DÖVLƏT HİMNİMİZ VƏ BİZ

  

"Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir.

Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir".

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" 13 mart 1998-ci il tarixli, 759 nömrəli sərəncamından.

Himn dedikdə təntənəli marş başa düşülür.

Dövlət himni sırf dövlət anlayışı ilə əlaqədardır, dövlətə məxsusdur, dövlətin rəmzi, simvolu kimi onun əsas atributlarından biridir. Dünyanın BMT tərəfindən tanınmış bütün dövlətlərinin öz himnləri vardır.

Dövlət himni dövlət tərəfindən, onun qanunverici orqanı tərəfindən qəbul olunur. O cümlədən, Azərbaycan Respublikasının daim qürur hissi ilə qarşıladığımız, səsi qulaqlarımıza çatar-çatmaz ayağa duraraq dərin ehtiramla farağat halında dinlədiyimiz, habelə bəzilərimizin ( təəssüflər olsun ki, hamımızın deyə bilmərik) ucadan oxuduğumuz Dövlət himnimiz 27 may 1992-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuşdur.

Dövlət himni həm də mahnıdır, konkret müəllifi olan şer mətni əsasında bəstələnmiş bəstəkar əsəridir. Bizim dövlət himnimizin sözləri tanınmış böyük şair Əhməd Cavadın, musiqisi isə ölməz bəstəkarımız Üzeyir Hacıbəyovundur. Bütün bunlar çox yaxşıdır, könülaçandır.

Dövlət himni hər bir dövlətin öz dilində səslənir, o cümlədən, bizim himnimiz də mərhum şairimiz Əhməd Cavadın doğma Azərbaycan dilində (türk ləhcəsində) necə yazmışdırsa, eləcə də səslənir.

Müasir dünyamızın böyüklü-kiçikli bütün dövlətlərində dövlət himnləri dövlət əhəmiyyətli tədbirlərdə, təntənəli mərasimlərdə, açılışlarda, tarixi-əlamətdar günlərdə, anım günlərində, dövlət başçıları arasında rəsmi görüşlərdə səslənir, həmçinin, dövlətlərarası görüşlərdə hər iki dövlətin himni səsləndirilir.

Dövlət himnimizin harada və necə səsləndirilməsi Azərbaycan Respublikasının 525 nömrəli 2 mart 1993-cü il tarixli qanunu ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının Dövlət himni haqqında" əsasnamədə daha müfəssəl olaraq öz əksini tapmışdır.

Yuxarıda fikir söylənildi ki, Dövlət himni həm də mahnıdır. Bununla yanaşı, unutmamalıyıq ki, Dövlət himni toy mahnısı deyildir. Toy mahnılarından fərqli olaraq, Dövlət himninin nə sözlərinə bir heca, nə də musiqisinə bir not belə artırıb-azaltmaq olar. Sözün qısası, nöqtə-vergülünə toxunmaq olmaz.

Bu tələblər baxımından yanaşsaq, bizə görə, Dövlət himnimizin vəziyyəti heç də yaxşı deyildir; əlbəttə ki, burada söhbət yalnız himnimizin sözlərindən (şer mətnindən) gedir, musiqi bəstəsinə heç bir iradımız yoxdur.

Əsas iradlara keçməzdən əvvəl diqqətə çatdırmaq istəyirəm ki, himnimiz 27 may 1992-ci ildə Milli Məclis tərəfindən qəbul edildikdən dərhal sonra yerli mətbuat orqanları, o cümlədən də, dövlət qəzetləri onu bütövlükdə, (sözləri və musiqi bəstəsi ilə birlikdə) müxtəlif tarixlərdə öz səhifələrində dərc etmişdir. Bu qəzetlərdən üçünü nümunə kimi göstəririk:

1. "Həyat" qəzeti, 28 may 1992-ci il tarixli nömrəsi,

2. "Ədəbiyyat qəzeti", 29 may 1992-ci il tarixli nömrəsi,

3. "Xalq qəzeti", 4 iyul 1992-ci il tarixli nömrəsi.

Adları çəkilən bu qəzetlərdə dərc olunmuş himnimiz müəyyən fərqlərlə diqqəti cəlb edir. Bu və sonrakı iradlarımızda tez-tez lazım olacağını nəzərə alaraq himnin sözlərini bütövlükdə veririk, nümunə kimi "Ədəbiyyat qəzeti"ndə dərc olunan variantı seçirik:

 

Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

 

Minlərlə can qurban oldu!

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!

 

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəndə tutmuş məkan!

 

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən, Şanlı Vətən

Azərbaycan, Azərbaycan!

 

Qeyd edək ki, "Ədəbiyyat qəzeti"ndəki bu mətn şairin "Seçilmiş əsərləri" kitablarındakı (Bakı-1992, toplayıb tərtib edəni Əli Saləddin və Bakı-2005, tərtib edəni yenə də Əli Saləddin, ön söz Yaşar Qarayevindir) "Milli marş" şerinin mətni ilə eynidir, yeganə fərq budur ki, qəzet çapında dördüncü bəndin son misrasındakı sinəndə sözü kitablarda sinəmdə kimi verilmişdir. Biz də bu fikirlə razılaşır və qəzet çaplarını səhv hesab edirik.

Qəzetlərdən yalnız "Xalq qəzeti" sinəmdə şəklində çap etmiş və mətnin qalan hissəsini "Ədəbiyyat qəzeti"ndə olduğu kimi saxlamışdır.

"Həyat" qəzetində dərc olunmuş mətndə birinci bənddəki üçüncü və dördüncü misraların hər ikisində cümlə sözləri mətndən çıxarılmışdır, ikinci bəndin sonuncu misrasında "Hərə bir qəhrəman oldu" əvəzinə "Hərəsi bir qəhrəman oldu", üçüncü bəndin ikinci misrasında "Sənə hər an" dəyişdirilərək "Sənə hər dəm", həmin bəndin üçüncü misrasında "Sənə min bir" əvəzinə "Sənə bir çox" verilmişdir.

Bizi bu mövzuya vadar edən bir amili xüsusi qeyd etmək lazımdır. Bu şerin məzmunu ilə bağlıdır. Şerin ikinci bəndində deyilir:

 

"Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!"

 

Azərbaycan dilinin bugünki danışıq, nitq tələblərindən yanaşdıqda bu fikir tamamilə anlaşıqsızdır. Adam, vətəndaş, hər hansı bir şəxs, əsgər vətən yolunda canından, qanından, başından, ömründən, həyatından, habelə övladından keçər. Bu hamılıqla başa düşülür. Ancaq əsgərin və ümumiyyətlə, kiminsə "hüququndan keçməsi"nə gəldikdə, bizim dilimizdə belə deyim yoxdur.

Hər bir vətəndaşın konstitusiya ilə müəyyən olunmuş çoxlu hüquqları vardır; təhsil hüququ, əmək hüququ, istirahət hüququ, vərəsəlik hüququ və sair, və sair. Əsgər hansı hüququndan keçərək qəhrəman ola bilər?!

Bədii fikrin bu cür ifadəsi, bəlkə də, ötən əsrin əvvəllərində, yəni bu şerin dünyaya gəldiyi illərdə mövcud olmuşdur. Həmçinin, qeyd etmişdik ki, şer Azərbaycan dilində olsa da, türk ləhcəsində yazılmışdır. Ola bilsin ki, müasir türk dilində "hüququndan keçmə" ifadəsi, anlayışı mövcud olsun. Bizim rəsmi dövlət dilimiz isə Azərbaycan dilidir və hər bir fikir bu dildə danışanlar üçün anlaşıqlı olaraq ifadə olunmalıdır.

Doğrusu, mən hər dəfə Dövlət himnimizi dinləyərkən "hüququndan keçən əsgər" ifadəsinə təəccüblənmişəm və hər dəfə də bu qənaətə gəlmişəm, yəqin qulaqlarım məni aldadır, fikirləşmişəm ki, hüququndan yox, hüdudundan olar. Lakin vəziyyət bir neçə dəfə təkrarlandıqdan sonra araşdırmağa başladım. Məlum oldu ki, bütün məktəb dərsliklərində, himnin çap olunduğu qəzetlərdə, habelə şairin müxtəlif illərdə nəşr olunmuş "Seçilmiş əsərləri"ndə də "hüququndan" getmişdir. Yalnız bir mənbədə - Min bir mahnı silsiləsindən "Uşaq mahnıları" kitabında (Bakı-2005, I cild, səh.7, naşir Rafiq Xan-Sayadoğlu, baş redaktor Rəşid Şəfəqdir) "Hüdudundan keçən əsgər"ə rast gəldim, toxtaqlıq tapdım. Əlbəttə ki, belə olmalıdır, bu xeyli ağlabatandır,; əsgər Vətənin keşikçisidir, Vətənin keşiyi isə onun hüdudları, sərhəddi ilə bağlıdır.

Burada çox çətin bir sual ortaya çıxır, görəsən, şairin öz qələmindən çıxan söz hansıdır, hüququndan, yoxsa hüdudundan?! Bunu dəqiqləşdirməkdə mənə nə M.F.Axundov adına Mərkəzi kitabxana, nə də Üzeyir Hacıbəyovun ev muzeyi kömək edə bildi. Hər ikisindən alınan cavab bir oldu: şair Əhməd Cavad otuzuncu illərin repressiya qurbanlarından olduğu üçün onun əsərləri vaxtilə yığışdırılmış, kitabxanalarda qalmamışdır, odur ki, ilk nəşrlərini tapmaq qeyri-mümkündür.

Muzeydə isə üstəlik olaraq "hüququndan" versiyasını müdafiə edərək bildirdilər ki, əsgər yaşamaq hüququndan keçir, hüdudundan ola bilməz, çünki Vətənin hüdudlarında olan əsgər dezertirdir. Bax, belə!

Sadalanan fərqlərə diqqət yetirdikdə heç də birmənalı şəkildə düşünmək olmaz ki, bunlar təsadüfi olaraq əmələ gəlmişdir. Yalnız "sinəmdə" və "sinəndə" sözlərini təsadüfi hesab etmək olar. Qalan fərqlər isə bizim fikrimizcə, müxtəlif naşirlərin bilərəkdən apardıqları düzəlişlərdir. Bir fikir verin:

- şerin iki misrasından cümlə sözləri tamam çıxarılmışdır;

- hərə sözü hərəsi olmuşdur;

- hər an - hər dəm ilə əvəzlənmişdir;

- min bir əvəzinə bir çox getmişdir;

- hüququndan isə hüdudundan verilmişdir.

Belə düzəlişlərin aparılması özü təsdiq edir ki, buna ehtiyac duyulmuşdur.

Əslində Milli Məclisin qəbul etdiyi dövlət sənədində mətbu orqanların düzəlişlər aparmağa səlahiyyətləri çatmır, düzəliş verməyə ehtiyac var idisə, Milli Məclisin özünə bildirilməli idi. Belə olardısa, bəlkə də, xalqı öz ziyalılarndan ayrı salan 1992-ci ilin MM üzvləri ayılardılarg Nə isə?!

Digər tərəfdən, görünür, adları çəkilən mətbu orqanları mətndəki söz və anlayışların onlara təqdim olunduğu kimi verilməsini bugünkü ədəbi dil normaları və tələbləri baxımından lazım bilməmiş və müəyyən düzəlişlər etməyi vacib saymışlar, bunun üçün xüsusi razılaşma və rəsmi icazə yada düşməmişdir.

Lakin himnimizin mətninə düzəliş ehtiyacı təkcə bu göstərilənlərlə bitmir. Bizim daha bir neçə iradımız vardır:

1. Birinci bəndin üçüncü və dördüncü misralarında hazırız, qadiriz sözlərində -ız,-iz, xəbər şəkilçiləri müasir ədəbi dilimizin orfoqrafiya qaydaları ilə uyğunlaşmır. Uşaqlarımız təlim prosesində -ıq, -ik, -uq, -ük şəkilçilərini öyrəndikləri halda, birinci sinifdən başlayaraq Dövlət himnimizi oxuyarkən hazırıq, qadirik əvəzinə hazırız, qadiriz deməyə vadar olunurlar. Bu hər şeydən əvvəl ən böyük intizamsızlıqdır, orfoqrafik rejimin şagirdlər tərəfindən pozulmasına şərait yaratmaqla, onun ciddiliyinə böyük xələl gətirir. Bizcə, daha geniş şərhə ehtiyac qalmır.

2. Yenə birinci bəndin dördüncü misrasında "Səndən ötrü qan tökməyə cümlə qadiriz!" fikri, zənnimcə, himnin məna və məzmunu üçün münasib seçilməmişdir və himn mətninə yaraşmır.

Dövlət himni bir dövlətin, bütöv bir millətin, xalqın rəmzi olmaqla yanaşı, həm də onun özünün dünyaya təqdimatıdır, onun yığcam siyasi devizi, şüarıdır. Belə olmasaydı, şair Əhməd Cavadın bu şeri haqqında bu cür iradlar da tutulmazdı, şairin adi bir şeri kimi məqbul hesab olunardı, bizi də qane edərdi, lakin bu gün bu şer artıq Əhməd Cavad yaradıcılığı çərçivəsindən çıxmışdır, Azərbaycan dövlətinin, Azərbaycan ölkəsinin şerinə çevrilmişdir. Bu şer dünyaya şair Əhməd Cavadın adından səslənmir, o, bütöv Azərbaycan adından səslənir. Şairin, bəstəkarın böyüklüyü və xoşbəxtliyi də elə budur. Bu baxımdan şerə tutduğumuz iradlara görə mərhum şairimizin ruhu bizi suçlamaz.

Yuxarıda Dövlət himninin harada, hansı mərasimlərdə səsləndirilməsi barədə məlumat verilmişdir. Himnin xüsusən də beynəlxalq görüşlərdə səsləndirilməsini nəzərə alsaq, bu fikir daha ciddi xarakter alır. Zənnimcə, hansısa başqa bir dövlətin belə mərasimlərdə səsləndirilən himnində "qan tökmək" ifadəsinin mövcudluğu inanılmazdır. Dünya ağalığı iddiasında olmuş dövlətlərin və partiyaların da himnlərində, nizamnamələrində bu cür ifadələrə rast gəlinmir.

Bu iradlarımızın əsl təsdiqini biz Dövlət himnimizin ruscaya tərcüməsində görürük. İstedadlı şair Siyavuş Məmmədzadənin tərcüməsi olduqca uğurludur. Himinin Azərbaycan dilindəki mətninin məzmununa tutulan iradlar onun ruscaya tərcüməsində tamamilə yoxa çıxır və müəllifə "Əhsən!" deməkdən başqa heç nə qalmır; çünki burada qan tökmək (krovoprolitiə), hüququndan keçmək (jertvuə svoimi pravami), habelə digər müəmmalı fikirlərə təsadüf olunmur.

Oxuculara müqayisələndirmək imkanı yaratmaq məqsədi ilə himnimizin ruscaya tərcüməsini də onların istifadəsinə verməyi vacib bilirik:

 

Qosudarstvennıy qimn

Azerbaydjanskoy Respubliki

Muzıka Uzeira Qadjibekova

Slova Axmeda Djavada

Perevod Siəvuşa Mamedzade.

 

Azerbaydjan, Azerbaydjan!

O, kolıbelğ svətaə slavnıx sınov!

Net zemli miley Otçiznı,

Net e¸ Rodney

Ot istoka naşey jizni

 

Do skonçanğə dney!

Pod znamenem svobodı verşi svoy putğ!

Tısəçi nas, pavşix v boö,

Zahihavşix zemlö svoö,

V ças rokovoy vstanem stenoy,

V neruşimom ratnom stroö!

Pustğ üvetit sadı tvoi!

Soziday, meçtay, tvori!

Serdüe, polnoe löbvi,

Posvətili mı tebe.

Slavğsə, slavğsə qordoy sudğboy,

Kray naş drevniy, kray naş svətoy!

Kajdıy sın tvoy dvijim meçtoy

Videtğ mirnıy svet nad toboy.

O, svetlıy kray, zavetnıy kray,

Azerbaydjan, Azerbaydjan!

 

Birinci bəndə fikir verin; ilk iki misranın məzmunu tərcümədə necə də olduğu kimi saxlanılmışdır. Bəndin üçüncü və dördüncü misralarında isə orijinaldakı məzmundan, xüsusən "qan tökmək"dən əsər-əlamət qalmamışdır. Demək olarmı ki, şair S.Məmmədzadə tərcümənin öhdəsindən gələ bilməmişdir?! Xeyr! Belə düşünmək böyük bir günaha batmaqdan da betər olardı. O bunu bilərəkdən edərək misraların məzmununu düzgün səmtə yönəltmişdir.

Şerin məzmunu ilə bağlı daha bir neçə iradımız olsa da, xırdaçılığa yol verməmək xatirinə onları sadalamırıq.

 

Nəticə.

Bizim fikrimizcə, göstərilən iradlar tam əsas verir ki, Dövlət himnimizin Azərbaycan dilindəki mətnində gec-tez müəyyən düzəlişlər aparılması vacibdir, mütləqdir.

 

Təkliflər:

- şair Əhməd Cavadın müəlliflik hüququnun saxlanılması şərti ilə (düzəliş aparacaq şairin həmmüəllifliyini qəbul etmək də olarg) himnin mətnində müvafiq düzəlişlər aparılması tanınmış bir-iki şairə, o cümlədən şair Siyavuş Məmmədzadəyə tapşırılsın. Bu heç də böyük şairin adına, istedadına zərrə qədər də olsa kölgə salmaz, üstəlik olaraq onu daha da əbədiləşdirər;

- düzəliş aparıldıqdan sonra himnin yeni mətni bütün dövlət mətbu orqanlarında ciddi nəzarətlə, bir orfoqrafik səhvə belə yol vermədən çap edilsin;

- şerdəki hazırız, qadiriz sözlərindəki -ız, -iz, xəbər şəkilçiləri -ıq, -ik şəkilçiləri ilə əvəzlənsin. Bu, asanlıqla başa gələr və mətnə heç bir məzmun xələlliyi gətirməz, həmçinin, qafiyə də pozulmaz. Ya da "Azərbaycan dilinin orfoqrafiya qaydaları" ilə müəyyən olunmuş -ıq,-ik,-uq,-ük xəbər şəkilçisi ilə yanaşı, türk ləhcəsində səslənən -ız,-iz,-uz,-üz şəkilçisinin də dilimizdə paralel işlənməsi rəsmi qəbul edilsin.

Əlbəttə ki, bütün bunlar yalnız bir adamın fikri ilə deyil, mütəxəssislər də cəlb olunmaqla geniş ziyalı müzakirəsi nəticəsində mümkündür.

Sonda təəccübümü Sizinlə bölüşdürmək istərdim, hörmətli Oxucular!

Baxın, görün, düşünün; biz nə qədər laqeyd adamlarıq. Gözümüzün qarşısında, qulaqlarımız eşidə-eşidə iyirmi ilə yaxındır "hüququndan keçən əsgər" oxunur, biz isə ya qanmırıq, ya da qaqa-qana dinmirik.

Yaxşı deyək ki, geniş xalq kütləsi üçün bu, gündəlik məşğuliyyət sahəsi deyildir, əslində onlardan umu-küsü etmək də olmaz. Bəs həmin himnin sədaları altında bir çox mərasimlərdə iştirak edib yalandan dodaq tərpədən (guya himn oxuyur) ziyalılar, vəzifəlilər, tədris müəssisələrində balalarımızı təlimləndirən müəllimlər hara baxırlar?!

Gündəlik iş gününə Dövlət himnimizin sədaları ilə başlayan və həmin sədalarla da iş gününü yekunlaşdıran Azərbaycan Dövlət Televiziyası və Radiosunu hələ demirəm?!

Axı, Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamənin yeddinci bəndində göstərilir: "Azərbaycan Respublikasının Dövlət himninin musiqisi və mətni əlifba kitablarının birinci səhifəsində dərc olunur. Ümumtəhsil məktəblərində, texniki-peşə, orta-ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət himninin öyrənilməsinə və ifasına həsr edilir".

              

 

Sabir Qaraqoyunlu (Əfəndiyev).

 

 

Ədalət.- 2010.- 8 oktyabr.- S. 3.