TANIDIĞIMIZ VƏ TANIMADIĞIMIZ
HƏSƏN HƏSƏNOV
Hər
yazıya başlayanda sərlövhə üzərində
çox fikirləşirəm. Özümdə belə bir qənaət
yaratmışam ki, uğurlu sərlövhə yaxşı
yazı deməkdir. Yenə fikirliyəm. Yazmaq qərarı
verdiyim məqalənin sərlövhəsində ilişib
qalmışam. Şeirlərdən sətir yadıma
düşür, atalar sözlərinə üz tuturam.
Yaxşı bildiyim, dərin məna axtardığım
sözlər düyümlənib qalır, ürəyimə
yatmır.
Belə
narahatlığım təkcə yazının taleyi ilə
bağlı deyil, narahatlıq haqqında yazmaq istədiyim Həsən
Həsənovun bələd olduğum həyat və fəaliyyətini,
insan-vətəndaş kimi milli təəssübkeşlik
hissini daha dəqiq ifadə etmək istəyimdən
doğurdu. O insanın mənim xatirimdəki obrazı, milli mənəmlik
naminə etdiyi fədakarlıqlar ipə-sapa
düzdüyüm sözlərdən daha yüksək, daha əlçatmaz
idi. Bu yazıda həm də öz taleyimlə bağlı
maraqlı məqamları ifadə etmək istəyirəm.
Birlikdə işlədiyimiz, öz aləmimizdə
tanıdığımız partiya rəhbəri Həsən
Həsənov var idi, bir də milli məsələlərlə
bağlı söhbətlərdə, tədbirlərdə o
vaxt Gəncədə yaşayan erməni millətçilərinə
qarşı çox ustalıqla siyasət yeridən və
millətə xidmət etmək istəyinə ( bəlkə də
fədakarlığına) tam bələd
olmadığımız, sözün yaxşı mənasında
millətçi kimi tam tanımadığımız Həsən
Əzizoğlu. İndi o vaxtdan çox keçib, Gəncədə
həyata keçirilən içtimai-siyasi tədbirləri,
tarixə, xüsusilə də məscidlər yerləşmiş
qədim tarixi tikililərə münasibətini göz
önünə gətirirəm. Çox mətləbləri
çox sonralar dərk etdim. Görünür
tanıdığımız və
tanımadığımız Həsən Həsənovla
birlikdə işləmişik. Yazının sərlövhəsi
də bu hisslərdən doğdu. Həsən Həsənovla
şəxsi tanışlığım 1979-cu ilin mart
ayının 3-nə təsadüf edir. Yəqin oxucu
üçün həmin tarixi belə dəqiq
xatırlamağım bir az qəribə gəlir. Amma qeydlərlə
tanışlıq təəccübünüzə
aydınlıq gətirəcək. Həsən Həsənovun
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
1979-cu il 10 yanvar plenumunda Gəncə Şəhər Partiya
Komitəsinin birinci katibi seçilməsi şəhərdə
bir qədər laqeyd qarşılandı. O vaxt Həsən
müəllimi bu şəhərdə demək olar ki, partiya rəhbəri
kimi heç kim yaxından tanımırdı. Düzdür az
vaxt ərzində Sumqayıt şəhər partiya komitəsinin
birinci katibi kimi gördüyü işlər barədə
eşitmişdik, amma bu da azlıq edirdi. Yeni katibin iş
üslubu, qədim şəhərin tarixinə nəvazişkar
münasibəti, hər görüşdən sonra insanlarda
yaranan təəsurat ona münasibəti tədricən dəytişməyə,
yaxınlaşdırmağa başladı. Az vaxt ərzində
gəncəlilərin qarşılaşdığı partiya
işçisi obrazı, narahat xarakteri ( bu
narahatlığın səbəbi ayrıca bir yazının
mövzusudur), insanlarla münasibəti o vaxtkı məlum
birinci katib obrazlarından çox fərqlənirdi. Onu hərtərəfli
təhlil etməyə gücüm çatmaz, təəsuratlarımı
yeni katibin fəaliyyətinin o vaxtkı "Kirovabad
kommunisti" qəzeti redaksiyasında yaratdığı təlatüm
və gərginlik fonunda bölüşəcəm. Şəhər
partiya komitəsi tərəfindən şəhər qəzeti
redaksiyanın vəzifəsi konkret qoyulmuşdu: Şəhər
partiya komitəsinin həyata keçirdiyi tədbirlər barədə
yazıları birinci katib özü oxumalı idi. İlk
baxışda çox maraqlı görünürdü, hər
bir yazını şəxsən birinci katibin özü
oxuyacaqdı. Bu müxbirləri bir qədər sevindirdi də...
Amma bu o oxunuşdan olmadı. Həsən müəllimin
redaktə qabiliyyəti, faktlara əsl jurnalist gözü ilə
baxa bilməsi, məqalələrdə haqlı olaraq əkdiyi
"şum" (bu qənaətə sonralar gəldim) qəzetçilərin
gününü qara elədi. Hər yazı 5-6 dəfə
yenidən işlənmək üçün
qaytarılırdı. Özü də iradlar elə konkret
qoyulurdu ki... Mənim Həsən müəllimlə şəxsi
tanışlığım da həmin gərgin anlarda oldu.
1979-cu il mart ayının 3-ü səhər tezdən redaktor
Sabir Hacıyev məni çağırıb:
- Get bunu da sən yaz, görək
nə olur...- dedi. Səsin tonu
tapşırıqdan daha çox get-gəllərdən
yorulmuş redaktorun xahişi təsiri
bağışlayırdı. Bu tapşırıq mənim
üçün 1976-cı ildə Azərbaycan Dövlət
Universiutetinin jurnalistika fakultəsini bitirərək Gəncəyə
təyinat alan və boş yer olmadığı
üçün redaksiyada xadimədən başqa
bütün texniki işlərdə
çalışmış gənc jurnalist üçün
isə göydəndüşmə bir fürsət idi. Gəncənin Quru Qobu adlanan, illərdir zibilliyə
çevrilmiş ərazisində yeni park salınması
ideyası həyata keçirilirdi. Katib təşəbbüsün
Heydər Əliyev tərəfindən irəli
sürüldüyünü bildirirdi. Mən
isə ilk ağacı əkiləcək Xatirə parkından
reportaj hazırlamaq tapşırığı
almışdım. Böyük həvəslə
əraziyə gəldim. Bütün şəhər
bu ideyanının həyata keçirilməsini
alqışlayırdı. Təkcə qeyd
götürüb, müsahibə almadım, niyyətin
aydınlığıdan, əməlin saflığından ləzzət
alan insan axınına qoşuldum, ağac əkdim,
yer qazdım. Tələsdiyim üçün
bağışlayın, indi hər səhərimi həmin
bağda açıram, o vaxt əkdiyim ağaclardan
aldığım xoş duyğuları qələmlə təsvir
etmək mümkün deyildir. Bu hissləri təkcə mən
yaşamıram , "Həsən
bağı" ömrünün bir parçasına
çevrilmiş gəncəlilərin minnətdarlıq
duyğularının ifadəsidir. Nə isə,
yazı hazır oldu. Redaktor "öz
düzəlişlərini" etdikdən sonra katibin
"hüzuruna" yollandı. Bir müddət
keçdikdən sonra aşağıdan gələn xəbər
redaksiyada top kimi açıldı. Məni katib
özü çağırırdı. Böyük
kabinetə daxil oldum. Həsən müəllim
kresloda özünəməxsus tərzdə oturmuşdu.
Qəbulda başqa adamlar da var idi. Sabir müəllim ayaq üstə əmrə
müntəzir əsgər kimi dayanmışdı. Katib nəsə axtarırmış kimi
yazını bir də vərəqlədi. Eynəyini əli
ilə düzəltdikdən sonra (indi də Həsən
müəllim haqqında xatirələr danışanda onun həmin
hərəkətini xoş duyğularla təkrar edirlər), mənə
müraciət etdi: Qəbuldakı adamların diqqəti mənə
yönəldi. Elə bil onların probleminin həlli
də mənim cavabımdan asılı idi. Çünki onlar yavaş-yavaş tanımağa
başladıqları katibin suallarına cavab verməyin nə
olduğunu bilirdilər. Bilirdilər ki, Həsənov
nə soruşduğunu gözəl bilir və onu laqeyd,
başdansovdu cavabla aldatmaq olmaz. Hər an
vəzifə ilə xüdahafisləşə bilərlər.
Amma onu da deyim ki, bu cür abı-havaya baxmayaraq Həsən
müəllim bir nəfəri də vəzifədən
qovmadı, rəhbərliyi altında işləyən insanlar
bütün keyfiyyətlərini dərindən öyrənib
bələd oldu, qabiliyyətlərini üzə
çıxarıb, onları özünəməxsus
çevik icra mexanizminin bir parçasına çevirdi. Bu hər pariya işçisinə xas olan xüsusiyyət
deyildi. Güclü səfərbəredici
potensiala malik rəhbərdir. Bəzən
zarafatla deyirdik ki, min nəfər düşməninin
yığıldığı salonda danışmaq imkanı
verilsə, Həsən müıllim 15 dəqiqədən
sonra onları özünə əl çalmağa vadar edər.
- Bəli, mən
yazmışam - sakitcə cavab verdim.
- Yazında bilirsən nə
çatmır - səsində çox güclə sezilən
nəvaziş hissi duydum. Nədənsə o vaxt mənə elə
gəldi ki, katib gənc müxbirə öz
qayğısını hiss etdirmək istədi. Bu
mülayimlik qəbuldakıların da diqqətindən
yayınmadı. Sifətlərə xəfif təbəssüm
qondu.
- Nə çatmır
ki ?
- Bir az cəsarətləndim.
Belə cavabım yenicə hərəkətlənən qəbuldakıların
üzərinə yenidən kölgə saldı.
- Yazıda tarix
çatışmır. Qəzet məqaləsi günün
salnaməsi, zamanın tarixidir. Gərək 50-100 ildən sonra
da bu qəzetin "padşibkasını" vərəqləyəndə
bilinsin ki, Xatirə parkının ilk ağacı hansı
gün, hansı ay, hansı il əkilib.
İrad çox dəqiq
idi, məni o qədər tutdu ki, qeyri-adi, özümdən
asılı olmadan tələsik cavab verdim:
- Düz deyirsiniz.
-Get, tarixi də əlavə
elə, göndər mətbəəyə...
Sevincimin həddi-hüdudu
yox idi. Redaksiyada da qəribə ab-hava yaranmışdı.
Katib ilk oxunuşdan sonra yazının mətbəəyə
göndərilməsinə icazə vermişdi. Həmin məqamdan
sonra şəhər partiya komitəsinin tədbirlərini əsasən
mən işıqlandırmağa başladım. Xoşbəxt
bir jurnalist taleyi yaşadım. O vaxt çoxlarının həsədlə
baxdığı tanınmış insanlarla - Fikrət Əmirov,
İsmayıl Şıxlı, Anar, Cəmil Əlibəyov,
Cabir Novruz, Hüseyn Abbaszadə, Tofiq Bayram, Nəriman Həsənzadə,
Toğrul Nərimanbəyov, Əzizə Cəfərzadə...
bu siyahını hələ çox uzatmaq olar - söhbətlərimiz
oldu, müsahuibə və məqalələr qəzet səhifəsinə
çıxarıldı. Bu yazılara görə istənilən
respublika qəzeti bizə həsəd apara bilərdi.
Rusiyanın görkəmli yazıçısı Yuri
Arakçeyev və aktrisa Natalya Qvozdikova, belorus şair-tərcüməçi
İosif Senejenov, ukraynalı İvan Draç, türkiyəli
dramaturq Bilginer və daha kimlər... kimlər gəlmədi bu
şəhərə. Onların ürək sözləri əslində
milli mədəni tariximizə verilən yüksək qiymət
idi. Yuri Arakçeyev o vaxt analoqu olayan Nizami Poeziya
Teatrının tamaşasına baxdıqdan sonra təəssüratlarını
"İzvestiya" qəzetinin oxucuları ilə
bölüşmüşdü. O, açıq səma
altında oynanan tamaşa haqqında yazırdı: "Ay səmadan
boylandı ki, dahi şairin obrazlarına tamaşa etsin. Bu
heç nə ilə əvəz olunmayacaq bir mənzərə
idi". O az vaxt ərzində Gəncəyə kimlər gəlmədi.
Məqsəd də aydın idi. Qonaqlarla görüşər,
şəhərimiz haqqında, burada həyata keçirilən
işlər barədə rəylərini öyrənir və
tarix üçün yazıb, saxlayırdıq. O vaxt qonaqlar
tərəfindən elə qiymətli fikirlər söylənirdi
ki, onlar milli mənəmlik tariximizin ən parlaq səhifəsini
təşkil edir. İştirak etdiyim görüşlərdin
ikisindən aldığım təəssüratı sizinlə
bölüşmək istəyirəm. Rəhmətlik Tofiq
Bayram Nizami poeziya günlərində iştirakından
aldığı təəssüratdan elə coşmuşdu
ki, söhbət zamanı səbri dözmədi, qeyd dəftərçəmi
alıb bədahətən yazdı:
Səninlə nurlanıb şerin səhəri,
Sənət günəşisən bütün
cahanın.
Bakı inciməsin. Gəncə şəhəri,
Şeir paytaxtıdır Azərbaycanın.
Dəfdərçəmdə
şair Abbas Abdullanın da qeydləri durur: " XIX
yüzilliyin sonunda bu şəhərdə yaşayan
tanınmış Ukrayna ədibi Mikola Qulak Gəncəni
torpağımızın sərhəddində Şərqin,
Azərbaycanın ən möhkəm, ən etibarlı
dayağı adlandırıb. Sevinirəm ki, qədim Gəncə,
bu günkü sosialist Kirovabadı şəhər partiya komitəsinin,
onun birinci katibi Həsən Əziz oğlu Həsənov
yoldaşın şəxsi təşəbbüsü və
iştirakı ilə, gəncəlilərin gərgin əməyi
sayəsində doğma Azərbaycanımızın indi daha
möhkəm, etibarlı dayaqlarından birinə
çevrilib." Bu sözləri yazdıqdan sonra nəzakətlə
xahiş etdi ki, fikrini olduğu kimi saxlayın. Nə isə...
Həsən müəllimlə ilk
tanışlığım və mənim qəzetçi
taleyimə yönüm verən ilk təəssüratlarım
belə yadımda qalıb. Həsən müəllim
haqqında yazmaq, onun xarakterini, qabiliyyətini, partiyanın
tuğyan etdiyi illərdə tapa bildiyi imkan daxilində,
ustalıqla ifadə etdiyi milli siyasi gedişləri qələmə
almaq hər adamın işi deyil, o dərinliyə baş
vurmağa mən də ehtiyat edirəm.
İndi Həsən
müəllimin 70 yaşı tamam olur. Bunu bilirdim. Köhnə
tanışların bu münasibətlə təəssüratlarını
yazdıqlarını mənə memar dostum Lətif Kərimov
verdi. Amma bu bir həqiqətdir ki, o insan haqqında, onun
özünün xoşu gələcəyi bir yazı
yazmağa həmişə arzulamışam, həmişə
də ehtiyat etmişəm. O kişini daha dərindən
tanıyanlar məni başa düşərlər. Bəli, 70
yaş. Bilmədim xeyir xəbər kimi sevinim, yoxsa həmişə
şəxsiyyətinə qibtə hissi keçirdiyim, milləti
üçün çalışmaq etirasına yaşın
kölgə salacağı kədər hissinə
qapılım. Böyük insan haqqında bu kiçik qeydləri
yazdım, 70 yaşın gətirdiyi sevincə az da olsa
kölgə sala biləcək xiffət hissini ünütdum.
Yaş milləti, xalqı üçün yaşamaq
etirası ilə yanan insanlara yaraşıqdır. 71 yaşa
xoş gəldin, Həsən Əzizoğlu, ömrünün
yeni daxil olduğu səkkizinci onilliyin mübarək.
Vaqif TANRIVERDİYEV
Ədalət.- 2010.- 19 oktyabr.- S. 4.