QEYRİ-ADİ ADAM...
O, İNSANLARA GƏLƏCƏKDƏN
XƏBƏR VERİRDİ
Alın
yazısı varmı? Yaşayacaqları tale
insanlara qabaqcadanmı verilir?
Varsa, qabaqcadan müəyyən
edilirsə İnsan övladı bu yazılanları dəyişmək
gücündədirmi, yaşayacaq ömrü istədiyi kimi
yönləndirmək imkanına malikdirmi?
Tale yazısı ilə bağlı bu cür suallar
yüzilliklər boyu insanları çox düşündürmüşdür.
Bunları öyrənmək üçün
cürbəcür təcrübələr, araşdırmalar
aparılmışdır. Və nəhayət təkcə
insanların deyil, hətta mövcud
olan hər bir şeyin Fövqəlgüc, Tanrı tərəfindən
idarə edildiyi sübuta
yetirilmişdir. Düzdür, zaman-zaman bunu inkar edib materiyanın əsas
olduğunu önə çəkənlər
də az olmamışdır, lakin bu fəlsəfi
mühakimənin əsası, istinad
nöqtəsi olmadığından bunu
hazırda bəşəriyyətin yalnız çox
kiçik qismi bölüşür.
Əslində tale
yazısının olduğunu sübut etməyə dərin
elmi mühakimələrə, nəzəriyyələrə
ehtiyac yoxdur. Elə təkcə bir sıra seçilmiş
şəxslərə Yaradan tərəfindən olacaqları
öncə görmək qabiliyyətinin verilməsi qədim
dövrlərdən başlamış bu mübahisənin təsdiqi
üçün əyani sübutdur. Bir qədər sadələşdirilmiş
şəkildə deyəsi olsaq, bunu belə ifadə etmək
olar: tale yazısı olmasaydı, nələrin baş verəcəyini
heç bir öncəgörən söyləyə bilməzdi.
Axı, olmayanları qabaqcadan görmək necə
mümkündü?
Hər şey Allahın
iradəsi, hökmü altındadır. "Yazılan"lar mütləq baş verəcək. Bu İlahi bir
təqdirdir. Və bu
yazıya belə başlamaqda məqsədim
heç də o deyil ki, "yazıya pozu yoxdu" ehkamına kimlərisə inandırmağa
çalışım, sübutlar
sadalayım. Bunu nəinki
mən, hətta dünyanın ən böyük alimləri belə istəsələr
də tam şəkildə
bacara bilməzlər və əslində buna ehtiyac da
yoxdur. Sadəcə Tanrı tərəfindən
həyatda olacaqların
çox cüzi bir hissəsini qabaqcadan görmək qabiliyyəti verilmiş bir fenomen insanın
həyatından, möcüzəyə
bənzər əməllərindən
bəhs etmək istəyirəm. Kim bilir, bəlkə də Volf Messinq
kimi bəndələrə
bu istedadın verilməsi digərlərinə
xəbərdarlıq üçündür.
VOLF MESSİNQ
Qeyri-adi qabiliyyətə
malik bu qəribə, özü də çox qəribə
adam Polşada - Varşava quberniyası, Qura-Kalvariya qəsəbəsində,
1899-cu il sentyabrın 10-da yəhudi ailəsində anadan olub.
Kasıblıq içərisində yaşayan ailə
böyük idi. Əslində həmin dövrlər
Qura-Kalvariyanın sakinlərinin əksəriyyəti
yoxsulluqdan əziyyət çəkən yəhudilərdən
ibarət idi. Həyatın sərt sınaqlarından
çıxa bilməyən Volfun atası Qriqori kiçik
bağçasının kirayəsi hesabına
yaşayırdı və gələn gəlir onlara
çatmırdı. Düşkünləşmiş ata da hər
şeyi həyatın öz axarına buraxmışdı. Hətta
yazılanlardan aydın olur ki, məsuliyyətli həyat tərzi
keçirən Qriqoriyə qəsəbə adamları səfil-Qreşka
adı vermişdilər. Volf və onun üç
qardaşı lap uşaq yaşlarından başlayaraq
bağda alma, gavalı və digər meyvə ağaclarına
qulluq edir, evin gəlirinə yardım göstərirdilər.
Çünki başqa əlac da yox idi. Amma təəssüf
ki, uşaqlar çəkdikləri zəhmət əvəzinə
atalarından yalnız şapalaq, söyüş eşidirdilər.
Beləcə əzilən oğlanları hər dəfə
anaları Hana Messinq oxşayar, könlün alar,
qayğısına qalardı. Amma taleyin yazısı bu ailə
üzvləri üçün deyəsən daha sərt
olacaqmış. Çünki Hana çox yaşamadı. O, vərəm
xəstəliyinə tutuldu, bir müddət sonra isə
öldü və uşaqlar demək olar ki, kimsəsiz
qaldılar.
Volf qardaşlarından
fərqlənirdi. Lap uşaq vaxtlarından onda qəribəliklər
var idi. Volfun hələ dörd yaşı olanda (anası vəfat
etməmişdən xeyli əvvəl) anası müşahidə
etmişdi ki, balaca bəzən yuxuda ikən gəzir. Əvvəllər
buna təsadüfi, ötəri hal kimi baxan ana sonradan belə
vəziyyətdə oğlunun başına bir iş gələcəyindən
narahat oldu. Kasıb bir ailə nə edə bilərdi ki?
Anası Hana dərdini qonşulara danışdı. Qəsəbədəki
ağıllı adamlar anaya məsləhət gördülər
ki, uşağın çarpayısının
qarşısına içində soyuq su olan ləyən
qoysunlar. Belə də etdilər. Əlbəttə, bu tədbir
uşağı müəyyən təhlükələrdən
qorusa da düşdüyü vəziyyətdən xilas etmədi.
Sonradan Volf yüksək səviyyədə olmasa da lunatizmdən
bir qədər müalicə aldı. Amma elə o ərəfələr
idi ki, ətrafdakılar balaca Volfun fenomen bir yaddaşa, qabiliyyətə
malik olduğunu görürdülər: o çox asanlıqla
Talmudun (yəhudilərin dini kitabı) bütöv bir səhifəsini
çox asanlıqla yadında saxlaya bilirdi. Qəliz, mürəkkəb
mətnləri bir dəfə oxumaqla təkrar söyləməyi
bacarırdı. Ətrafdakılar kiçik yaşlı
uşağın bu bacarığından heyrətə gəlirdilər.
Əvvəllər bu
işlərdən ağlı bir şey kəsməyən
atası oğlunun gələcəkdə bir parça
çörək sahibi olmasından ötrü
çalışırdı ki, o ravvin olsun, lakin onun bu istəyi
baş tutmadı. Çünki uşaq bu məsələdə
atasına inad etdi. Əslində isə bu inadın səbəbləri
də vardı. Birinci dəfə səyyar-sirkə tamaşa
edən balaca Volf qəti şəkildə qərara
almışdı ki, gələcəkdə fokusçu olsun.
Amma atası da buna qəti etiraz etdi. Hətta oğlunu bu
fikrindən daşındırmaq üçün onu cəzalandırdı,
lap döydü də. Lakin Volfu fikrindən döndərə
bilmədiyini gördükdə hiyləyə əl atdı,
bir qurama düşündü. Belə ki, günlərin birində
qaş qaralan vaxt oğlan öz evlərinin damında ağ
parçaya bürünmüş, saqqallı, nəhəng
bir kimsəni görür və bu naməlum adam ona -
övladım, kilsəyə get, Allaha xidmət et - deyə səslənir.
Bu müəmmalı görüntülərdən son dərəcə
həyəcanlanan Volfun ürəyi gedir və yerə
yıxılır. Dərin stress keçirir.
Artıq Volf gözlərini
açandan sonra dini məktəbdə oxumağa
razılaşdı. Bəlkə də Volf bütün
bunların uydurma olduğundan, atasının onu
aldatdığından xəbər tutmasaydı onun
simasında insanlar həqiqətən də heyrətamiz bir
ravvinin mövcudluğunu görəcəkdi. Amma iki il sonra
balaca Messinq hansısa bir işdən ötrü onlara gələn
saqqallı, cüssəli həmin adamı atası ilə nə
barədəsə sövdələşdiyinin şahidi olanda
hər şeyi başa düşdü və bu, Volf
üçün sarsıdıcı bir zərbəyə
çevrildi. Kiçik Messinq bununla barışa bilmədi. Onu
dəhşətli şəkildə aldatmışdılar. Və
Volf bütün həyatını dəyişəcək
addımını atdı. O, 11 yaşında evlərini tərk
etdi, gəlib sinaqoqdakı xeyriyyə daxılındakı
pulları götürdü (cəmi 9 qəpik), sonrasa tərəddüd
etmədən vağzala gələrək ilk
qaşısına çıxan qatara minib doğma yerlərdən
uzaqlaşdı. Onun üçün haraya gedəcəyinin fərqi
də yox idi. O getdi. Və beləliklə onun həyatda təkbaşına
mücadiləsi başladı. Həyatın belə
amansız olacağını isə Volf uşaq ağlına
belə gətirməmişdi...
QEYRİ-MÜƏYYƏNLİYƏ DOĞRU
İlk sınaq elə
evdən qaçdığı qatarda baş verdi. Biletsiz
mindiyi qatarın skamyası altında gizlənən Volf kənardan
yavaş-yavaş yaxınlaşmaqda olan nəzarətçi-bələdçini
görəndə dəhşətə gəldi. İndi o nə
edəcəkdi? Volf onun gözlərindən
yayınacağına ümid etsə də bu baş vermədi.
Nəzarətçi sərt şəkildə ondan biletini tələb
etdi. Əvvəlcə özünü itirən oğlan nəhayət
özünü ələ aldı və yerdən
tapdığı cırıq köhnə qəzet
parçasını ondan inadla bilet gözləyən nəzarətçinin
ovuclarına basıb bütün varlığı ilə istədi
ki, hər şey yaxşılıqla bitsin. Və möcüzə...
Əlindəki cırıq, köhnə qəzet
parçasına baxan nəzarətçinin
baxışları mülayimləşdi və ona dedi ki, ay
axmaq, biletin ola-ola niyə skamyanın altına girmisən,
çıx, oradan. Həmin möcüzəyə bənzər
hadisə balaca Volfun özündə də maraq oyatdı və
uşaq ağlı ilə də olsa anladı ki, burada qeyri-adi
nəsə var. Qeyd edim ki, Messinqin həyatı haqqında
yazanların bəziləri yanlış olaraq yazırlar ki,
guya həmin vaxt nəzarətçi onu biletsiz olduğu
üçün qatardan tullanmağa məcbur edir və Volf
yerə düşəndə ölümcül yaralanır.
Amma onun "Özüm haqqında" yazdığı
memuarlarında doğrular öz əksini tapıb.
Volfun mindiyi qatar onu
Almaniyanın paytaxtı
Berlinə gətirdi. Avropanın ən nəhəng şəhərlərinin birindəki
vağzalda düşən
balaca, səfil yəhudi daha böyük sınaqların
başlandığını hiss etdi. Yaşamaq üçün o, daha nələrə qatlanmadı:
hanballıq elədi, yeməkxanalarda qab-qacaq yudu, küçələrdə
ayaqqabı təmizlədi,
zibil daşıdı...
ən başlıcası
da tez-tez aclıq keçirdi. Çünki elə vaxtlar
olurdu ki, Volf günlərlə yeməyə heç nə tapmırdı.
Bir dəfə o, acından küçədəcə huşunu
itirib yıxılır.
Hətta
onu ölmüş zənn edib morqa aparmaq da
istəyirlər. Amma Tanrı
ona başqa tale nəsib etmişdi. Son anda ölmədiyini
sezib Volfu məşhur doktor-psixiatr Abelin klinikasına aparırlar. Və orda
da bir təsadüf
ona kömək elədi. Volf gözlərini açıb
ətrafındakı adamları
həm nigarançılıq,
həm də diqqətlə seyr etməyə başladı.
Və onun qəfildən: "Məni
yetimxanaya verməyin"
- deməsi elə həmin an uşağı
yetimlər evinə vermək haqqında düşünən həkimi
heyrətləndirdi. Çünki
həkim həmin an bu səfil
uşağa baxaraq onu yetimxanaya göndərmək haqqında
düşünürdü. Volfla bir qədər söhbətləşəndən sonra Abel uşaqda qeyri-adi istedadın olduğunu görüb bu fenomen halı
öyrənmək üçün
təhqiqata başladı.
Amma çox təəssüf
ki, bunu davam etdirə bilmədi. Birinci Dünya Müharibəsi
başladı, bombardımanlar,
dağıntılar zamanı
bütün laboratoriya,
oradakı sənədlər,
qeydlər, kabinet yanıb külə döndü.
Burada çox maraqlı
bir məqamı önə çəkmək məncə
çox yerinə düşərdi: bu fenomenin öyrənilməsi
üçün doktor-psixoloq Abelin başladığı
araşdırmalar və sonradan aparılan digər təhqiqatlar,
təşəbbüslər, hətta Messinqin
özünün inadlı cəhdləri nəticəsiz
qalmış, pozulmuşdu. Sanki gözəgörünməz
bir Qüvvə bütün bunların gizli qalmasını istəyib.
Lakin bununla belə, Volfun bu qeyri-adi bacarığı çox
erkən yaşlarından ətrafın diqqətini çəkməyə
başlayır. Həmin dövrdə bu "möcüzə-oğlan"a
tanınmış impresario Tselmeystr diqqət göstərdi.
O, hətta Volf üçün sirk təşkil etdi. Və
bundan sonra kiçik Messinq həftənin üç
günü bu sirkdə qeyri-adi proqramlarla
çıxış etməyə başladı. O, büllur
tabutun içərisində özünü katalepsiya yuxusuna
(bədən və ayrı-ayrı orqanların quruması və
iradi hərəkət qabiliyyətin itməsi) verməklə,
huşsuz vəziyyətə salmaqla və ya zalda gizlədilmiş
əşyanı tapmaqla, başqalarının
düşündüklərini "oxumaq"la
tamaşaçıları heyrət içərisində
qoyurdu. Adamlar artıq hər yerdə onların
düşündüklərini kənardan oxuyan,
qarşısındakı istənilən şəxsə
öz iradəsini diqtə edə bilən,
tanımadığı adamların həyatında əvvəllər
baş vermiş hadisələri belə söyləyən...
Messinqdən danışırdılar. Bu qəribə
adamın şöhrəti durmadan artırdı. Onu da qeyd etmək
lazımdır ki, Volf bütün bu işlərlə
yanaşı telepatiyaya, psixologiyaya... aid kitablar oxuyur, ciddi
şəkildə mütaliə ilə məşğul olurdu.
Özünü hazırlamaq, yoxlamaq üçün
küçədən keçən tanımadığı
adamların nə düşündüklərini
"oxuyur", bəzi hallarda həmin şəxslərə
düşündükləri problemin həll
olunacağını söyləyirdi. Artıq kifayət qədər
ciddi, tanınmış şəxsiyyətlər onunla
maraqlanmağa başlamışdılar. Hər kəs
"möcüzə-oğlan"ı görmək istəyirdi...
İKİ DAHİNİ HEYRƏTLƏNDİRƏN
YENİYETMƏ
1915-ci il idi. Cəmi on
altı yaşı olan telepat Venaya qostrola gəldi və
böyük salonlarda tamaşalar göstərdi. Venalılar da
digərləri kimi bu qeyri-adi fenomeni təəccüblə
izlədilər. İnsanlar bunun gerçək olduğuna inana
bilmirdilər: axı, necə olurdu ki, bu yeniyetmə kənardan
kimin nə düşündüyünü dəqiqliklə
"oxusun"? Yaxud keçmişdə görmədiyi,
şahidi olmadığı hadisələri söyləsin,
kiminsə gələcəkdə başına gələcəklərdən
xəbər versin?
Maraqlıdır,
Venadakı tamaşaların birində 20-ci əsr elminin iki nəhəng
siması - psixoanaliz elminin əsasını qoymuş Ziqmund
Freyd və dahi fizik Albert Eynşteyn də bu "möcüzə-oğlan"ın
tamaşasına gəldilər, onunla görüşdülər.
Belə demək mümkünsə, Volf Messinq bu görüşdə
hətta hər iki dahinin "imtahan"ıyla da
qarşılaşdı. Belə ki, tamaşa zamanı Messinq
dahi Freydin düşündüklərini "oxumalı" və
onu yerinə yetirməliydi. Sonuncu yerədək dolu olan
tamaşa salonunda hər kəs nəfəsini içinə
çəkərək nələrin baş verəcəyini
izləyirdi. 16 yaşlı yeniyetmə qarşısında
dayandığı böyük Ziqmundun fikrindəki
tapşırıqları "almalı", icra etməliydi.
(ardı olacaq)
BABƏK YUSİFOĞLU
Ədalət.- 2010.- 19 oktyabr.- S. 5.