Bir aktyorun manifesti

 

Əməkdar artist Təvəkkül Əliyev: "Təsdiq olunduğum rola Mixail Boyarskinin çəkildiyini görəndə..."

 

Əməkdar artist Təvəkkül Əliyevin 60 yaşı tamam oldu. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı əmrə əsasən bununla bağlı yubiley tədbiri keçiriləcək. Dəyərli oxucu, bu sənətçinin adını oxuyunca yəqin ki, paytaxt teatrlarında baxdığın tamaşaları göz önünə gətirəcək, afişalarda oxuduğun adları bir də yada salmağa çalışacaqsan. İcazə ver bu məsələdə sənə yardımçı olum. Boşuna vaxt sərf etməyə dəyməz. Çünki söhbət açacağım aktyor Bakıda yox, Lənkəranda çalışır. Yaradıcılığını Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı ilə bağlayıb. İlk dəfə peşəkar səhnəyə 1973-cü ildə bu teatrda qədəm qoyub və bu günə kimi də doğma kollektivə sadiq qalıb. Ötən bu illər ərzində 100-dən çox rol oynayıb. Özü də necə rollar...

Aydın (C. Cabbarlı "Aydın), İldırım Bəyazid (H. Cavid "Topal Teymur"), Anton Antonıç (N. Qoqol "Müfəttiş"), Aleksey (Bs. Vişnevski ("Nikbin faciə"), Ezop (Fiqereydo "Ezop), Nəcəf bəy (Ə. Haqverdiyev "Dağılan tifaq"), Şeyx Nəsrulla (C.Məmmədquluzadə "Ölülər", Əmir Teymur (T. Zülfüqarov "Kəklikli qəfəs"), Azər (M. İbrahimov "Yaxşı adam"), Zaur (Anar "Təhminə və Zaur") Mahmud (Elçin "Mahmud və Məryəm")...

 

Yad şəhərdə doğma adam

 

- Təvəkkül bəy, bəlkə söhbətə 1973-cü ildə baş verən hadisədən başlayaq. Taleyiniz, aktyor fəaliyyətiniz məhz bu tarixlə bağlıdı. Həmin il Lənkəranın tarixində mühüm bir hadisə baş verdi. Uzun fasilədən sonra dövlət teatrı fəaliyyətini bərpa etdi. Lənkərana gəldiyiniz ilk gün yəqin ki, yadınızdadı...

- Əlbəttə yadımdadı. 1973-cü ilin sentyabr ayı idi. İncəsənət İnstitutunu bitirən kimi təyinatımızı Lənkərana vermişdilər. Hamımız böyük bir enerji ilə bura gəlmişdik. Necə deyərlər, tarix yazmağa hazırlaşırdıq. Teatr üçün ayrılmış binada təmir işləri gedirdi. Bakıdan birgə gəldiyim tələbə yoldaşlarımdan başqa Lənkəranda heç kimi tanımırdım. Lakin heç bir çətinlik, şəraitsizlik gözümüzdə deyildi. Nəhayət həmin tarixi gün yetişdi. Dekabrın 6-da ilk dəfə tamaşaçılar qarşısına çıxdıq. Mirzə İbrahimovun "Yaxşı adam"ında Azər rolunu oynadım. Çox maraqlı, unudulmaz anlar idi...

- O gündən Təvəkkül Əliyev oldu Lənkəranlı. Bakıya dönmək, paytaxt teatrlarında çalışmaq, daha populyar olmaq şansınızdan imtinanız onu göstərir ki, taleyinizdən razısız...

- Niyə narazı olum ki? Həm şəxsi, həm də sənət baxımından taleyimdən razıyam. Bir vaxtlar qapısını döyməyə kimsəni tanımadığım bu şəhər indi mənə olduqca doğmadı. 30 ildən çoxdur ki, bu doğma mühitin əhatəsindəyəm. Bu səhnədəki fəaliyyətimə görə əməkdar artist fəxri adına layiq görülmüşəm, 100-dən çox obraz yaratmışam. İndi Lənkəran teatrından, buradakı dostlarımdan, tamaşaçılarımdan ayrı özümü heç cür təsəvvür edə bilmirəm.

 

Otello oynamaq istəməyən aktyor

 

- Lənkəran teatrına, yaradıcılığınıza bələd olan adam kimi bilirəm ki, həmişə qəhrəman obrazlarını yaratmısız, baş rollar oynamısız. Arzusunda olduğunuz rol var, yoxsa...

- Demək olar ki, arzuladığım bütün rolları oynamaq mənə nəsib olub. Aktyor üçün bundan böyük nə xoşbəxtlik ola bilər? Təsəvvür elə ki, mən əksər sənət həmkarlarımdan fərqli olaraq, Otello rolunu oynamaq arzusunda olmamışam. İslam Həsənov teatrımıza direktor təyin olunanda təklif etdi ki, bu əsərə müraciət edək və Otellonu mən oynayım. Amma mən razı olmadım.

- Hər halda ürəyinizin dərin guşəsində hansısa bir rola yer qalmamış olmaz...

- Kral Liri oynamaq istəyərdim. Sən də, məni tanıyan digər insanlar da bilirlər ki, heç vaxt rol üstündə dava-dalaş salmamışam və yaxud roldan imtina etməmişəm. Hər bir rola məsuliyyətlə yanaşmışam. Məmmədhüseyn Əliyevin "Ana fəryadı" tamaşasında oynadığım İlyas həcminə görə kiçik bir rol idi. İlyas necə illər ötəndən sonra müharibədən evinə qayıdır. Çalışdım ki, obrazın hisslərini tamaşaçıya çatdıra bilim. Məncə çox maraqlı alındı. Aktyorun öz işinə məsuliyyətlə yanaşmasından çox şey asılıdı. İnsan yaşa dolduqca məsuliyyət hissi daha da artır. İndi mənim hansısa rolu zəif oynamağa haqqım yoxdu.

 

"Düz bir ay molla yanına getdim"

 

- Müxtəlif baxışlara, yaradıcılıq prinsiplərinə malik rejissorlarla çalışmısız. Onlardan hansı ilə işləmək belə deyək də, sizin üçün daha asan idi...

- Hüseyn Sultanov, Niyaz Şərifov, Oruc Qurbanov, Baba Rzayev, Hacırza Əliyev, Mehriban Ələkbərzadə, Bəhram Osmanov, Gümrah Ömər kimi rejissorlarla çalışmışam. Təbii ki, hər rejissorun öz iş üslubu, aktyorla işləmək metodu var. Oruc Qurbanovla işləmək mənim üçün asan idi.

- Niyə?

- Oruc Qurbanov aktyorun potensialını tam aça bilirdi, istədiyini aktyordan almayınca əl çəkmirdi. Onunla "Aydın"ı, "Təhminə və Zaur"u, "Mahmud və Məryəm"i birgə işlədik. Hazırladığı tamaşalar bəzən uğur qazanmasa da, çox maraqlı rejissordu.

- Rol bölgüsünə münasibətinizi bayaq açıqladız. Maraqlıdı, rol bölgüsü barədə hansı əmr sizi daha çox təəccübləndirib?

- İki dəfə belə hal keçirmişəm. Mərhum rejissorumuz Hacırza Əliyev "Müfəttiş"də Anton Antonıç rolunu mənə həvalə edəndə və Baba Rzayev "Ölülər"də Şeyx Nəsrulla obrazını mənə tapşıranda. Bu iki obrazda aktyor kimi fərqli cəhətlərimi üzə çıxara bildim. Yadımdadı, Şeyx Nəsrullanın işlətdiyi ərəb sözlərini dəqiq mənimsəmək üçün bir ay molla yanına getdim.

 

Uduzan kino...

 

- Paytaxtdan kənarda çalışan aktyorlar nadir hallarda kinorejissorların yadına düşürlər. Sizə bir neçə filmdə çəkilmək nəsib olub. Bəlkə bir az da kinodakı işiniz barədə danışaq...

- Hələ birinci kursda oxuyanda böyük sənətkarımız Nəsibə Zeynalova haqqında hazırlanan"Aktrisanın təbəssümü" sənədli filmində çəkilmişəm. "Azadlıq şirin şeydir" filmində Radion Naxapetov kimi o zamanın tanınmış aktyorları ilə yanaşı çəkilməyim heç vaxt yadımdan çıxmaz. Üçüncü kursda oxuyana "Mosfilm"də çəkilən "Körpülər" filmində Qitsu rolunda dəvət aldım. Sınaq çəkilişlərini uğurla keçdim. Bir gün mənə "Mosfilm"dən teleqram gəldi. Rola təsdiq olunduğumu bildirir, yaxın günlərdə Moskvada olmağımı istəyirdilər. İnstitutdan icazə almaq üçün rektor Rahib Hüseynovun yanına getdim. Rəhmətlik Rahib müəllim dedi ki, Moskvaya getsən bir il kursda qalacaqsan. Mən isə kursda qalmaq istəmirdim. Ona görə də çəkilişlərə getmədim. Bilirsən həmin rola kimi çəkdilər? Film ekranlara çıxanda təsdiq olunduğum rola Mixail Boyarskinin çəkildiyini görəndə hansı hisslər keçirdiyimi yəqin təsəvvür edirsən... Sonra bir neçə filmdə rol aldım. Şeyx Əbdül Mahmudbəyov məni "Şəhərli biçinçilər" filmində çəkib. Həmin filmdə şəhərli biçinçilərdən birini oynamışam. Rövşən Almuradlının "Cavad xan" filmində İbrahim xan roluna çəkilmişəm.

- Hər halda daha çox filmə çəkilə bilərdiz...

- Təbii ki, bu illər ərzində daha çox çəkilə bilərdim. Bakıdan kənarda işləyən aktyorsansa rejissorların yadına düşmürsən, tənqidçilərin diqqətindən kənarda qalırsan. Teatrımız Gəncədə keçirilən Milli Teatr Festivalında İslam Həsənovun quruluş verdiyi Fiqereydonun "Ezop" tamaşası ilə iştirak edirdik. Tanınmış tənqidçi Aydın Talıbzadə tamaşadan sonrakı müzakirədə deyib ki, Ezop rolunu yaradan Təvəkkül Əliyevin ifasını görəndə bayıldım. Rejissorlar, tənqidçilər nədənsə bizi çox gec "kəşf" edirlər. Şəxsən mən bilmirəm bunun günahı kimdədi. Hər halda bu da bir taledi...

 

Yaxşı adam"dan xoşbəxt adama qədər

 

- Sənət yolu "Yaxşı adam"dan başlayan Təvəkkül Əliyevi həyatda xoşbəxt adam saymaq olar. Xalq artisti Böyükxanım Əliyevanın həyat yoldaşısız. Evdə də yaradıcılıq mübahisələri etməyə kimsə var...

- Deyəcəyim fikir bəlkə də şablon səslənəcək, amma mən həqiqətən də ən xoşbəxt insanlardan, ən xoşbəxt kişilərdənəm. Böyükxanımdan həyat yoldaşı, qızlarımın anası kimi çox razıyam. Bir aktrisa kimi isə səhnədə hər roluna baxanda böyük zövq alıram.

- Mən biləni o da sizin rolları bəyənir...

- Bəyənir. Təbii ki, bəzən iradları da olur.

- İradları qəbul edirsiz?

- Niyə də qəbul etməyim? Çünki Böyükxanımın iradları həmişə düzgün, təklifləri maraqlı olur. Yeni mövsümü Çingiz Aytmatovun "Əsrə bərabər bir gün" əsərinin motivləri əsasında hazırlanan "Manqurt" tamaşası ilə açdıq. Firudin Məhərrəmovun quruluş verdiyi bu tamaşada Edigey rolunu oynayıram. Maraqlı obrazdı, bu günlə səsləşən dramaturji materialı var. Böyükxanım Edigeyin monoloquna qulaq asandan sonra öz təkliflərini verdi. Mən də qəbul elədim. Məncə obraz daha maraqlı alındı.

- 60 yaşınız tamam oldu. Sənətə tamam, yoxsa davam?

- Təbii ki, davam. Aktyor üçün 60 yaş qızıl dövrdür. Şəxsən məndə sənətə, səhnəyə olan sevgi elə 30-35 il öncəki kimidi. Bəzən tamaşa bitəndən, tamaşaçılar teatrı tərk edəndən sonra zala daxil olub baxıram. Səhnəni boş görəndə kövrəlirəm. Həmin anda hansı hisslər keçirdiyimi ifadə etmək çətindi. Çox çətin...

 

 

Etibar Cəbrayıloğlu

 

Ədalət.- 2010.- 9 oktyabr.- S. 10.