"Yalnız Məmməd Araz Araz oldu"
Dünən Azərbaycanın
böyük şairi Məmməd Arazın doğum
günü idi. Təbii ki, hər zaman ürəyində Məmməd
Araz sevgisi yaşadanlar üçün bəlkə də onun
nə zaman dünyaya gəldiyi maraqlı deyil. Belələrinə
görə özünü tanıyan gündən millət,
dövlət yanğısı ilə yaşayan
insanların nə vaxt dünyaya gəlməsi də
maraqlı olmur. Çünki hər bir kəs
üçün Məmməd Araz onu tanıdığı
gün doğulur. Ona görə də çoxları
üçün əsas odur ki, onu tanısın, şeirləri
ilə böyüsün, nəinki böyüsün, həm də
bir vətəndaş, insan kimi yetişsin.
Amma bununla yanaşı,
böyük əksəriyyətin qürrələndiyi bir nəsnə
var ki, o da Məmməd Arazla bir dövrdə yaşamaq, onun
bir ucu Şimalda, bir ucu Cənubda, bir ucu isə Qərbdə
olan, bölünmüş Azərbaycanın birləşdirilməsi,
rusun, farsın caynağından xilas olunaraq, müstəqilliyinin
bərpa olunmasına haraylayan, səfərbər edən
yaradıcılığından mənəvi qida alaraq o
taylı, bu taylı dövlətinin istiqlalını əldə
etməkdir. Onlara görə bu yolda çəkilən
bütün əzablar Məmməd Araz şeirinin
şirinliyində, daha doğrusu özünü
tanımağa çağıran yanğıda çoxdan əriyib
yox olub.
Sağlığında
arzuladığını görsə də amma onun mənəvi
tələbələri yenə də ondan vətəni, milləti
sevmək, onu hər zaman qorumağı öyrəndiklərinə
görə böyük ustadı ziyarət etmək, ruhu ilə
söhbətləşmək, bu mübarizliyi onun şeirlərindən
aldıqlarını bir daha dilə gətirməyi özlərinə
borc bilirlər. Elə dünənki anımda da onlar
göründü. Onlar milyonların Məmməd Araz sevgisini
özləri ilə onun uyuduğu məkana gətirdi. Burada
ifadə etdikləri hər bir fikirdə ürəyi Məmməd
Araz sevgisi ilə aşıb-daşan minlərin-milyonların
səsi də eşidildi.
Millət vəkili,
tanınmış ədəbiyyat adamı Aqil Abbas öz
adları ilə uyuduqları məkanı Fəxri Xiyabana
çevirənlərin böyük əksəriyyətinin
ölmədiyini və oranın məzarlıq da
olmadığını xüsusilə vurğuladı:
"Biz həmişə burada uyuyan böyük insanları elə
onların öz məkanında anırıq. Məmməd
Araz elə bir iz qoyub ki, o həmişə milyonların qəlbində
yaşayacaq. Mən həmişə demişəm və
inanıram ki, Allahın dərgahında şairlər
üçün elə bir yer var ki, onlar orada qorunur. Bəzən
124 min peyğəmbəri Allahın göndərdiyi deyilir.
Amma onlardan cəmi yeddisinin adı tanınır. Dünyada isə
mindən çox şair, yazıçı, ədəbiyyat
adamının adını çəkmək olar ki, onlar hər
zaman yaşayacaq. Məmməd Araz da
dünya durduqca yaşayacaq, anılacaq ədəbiyyat
adamlarındandır. Nizamidən, Füzulidən başlanan
yolu davam etdirib, insanları yetişdirən şairlərdən
biridir. Bir çox yazarların seçilmiş əsərlərindən
söhbət açılır. Amma Məmməd Araz yeganə
adamdır ki, onun seçilmiş əsərləri yoxdur. Demək
olar ki, bütün yaradıcılığı bir-birindən
güclüdür. Ona görə də onun hansısa bir
şeirini digərindən üstün tutmaq mümkün
deyil".
Onunla zamandaş olan,
şeirləri ilə böyüyən və bunu böyük
xoşbəxtlik hesab edən ictimai xadim Qorxmaz İbrahimli hələ
sağlığında Məmməd Arazın
kitablarını tələbələrin, sıravi
oxucuların əldə etmək üçün saatlarla
növbəyə durduqlarını bildirdi: "Hesab edirəm
ki, bu gün bizim onun aramızda olmamasından təəssüflənməyə
haqqımız yoxdur. Çünki, Məmməd Araz hər
gün, hər an bizimlədir. Biz xoşbəxt insanlarıq
ki, onunla bir dövrdə yaşamışıq, əsərlərindən
mənəvi dəstək almışıq. Onun
sağlığında yazıb qoyduğu
yaradıcılığı hamı üçün bir məktəbdir.
Bundan sonra da bu məktəbdən dərs alınması
istiqamətində təbliğatın aparılması hər
birimizin borcudur. Məmməd Arazın "Atamın
kitabı"nın orta məktəblər üçün dərs
vəsaiti olması barədə fikirlər səsləndirildi.
Amma onun nəinki hər bir kitabı, hətta hər bir
sözü belə dərslikdir. Təkcə "Vətən
mənə oğul desə, nə dərdim" misrasında əksini
tapan məqam bəs edir. Bundan artıq nə istəyə bilərik?
Onun hər bir misrasında vətənin hər
qarışının müdafiəsi əksini
tapdığından hər bir kəs onu mənimsəsə,
yaşadığı dövlətin külünü belə
heç kimsəyə güzəştə getməz".
Hələ orta məktəbdə
təhsil aldığı dövrlərdə Məmməd
Arazın şeirləri ilə vətəni, milləti sevməyin
nə demək olduğunu dərk etdiyini deyən digər
ictimai-siyasi xadim Qulamhüseyn Əlibəyli dedi ki, təkcə
"Azərbaycan deyəndə ayağa dur ki, Füzulinin
ürəyinə toxuna bilər" misrası onun nə demək
istədiyini milyonlar anlayırdı: "Məmməd Araz həyatı
boyu həm bir insan kimi dövlətini, millətini sevən
olub, həm də bir şair kimi milyonları öz
ideyalarının ardınca aparmağı bacarıb. O, öz
yaradıcılığı ilə yeni ədəbi
növün əsasını qoyub ki, bu bəlkə də bir
neçə məktəbin yaradılması deməkdir".
Böyük bir məhəbbətlə
yad etdiyi insan barəsində hansısa fikir səsləndirməyin
böyük məsuliyyət olduğunu deyən "Bizim
yol" qəzetinin baş redaktoru, tanınmış jurnalist
Bahəddin Həziyev qeyd etdi ki, Məmməd Araz kimi
böyük şəxsiyyət haqqında söz deyənlərin
müəyyən meyarlara cavab verməli, şəxsiyyəti
ilə seçilməli, davamçıları ilə
tanınmalıdır: "Biz hamımız Milli Azadlıq Hərəkatına
Məmməd Arazın şeirlərindən silahlanaraq
qoşulmuşduq. O, həm bir ziyalı, həm də bir
şair kimi Azərbaycanın
müstəqilliyinə bağlı insan idi. Bu gün də Məmməd
Arazın adı müstəqilliyimizin simvoludur. Heç
şübhəsiz, nə qədər Azərbaycan
yaşayacaq, bir o qədər də Məmməd Araz
anılacaq".
Ədəbiyyat adamı
olaraq tanınan Əbülfət Mədətoğlu Məmməd
Arazla təmasda olduğu, onunla eyni dövrdə
yaşadığı üçün özünü
xoşbəxt sayanlardandır: "Dünyada nə qədər
yaxşı sözlər yazılıb və bundan sonra
yazılsa da yenə də Məmməd Arazın sözləri
qarşısında acizdir. Çünki o, dünyanın ən
gözəl sözlərini öz şeirlərində əks
etdirib. Bu mənada onun barəsində ən gözəl
sözü ifadə etmək belə Məmməd Araz
yaradıcılığı qarşısında çox zəif
görünər. Məmməd Arazın arzuları o zaman
yerinə yetəcək ki, müstəqil Azərbaycanın
bayrağı həmişə başımızın üzərində
dalğalanacaq".
Digər ictimai-siyasi
xadim Əliməmməd Nuriyev də Məmməd Araz
haqqında söz söyləməyin asan
olmadığını vurğuladı. Böyük
yazarın şeirləri ilə böyük bir nəslin
böyüyüb boya-başa çatdığını qeyd
edən Ə.Nuriyev onu da bildirdi ki, Milli Azadlıq Hərəkatına
qalxanların əksəriyyəti məhz onun şeirlərinin
təsiri altında ayağa qalxıb, müstəqilliyi əldə
etdi: "Böyük şairlərin əsərləri həm
də onların özləridir. Bütövlükdə
böyük yazarları öz yaradıcılıqlarından
kənarda təsəvvür etmək mümkün olmur. Məmməd
Araz məhz Azərbaycanın belə dahi insanlarından biri
idi. Mən də onunla bir dövrdə yaşamağımdan
çox böyük qürur duyuram. Hesab edirəm ki,
"Arazdan çox adam yazıb, amma heç kimi Araz ola bilməyib.
Məmməd Araz məhz Araz olmağı bacardı" ifadəsi
olduqca yerində səsləndirilmiş fikirdir. Nə
yaxşı ki, Azərbaycanın Məmməd Araz kimi
böyük insanları var. Böyük insanları olan xalq isə
hər zaman böyük işlər görəcək və həmişə
də tarixdə yaşayacaq".
Nəvəsi Toğrul
Abbasov isə Məmməd Araz barəsində nəvədən
çox, bir şair sevicisi kimi fikirlər səsləndirməyi
üstün tutduğunu dilə gətirdi: "Mən Məmməd
Arazla nəvəsi kimi deyil, bir aydın olduğu
üçün qürur duyuram. Çünki o,
aydınlığa doğru gedən bir paroldur. Çox istərdim
ki, hər bir kəs öz timsalında onun tanınıb
seçilməsində üzərinə düşən
missiyanı yerinə yetirməyə
çalışsın".
Gültəkin
Ədalət.- 2010.- 15 oktyabr.- S. 3.