OXUCUNU ARDINCA APARAN BÖYÜK
ƏDİB
İlyas Əfəndiyev öz əsərləri ilə
hər kəsi cəlb etməklə yanaşı,
düşündürməyi də bacarırdı
Hərdən
fikirləşirəm... Fikirləşirəm ki,
görəsən Qarabağda nəyim qaldı? Gözümün
qabağına çox şeylər gəlir, amma ən
çox xatırladığım uşaq vaxtı kəndin
naxırını örüşdən gətirən o
yaşlı kişinin heç bir musiqiyə
bənzəməyən, heç bir havanı yamsılamayan
və ümumiyyətlə nəyi ifa etdiyi bilinməyən qəribə
çalğısı olub. Düşünmüşəm
ki, axı bu mahnıda, bu ifada nə vardı ki, bu günə
qədər yadımdan çıxmayıb. Açığı
ha düşünürəm, amma cavab tapa bilmirəm...
Hərdən
onu da fikirləşirəm ki, bu ömür-gün elə bir
karvan yoluydu, mən də bu karvanda (sarvan olduğuma
hələ tam əmin deyiləm) bir yolçu idim, qoşulub
gedirdim. Bəs
onda nə aparırdım, yüküm nə idi? Nəyi qoyub
gedirdim? Nəyə doğru gedirdim? Ümumiyyətlə bu
zorən gediş idi, yoxsa könüllü?
Düşünərsiniz ki, insan onsuz da həmişə
hərəkətdədir, həmişə tələsir,
nəyəsə doğru gedir, məqsədli-məqsədsiz.
Amma yox. Mənim gedişim uşaqlıqda arzular dalınca oldu,
sonra da qovuldum...
Bəli, bu iki
düşüncəmin arasında, bu iki
axtarışımın orta məxrəcində bir
işıq ucu da var. O da
dünyagörüşümlə, az-çox
mütayiləmlə, az-çox yazı-pozumla
bağlıdır. Və bu bağlığın da
kökündə böyük bir tarix, böyük bir
ədəbiyyat, böyük bir söz yatırımı
dayanır. Elə bil ədəbiyyat, elə bir söz
yatırımı ki, onun kandarına ayaq basmaqla, onun iki
vərəqini oxumaqla, mütləq içində bir
tərpəniş olacaq. Mən buna inanıram. Sizi deyə
bilmərəm. Mən şəxsən bir oxucu
kimi, əlim ürəyimin üstündə
səmimiyyətlə deyə bilərəm ki, Azərbaycan
ədəbiyyatının elə köklü-köməcli, dağ
vüqarlı, şəlalə hayqırtılı, bulaq
zümzüməli, çeşmə təravətli,
bənövşə ətirli, yasəmən qoxulu, şeh
çilənmitş, nur hopmuş
nümunələri var ki, onları oxuyanda, onların
aləminə baş vuranda mütləq saflaşmaya doğru
gedirsən, mütləq paklaşmaq yolunu tutursan,
mütləq insanlaşırsan, mütləq insani
keyfiyyətlər əxz edirsən və mütləq o
dünyadan ayrılmaq sənin üçün çox
çətin bir hərəkətə,
çabalamaya səbəb olur. Çünki səni
özünə bağlayan o keyfiyyətlər əslində
bəşəriyyətin, insanlığın, arzusunda
olduğu, uğrunda mübarizə apardığı,
zaman-zaman ələkdən, süzgəcdən keçirtdiyi,
üfürə-üfürə içib canına, qanına
hopdurduğu ən böyük dəyərlərdi.
Və şükürlər olsun k, bu dəyərlər
məhz Azərbaycan xalqının böyük qələm
adamlarının əsərlərində bir gül
çələngi kimi toplanıb.
Əvvəldə düşüncələrimin yol ayrıcını xatırlatdım. Kəsişmə nöqtəsini vurğuladım. Bu elə-belə sözgəlişi, oxucuya xoş gəlmək üçün yazılan cümlələr, sözlər deyildi. Əslində mən indi yazacaqlarıma gəlmək üçün bax, o nöqtəni tapana qədər mənim üçün mənalı sayıla biləcək bir ömür yaşamışam, bir yol keçmişəm.
Orta
məktəbdən ədəbiyyata, mütaliyəyə
böyük sevgim olub. Etiraf edim ki, bu duyğuları
məndə ədəbiyyat müəllimi
yaratmışdı. Və çalışırdım ki,
sinifdənxaric oxu dərslərində həmişə
hansısa yeni bir əsər barəsində mən
danışım, mən söz deyim. Bu istək də
məni kəndimizin, məktəbimizin özünə
görə çox böyük olan kitabxanasını
alt-üst etməyə həvəsləndirmişdi.
Kitabxanaçımız əvvəlcə mənim tez-tez
kitabları geri qaytarmağımdan
şübhələnmişdi. Elə bilmişdi ki,
sadəcə vərəqləyib geri qaytarıb, yenisini
götürürəm. Sonra məni sorğu-suala tutdu və
gördü ki, hər gün apardığım kitabı
elə həmin gecə mütaliyə edirəm. Düzü
bunun üstündə evdə də əməlli-başlı
danlanmışdım. Gecələr yuxusuz qaldığıma
görə, tənbeh olunmuşdum, amma mən də
bildiyimdən əl çəkən deyildim. Bax beləcə
xalq yazıçımız, Azərbaycan
ədəbiyyatının sağlığında klassiki,
magikanı olan İlyas Əfəndiyevin böyük söz
aləminə üz tutdum. İlk oxuduğum uşaqlar
üçün yazdığı "Hekayalər"
kitabı oldu. Və o kitabı oxuduqca
fikirləşdim ki, yəqin onun müəllifi elə
mənimlə həmyaşıddı, bizimlə bir sinifdə
oxuyur, bir məktəbdə dərs alır və onun
yazdıqlarının hamısı da bizim aramızda olan
söhbətlər, müzakirə etdiyimiz mövzulardı. Fikirlərimi
ədəbiyyat müəllimimlə bölüşdüm.
O da özünəməxsus
təbəssümlə bildirdi ki, yazıçının
böyüklüyü oxucusunun yanında olmaq, onun
qəlbinə yol tapmaqla ölçülür, bilinir.
İlyas Əfəndiyev də öz oxucusunu birinci
cümləsindən ələ alır, qəlbinə
körpü salır.
Hə, sonra
"Körpü salanlar"ı oxudum. Və gördüm ki,
doğrudan da oxucu qəlbinə körpü salmaq, həyat
həqiqətlərini ana südü kimi təmiz,
çəmən çiçəklərinin balı
kimi şirin bir dildə yazmaq İlyas Əfəndiyev
qələminin inkaredilməz birmənalı qüdrətidi. Orta məktəbin sonuncu sinifində mən artıq
İlyas Əfəndiyev yaradıcılığının
80-ci illərə qədər olan bütün
nümunələrini demək olar ki, mütaliyə
etmişdim. Sonra Bakı həyatı
başladı və bugünki milli teatrımızın
səhnəsində necə deyərlər
aktyorlarımızın canlı ifasında onun
tamaşalarını da seyr etdim. Ən çox
baxdığım və yenə səmimi etiraf edəcəm,
məni demək olar ki, dünənimdən qopmağa qoymayan
"Mahnı dağlarda qaldı" və bir də
"Atayevlər ailəsi" tamaşaları oldu.
Artıq mən İlyas
Əfəndiyevin kiril əlifbası ilə nəşr
olunmuş bütün kitablarını, o cümlədən 6
cildliyini, latın qrafikası ilə
dərc edilmiş 7 cilidliyini mütaliyə eləmişəm.
Bilirəm ki, İlyas müəllim 22-dən
artıq pyesin, 7-dən çox romanın, 10-na yaxın
povestin, çoxlu sayda hekayələrin, xatirələrin,
məqalələrin, məktubların müəllifidi. Və onu da yaxşı bilirəm ki. oxuduğum bütün bu əsərlər
heç biri bir-birini təkrar etmir. Amma bu əsərlərin
son illərdə yazılanları arasında gözlə
görünməyən, oxucu fəhmi ilə duyulan bir
bağlılıq var. Məsələn,
"Üçatılan" və "Geriyə baxma
qoca" əsərlərində hardasa mən bir bioqrafiya
gördüm. Özü də bu bioqrafiya
təkcə İlyas müəllimin öz həyatı
ilə yox, həm də onun doğulduğu bölgə
ilə bağlıdı. Həmin
əsərlərin hər ikisində qəhrəmanlar
Qarabağ, bütövlükdə Füzuli rayonunun
sakinləri üçün ümumilləşdirilmiş
obrazlar olsa da, həm də kök baxımından, nəsil
baxımından tanınan insanların bəzilərinin cizgilərini
özündə əks etdirib. Hər
kəs o obrazlarda öz doğmasını, öz nəslini
rahatca axtarıb tapa bilir. Digər
tərəfdən İlyas Əfəndiyevin
əsərlərinin dili o qədər səlis və
şirindi ki, onu oxuyanda kitabla, müəlliflə
həmsöhbət olursan, yorulub, tıncıxıb kitabı
yarımçıq saxlamırsan. Çalışırsan
ki, o dialoqların, o təkiyələrin, o təsvirlərin
sonuna gedib çıxasan. O son səni özünə o
qədər çəkir ki, elə bil ki, öz
həyatını, öz keçmişini,
gələcəyini addım-addım keçib gəlirsən
və bu gəliş də ümidli gəlişdir, inamlı gəlişdir!
İlyas
Əfəndiyevin "Üçatılan" romanında
çoban Ərşadın timsalında bir nəslin
bütün həyat tərzini, xarakterini, eləcə də
onların yurda, adət-ənənəyə
bağlılığını gözdən
keçirəndə adama elə gəlir ki, Ərşad
sənin bir doğmandı, sənin bir kəndçindi,
sənin bir ellindi. Çünki ondakı dəliqanlılıqda,
ərköyünlükdə, müəyyən mənada
yekəxanalıqda sözünü yeməməkdə,
qadına, qıza qarşı bir köhnə
düşüncədən gələn kobudluqda, amma
ürəkdəki sevginin timsalında bir səmimiyyət
də, insanlıq da... bir sözlə hər şey sənə
Bəli,
İlyas Əfəndiyev Azərbaycan səhnəsini öz
əsərləri ilə diri saxlayan, yəni
tamaşaçını teatra həvəslə
gətirən müəlliflərdən biridir. Onun dramlarında
təkcə zamanın qüsurları yox, həm də
insanlığın bütün zamanlara şamil olan ən
yüksək xüsüsiyyətləri, ən dəyərli
keyfiyyətləri tərənnüm edilirdi. Saf məhəbbət,
böyüyə-kiçiyə ehtiram, vəzifə
hərisinə, pul düşgününə qarşı
nifrət İlyas Əfəndiyev yaradıcılğının
qayələrindən biri idi. Özü
də İlyas müəllim oxcuya bu fikirləri, bu
istəkləri zorla həzm etdirmirdi. Elə
ustalıqla, elə məharətlə süjetləri qururdu
ki, tamaşaçı səhnədə baş
verənləri izlədikcə, özünü də
tamaşanın iştirakçısı kimi
görürdü. Və özünü
unudaraq dağlarda qalan mahnının dalınca, "Unuda
bilmirəm"in ardınca "İşıqlı
yollar"la rahatca "Bahar suları"ndan
içə-içə gedirdi. Və
qarşısına çıxan "Tənha iydə
ağacı" ilə "Bizim qəribə
taleyimiz"dən danışırdı. Danışdıqca "Hökmdar və
qızı" barəsində bildiklərini "Mənim
günahım"la bağlayırdı. Elə hesab
edirdi ki, bununla da "Sən həmişə
mənimləsən" deyən tamaşaçı
"Ağıllılar və dəlilər"
barəsində də ədalətli qərar qəbul
edəcək.
Doğrudan da
İlyas Əfəndiyev yaradıcılığı elə
bir aləmdir ki, bu aləmin hər cümləsi, hər fikri
özü-özlüyündə böyük bir
əsərin, romanın mahiyyətini ifadə etmək
qüdrətindədi. Mən onu da bir oxucu kimi, vurğulamaq
istərdim ki, İlyas Əfəndiyevin həmkarları
barəsində xatirələrini oxuyanda özümdə
başqa bir fikrin də oyandığını anladım.
Gördüm ki, İlyas müəllim
yazdığı xatirələrdə (bu gün bəzi
xatirə yazanlardan fərqli olaraq) barəsində
danışdığı adamın böyüklüyünü,
dəyərini çox böyük səmimiyyətlə
qələmə alır. Yəni daha
çox haqqında yazdığı adamı oxucuya təqdim
edir, nəinki özünü. Zənnimcə
bu böyük ürək sahiblərinə məxsus
keyfiyyətdi. Son olaraq böyük
ədibimiz, Azərbaycan səhnəsini hələ bundan sonra
neçə-neçə onilliklər əsəri ilə
bəzəyəcək dinamik pyeslərin müəllifi, xalq
yazıçısı İlyas Əfəndiyevin
yaradıcılığı barəsində oxucu
düşüncələrini, onun özünün bir fikri
ilə yekunlaşdırmaq istəyirəm. "Dağlar
arxasında üç dost" romanında bir məqam var.
Şahlar kəndə yenicə gəlmiş zootexnik
Səliməyə kəndləri barəsində
danışır, kəndin adını söyləyir və
qızın sualına qarşılıq olaraq deyir ki,
"Qartal məğlub olanda da, qartaldı"!
Bəli,
İlyas Əfəndiyev cismən öz oxucularından ayrı
olsa da, ruhən onların yanandadır. Çünki
onun əsərləri həmişə oxucunun
arayıb-axtardığı nümunələrdəndi.
Bu əsərlər oxucu dalınca getmir,
əksinə oxucular İlyas Əfəndiyevin
əsərlərinin dalınca gəlirlər. Bu da
ki, qələmin qüdrətidi.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2010.- 5 oktyabr.- S. 4.