""...BU DAŞ ALTDA MƏMMƏD ARAZ YAŞAYIR""

 

Şeiri, poeziyanı Səməd Vurğunun, Hüseyn Arifin söz dünyası ilə sevməyə başlamışam. Sonra isə Aşıq Ələsgəri, Xəstə Qasımı, daha kimləri, kimləri əzizləmişəm, dəlicəsinə vurulmuşam onlara.

Bir zaman ayılmışam ki, yazı masamın üstündə, yatağımdakı yastığın altında, kitab dolabımda Məmməd Arazın kitabları çoxluq təşkil edir. Və dünyanı qandıqca duymuşam ki, dəli-dolu duyğularımın, məni Allahın yanına qaldıran ruhumun şagirdi Məmməd Araz. Və onun şeirləri insanı uyudan, ona layla çalan həzinlikdən daha çox hayqırtıdı, heyrətdi. Sirr deyil ki, onun vətənpərvər, ictimai-siyasi motivli şeirlərinin hər hansı birini oxuyub, əli yalın, ayaqüstə qalxıb düşmən üstünə getmək olar.

Orta məktəbi bitirəndən sonra ən böyük istəyim onu görmək, səsini eşitmək: heç olmazsa aralıdan da olsa müşahidə eləmək olub. Bu arzuyla hərbi xidmətə gedib qayıtmışam, institutu bitirmişəm. Hər gün elə bilmişəm ki, sabah onunla üz-üzə gələcək, titrəyən əllərindən tutacaq və qartal baxışlarının zəhmindən özümü itirəcəyəm.

Beləcə illər ötdü. Gənclik ehtirası ilə onu misra-misra, duyğu-duyğu qanıma-canıma hopdurduqca dünyanın (xüsusən də dünyamın) Məmməd Arazsız ola biləcəyinə inanmırdım. Əslində, bu barədə düşünmək belə istəmirdim. Bilmirəm, nə duyğudusa, mən onu əbədilik - ölməz bilirdim. Sən demə, bu cür şairlərin, bu cür ölməzlərin cismani yoxluğu qaçılmazmış. Bu sayaq adamlar mənəvi ölməzlərdir. 2004-cü ildə Məmməd Arazın cismani yoxluğunu qəbul eləmək zorunda qaldıq... Xəyal məni gənclik illərinə (hərbi xidmətdən döndüyüm 1978-79-cu illərə) apardı. Bərdədə 10-12 nəfərin toplaşdığı (ayda iki dəfə) "Addımlar" ədəbi dərnəyi vardı. Mən də o dərnəyin üzvü idim. Bizlər hər dərnəkdən çıxdıqca "Ədəbiyyat və incəsənət" qəzeti axtarıb tapır, bu qəzetdə çıxan şeirləri; xüsusən Məmməd Arazın şeirlərini acgözcəsinə oxuyurduq. Və yaxud eşidəndə ki, Məmməd Arazın şeirləri çıxıb, qəzet əlimizə keçməyib, ərinməz-ərinməz qonşu Yevlax şəhərinə getməyi belə könül xoşluğu hesab edərdik.

Təvazödən kənar olmasın, Məmməd Arazın şeirlərini ən çox əzbər bilən mən idim. Şair dostların qəlbi Məmməd Arazın şeirləri üçün aclıq çəkəndə onları imkanım qədər "qidalandırmağa" çalışırdım. Şairin ən çox sevdiyim bir bəndini yerinə düşdükcə təkrar edirdim:

 

O zaman yarpaqlar biri bir palaz,

İndiki yarpaqlar qulaq boydadı.

O zaman uşaqlar böyükdü bir az,

İndiki uşaqlar uşaq boydadı.

 

ya:

 

"Meymuna əl çalmaq öyrətmə, bala,

Uşaqsan, bu bir ağır dərddi bəlkə.

Palıd yarpaqları əl çala-çala,

Palıda öyrətmək öyrətdi bəlkə.

 

Gərnəşər ağac da, daş da, qala da,

Tülkülər, çaqqallar xoşlar bu dəbi.

Tikərlər fillərə yaxın talada

Çəpik qərargahı, alqış məktəbi".

 

... onlarla belə sanballı, müasir, dinamik şeirləri özümçün təklikdə deyər bunlardan təkrarsız zövq alardım. Əslində mən o zövqün ağız şirinliyini, dadını sözlə ifadə edə bilmirəm.

... Böyük adamların (təbii ki, mənən böyüklərin) yoxluğu onun vurğunlarının içində böyük boşluq yaradırmış. bu boşluğu mən çox zaman sel yuyan dağ yollarına bənzədirəm. Mənim dünyamda da o boyda boşluq-yarğan əmələ gəlmişdi: Məmməd Arazın (cismani) yoxluğuynan. Elə tez-tez onun bir bəndini təkrar edirdim:

 

Soruşdum ki, birindən şairəmmi mən,

Özüm ki, özümü öyə bilmərəm.

Cavabı asanca qopdu dilindən:

Hələ ölməmişəm, deyə bilmərəm!

 

... yazıqlar ki, bu, bizdə qiymətli sənətkarlara verilən qiymətsiz qiymətdir. Bunu unudulmaz Məmməd Araz da böyük ürək ağrısıyla bilirdi qeyd edirdi. Bəs üçün belədir? həmişə belə olub? Cavabsız suallardandır...

Ustadın dəfnindən sonra ürək eləyib onun ziyarətə gedə bilmirdim. Nəhayət, özümü cəmləyib bir neçə gün bundan əvvəl - istinin torpağı buğda kimi qovurduğu bir gündə - günortaya yaxın gözəl təkrarsız şairimizə sevgi ehtiramımı saxladığıma özümü bir daha inandırmaq üçün Fəxri Xiyabana getdim (onun dəfnini televizorda izlədiyimdən məzarının yerini bilirdim).

Fəxri Xiyabanın giriş qapısından keçib sola burularaq sağ yandakı - sıralanmış qəbirlərin birinin qarşısında ayaq saxlayıram. Böyük Azərbaycan şairi Məmməd Arazın qranit heykəli adama "gəl-gəl!" deyirdi.

Əvvəlcə ustada yaxınlaşıb onun tunclaşmış əlindən tuturam. Onun hayqırtılı misrasını eşidirəm elə bil:

 

"Ey daşlaşan, torpaqlaşan ulu babam..."

 

... Uca boylu şam ağaclarının altındakı qranitləşmiş ustadın sağ yanındakı daş kitabın üstündə onun dillər əzbəri "Dünya sənin, dünya mənim, dünya heç kimin" şeirindən bir bənd əbədiləşib:

 

Bu get-gəllər bazarına

dəvədi dünya,

Bu ömür-gün naxışına

həvədi dünya.

Əbədiyə qəh-qəh çəkir

əbədi dünya,

Dünya sənin,

dünya mənim,

dünya heç kimin...

 

... Şairin sinə daşı qranit heykəlindən bir qədər aralı - nəhəng mücrüyə bənzəyir. ... üstündə vətən qayalarını, vətən daşlarını urvatlandırıb, özü Daş Heykələ dönən sevgili şairimizin son ünvanına çevrilmiş bir misrası:

 

"Bu daş altda Məmməd Araz yaşayır".

 

 

Rizvan NƏSİBOĞLU

 

Ədalət.- 2010.- 14 oktyabr.- S. 3.