SƏNƏTKAR ÖMRÜNÜN
PİLLƏLƏRİ
Mən Ağakişi
Kazımovun yaradıcılığı ilə onun
özünü şəxsən tanımazdan bir xeyli əvvəl
tanış olmuşam. Hələ tələbə ikən
Azdramada məşhur gürcü
yazıçısı Nodar Dumbadzenin "Darıxma, ana!"
pyesinin premyerasında iştirak
edirdim. Xatırımdadır,
tamaşaçılar ilk tamaşada
iştirak edən aktyorları ürəkdən
alqışladılar və uzun müddət
səhnədən düşməyə qoymadılar. Təbii
ki, alqış selində üzən aktyorlar arasında tamaşanın o vaxtkı cavan rejissoru da vardı.
Aradan illər keçəndən
sonra mən həmin tamaşanın rejissoru, indi öz
ömrünün və yaradıcılığının
müdrik dövrünə qədəm qoymuş xalq artisti,
professor Ağakişi Kazımovla yaxından tanış oldum.
Onun klassik və müasir dramaturgiya nümunələrinə
necə böyük məhəbbətlə
yanaşdığının, əsər üzərində
necə məhəbbət və məsuliyyətlə işlədiyinin
şahidi oldum.
Ağakişi müəllim
uzun illər Dövlət Gənc Tamaşaçılar
Teatrında və Akademik Teatrda onlarca səhnə əsərinə
quruluş vermişdir. Etiraf etmək lazımdır ki, o əsərlərin
bəzisi bəlkə də müəyyən momentlərdə
rejissorun özünü belə razı salmayıb. Amma
orasını da demək lazımdır ki, rejissorun səhnə
taleyinin uğurlu olması üçün ürəyini
qoymadığı bir əsər tapmaq belə, bəlkə də
mümkün deyildir. O, əsər üzərində sistemli,
fasiləsiz, səbrlə işləməyi sevir. Öhdəsinə
götürdüyü əsəri "özününkü"
etməyi, onu öz idrakının süzgəcindən
keçirməyi xoşlayır.
Məlumdur ki, hər bir
müəllif (dramaturq) kimi, hər bir rejissorun da öz
üslubu, öz dəst-xətti, öz manerası olur.
Ağakişi Kazımov öz yaradıcılığında
daha çox "klassik" üsluba üstünlük verən
sənətkarlardandır.
Etiraf etmək
lazımdır ki, o, eksperimentlərdən daha çox, ənənələrə
üstünlük verir.
Onu virtual olandan daha
çox, vizual olan cəlb edir.
O, tamaşaçı
ilə "pərdəarxası" deyil, birbaşa dialoqa
üstünlük verir.
Təcrübəli
rejissor məqsədə dolayısı yolla yox, birbaşa
çatmağa cəhd göstərir.
Ağakişi müəllim
mətn üzərində uzun müddət işləməyi
özünün daxili borcu hesab edir. Bəyəndiyi klassik və
müasir əsərlərə eyni tələb və
"şübhə" ilə yanaşır. Mən bu
keyfiyyətlərin parlaq təzahürü kimi konkret bir misal
da çəkə bilərəm; belə ki, cari ildə
işlədiyi teatrın repertuar planına daxil edilən bir
pyesi onun necə diqqət və inadkarlıqla
saf-çürük, analiz, sintez etdiyini uzun müddət izləyib
müşahidə etmişəm. Həmin pyesin müəllifi
mən özüməm. Biz az qala iki ilə yaxın bir vaxt ərzində
həmin əsər üzərində işlədik.
Doğrusunu deyim ki, indiyəcən
mənim onlarca əsərimə quruluş verilsə də,
rejissorla işləməyə o qədər də əhəmiyyət
və diqqət yetirməmişəm. Mənə elə gəlir
ki, dramaturq-rejissor işbirliyi bir qədər şərti
anlayışdır. Yəni, o mənada ki, yazıçı
əsəri bir dəfə yazır. Hər rejissorla fərdi
qaydada işləmək isə onun plan və istəyinə
daxil olan nəsnələrdən deyildir. Axı müəllifin
vaxtı və eləcə də həvəsi haradadır ki,
o, hər rejissorla ayrı-ayrılıqda işləsin? Və
tutaq ki, rejissor sağ olan müəlliflə işlədi, bəs
bu dünyada olmayan müəlliflə birgə işləmək
nə dərəcədə ağlabatandır?
Amma etiraf edim ki, mənim
Ağakişi Kazımovla işləməyim heç də
izsiz ötüb keçmədi. Mən sanki onunla birlikdə
rejissor sənətinin labirintlərinə baş vurdum, sənətkarı
bir yazı-pozu adamı kimi izlədim, onun dözümünə
heyran oldum, inadkarlığına rəğbət bəslədim.
Ağakişi müəllim
bəzi həmyaşıdları kimi elə də tərif,
şöhrət, dəbdəbəli yubiley həvəskarı
deyil. O, sadəliyi xoşlayan adamdır. Amma fakt budur ki,
görkəmli sənətkarın ad günü, yubileyi qeyd
olunur. Mən də bu münasibətlə sənət dostum
Ağakişi Kazımovu ürəkdən təbrik edir, ona
yeni-yeni yaradıcılıq uğurları və
cansağlığı arzu edirəm. Qoy indən sonra da səhnəyə
gətirəcəyi, tamaşaçılara təqdim edəcəyi
əsərlər onun sənətkar ömrünün yeni və
möhkəm pillələrinə çevrilsin.
Firuz MUSTAFA
Ədalət.- 2010.- 9 oktyabr.- S. 11.