Ətraf mühitə dair informasiya almaq istəyən şəxslə müqavilənin
bağlanması
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü
il 13 may tarixli, 60 nömrəli qərarı ilə təsdiq edilmişdir
Qaydası
1.
Ümumi müddəalar
1.1. Bu Qayda "Ətraf
mühitə dair informasiya almaq haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli, 689 nömrəli
Fərmanının icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır və ətraf mühitə
dair informasiya almaq istəyən şəxslə müqavilənin
bağlanması qaydasını müəyyən edir.
1.2. Ətraf mühitə
dair informasiya almaq istəyən şəxslə müqavilənin
bağlanmasında məqsəd informasiya almaq istəyən
şəxs (bundan sonra - informasiya alan) və ətraf mühitə
dair informasiya obyekti olan dövlət və ya yerli
özünüidarəetmə orqanı (bundan sonra - informasiya
verən orqan) arasında ətraf mühitə dair informasiya
alınması üzrə hüquqi münasibətləri tənzimləməkdən
ibarətdir.
1.3. Müqavilə ətraf
mühitə dair informasiyanın informasiya alana uzun müddətə
müəyyən şərtlərlə verilməsi məqsədi
ilə bağlanır. Ətraf mühitə dair
informasiyanın birdəfəlik sorğu əsasında verilməsi
üçün müqavilə bağlanmır.
1.4. Ətraf mühitə
dair istənilən növ informasiya (açıq və ya
alınması məhdudlaşdırılan) informasiya alanla
bağlanan müqavilənin predmeti ola bilər.
2. Müqavilənin bağlanması qaydası
2.1. Ətraf mühitə
dair informasiya almaq üçün informasiya alan informasiya verən
orqana ərizə ilə müraciət etməlidir.
2.2. Ərizədə
hüquqi şəxslər üçün - hüquqi şəxsin
adı, hüquqi ünvanı, onun bank rekvizitləri, fiziki
şəxslər üçün - şəxsin
ünvanı, soyadı, adı və atasının adı və
ətraf mühitə dair ərizəçinin almaq istədiyi
informasiya barədə dəqiq və aydın məlumat
göstərilir.
2.3. Təqdim olunmuş ərizə
informasiya verən orqan tərəfindən qanunvericilikdə nəzərdə
tutulmuş qaydada qeydiyyata götürülür, 10 gün
müddətində baxılaraq informasiya alana müqavilə
bağlamaq barədə razılıq və ya səbəbləri
göstərilməklə imtina barədə yazılı
cavab verilir.
2.4. Müqavilə
bağlamaq və ya imtina barədə qərarı informasiya
verən orqanın rəhbəri və ya ətraf mühitə
dair informasiya registrinin aparılmasına məsul olan şəxs
qəbul edir.
2.5. Müqavilə
bağlamaq barədə razılıq verildikdən
başlayaraq 10 gün müddətində informasiya verən və
informasiya alan arasında ətraf mühitə dair informasiya
almaq haqqında müqavilə bağlanır.
2.6. Ətraf mühitə
dair informasiya almaq haqqında müqavilədə
aşağıdakılar göstərilir:
2.6.1. müqavilənin məzmunu
- ətraf mühitə dair tələb olunan informasiyanın
adı və qısa məzmunu, verilmə müddətləri
(gündəlik, aylıq, rüblük və s.) və
forması, ödənişin miqdarı və forması;
2.6.2. müqavilənin
ümumi dəyəri və qüvvədə olma müddəti;
2.6.3. müqaviləni
imzalayan tərəflərin öhdəlikləri;
2.6.4. müqavilənin
şərtlərinin yerinə yetirilməsinə görə məsuliyyət;
2.6.5. müqavilə ilə
bağlı mübahisələrin həlli;
2.6.6. müqaviləni
imzalayan tərəflərin rekvizitləri;
2.6.7. müqavilənin məhdudlaşdırılması,
dayandırılması və ya ona xitam verilməsi halları
və qaydası;
2.6.8. ətraf mühitə
dair informasiyanın kommersiya məqsədi ilə
ötürülməsi, satılması,
çoxaldılması və dərc edilməsi şərtləri
və ya qadağan olunması;
2.6.9. Azərbaycan
Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən
və tərəflərin razılığı ilə müəyyən
edilmiş digər şərtlər.
2.7. Ətraf mühitə
dair informasiya almaq haqqında müqavilə iki nüsxədən
ibarət tərtib edilir, hər iki nüsxə tərəflərin
səlahiyyətli şəxsləri tərəfindən
imzalanır və möhürlənir, bir nüsxəsi
informasiya verən orqanda, ikinci nüsxəsi isə informasiya
alanda qalır.
2.8. İnformasiya verən
orqan ətraf mühitə dair informasiya almaq barədə
müraciət və ya sorğuya cavab verməkdən, habelə
informasiyanın yayılmasından yalnız qanunla nəzərdə
tutulmuş hallarda imtina edə bilər.
2.
Müqavilənin
məhdudlaşdırılması, dayandırılması
və ona xitam verilməsi
3.1. İnformasiya alan tərəfindən
ətraf mühitə dair informasiya almaq haqqında müqavilənin
şərtləri pozulduqda, müqavilədə və ya
qanunla nəzərdə tutulmuş hallarda bağlanmış
müqavilə məhdudlaşdırıla, dayandırıla və
ya ona xitam verilə bilər.
3.2. İnformasiya alan tərəfindən
müqavilənin məhdudlaşdırılmasına və ya
dayandırılmasına səbəb olan şərtlər
aradan qaldırıldıqda bu hüquq tam həcmdə bərpa
olunur.
3.3. Ətraf mühitə
dair informasiya almaq haqqında bağlanmış müqavilənin
məhdudlaşdırılması, dayandırılması və
müqaviləyə xitam verilməsi barədə informasiya verən
orqan informasiya alana yazılı xəbər verməlidir.
3.4. İnformasiya alan ətraf
mühitə dair açıq informasiyanın əsassız
olaraq alınması məhdudlaşdırılan informasiyaya
aid edilməsindən, informasiya verilməsindən
yayınmaqdan və imtinadan, ona natamam və ya qeyri-dəqiq
cavab verilməsindən, onun digər hüquqlarının
pozulmasından məhkəməyə müraciət edə
bilər.
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2003-cü il 13 may
tarixli, 60 nömrəli qərarı
ilə təsdiq edilmişdir
Ətraf mühitə
dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi,
obyektlərinin siyahısı, registri və onun
aparılması
Qaydaları
1.
Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan
Respublikası Prezidentinin "Ətraf mühitə dair
informasiya almaq haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" 2002-ci il 18 aprel
tarixli, 689 nömrəli Fərmanının icrasını təmin
etmək məqsədi ilə hazırlanmışdır və
ətraf mühitə dair informasiyanın təhlili,
saxlanması, yeniləşdirilməsi, obyektlərinin
siyahısı, registri və onun aparılması
qaydalarını müəyyən edir.
1.2. Ətraf mühitə
dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi,
obyektlərinin siyahısı, registri və onun
aparılmasının məqsədi ətraf mühitə dair
informasiyaların toplanmasını təmin edən zəruri
sistemləri, toplanmış informasiyaların
saxlanmasının və mütəmadi olaraq yeniləşdirilməsinin
vahid sistemini yaratmaqdan, informasiya obyektlərinin və ətraf
mühitə dair informasiya registrinin vahid siyahısını
müəyyənləşdirməkdən ibarətdir.
1.3. Ətraf mühitə
dair informasiya obyekti olan dövlət və yerli
özünüidarəetmə orqanları ətraf mühitə
dair informasiyaların təhlilini, saxlanmasını, yeniləşdirilməsini
və registrini bu Qaydalara uyğun aparırlar.
2.
Ətraf mühitə
dair informasiyanın təhlili
2.1. Ətraf mühitə
dair informasiya açıq və alınması məhdudlaşdırılan
informasiya növlərinə bölünməklə həmin
informasiyaya malik olan informasiya obyektləri tərəfindən
təhlil edilir və ildə bir dəfədən az olmayaraq ətraf
mühitin vəziyyətinə dair hesabatlar tərtib olunur.
2.2. Ətraf mühitə
dair informasiyanın növündən, toplanma xüsusiyyətindən,
ictimaiyyət üçün əhəmiyyətindən və
s. asılı olaraq hesabatlar gündəlik, aylıq,
rüblük, yarımillik, illik və s. tərtib edilə bilər.
2.3. Ətraf mühitə
dair informasiya təhlilinin nəticələri və onun əsasında
hazırlanmış hesabatlar informasiya reyestrlərinə daxil
edilir.
2.4. Ətraf mühitə
dair informasiya təhlil edilərkən informasiya obyektləri tərəfindən
onun, xüsusən tullantılara dair informasiyanın konfidensial
informasiyadan ayrılması mümkün qədər təmin
edilməlidir.
3.
Ətraf mühitə
dair informasiyanın saxlanması
3.1. Ətraf mühitə
dair informasiya kağız daşıyıcıda, elektron,
audiovizual və digər formada dövlət və yerli
özünüidarəetmə orqanlarında arxiv sənədlərinin
qorunub saxlanması tələblərinə uyğun olaraq
xüsusi saxlama yerlərində qorunub saxlanılır.
3.2. Ətraf mühitə
dair informasiyanın maddi daşıyıcıları köhnəlmə
dərəcəsindən asılı olaraq
vaxtaşırı bərpa olunur.
3.3. Ətraf mühitə
dair informasiya məxfi və ya konfidensial informasiyanın tərkibindədirsə
və ya onları ayırmaq informasiyanın
tamlığına, məxfiliyinə və ya
konfidensiallığına zərər vura bilərsə,
informasiyanın məxfiliyi və ya konfidensiallığı
müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada
qorunur.
3.4. Ətraf mühitə
dair informasiya siyahıları ətraf mühitə dair vahid
informasiya reyestrində saxlanılır.
4.
Ətraf mühitə
dair informasiyanın yeniləşdirilməsi
4.1. Ətraf mühitə
dair informasiya subyekti olan dövlət və yerli
özünüidarəetmə orqanları ətraf mühitin
vəziyyətinə dair tərtib etdikləri hesabatlar üzrə
informasiyaları ictimaiyyət üçün açıq
olan elektron məlumatlar bankına daxil edir, çirklənmələrlə
bağlı kadastr və registr sistemlərinin təkmilləşdirilməsi
üçün tədbirlər görür və qanunvericiliyə
müvafiq qaydada dövri olaraq yeniləşdirirlər.
4.2. Ətraf mühitin vəziyyətinə
dair hesabatlar informasiyaların verilmə müddətlərinə
müvafiq olaraq təhlil edilir və yeniləşdirilir.
4.3. Ətraf mühitə
dair informasiya və onların reyestrləri yeniləşdirilərkən
əvvəlki dövrlərə aid informasiyanın qorunub
saxlanmasını təmin etmək məqsədi ilə
informasiya arxivləri və onların reyestrləri
yaradılır.
5.
Ətraf mühitə dair
informasiya obyektlərinin
siyahısı
5.1. Əhalinin
sağlamlığınin və ətraf mühitin mühafizəsi,
onlara nəzarət, torpağın, suyun, yerin təkinin,
atmosferin, meşələrin, heyvanlar və bitkilər aləminin
qorunması, təbii ehtiyatlardan, habelə təkrar xammaldan
istifadə, bu sahədə qayda və standartları müəyyənləşdirmək,
həmçinin ətraf mühitin vəziyyətinə təsir
göstərə bilən qərarlar qəbul etmək səlahiyyətli
dövlət hakimiyyəti və yerli özününidarəetmə
orqanları, onların sahə strukturları, digər
ixtisaslaşdırılmış fəaliyyət növləri
ətraf mühitə dair informasiyanın obyektləridir.
5.2. Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən ətraf mühitə dair
informasiya obyektlərinin siyahısı, bu obyektlərin
ünvanı və həmin obyektlərdə informasiyanın
verilməsinə məsul olan vəzifəli şəxsin
soyadı, adı göstərilməklə hazırlanır və
hər il yeniləşdirilir.
6.
Ətraf mühitə dair
informasiyanın registri
və onun aparılması
6.1. Ətraf mühitə
dair informasiyanın registri - dövlət və yerli
özünüidarəetmə orqanları tərəfindən
ətraf mühitin vəziyyəti və ona təsir edən
amillər haqqında yaradılan, aparılan, saxlanılan və
mütəmadi olaraq yeniləşdirilən sistemləşdirilmiş
məlumatların məcmusudur.
6.2. Ətraf
mühitə dair informasiyanın registrinə
aşağıdakı məlumatlar
daxil edilir:
6.2.1. Təbii
ehtiyatların monitorinqinə dair:
§ atmosfer havasının
vəziyyəti (hidrometeoroloji və iqlim şəraiti)
haqqında;
§ su ehtiyatları (səth
və yeraltı sular) haqqında;
§ torpaqların vəziyyəti
haqqında;
§ yer təkinin geoloji vəziyyətinin
öyrənilməsi haqqında;
§ mineral-xammal
ehtiyatları və ondan istifadənin vəziyyəti
haqqında;
§ bioloji sərvətlərin
vəziyyəti haqqında;
§ bitki
örtüyünün və meşə ehtiyatlarının vəziyyəti
haqqında;
§ heyvanların, o
cümlədən quşların və balıqların vəziyyəti
haqqında.
6.2.2. Ətraf
mühitin çirklənməsinin
monitorinqinə dair:
§ atmosfer havasının
çirklənməsi haqqında;
§ torpaqların
çirklənməsi haqqında;
§ səth
sularının çirklənməsi haqqında;
§ Xəzər dənizinin
(gölünün) çirklənməsi haqqında;
§ yeraltı suların
çirklənməsi haqqında;
§ zərərli maddələrin
transsərhəd (dəniz, çay və hava vasitəsi ilə)
daşınması haqqında;
§
yağıntıların kimyəvi tərkibi haqqında;
§ radioaktiv çirklənmə
(torpaq, hava və su üzrə) haqqında;
§ səs-küy, vibrasiya
və elektromaqnit təsirləri haqqında;
§ tullantıların idarə
olunması haqqında.
6.2.3. Xüsusi
mühafizə olunan təbiət ərazilərinin monitorinqinə
dair:
§ dövlət təbiət
qoruqlarının, yasaqlıqlarının, milli parklarınin
və təbiət abidələrinin vəziyyəti
haqqında;
§ xüsusi mühafizə
olunan təbiət ərazilərində ətraf mühitin
mühafizəsinin vəziyyəti haqqında.
6.2.4. Ətraf mühitin
mühafizəsinə dair:
§ ekoloji təhlükəsizlik
haqqında;
§ ətraf mühitin
sağlamlaşdırılması sahəsində tədbirlər
haqqında.
6.2.5. Ətraf mühitə
dair qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatlar
6.3. "Ətraf
mühitin mühafizəsi haqqında" Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq ətraf mühitə
dair informasiyanın registri, təbiətdən istifadənin hər
bir sahəsi üzrə Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən təsdiq edilən "Təbii
ehtiyatların dövlət kadastrının aparılması
qaydaları haqqında Əsasnamə"yə uyğun
aparılır.
Ədalət.- 2010.- 14 oktyabr.- S. 4.