndimiz
görünürdü. Elə doğma
görünürdü mənə o kənd zirvədən!
Tüstülər görünürdü. Axşamüstü
çıxırdım ("qaranlıq qarışanda"
deyirdilər bizdə) tamaşa eləməyə. Orda
çıraq yanırdı bütün evlərdə. Necə
bunlar bir-birinə oxşayırdılar! Necə
doğmaydılar! Çıraq, qaya, meşə... Bax, belə,
məndə filosofluq belə yarandı - öz-özünə.
İntəhası, burda bir ziddiyyət də ondan ibarət idi
ki, bütün bunları heç kəsə deyəmməzdim.
Hiss eləyirdim ki, heç kəs mən deyəni deməyəcək,
soyuq bir şey deyəcəklər, qıracaqlar qanadı. Ona
görə özümə qapılmalı olurdum.
Ondan sonra, kəndimizdən
başqa kəndlərə yollar gedirdi. Uzun-uzun yollar idi.
Yolların qırağında yenə də balaca təpələr
olurdu və dağlar olurdu. Yollar da bir-birinə calanardı. Qəribə-qəribə
zəncir halqası yaranırdı, əl-ələ verirdilər,
qol-qola gəzirdilər, yallı gedirdilər yollar - dəhşətli
dərəcədə bir-birinə doğma. İstəyirdim
ki, o yollara nəsə yaxşı bir söz deyəsən,
onlara bir nəğmə qoşasan, onları bir oxşayasan,
bağrına basasan, deyəsən: "A yollar, bilirsənmi
ki, sən mənim üçün nəsən?!"
DOĞMALARIMA
Siz Sirli, Sehrli, Qədim
və Müqəddəs Dünyanın zərrələrisiniz.
Sizin Təbiət
Dünyanızda Dərin və Uca Səmalar, Vüqarlı və
Müdrik Dağlar, Günəş Şəfqəti, Meşə
Hekayəti, Qar Nağılı, Gecə Möcüzəsi, Səhər
Təbəssümü, sonu görünməyən, ürəyimizi
özü ilə aparan, Ruhumuzu çağıran Yollar,
Qürub Çağının Kədərli Məlahəti,
Şimşək Nərəsi, Sel Əzəməti var...
Sizin Analıq, Məhəbbət
və Dostluq Dünyanızda beşik başında oxunan Layla
Qüdsiyyəti, Ürəklərdən-ürəklərə
axan İşıq, Yerin-Göyün Mehr, Heyrət, Vəcd
şəfəqinə bürünməsi, Duyğu
Bulağının qaynaması, Özünü
başqasında tapmaq Səadəti var.
İşıqlı Atalı
Ədalət.- 2010.- 26 noyabr.- S. 7.