Rəssamın sənətdəki
öz xətti
Türkiyədə yaşayan tanınmış
rəssam Gülxan Bəydəmirin Bakıda növbəti
sərgisi keçirildi
Bakı İncəsənət
Mərkəzinin "Yeni
Qalereya" sərgi salonunda Türkiyədə
yaşayan soydaşımız,
tanınmış xəttat
Gülxan Bəydəmirin
fərdi sərgisi təşkil olunub. Həm sənətşünaslar,
həm də adi tamaşaçılar tərəfindən maraqla
qarşılanan sərgidə
xəttat öz işlərini Azərbaycandakı
pərəstişkarlarına təqdim edib.
İlk uğurdan...
Gülxan Bəydəmir
qədim Şamaxıda, şairlər və sənətkarlar
yurdunun Ərəbşalbaş kəndində dünyaya
gəlib. Çox gənc yaşlarında
rəssamlığa böyük
maraq göstərdiyindən
1970-ci ildə sənədlərini
Əzim Əzimzadə
adına Dövlət
Rəssamlıq Məktəbinə verib. İmtahandan uğurla keçərək tanınmış
rəssamlardan dərs
almaq imkanı qazanıb. Gənc rəssamın ilk fərdi sərgisi Azərbaycandan uzaqlarda baş tutub. Gülxan Bəydəmir
1972-ci ildə əsgəri
xidmət keçdiyi Rusiyanın Xabarovsk vilayətində fərdi sərgi ilə sənətsevərlər qarşısında
imtahan verib. Sulu boya ilə
çəkdiyi rəsmlər
maraqla qarşılanıb.
Elə həmin il Xabarovskda təşkil edilən sərgi-yarmarkada fərqlənərək
ikinci yeri tutub. Onun akvarellə
yaratdığı mənzərə
mütəxəssislərin diqqətini çəkib.
Hərbi xidmətdən
sonra təhsilini davam etdirən Gülxan Bəydəmir
1976-cı ildə Rəssamlıq Məktəbinin məzunu
adını qazanıb. Elə o vaxtdan müxtəlif
sərgilərdə iştirak
edir. İstedadlı rəssam, eyni zamanda, Azərbaycanda unudulmaqda olan daş üzərində oyma sənəti ilə yaxından məşğuldur.
Ustaddan tələbəyə,
tələbədən ustada
Amma Gülxan
Bəydəmir təkcə ölkəmizdə deyil, onun
hüdudlarından kənarda da daha çox bacarıqlı
xəttat kimi tanınır. Uzun illərdir ki, o, xətt
yazı sənəti ilə maraqlanır, bu qədim
sənətin incəliklərini öyrənib
yaradıcılığında tətbiq etmək
üçün yorulmadan çalışır.
1995-ci ildə
Türkiyəyə gedən rəssam ustad xəttatlarla
görüşür, İslam təsəvvüfünə
yaxından bələd olur. İlk dərslərini
Kamil Nazikdən alan rəssam öyrəndiklərini sənətsevərlərə
təqdim etməyi bacarır. O, bu gün də dünya şöhrətli
xəttat Davud Bektaşdan bu sənətin sirlərini öyrənir. Tanınmış
rəssam özü də qeyd edir
ki, ustad olmadan xəttatlığı
öyrənmək qeyri-mümkündür:
"Xəttatlıq gözəl yazı yazma sənətidir. Ərəbistandan Şimali
Afrikaya, Səlcuqludan Osmanlıya, Azərbaycandan
Anadoluya və Asiya içlərinə qədər uzanan geniş İslam coğrafiyasında doğulan,
inkişaf edən bu sənətin incəliklərini ustadsız
öyrənmək mümkün
deyil. Abbasilər
dövründə inkişaf
edən xəttatlıq
XV əsrdə məşhur
türk xəttatı
Şeyx Həmdullanın
(1429- 1520) yaradıcılığı ilə yeni bir
istiqamət alıb. Onu bütün İslam dünyasındakı
xəttatların ustadı
saymaq olar. Əli bin Yəhya
Sufi, Karahisari, Mustafa Rakim, Məhəmməd Əsəd
Yəsari, Mustafa İzzət Əfəndi dünyaca tanınmış
ustadlar hesab olunurlar. Bu qədim
sənət növündə
ustad və tələbə arasında
zamanla səmimi bir əlaqə yaranır. Tələbənin
ustadından yetərincə
faydalana bilməsi üçün onun dünyasında əriməsi
lazımdır".
Tanınmış
azərbaycanlı xəttat Gülxan Bəydəmir
dünyanın müxtəlif ölkələrində
təşkil olunan sərgilərdə uğurla iştirak
edir. 2006-cı ildə İstanbulda təşkil olunan sənət yarışmasında "Ahmed-Muhammed"
əsəri ilə birincilik qazanıb. Bir il sonra
həm Almaniyada, həm də Avstriyada sərgilərini açıb. 2007-ci ildə
Azərbaycan paytaxtında
Mövlana Cəlaləddin
Ruminin 800 illik yubileyi münasibəti ilə düzənlənən
sərgidə iki əsərlə iştirak
edib.
Əsərləri
Türkiyə, Fransa, Almaniya, Hollandiya, Avstriya, Koreya
kolleksiyaçıları tərəfindən alınıb.
Xatırladaq ki, "Yeni
Qalereya"da təşkil olunan bu sərgi tanınmış
xəttat Gülxan Bəydəmirin Bakıda ikinci fərdi
sərgisidir.
Etibar CƏBRAYILOĞLU
Ədalət.- 2010.- 26 noyabr.- S. 8.