MƏTBUAT FƏDAİSİ
1991-ci il oktyabr
ayının adi günlərindən biri idi. Tanınmış
yazıçı, Əməkdar İncəsənət Xadimi
Məmmədhüseyn Əliyevin iş otağında
"Şəfəq" jurnalının növbəti
sayının materiallarını hazırlayırdıq. Məmmədhüseyn
müəllim şair Vahid Əzizlə qısa telefon
danışığından sonra masanın üstündəki
nəsr əsərlərindən birini götürüb mənə
təqdim etdi.
- Satirik hekayədir -
dedi. - Bax, gör necədir, jurnalın tələblərinə
cavab verir, ya yox. Məncə zəif olmamalıdır. Müəlliflə
uzun illər yerli radio verilişləri redaksiyasında
çalışmışam, qələminə bələdəm.
Tanış imza idi: Azad
Zülaloğlu. Yazılarını yerli və respublika mətbuatında
oxumuşdum. Şəxsi tanışlığımızdan
sonra onun jurnalistikaya olan möhkəm
bağlılığını, həmçinin yaxşı
dost, gözəl bir insan olduğunu yəqin etdim.
A.Zülaloğlu 1945-ci
ildə Lənkəran rayonunun Boladi kəndidə anadan
olmuşdur. Onda jurnalistikaya olan maraq orta məktəb illərindən
yaranmışdır. Təsadüfi deyildir ki, həmin illərdə
təhsil aldığı sinif divar qəzetinin redaktorluğu
məhz ona tapşırılmışdır. Sonradan
A.Zülaloğlu qələmini Lənkərandan
çıxan "Leninçi" qəzetində
sınadı. Müxtəlif sahələrdən
yazdığı məqalələri ilə tez bir zaman kəsiyində
redaksiya əməkdaşlarının diqqətini cəlb
etdi, redaktor tərəfindən tez-tez tapşırıqlar
aldı.
Azad Zülaloğlu 1977-ci
ildə Azərbaycan Jurnalist Sənətkarlığı
İnstitutunu bitirmişdir. 1980-ci ildə Lənkəran radio
verilişləri redaksiyasına müxbir kimi təyinat
almış, sonralar redaktor vəzifəsinə irəli
çəkilmişdir. Sovetlər dönəmində SSRİ
Jurnalistlər İttifaqının üzvü seçilmişdir.
Hazırda Azərbaycan Jurnalistlər Birliyinin
üzvüdür. Maraqlıdır ki, indiyə kimi onun 78-adda
qəzet və jurnallarda 2 mindən çox zarisovka,
oçerk, məqalə, reportajları dərc olunmuşdur.
Lənkəranda fəaliyyət
göstərən jurnalistlər A.Zülaloğlunu həm də
"canlı arxiv" adlandırırlar. Bu zarafatyana söylənsə
də əslində həqiqətdir. Sovet dönəmində
respublikamızda nəşr olunan qəzet-jurnalların
bütün saylarını onun arxivində tapmaq
mumkündür. Elə mən özüm bu arxivə
müraciət etməklə ötən əsrin 80-cı illərində
çap olunan bir neçə hekayəmi əldə edə
bilmişəm.
A.Zülaloğlu bədii
yaradıcılıqla da məşğul olur. Onun hekayə,
miniatür və lətifələri "Ədəbiyyat",
"Lənkəran", "Prizma",
"Aşkarlıq", "Tək səbir",
"Mozlan" qəzetlərində, "Kirpi", "Molla
Nəsrəddin XXI əsrdə", "Söz",
"Şəfəq", "Məşəl"
jurnallarında çap edilmişdir. 2007-ci ildə
"Kirpi" jurnalının elan etdiyi "Ən
yaxşı yumor" müsabiqəsinin qalibi olmuşdur.
Yumoristik hekayələri bir neçə dəfə dövlət
radio və televiziyasında səsləndirilmişdir. O, 2005-ci
ildə anadan olmasnın 60 illiyi münasibəti ilə Həsən
Bəy Zərdabi mükafatına, eləcə də Azərbaycan
Dövlət Televizya və Radio Verlişləri şirkətinin
rəhbərliyi tərəfindən diplom və pul
mükafatına layiq görülmüşdür.
Yaxın günlərdə
A.Zülaloğlunun 65 yaşı tamam oldu. O həmişəki
kimi yorlumadan, əsl gənclik həvəsi ilə jurnalistik fəaliyyətini
davam etdirir. Biz də həmkarımızı yubiley münasibəti
ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
Qardaşxan Fərzi
Ədalət.- 2010.- 6 oktyabr.- S. 6.