UĞURLARIN SİRRİ - FƏDAKARLIQ
Təbiidir ki, bu günlər
diqqət mərkəzində olan ən vacib məsələlərin
önündə növbəti parlament seçkiləri
dayanır. Ölkə boyu ciddi hazırlıq işləri
aparılır. Zaqatala rayonunda da belədir. Seçki məntəqələri
yüksək hazırlıq səviyyəsindədir. Sakinlər
gündəlik işləri və məişət
qayğıları ilə bərabər Milli Məclisə
seçkilər haqqında da düşünür, gələcəyə
inamla baxırlar.
Yazımızın
mövzusu rayonun təhsil sistemi haqqındadır. Ancaq
ictimai-siyasi hadisələrdə həmişə özünəməxsus
rolu olan, fəallığı ilə fərqlənən
Zaqatala rayonunun parlament seçkisinə gözəl əhval-ruhiyyə
ilə köklənməsini də diqqətə
çatdırmamaq mümkün deyildi...
Rayon rəhbərliyi
camaatla əl-ələ verib çox işlər
görür. Respublikamızın bu böyük və gözəl
kənd rayonu iqtisadi yüksəlişi və müasirliyi ilə
daha böyük uğurlara imza atmaqdadır. Bu barədə əvvəllər
də söhbət açmışıq. Ancaq rəhbərliyin
rayonun həyatında daha həssas məsələlərə
az qala gündəlik diqqət ayırması, nəzarətdə
saxlaması xüsusi rəğbətlə
qarşılanır. Əsasən də təhsil sistemində.
Belə bir iş üslubu heç kəsi təəccübləndirmir
də. Çünki xalqa xidmətin, dövlətçiliyə,
Prezidentə sədaqətin, Ulu Öndərin
Azərbaycan sevgisinə layiq
yaşayıb çalışmağın Əhmədzadələr
ailəsinin əbədi amalı olduğunu
bölgədə hamı gözəl bilir.
Bəli, Zaqatala Rayon
İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə
rayon həyatının digər sahələri ilə
yanaşı, təhsilə xüsusi diqqətlə
yanaşır.
Təhsil islahatlarına
dair Dövlət Proqramları, Prezident İlham Əliyev cənabları
tərəfindən təsdiq edilmiş Təhsil Qanunu Zaqatala
rayonunun təhsil işçiləri tərəfindən
uğurla həyata keçirilir. Bu il daha ciddi tədbirlərə
meydan açılmaqla effektiv nəticələr
qazanılmaqdadır.
Rayonda 67 ümumtəhsil
məktəbi, 39 məktəbəqədər və 5 məktəbdənkənar
tərbiyə müəssisəsi fəaliyyət göstərir.
18993 nəfər şagirdin təlim-tərbiyəsi
ilə 3262 nəfər müəllim məşğul olur.
Zaqatalada Azərbaycan
türkləri ilə yanaşı, bir sıra digər
xalqların da təmsilçiləri dost, qardaş, qohum olaraq
birgə yaşayır və çalışırlar. Məsələ
təhsil sistemində də öz əksini tapır. Rayon məktəblərinin
51-ində tədris Azərbaycan dilində, 11-ində Azərbaycan-rus
dillərində, 4-ündə Azərbaycan-ingiloy (gürcü
etniki) dillərində aparılır. 18 məktəbdə
azsaylı xalqların dilləri, 12 məktəbin I-IV siniflərində
avar, 6 məktəbin I-IV siniflərində isə saxur dili tədris
edilir.
Şagirdlərin təlim-tərbiyəsi
ilə əlaqədar tədbirlərin keçirilməsi
zamanı onların ideya, əxlaqi, əmək və peşə
yönümü, estetik, ekoloji, dövlətçilik, azərbaycançılıq
və vətənpərvərlik tərbiyəsi sahəsindəki
işlərə xüsusi diqqət yetirilir. Təhsil müəssisələrində
dövlət rəmzlərinin öyrənilməsi işi
davam etdirilir, dərslər hər gün Dövlət himninin
oxunması ilə başlanır.
Bu il rayonun orta məktəblərinin
Azərbaycan və rus bölmələrini bitirmiş 1325 nəfər
məzundan 628 nəfəri ali məktəblərə qəbul
üçün sənəd vermişdir. Rayon üzrə 13 nəfər
600-dən yuxarı, 34 nəfər 500-600 arası, 80 nəfər
400-500 arası, 103 nəfər isə 250-400 arası bal
toplamışdır.
Azərbaycan cəmiyyətində
nüfuzlu müəllim həmişə hörmətli insan
kimi qəbul edilmişdir. Ulu Öndər Heydər Əliyev
deyirdi ki, mən müəllimdən yüksək ad
tanımıram. Dövlətimiz müəllimlərin əməyinə
həmişə yüksək qiymət vermişdir. Zaqatala
müəllimlərinin də bu mənada uğurları
çoxdur. Rayonda çalışan müəllimlərdən
son illər 5 nəfərin "Əməkdar müəllim"
fəxri adına, 4 nəfərin "Tərəqqi"
medalına, 16 nəfərin isə "Qabaqcıl təhsil
işçisi" döş nişanına layiq
görülməsi buna misaldır.
Məktəblərin
maddi-texniki bazasının yaradılması daim diqqət mərkəzindədir.
Proqrama əsasən dövlət büdcəsi hesabına,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun hesabına, Təhsil Nazirliyinin xətti ilə
və yerli büdcə hesabına indiyə kimi rayonda bir
çox məktəb binası yenidən tikilmiş və əsaslı
təmir edilmişdir.
Bu il Təhsil Nazirliyinin
"Təhsil sahəsində müasir yanaşmaların təşəkkülü
ili"nin davamı olaraq xeyli tədbirlər həyata
keçirilmiş, "İlin ən yaxşı məktəbi",
"İlin ən yaxşı müəllimi",
"İlin ən yaxşı pedaqoji mühazirəçisi",
"İlin ən yaxşı şagirdi" və
"İlin ən yaxşı məktəbdənkənar
müəssisəsi" müsabiqələri
keçirilmişdir. Rayon üzrə "İlin ən
yaxşı məktəbi" nominasiyasının qalibi
Akademik Zərifə Əliyeva adına litsey olmuşdur.
5 oktyabr Müəllim
günüdür. Biz "Ədalət" qəzeti olaraq
respublikamızın bütün təhsil işçilərini,
eləcə də sıralarında çoxsaylı
oxucularımız olan Zaqatala müəllimlərini müqəddəs
peşə bayramları münasibəti ilə təbrik
edirik.
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2010.- 5 oktyabr.- S. 4.