AVTOMOBİL NƏQLİYYATINDA
EKOLOJİ PROBLEMLƏR
Çıxış yolu
varmı?
Məqalədə
avtomobil nəqliyyatı sahəsində hal-hazırda mövcud
olan ekoloji problemlər, onların ətraf mühitə
vurduğu zərərli təsirlərdən bəhs edilir və
bu problemlərin aradan qaldırılması üçün
müəllif tərəfindən önəmli
tövsiyələr verilir.
Müasir dövrdə
ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi
aktual olaraq qalır.
İnsanların
ətraf mühitə neqativ təsirinin əsas
istiqamətlərindən biri də ətraf mühitin
çirkləndirilməsidir. Bu çirklənmə
təbii proseslərlə yanaşı, antronogen - yəni
insanların təsərrüfat fəaliyyəti ilə
bağlı olur. Ətraf mühitin çirkləndirilməsi
insan sağlamlığı üçün önəmli
yeri olan su, hava və torpağın fiziki-kimyəvi
tərkibinin dəyişdirilməsi nəzərdə tutulur.
Məlum olduğu kimi,
təbiətin mühafizə obyektlərindən biri də
atmosferdir. Mahiyyət etibarı ilə, hava və insanı
əhatə edən ətraf mühit eyni zamanda təbii mühitdir.
Atmosferin
çirklənməsi, xüsusən də antronogen yolla
çirkləndirilməsi şübhəsiz ki, nəqliyyat
vasitələrinin sayının artması ilə funksional
şəkildə əlaqədardır. Bildiyimiz kimi,
nəqliyyatın müxtəlif növlərinin
fəaliyyəti nəticəsində hər gün
atmosferə külli miqdarda zəhərli qazlar atılır,
ətraf mühitə yüksək texnogen təsir
göstərilir və insanların sağlamlığı
üçün ciddi təhlükə yaranır.
Daxili yanma
mühərrikləri ilə işləyən avtonəqliyyat
vasitələri atmosferi çirkləndirən başlıca
mənbə növü olaraq qalır. Hava
hövzəsinin çirklənməsində avtonəqliyyat
vasitələrinin payı 80%-dir.
Hal-hazırda
Azərbaycan Respublikasında 20,4 min avtobus və 70,0 min yük
avtomobili vardır. Son dövlət texniki
baxışı ilə avtobusların yalnız 39,2%-nin,
yük avtomobillərinin 25,4%-nin texniki cəhətdən
yararlı olduğu müəyyənləşdiril-mişdir.
Avtomobillərin əksəriyyəti fiziki və texniki
cəhətdən həddi aşınmış, ekoloji
göstəricilərinə görə isə istismara
yararsız vəziyyətdədir.
Dünyada baş
verən qloballaşma prosesində iqtisadiyyatın keçid
dövrünü yaşayan ölkəmizdəki
avtomobillərin əksəriyyəti MDB
ölkələrində istehsal edilmiş avtomobillərdir. Bundan
əlavə, 10 ildən artıqdır ki, ölkəyə
xaricdən həmin ölkələrdə işləmə
müddəti həddinə və ekoloji cəhətdən
yararsızlığına görə istismarı qadağan
edilmiş avtomobillər idxal edilir. Avtomobillərin modelləri
bütün əsas göstəricilərinə görə
(qənaətlilik, etibarlılıq, təhlükəsizlik,
ekoloji yararlılıq) sənayesi inkişaf etmiş
ölkələrdən 8-10 il geridə qalır.
Belə avtomobillərin
istismarı nəticəsində yanacaq sərfi və
atmosferə atılan zərərli maddələrin miqdarı
artır. Bundan başqa, respublikada avtomobil parkının
böyük əksəriyyətinin
özəlləşməsi də, onun maddi-texniki
bazasının zəifləməsi nəticəsində
ətraf mühitə öz mənfi təsirini
göstərmişdir.
Hal-hazırda respublikada
istismar edilən avtomobillərin üçdə iki
hissəsinin Bakı şəhərində
cəmləşdiyini nəzərə alsaq, ətraf
mühitin mühafizəsi sahəsində qarşıda duran
problemlərin nə dərəcədə aktual olduğu
aydın olar.
Hal-hazırda
ölkəmizdə avtomobillərdən xaric olunan qaz
tullantılarının zəhərlilik hədlərini
müəyyənləşdirən müasir ekoloji
təhlükəsizlik standartları işlənib
hazırlanmamışdır. Bu günədək
ölkədə keçmiş SSRİ-nin 1987-ci il
standartları qüvvədədir ki, bu standartlar da nəinki
bu günə olan beynəlxalq tələblərə cavab
vermir, hətta onlardan nəzərə çarpacaq
dərəcədə geri qalır.
Azərbaycan
Respublikasının beynəlxalq nəqliyyat xidmətləri
bazarında Avropa Şurası ölkələrinin
nəqliyyat kompleksinə inteqrasiyası ondan milli avtomobil
parkının təzələnməsi prosesini
sürətləndirməyi tələb edir.
Məlumdur ki,
beynəlxalq sərnişin və yük
daşımalarını həyata keçirmək
üçün nəzərdə tutulmuş avtonəqliyyat
vasitələri, ilk növbədə, beynəlxalq
sazişlərlə müəyyənləşdirilmiş
əsas parametrlərə, yol hərəkəti
təhlükəsizliyinin tələblərinə, ekoloji,
həmçinin daşınan yüklərin saxlanması
və sərnişinlərin sağlamlığının
qorunması tələblərinə uyğun olmalıdır.
Avtonəqliyyat
vasitələrinin uzunmüddətli istismarı onların
texniki vəziyyətinin və daxili yanma
mühərriklərinin tənzimlənmə parametrlərinin
pisləşməsinə gətirib çıxarır. Atmosferə
atılan zərərli maddələrin miqdarı
avtonəqliyyat vasitələrinin aşınmasından daha
sürətlə artır. Məsələn,
yeni avtomobillərdə yalnız 1-3 il ərzində
zərərli qaz tullantılarının səviyyəsini
istehsalçı müəssisənin zəmanət verdiyi
həddə saxlamaq mümkündür. İstismar
prosesində cari nasazlıqlar və
tənzimləmələrin pozulması zəhərlilik
göstəricilərinin və yanacaq qənaətliliyinin pisləşməsinə gətirib
çıxarır. Əlverişsiz yol şəraiti,
yanacaq-sürtgü materiallarının keyfiyyətinin
aşağı olması avtonəqliyyat vasitələrinin
qovşaq və aqreqatlarının sürətlə
yeyilməsinə, yanacaq sərfinin və xaric qazların
zəhərliliyinin artmasına səbəb olur. Texniki qulluq və təmirin keyfiyyətinin
hələlik yüksək səviyyədə olmaması,
müasir avadanlıqların və ixtisaslı mütəxəssislərin
çatışmaması avtonəqliyyat vasitələrinin
iş qabiliyyətinin tam bərpa olunmasına mənfi
təsir göstərir. Nəticədə avtomobil
istehsalı sənayesinin ekoloji standartların
tələblərinə uyğun olan
təkmilləşdirilmiş mühərrik istehsalı
sahəsində səyləri reallaşmır.
Karbüratorlu
avtomobillərdə mühərrikin yanacaq sistemindəki
nöqsanlar zərərli tullantıların miqdarını
30-40%, alışma sistemində 25-30%, mühərrikin mexaniki
hissəsində 20-25%, avtomobilin transmissiya və
hərəkət hissəsində 15% artırır. Yanacaq
sistemindəki tənzimləmələrin pozulması isə
dəm qazının miqdarını 70% və daha çox
artıra bilər. Dizel mühərriki ilə
işləyən avtomobillərdə yanacaq sistemindəki
hər hansı bir nasazlıq yanacaq sərfinin və
tüstüləmənin artmasına təsir edir.
Məsələn, isiklik yanacaq verilişinin normadan 25%
çox artırılması işlənmiş qazların
tüstülülüyünü 40% artırır. Yanacaq
aparat detallarının həddi aşınması isə,
yanacaq sərfini 8-10%, tüstüləməni isə 20-30%
artırır.
İstismar edilən
avtonəqliyyat vasitələrinin ekoloji parametrlərini
həddi səviyyədə saxlamaq üçün onların
texniki vəziyyətinə diaqnostika stendləri və
avadanlıqlarından istifadə olunmaqla dövri nəzarət
zəruridir.
Son zamanlar respublikada
texniki-təmir stansiyaları /sahələri/
şəbəkəsi, bir sıra yeni, müasir stansiyalar
istisna olmaqla, texniki normalara və standartların
tələblərinə cavab verməyən, primitiv
şəkildə yaradılmış özəl
texniki-təmir sahələrinin hesabına
genişlənmişdir. Bütün bunlar isə
göstərilən xidmətin mənfi nəticələri
olan yol-nəqliyyat hadisələrinin baş verməsinə,
avtomobillərin vaxtından qabaq təkrar təmirə
dayanmasına və ətraf mühitin
çirklənməsinə səbəb olur.
Qeyd etmək
lazımdır ki, "TASİS-TRASEKA" proqramına
müvafiq "Tarixi İpək Yolu"nun bərpası
ilə əlaqədar olaraq, Azərbaycan Respublikası
ərazisindən keçən beynəlxalq yüklərin
avtomobil nəqliyyatı ilə daşınması zamanı
ətrafa atılan zərərli maddələrin miqdarı daha
da artacaqdır. Bu isə respublikada ekoloji vəziyyəti
daha da gərginləşdirəcək.
"Tarixi İpək
Yolu"nun bərpası ilə ölkəmiz qədim
dövrlərdə olduğu kimi, Avropa ilə Asiya arasında
təbii körpüyə çevriləcəkdir. "Avropa-Qafqaz-Asiya"
nəqliyyat dəhlizinin yaradılması Qafqaz, Otra və
Mərkəzi Asiya ölkələrinə dünya iqtisadi
bazarına daxil olmağa imkan yaradacaqdır.
Hələ 1993-cü
ilin may ayında Avropa Komissiyasının
çağırışı ilə Brüsseldə
Mərkəzi Asiya və Qafqazın yeni
dövlətlərinin, həmçinin Avropa İqtisadi Birliyi
ölkələrinin nümayəndələrinin birgə
görüşü keçirilmişdir. Görüşün
yekunları üzrə TRASEKA-nın "Avropa-Qafqaz-Asiya"
nəqliyyat dəhlizinin yaradılması haqqında
Bəyannamə qəbul edilmişdir. Bununla,
"TASİS-TRASEKA" texniki yardım proqramının
layihələrinin həyata keçirilməsinin təməli
qoyulmuşdur. Onun qarşısında duran vəzifə -
yüklərin Avropa və Asiyaya, həmçinin geriyə
fasiləsiz, tez və etibarlı nəqlinin təmin
edilməsidir. Proqram yaxın yüz ildə nəqliyyat
dəhlizinə daxil olan ölkələrin vahid iqtisadi
məkana qlobal, istiqamətləndirilmiş
inteqrasiyasını nəzərdə tutur. Yeni
nəqliyyat dəhlizi şimal marşrutundan 2000 km-dək
qısadır ki, bu da yüklərin nəql etdirilməsi
vaxtını nəzərə çarpacaq
dərəcədə qısaldır. İkincisi, şimal
dəhlizindən fərqli olaraq, TRASEKA bütün
rejimlərdə işləyir - burada temperatur əslində,
adətən 50C-dən aşağı
düşmür. Şübhəsiz ki, bu marşrutun
nəqliyyat şəbəkəsinin Azərbaycan
Respublikası əhalisinin sıx
məskunlaşdığı rayonlarından
keçəcəyi nəzərə alınmalıdır.
Nəqliyyat
şəbəkələri nəqliyyat sisteminin iki
mühüm yarımsistemindən biridir. Nəqliyyat
şəbəkələri stasionar ekoloji təhlükə
mənbəyidir.
İkinci yarımsistem
isə, nəqliyyat şəbəkəsindən istifadə
edən nəqliyyat vasitələridir. Bu nəqliyyat
vasitələri qeyri-stasionar ekoloji təhlükə mənbəyi
kimi, ətraf mühiti zərərli maddələrlə,
müxtəlif zəhərli birləşmələrlə,
elektromaqnit sahəsi və s. ilə
çirkləndirməkdə həlledici rol oynayır.
Nəqliyyat
şəbəkələrinin normal fəaliyyətini təmin
etmək üçün onların müvafiq infrastrukturu
yaradılmalıdır. Həm nəqliyyat
şəbəkələrinin, həm də bu
şəbəkələrdən istifadə edən
nəqliyyat vasitələrinin ekoloji təhlükəsizliyinin
təmin edilməsi sisteminin də nəzərdə
tutulması mühüm əhəmiyyət kəsb edir. Ekoloji
təhlükəsizlik sisteminə zəruri şəkildə
müasir tələblər nəzərə alınmaqla,
təşkil edilmiş analitik informasiya mərkəzi daxil
olmalıdır.
Avtonəqliyyat
vasitələrinin ekoloji təhlükəsizliyinin təmin
edilməsində çoxplanlı mühüm
vəzifələrdən biri də dövlət ekoloji
nəzarət sisteminin yaradılmasıdır.
Bu məqsədlə
respublikanın sərhəd-keçid
məntəqələrində, iri şəhərlərin
giriş-çıxış yollarında, habelə magistral
avtomobil yollarında daim fəaliyyət göstərən
ekoloji postların çoxaldılması zəruridir. Həmçinin
dövlət ekoloji nəzarət qaydalarını və onun
həyata keçirilməsini reqlamentləşdirən normativ
aktlar səmərəli şəkildə tətbiq edilməlidir.
Normativ aktlarda
dövlət nəzarətini həyata keçirən
oqranların qarşılıqlı əlaqəsinin mexanizmi
öz əksini tapmalı, ətraf mühiti
çirkləndirməyə görə ödənişin
həyata keçirilməsi qaydaları və tarifləri
dəqiqləşdirilməlidir.
Azərbaycan
Respublikası bu gün beynəlxalq nəqliyyat siyasətinin
həyata keçirilməsində fəal iştirak edir. Onun
inkişaf istiqamətləri dəqiq
müəyyənləşdirilmişdir: nəqliyyat
kompleksinin beynəlxalq sistemə sürətli inteqrasiyası,
hüquq qaydalarının beynəlxalq nəqliyyat hüququ
normaları ilə harmonizasiyası, multimodal
daşımaların inkişafı, qısa
müddətdə, az vəsait itkiləri ilə beynəlxalq
yük və sərnişin daşımalarını
maneəsiz həyata keçirməyə imkan verən
unifiksiya edilmiş qanunların qəbul edilməsi, ekoloji
təhlükəsizliyin təmin edilməsi və s.
Avtonəqliyyat
vasitələrinə olan tələblərin həyata
keçirilməsi və ekoloji təhlükəsizliyin daha
səmərəli şəkildə təmin edilməsi
məqsədilə aşağıdakı tədbirlərin
həyata keçirilməsi zəruridir:
- Avropa
Şurasının direktivləri və BMT Avropa İqtisadi
Komissiyasının qaydaları nəzərə alınmaqla,
EURO ekoloji normativlərinin mərhələlərlə
qəbul edilməsi proqramının işlənib
hazırlanması;
- standartlar, ekoloji
sertifikatlaşdırma qaydaları və avtomobil
nəqliyyatının ətraf mühitə zərərli
təsirinin səviyyəsini tənzimləyən digər
normativ-hüquqi sənədlər paketinin işlənib
hazırlanması;
- avtomobil
nəqliyyatının ətraf mühitə zərərli
təsirinin azaldılmasını təmin edən,
avtonəqliyyat parkının təzələnməsi prosesini
sürətləndirən stimullaşdırma sisteminin
işlənib hazırlanması;
- respublikanın
sərhəd-keçid məntəqələrində, iri
şəhərlərin giriş-çıxış
yollarında, həmçinin magistral avtomobil yollarında
müasir avadanlıqlarla təchiz edilmiş, avtonəqliyyat
vasitələrinin ekoloji göstəricilərinə
nəzarət edən ekoloji postların yaradılması;
- respublikanın
sərhəd-keçid məntəqələrinin zəruri
texniki vasitələrlə təchiz edilməsi və
avtonəqliyyat vasitələrinə unifikasiya edilmiş
nəzarət sisteminin yaradılması;
- beynəlxalq
standartların tələblərinə cavab verən ətraf
mühiti idarəetmə sisteminin və informasiya
təminatı sisteminin yaradılması;
- beynəlxalq
standartların tələblərinə müvafiq
surətdə avtonəqliyyat vasitələrinə
təminatlı texniki xidmət göstərən texniki-təmir
stansiyaları şəbəkəsinin
genişləndirilməsi, texniki qulluq və təmirin
keyfiyyətinə dövlət nəzarətinin təmin
edilməsi.
K.H.Abdullayev
Ədalət.- 2010.- 8 oktyabr.- S. 5.