SON MƏNZİL
"Mən öləndən sonra da əsərlərimlə
yaşayacağam".
Əlibala Hacızadə
...Doğma kəndindən
ayrıldığı, ilk dəfə şəhərə
düşdüyü üçün qərib bir adam kimi
sıxılsa da, qəlbi böyük arzularla
qanadlanırdı. Zənn edirdi ki, bu az yaşında üzləşdiyi
acılardan, itkilərdən sonra taleyi yəqin ki, bir daha onu
ağır sınaqlara çəkməz. Qəbul
imtahanlarına səylə hazırlaşmış, artıq
üç imtahandan əla qiymət almışdı.
Axırıncı imtahanı da yaxşı versəydi,
unitversitetə qəbul olunacaqdı. Lakin həmin gün
imtahan vərəqini itirdi. İmtahan komissiyasının sədri
ona yeni vərəq vermədi. Əvvəl prorektora, sonra
rektora müraciət etsə də, onlardan müsbət cavab
almadı.
Zənnində
yanıldığını düşünə-düşünə
naəlac halda pillələri enirdi. Ayaqları keyimişdi elə
bil, ürəyi sıxılırdı. Və... birdən Həmid
müəllimi gördü. Gözlərində ümid
işıqlandı, dodaqlarına təbəssüm qondu. Ədəbiyyatdan
imtahanı ondan professor Həmid Araslı
götürmüşdü. Bu çəlimsiz
oğlanın cavabı çox xoşuna gəlmiş, biliyini
"əla" qiymətləndirmişdi. Əlibala
ürəklənib salam verdi.
Bəxtindən Həmid müəllim onu
tanıdı. "Nə olub, bala?" - deyə onun qəmli
olduğunu hiss etdiyindən
həlim səslə soruşdu. Əlibala
başına gələnləri danışdı. Həmid
Araslı onunla birlikdə imtahan
komissiyası sədrinin yanına gəldi: "Mirzə, bir imtahan vərəqi ver, uşaq imtahana getsin". Bayaqdan ağzından "yox"
sözündən başqa qeyri kəlmə çıxmayan komissiya sədri imtahan vərəqini
ona uzatdı. Sevincək imtahan
otağına girib bilet
çəkdi. "Yaxşı" qiymət alıb
universitetə qəbul olundu...
Özünə söz
verdi ki, ilk dərs günündəcə Həmid Araslıya
təşəkkürünü bildirsin.
"İlk dərs
günü böyük sevinc içində auditoriyaya daxil
oldum. Hamı həyəcanla müəllimi gözləyirdi.
Fikirləşdim ki, tənəffüs vaxtı nurani simalı
Həmid müəllimi tapıb ona təşəkkürümü
edəcəyəm. Müəllim auditoriyaya daxil olanda bir
anlıq özümü itirdim. Gələn Həmid Araslı
idi. İnsanlığına pərəstiş etdiyim Həmid
müəllim indi mənə dərs deyəcəkdi. Lakin bir
tərəfdən də çox məyus oldum. Çünki
təşəkkürümü ona bildirə bilməyəcəkdim.
Fikirləşdim ki, əgər mən Həmid müəllimə
təşəkkür etsəm, o elə bilər bu yetim
uşaq beş il qiymət almaq üçün ondan kömək
istəyəcək. Qərara aldım ki, ali məktəbi
bitirməyi gözləyim, o zaman ona minnətdarlığımı
bildirim".
***
Tələbəlik illərinin
əvvəllərində çətinliklərlə üzləşdi.
Yataqxanada yer vermədilər, kirayə evdə qaldı, maddi
sıxıntı içində yaşadı, düz
üç il qış aylarını paltosuz, tək pencəkdə
keçirtdi. Lakin sındırmadı özünü.
Qarşısına qoyduğu məqsəd üçün
çalışdı. Zamanının ünlü alimlərindən,
görkəmli sənətkarlarından, nəcib
insanlarından dərs aldı: Əli Sultanlı, Həmid
Araslı, Mir Cəlal Paşayev, Abbas Zamanov, Mübariz Əlizadə,
Yusif Şirvan, Bəxtiyar Vahabzadə...
O, dərslərini səylə
oxuyur, həvəslə yazırdı: şeirlər,
kiçik hekayələr, novellalar. Bir gün təzəcə
yazdığı "Ağ saçlı qızın hekayəsi"ni
oxuyub fikrini bildirmək üçün Bəxtiyar müəllimə
verdi. Bəxtiyar Vahabzadə tələbəsinin hekayəsini
bəyənib kiçik bir dəyişiklik etdi: Əlibala
Hacıyev imzasını pozaraq Əlibala Hacızadə yazdı.
Beləliklə, o,
sevimli sənət müəlliminin məsləhətilə
yazılarına Əlibala Hacızadə imzasını qoydu.
Universitet qəzetində "Mənim ilk məhəbbətim",
"Ömrüm təzələndi", "Yada
düşdü", "Bir dəstə nərgiz" kimi
lirik hekayələri çap edildi.
Aşağı kurs tələbələri
olan bizlər, eləcə də həmyaşıdları, tələbə
dostları bu ortaboy, arıq, xoşsifət, istedadlı
oğlana rəğbət bəsləyirdilər. Müəllimlər
xətrini istəyirdilər. O, Bəxtiyar Vahabzadənin sevimli
tələbəsi, həmyaşıdı Nahid Hacızadənin
yaxın dostu idi. Və bu səmimi, təmənnasız dostluq
ömür boyu davam etdi.
Aradan illər keçəcək
yazıçı-jurnalist Nahid Hacızadə "Nəsrimizin
nəğməkarı" sərlövhəli xatirəsində
yazacaqdı: "1956-cı ilin yazında universitet qəzetində
Səməd Vurğunun vəfatı ilə bağlı bir
hekayəsi dərc olunmuşdu - "Yada düşdü".
Qəlb
ağrısı, yüksək hissiyyat və böyük
sevgiylə yazılmış bu hekayə şairin romantik
çağlarına həsr olunmuşdu. "Yada
düşdü" - ilk məhəbbət, onun ülviyyəti
haqqında zərif, poetik bir nəğmə idi.
Oğlanlar, qızlar qəzet
vurulmuş lövhənin qabağından ayrılmırdılar.
Tələbələr dəhlizdə onu görəndə
bir-birlərinə deyirdilər: "Yada düşdü"
hekayəsini bax, bu oğlan yazıb".
Hamımız ona qibtə
ilə baxırdıq...
O, beləcə hələ
tələbəykən nəsrin magistral yoluna
çıxıb, taleyini ömürlük sözlə
bağladı, sözə arxalandı, sözlə
qanadlandı. İllər keçdi, Əlibala Hacızadə
müasir Azərbaycan poetik nəsrinin ustadları Seyid
Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev
ənənələri üstündə köklənmiş nəğməkar
bir yazıçı oldu".
Müdriklər deyiblər:
"İstedadı Allah verir, insan tanrısının bu əvəzsiz
nemətinə öz zəhmətilə sahib olur".
Müharibə illərində
ata-anasını itirib qoca nənəsinin ümidinə qalan Əlibala
kiçik yaşlarından zəhmətə qatlaşıb, həm
işləyib, həm də oxuyub. Bəxtinə yaxşı
insanlar, xüsusilə ömrü boyu unutmayacağı
gözəl müəllimlər çıxıb. O,
qayğılar, nəcib insani keyfiyyətlər,
xeyirxahlıqlar qarşısında həmişə
özünü borclu sayıb. Zəhməti, səyi, biliyi ilə
müəllimlərinin etimadını doğrultmağa
çalışıb. Çalışıb ki, sənət
müəllimləri Həmid Araslıdan, Mir Cəlal
Paşayevdən, Bəxtiyar Vahabzadədən öyrəndiklərinin
bəhrəsi kimi öz qələminin məhsulu olan əsərləri
ilə ustadlarını sevindirə bilsin. Və buna nail olub.
Universiteti bitirəndən
sonra respublika Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunda işə başlayır və burada "Fərruxi
Yəzdinin poeziyası" mövzusunda namizədlik
dissertasiyası müdafiə edir. Akademik Həmid Araslı
öz sevimli tələbəsinin fundamental elmi işini bəyənir
və bunu dünya şərqşünaslığında XX əsr
böyük İran şairi F.Yəzdiyə həsr olunmuş
ilk geniş tədqiqat əsəri kimi yüksək qiymətləndirir.
Böyük alimin 10 səhifəlik
müsbət rəyi və xoş sözlərini əvəzsiz
mükafat hesab edən Əlibala Hacızadə gündəliyində
yazır: "Başa düşdüm ki, illərdən bəri
qəlbimdə gizlətdiyim o sözləri artıq deyə
bilərəm. İlk dəfə Həmid müəllimin məndən
imtahan götürdüyü, sonra itmiş imtahan vərəqinin
yerinə yenisini alıb mənə verdiyini ona dedim: "O vaxt
siz mənə kömək etməsəydiniz, indi mən bu səviyyəyə
çata bilməzdim". Həmid Araslı bir qədər
duruxdu, məndəki dözümə təəccübləndi.
Hansı səbəbdən bu sirri saxladığımı
dedikdə isə gözləri doldu".
Düz bir il sonra Əlibala
Hacızadənin Fərruxi Yəzdi haqqında
yazdığı monoqrafiya çapdan çıxdı. O,
gündəliyinə bu sözləri yazdı:
"Ömrümün beş ilini sərf etdiyim kitab! Qoy bu,
ömrü boyu əzab çəkmiş, dodaqları
tikilmiş, damarlarına hava verilərək vəhşicəsinə
öldürülmüş cəfakeş şairin xatirəsinə
məndən kiçik bir əklil olsun!
***
Şərqşünas
alim kimi Əlibala Hacızadə ömrü boyu yalnız bir
yerdə, AMEA-nın Şərqşünaslıq
İnstitutunda çalışmış, elmi
araşdırmalar aparmış, bir sıra orta əsr mənbələrini
dilimzə tərcümə etmiş, eyni zamanda yazıb,
yaratmışdır.
Yaradıcılığının
ilk illərində sınaq dövrünü uğurla
keçən yazıçı öz üzərində səylə
çalışaraq getdikcə püxtələşmiş,
axtarışlarının bəhrəsi özünü
ötən əsrin 60-cı illərində qələmə
aldığı hekayə və povestlərdə büruzə
vermişdir.
Tanınmış tənqidçi
Vaqif Yusiflinin təbirincə, yazıçının
yaradıcılığında sıçrayış
"İnam" povestindən başlayıb. Bu əsərində
Ə.Hacızadə adi həyat əhvalatını mənəvi-əxlaqi
problem səviyyəsinə qaldıra bilib. Povest çap olunduqdan
sonra akademik, görkəmli tənqidçi Məmməd Arif
Dadaşzadə əsər haqqında maraqlı bir məqalə
ilə çıxış etmiş, onun bədii dəyərini
və məziyyətlərini göstərməklə
yanaşı, gənc müəllifə tövsiyələrini
də vermişdi.
Əlibala Hacızadəyə
böyük şöhrət qazandıran, tanınmış
tənqidçi Əsəd Cahangirin "Milli belletrist nəsrin
zirvəsi" hesab etdiyi, "oxucu auditoriyası toplamaq
baxımından bütün Azərbaycan nəsri tarixində
görünməmiş rekord müəyyənləşdirən"
"Əfqanıstan trilogiyası" ("İtkin gəlin",
"Əfsanəsiz illər" "Ayrılığın
sonu yoxmuş") oldu. Mərhum tənqidçi Aydın Məmmədovun
fikrincə, trilogiyanın ilk əsəri - iki gəncin
uğursuz məhəbbətini iddiasız bir dillə nəql
edən "İtkin gəlin"lə doğurduğu
ümumxalq rezonansı baxımından
qarşılaşdırılacaq yeganə roman Anarın
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"
idi. Trilogiyaya daxil olan romanların ümumi tirajı yarım
milyon nüsxədən çox idi və bu, Azərbaycan
yazıçısı üçün böyük göstərici
sayılırdı. Təsadüfi deyil ki, görkəmli ədəbiyyatşünas
alim Abbas Zamanov istedadlı tələbəsinə özünün
təzəcə çapdan çıxan "Sabir
gülür" kitabını hədiyyə edərkən
belə bir avtoqraf yazmışdı: "Azərbaycanın
milyonçu yazıçısı Əlibala Hacızadəyə
müəllimindən yadigar".
İndi təsəvvür
etmək olmur ki, yüksək tirajla təkrar-təkrar nəşr
edilən romanlar haqqında ədəbi tənqid susurdu, amma Əlibala
Hacızadə milyonların sevimlisinə çevrilmişdi. O,
"Mən sözlərimin içində
yaşayıram" xatirə-məqaləsində bu haqda
yazırdı: "İtkin gəlin"
roman-trilogiyasının belə geniş şöhrət
tapmasında dahi şəxsiyyət, ədəbiyyatımızın
və mədəniyyətimizin dostu və təbliğatçısı
Heydər Əlirza oğlu Əliyevin böyük köməyi
olmuşdur. Yaşlı nəslin yadındadır ki, Heydər
Əliyev o zaman pambıq yığımı mövsümlərində
böyük bir qrupla rayonlara gedir, zona müşavirələri
keçirirdi. 1980-ci ildə yayın qızmar günlərindən
birində Saatlı rayonunda hansısa kolxozun briqadasına
gedir, qızları başına yığır, onlara bu
ağır zəhmətləri üçün təşəkkür
edir və sonra soruşur:
- Bəlkə sizin də
bir şeyə ehtiyacınız var, maşına, mebelə...
utanmayın, deyin, mən canla-başla yerinə yetirərəm.
Pambıqçı
qızlardan biri utana-utana qabağa çıxıb:
- Heydər müəllim,
çox sağ olun. Bizim heç nəyə ehtiyacımız
yoxdur, hər şeyimiz var, - deyir, - ancaq bir xahiş eləmək
istəyirik... Bu yaxınlarda "İtkin gəlin"
kitabı çap olunub. Ondan bizim kəndə bircə nüsxə
gəlib çıxıb. Qızlarımız onu oxumaq
üçün növbəyə durublar. Əgər
mümkünsə, deyin, o kitabdan bir az çox buraxsınlar,
biz də oxuya bilək.
(Ardı var)
Əlövsət Bəşirli
Ədalət.- 2010.- 9 oktyabr.- S. 12.