İqlim dəyişikliyinin hüquqi və etik aspektləri
Artıq bir neçə ildir prezidentin müvafiq sərəncamı
ilə 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü
kimi qeyd olunur. Azərbaycan dünyada
öz Milli İnsan Hüquqları gününü
qeyd edən yeganə ölkədir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
Elmira Süleymanovanın təşəbbüsü
ilə mayın 18-dən iyunun 18-dək
ölkədə İnsan hüquqları
aylığı keçirilib və
Bakıda, habelə respublikamızın bütün
regionlarında silsilə tədbirlər təşkil olunub.
Ölkə Prezidentinin
tövsiyəsi ilə respublikamızda qeyd olunan "Ekologiya
ili" və İnsan Hüquqları Günü münasibətilə
Müvəkkil tərəfindən keçirilən, 17-19 iyun
2010-cu il tarixlərində keçirilən və
"İnsan hüquqları və ətraf mühit: iqlim dəyişikliyinin
hüquqi və etik aspektləri" mövzusuna həsr
edilmiş Ombudsmanların VIII Bakı Beynəlxalq konfransı
insan hüquqları üzrə mühüm yekun tədbiri
olub.
Bu mötəbər
toplantıda Kanada, Tailand, Sloveniya, Rusiya Federasiyası (RF) və
subyektlərinin, Ukrayna, Belarus və Moldovanın
ombudsmanları və ya bu ölkələrin milli insan
hüquqları təsisatlarının nümayəndələri,
həmçinin insan hüquqları sahəsində
tanınmış beynəlxalq ekspertlər iştirak ediblər.
Tədbirə həmçinin Azərbaycan Respublikası Milli
Məclisinin deputatları, dövlət qurumlarının,
QHT-lərin, vətəndaş cəmiyyətinin, nümayəndələri,
Rusiya Federasiyası, Türkiyə, Norveç və
Polşanın ölkəmizdəki səfirləri, habelə
KİV təmsilçiləri qatılıblar.
Konfransın
açılış mərasimində Ombudsman Elmira
Süleymanova, Azərbaycan Respublikası Baş nazirinin
müavini, Qaçqın və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov, Ekologiya və Təbii Sərvətlər
naziri Hüseynqulu Bağırov, YUNESKO-nun Moskva Bürosunun
sosial və humanitar elmlər üzrə mütəxəssisi
Alla Ampar çıxış edərək, beynəlxalq tədbirin
məqsəd və məramını açıqlayıblar.
İlk plenar iclas "Ətraf
mühit və insan hüquqları: əsas beynəlxalq-hüquqi
aktlar və milli qanunvericilik" mövzusuna həsr olunub.
E.Süleymanova "Beynəlxalq hüquqi aktlarda və milli
qanunvericilikdə təsbit olunmuş ekoloji hüquqların
müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti"
mövzusunda məruzə edib. O, hər il Azərbaycanda
Ombudsmanların konfransını təşkil etdiyini, indiyə
kimi keçirilən beynəlxalq tədbirlərdə 50-dək
ölkənin insan hüquqları üzrə müvəkkilinin
iştirak etdiyini, belə mötəbər toplantılar vasitəsilə
həm də təcrübə mübadiləsi
aparıldığını bildirib. O, iqlim dəyişikliyinin
hüquqi və etik aspektlərinə dair konfransın ilk dəfə
olaraq Azərbaycan Ombudsman İnstitutu tərəfindən
keçirildiyini vurğulayıb, ekoloji hüquqların
müdafiəsinin böyük əhəmiyyət
daşıdığını qeyd edib.
E.Süleymanova
hazırda bir sıra dünya ölkələrdə baş
verən və getdikcə artmaqda olan ciddi ekoloji fəlakətlər,
kəskin iqlim dəyişiklikləri, yağıntılar,
daşqınlar, meşə yanğınları, torpaq
sürüşmələri, vulkan püskürmələri,
zəlzələlərlə üzləşdiyini, bu problemlərin
həlli yollarının axtarıldığını
vurğulayıb. Ekoloji hüquqların digər insan
hüquqları ilə sıx bağlı olduğunu
vurğulayan Müvəkkil iqlim dəyişikliklərinin
insanları ciddi maddi itkilərlə yanaşı, psixoloji
stresslərə məruz qoyduğunu, etik normaların
pozulmasına səbəb olduğunu söyləyib. O, bu qəbildən
olan insanların uzun müddət psixoloji reabilitasiyaya
ehtiyaclarını nəzərə alaraq səriştəli
psixoloqların hazırlanmasının, ixtisaslaşmış
QHT-lərin, krizis mərkəzlərinin
yaradılmasının zəruriliyini, eyni zamanda yeni texniki
vasitələrə, texnologiyalara, müvafiq avadanlığa
ehtiyac yarandığını qeyd edib.
Azərbaycan
Respublikası Konstitusiyasının 39-cu maddəsinin hər
bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq
hüququnu təsbit etdiyi, hər kəsin ətraf mühitin əsl
vəziyyəti haqqında məlumat toplamaq və ekoloji
hüquqpozma ilə əlaqədar onun
sağlamlığına və əmlakına vurulmuş zərərin
əvəzini almaq hüququ olduğu diqqətə
çatdırılıb.
Dövlətimizin ətraf
mühitin sistemli şəkildə mühafizəsinin təşkili
və təminində maraqlı olduğu bildirilmiş, bu sahədə
müvafiq normativ-hüquqi aktların qəbul edildiyi, həmin
sənədlərin ekoloji hüquqların təmini, əhalinin
ekoloji düşüncə tərzinin və mədəniyyətinin
formalaşmasında əhəmiyyətli rol
oynadığı vurğulanıb.
"A" statuslu milli
insan hüquqları təsisatı kimi Azərbaycan
Ombudsmanının fəaliyyətində digər hüquqlarla
yanaşı, ekoloji hüquqların müdafiəsinin də
mühüm yer tutduğu, "Ekologiya ili" çərçivəsində
bu istiqamətdə fəaliyyətin daha da genişləndirildiyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə
silsilə tədbirlərin keçirildiyi bildirilib.
Son vaxtlar yağan
aramsız yağışlar nəticəsində
respublikamızın bir sıra rayonlarında sel və
daşqınların baş verdiyi, ərazilərin su
altında qaldığı, yaşayış evlərinin qəzalı
vəziyyətə düşdüyü, çoxsaylı
infrastrukturun və sosial obyektlərin sıradan
çıxdığı, əhaliyə ziyan dəydiyi, yerli
əhalinin mənəvi və psixoloji stresslərə məruz
qaldığı diqqətə çatdırılıb. Qeyd
edilib ki, Azərbaycan Ombudsmanı ötən illərdə
olduğu kimi, bu dəfə də fəlakət zonalarına səfər
edərək, nəticələrin aradan
qaldırılması, mövcud problemin nəzarətdə
saxlanılması məqsədilə yaradılmış mərkəzi
qərargahda olub, əhali ilə görüşüb,
onların vəziyyətini öyrənib, problemlərinin həlli
yollarını müvafiq dövlət qurumlarının rəhbərləri
ilə müzakirə edib. Ombudsmanın Kür
çayının daşması ilə əlaqədar su
basmış ərazilərdən
köçürülmüş və məktəblərdə
məskunlaşmış kənd sakinləri, habelə
çadırlarda yerləşdirilmiş ailələrə də
baş çəkdiyi vurğulanıb. Həyata
keçirilmiş çevik tədbirlər nəticəsində
daha ciddi itkilərin qarşısı alınıb.
Müvəkkil ekoloji
hüquqların səmərəli müdafiəsi və təmini
baxımından bir sıra təkliflərlə
çıxış edib. Təbii fəlakətlər, insan fəaliyyəti
nəticəsində yaranan texnogen hadisələr, hərbi
münaqişələr və müharibələr nəticəsində
yaranan fövqəladə hallarda daha ağır fəsadların
aradan qaldırılması üçün preventiv tədbirlərin
görülməsi, pozulmuş insan hüquqlarının bərpası
məqsədilə müvafiq qurumların dinamik, operativ şəbəkə
şəklində fəaliyyət göstərməsi, hadisə
baş verdikdən sonra fəlakətin nəticələrinin
tez bir zamanda aradan qaldırılması, əhali arasında
müvafiq hüquqi maarifləndirmə tədbirlərinin
keçirilməsi, hüquq mədəniyyətinin təbliği
ilə bağlı təkliflər bu sıradandır.
Baş nazirin müavini,
Qaçqın və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov Ombudsmanın insan hüquqları, o
cümlədən qaçqın və məcburi
köçkünlərin hüquqlarının müdafiəsi
sahəsində fəaliyyətini yüksək qiymətləndirib.
O, Ermənistanın Azərbaycana qarşı təcavüzü
nəticəsində torpaqlarımızın 20 faizinin
işğal olunduğunu, bir milyon soydaşımızın
qaçqına və məcburi köçkünə
çevrildiyini söyləyib, onların problemlərinin həlli
istiqamətində görülən işlər barədə
məlumat verib.
Ekologiya və Təbii Sərvətlər
naziri Hüseynqulu Bağırov Ombudsmanla ekoloji hüquqlar sahəsində
sıx əməkdaşlıq etdiyini, "Ekologiya ili"
çərçivəsində birgə tədbirlər
keçirildiyini vurğulayıb.
YUNESKO-nun Moskva
Bürosunun nümayəndəsi Alla Ampar təmsil etdiyi qurumun
Azərbaycan Ombudsman təsisatı ilə səmərəli əlaqələri
barədə danışıb, konfransın çox vacib
mövzuya həsr edildiyini, YUNESKO üçün ekoloji məsələlərin
də prioritet təşkil etdiyini vurğulayıb.
Sonra Rusiya Federasiyası
(RF) Tatarıstan Respublikasının Ombudsmanı Raşit
Vagizov "Ətraf mühit və insan hüquqları: beynəlxalq-hüquqi
və milli aspektlər", Milli Məclisin deputatı Elton Məmmədov
"Azərbaycan Respublikasında ətraf mühit:
qanunvericiliyin əsas aspektləri", Müəllif
Hüquqları Agentliyinin sədri Kamran İmanov "Ətraf
mühit və əqli mülkiyyət hüququ", BDU-nun
professoru Əmir Əliyev "Sağlam ətraf mühitdə
yaşamaq hüququ: beynəlxalq standartlar və Azərbaycan
Respublikasının qanunvericiliyi", Müstəqil Hüquq
Mərkəzinin prezidenti, Milli QHT Forumu İdarə heyətinin
sədri Aydın Kərimov "Ekologiya və insan
hüquqları: vətəndaş cəmiyyətinin rolu"
mövzularında məruzələr ediblər.
Ətraf mühit və
insan hüquqlarının səmərəli təmini probleminə
həsr edilmiş ikinci plenar iclasda Kanada Ombudsmanının
müavini, beynəlxalq ekspert D.Lenqtray, FHN-in sektor müdiri
A.İsgəndərov, Moldova Respublikasının Parlament vəkili
A.Qriqoriu, Sloveniya Ombudsmanı Z.Çebaşek-Travnik, RF Saratov
vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili
N.Lukaşova, Ukrayna Ali Radasının Ombudsman Aparatının
şöbə müdiri A.Donkoqlov məruzələr ediblər.
Konfransın ikinci iş
günü qlobal iqlim dəyişikliyinin hüquqi və etik
aspektlərinə həsr olunmuş III plenar iclasda Minsk Beynəlxalq
Ekoloji Universitetinin professoru, beynəlxalq ekspert T.Mişatkina və
Kazan Dövlət Universitetinin professoru R.Valeyevin məruzələri
dinlənilib.
Müvəkkilin uşaq
hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan
Uşaq və Gənclərin Sülh Şəbəkəsi
üzvlərinin "Uşaqlar ekstremal şəraitdə"
adlı təqdimatı, onların uşaq və ekoloji
hüquqlar sahəsində gördüyü işlər, həmçinin
adı çəkilən şəbəkənin nəzdində
Liderlik Məktəbi yetirmələrinin ekoloji hüquqlar
mövzusunda rəsmləri iştirakçılarda
böyük maraq doğurub.
Konfrans
iştirakçıları həmin gün Milli Məclisdə
olmuş, parlament sədrinin birinci müavini Ziyafət Əsgərovla
görüşüblər.
Ombudsmanların VIII
Bakı Beynəlxalq konfransının üçüncü
iş günü İnsan Hüquqları üzrə Müvəkkilin
Aparatında davam etdirilib. Tədbir
iştirakçıları müzakirələrə yekun
vuraraq və tövsiyələr irəli sürüblər.
Qonaqlar Ombudsman təsisatının fəaliyyət istiqamətləri
və struktur bölmələri ilə yaxından
tanış olub, Müvəkkilin innovativ ideyalarını və
tədbirlərini maraq və razılıq hissi ilə
qarşılayıb.
Konfransın sonunda Azərbaycan
Ombudsmanının çoxsaylı təkliflərinin də
yer aldığı Bakı Bəyannaməsi yekdilliklə qəbul
olunmuşdur. Bəyannamədə ekoloji məsələlərlə
bağlı insan hüquqlarının daha səmərəli
müdafiəsi məqsədi ilə parlamentlə, müvafiq
dövlət qurumları, habelə QHT-lərlə əməkdaşlığın
inkişaf etdirilməsi, universal və regional beynəlxalq təşkilatlarla,
həmçinin milli insan hüquqları təsisatları ilə
birgə layihələrin həyata keçirilməsi və s.
əks olunmuşdur. Bu sənəddə ekoloji hüquqlara
hörmətin təmin edilməsinin insan hüquqlarına dair
beynəlxalq hüquqi aktlarda öz əksini tapmış etik
norma və standartların təbliğinin zəruriliyi qeyd
edilib.
Kanada Ombudsmanının
müavini, Tailandın Baş Ombudsmanı, RF İnsan
Hüquqları üzrə Müvəkkili Aparatı rəhbərinin
müavini, RF Samara vilayəti və Dağıstan
Respublikasının ombudsmanları və digər
iştirakçılar "A" statuslu milli insan
hüquqları təsisatı kimi, Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinin təşəbbüslərini yüksək
dəyərləndirib, konfransın yüksək səviyyədə
təşkili və keçirilməsinə görə ona
minnətdarlıqlarını bildirib, qarşılıqlı
əməkdaşlığın gələcəkdə də
davamlı olacağına ümidlərini ifadə ediblər.
Zemfira MƏHƏRRƏMLİ
Ədalət.- 2010.- 19 oktyabr.- S. 7.