AĞAKİŞİ KAZIMOV
HAQQINDA DÜŞÜNDÜKLƏRİM
Mən çağdaş milli rejissor sənətimizin görkəmli
simalarından biri olan Ağakişi Kazımovla gənclik illərimdə Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında
bir kollektivdə işləmişəm. Uzun
illərdən də bəridir ki, biz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
bir yerdə çalışırıq. Bu
sənət ocaqlarında
biz bir səhnədə
tamaşalar qurmuşuq.
Yaradıcılıq üslublarımız,
həyata baxışlarımız
ayrı olsa da, sənət amalımız bir olub: Azərbaycan teatrına və doğma xalqa xidmət.
Bir yaradıcı
şəxsiyyət kimi onu analitik düşüncə, milli
köklərə bağlılıq, ləyaqət,
çalışqanlıq və təvazökarlıq kimi
keyfiyyətlər xarakterizə edir.
Ağakişi
müəllim ilk gənclik illərində aktyor olub,
hələ Teatr İnstitutunun tələbəsi ikən
Akademik Milli Dram Teatrının truppasına daxil olub, bu
teatrın səhnəsində bir sıra maraqlı obrazlar, o
cümlədən V.Şekspirin "Otello" tamaşasında
Zabit, M.F.Axundovun "Hacı Qara" tamaşasında Murov,
C.Cabbarlının "Almaz" əsərində Barat, M.Hüseynin
"Cavanşir" faciəsində Fərid və s. kimi
yaddaqalan obrazlar yaradıb.
Rejissorluq
sənətinə olan məhəbbət A.Kazımovun aktyor
yaradıcılığını üstələmiş
və onu Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya
İnstitutunun rejissorluq fakültəsinə gətirib
çıxarmışdır. İnstitutu uğurla
başa vuran rejissor Kazan Dövlət Akademik Dram Teatrında C.Cabbarlının "Aydın" faciəsinə
orijinal quruluş vermiş və azərbaycanlı rejissor kimi keçmiş İttifaq səviyyəsində
tanınmışdır. Belə
bir xoş başlanğıc A.Kazımovun
gələcək sənət
uğurları üçün
bir təməl qoymuşdur.
Ağakişi Kazımovun yaradıcılığı çox
geniş coğrafiyanı
əhatə edir. Kazan, Bakı, İrəvan, Aşqabad, Köln, Düsseldorf və s. Zənnimcə,
bunların arasında
doğma vətən səhnələrində quruluş
verdiyi monumental tamaşalar daha çox diqqətçəkəndir.
Mən xüsusilə ötən
əsrin 70-ci illərində
Akademik Milli Dram Teatrında uzun müddət anşlaqla göstərilən,
teatr tariximizdə dərin iz buraxmış
Nodar Dumbadzenin "Darıxma, ana!", İlyas Əfəndiyevin
"Qəribə oğlan"
və "Büllur sarayda", Nəbi Xəzrinin "Mirzə Şəfi", Bəxtiyar
Vahabzadənin "Özümüzü kəsən qılınc", "Dar
ağacı" tamaşalarını
qeyd etmək istərdim. Bu tamaşaların hər biri rejissorun sənət bioqrafiyasında
irəliyə doğru
bir addım və rejissor sənətimizdə yeni söz kimi dəyərləndirilə
bilər.
A.Kazımovun
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında Firdovsinin "Şahnamə" əsərinin
motivləri əsasında İ.Coşqunun yazdığı
"Söhrab və Rüstəm" tamaşasına verdiyi
quruluş teatrın tarixində mərhələ
təşkil etmiş, böyük tamaşaçı
marağına səbəb olmuş, uzun illər teatrın
repertuarından düşməmişdir.
Mən son illər bizim
İttifaqın keçirdiyi tədbirlərdə
Ağakişi müəllimin daha bir keyfiyyətinin şahidi
olmuşam. Dünyasını dəyişmiş sənət
dostları haqqında
xatirə danışarkən
onun hafizəsinə, sənət adamlarına sonsuz məhəbbət dolu söhbətlərinə
heyran qalırsan. Ağakişi müəllim
səmimi, mayası doğma vətənə,
onun mədəniyyətinə
sevgi ilə yoğrulmuş bir şəxsiyyətdir. Teatrdan
danışarkən onun
gözlərində bir
qığılcım parlayır.
Keçmişə sayğı,
ululara hörmət, gələcəyimiz olan gəncliyə məhəbbət,
etibar, ümid, qayğı onun həyat və yaradıcılığından qırmızı xətlə
keçir.
Geriyə boylananda
çox dəyərli, zəngin bir ömür
yaşamış ustad sənətçiyə,
çağdaş rejissor sənətimizin ağsaqqalına
bundan sonra da gənclik şövqü ilə yaşayıb
yaratmaq, özünə layiqli davamçılar yetirmək
arzulayıram. Sənət dayanmağı sevmir. Yaşının bu çağında da daim irəliyə doğru inamla addımlayan mənim 75 yaşlı gənc - qocaman həmkarım Ağakişi müəllimin
gələcəkdə də
bizi özünün yeni tamaşaları ilə sevindirəcəyinə
inanıram.
Azərpaşa NEMƏT
Ədalət.- 2010.- 6 oktyabr.- S. 4.