"Rübai karvanı, dördlük çələngi" silsiləsindən

 

Yayın istisində tez əriyir buz,

Göy üzü həmişə olmur buludsuz.

Dayanıb od ilə su arasında –

Yaşaya bilmərik susuz və odsuz.

 

Bir dayan, yadıma nə isə düşdü:

Yolum dəbdəbəli məclisə düşdü;

Bir nəfər salamı elə verdi ki,

Onun çox hissəsi rəisə düşdü.

 

Qış çox havalarda yaza çevrilir,

Donan su daşlaşıb buza çevrilir.

Xlor - boğucu qaz, natrium - zəhər,

Birləşib süfrədə duza çevrilir.

 

Yerdə ot cücərir, çiçək yaranır,

Səmada yeddi cür xoş rəng yaranır.

Qız bulud öpüşür oğlan buludla –

Lərzəli ildırım, şimşək yaranır.

 

Şor torpaq sünbül də, gül də bitirir,

Qarışqa özündən çox yük götürür.

Miss naqil xoşlayır xeyirxahlığı –

Ünvandan ünvana işıq ötürür.

 

Dünən bir dişim də çıxdı sıradan,

Nə verib geriyə alır yaradan.

Yaşımın ahıllıq çağında mən də

Deyəsən seçirəm "tünd"ü "qara"dan.

 

Hər şeyin sonuna inanıram mən,

Qocaldın, tutasan gərək çəlikdən.

Məşhur filosofa o gün dedim ki,

Bezər ruh özü də əbədilikdən.

 

Vətəndən-vətənə qonaq gələn var,

Hər gün kövrələn var, hər gün gülən var.

Vətəni ikiyə bölən zolaqda

Yenə yaralanan, yenə ölən var...

 

Dözürük ATƏT-in boş hay-küyünə,

Çoxdur axışanlar neftin iyinə;

Fəqət parçalanmış Azərbaycanın

NATO biganədir Bütövlüyünə!

 

Türkün imicinə zərər vurursan,

Səmti dəyişdirib hara varırsan?

Bir yaşlı körpəni, söylə, nə üçün

Əvvəl yad sözlərlə danışdırırsan?

 

Kamillik gətirən yaşa bax, yaşa!

"Qrip"siz şığıyan quşa bax, quşa!

Götürən, kənara qoyan tapılmır –

Yolun ortasında daşa, bax, daşa!

 

Yırtıcı adamlar sevib-sevilməz!

Məmməd Arazındır eşitdiyin səs:

"Şöhrət azarına tutulanları

Şöhrətin özü də sağalda bilməz!"

 

Haylar Fransaya tez hay verdilər,

Siyasət "bağından çiçək dərdilər".

Görəsən nə üçün Şirak çölündən

Cənab Jak Şiraka gül göndərdilər?

 

Həmişə dəyişməz, saf qalıb qızıl,

İnsan çoxaldıqca azalıb qızıl;

Heç bir qarışığı olmadığından,

Paklıq sırasına yazılıb qızıl.

 

İlahi! Qulaq as, imkanın varsa:

Az qalıb əlimdə gəzdirəm əsa.

Niyə yaradıbsan gözəllikləri,

Niyə yaşamağı edibsən qısa?

 

Göz verib sənə bu, mənə bu dünya.

Gərək gülüstana dönə bu dünya!

Qədim zamanlarda sərhədsiz imiş,

Sərhədsiz olacaq yenə bu dünya!

 

Var nəcib, xeyirxah, igid, ər kişi,

Var xəbis, dələduz, şuluq, şər kişi;

Gör necə insə, saf duyğulu imiş

Eni uzununa bərabər kişi.

 

Ah-naləm, fəryadım ucalır göyə,

Tez-tez rast gəlirəm nakam taleyə;

Yaradan məhəbbət aşılayıbsa,

Sonra sevənləri ayırır niyə?

 

Deyirlər çox şeyi ama eyninə,

Adamı yandırır bilirsiniz nə?

Avropa Şurası razılıq verib –

Kişinin kişiylə evlənməyinə!

 

Başqadır gördüyüm mənzərə indi,

Səhv düşüb qapıyla pəncərə indi;

Bir vaxt allahsızlıq dərsi keçənlər

Şəriət öyrədir gənclərə indii...

 

Min-min ev tikilib "əsər" olacaq

Beton bahalaşıb mərmər olacaq;

Bakıya köçənlər axın-axındır:

Abşeron deyəsən şəhər olacaq...

 

Nəyi bəyənməyən cənab ürəksiz

Az qalıb tara da desin gərəksiz;

Ozan babaların ruhu narahat –

Sazı dilləndirək elektriksiz!

 

Ah, necə qurtulaq biz bu "yanğın"dan?

Hamı "dürr" çıxarır söz sandığından

Cızmaqaraçılar o qədər artıb –

Ustad lal görünür utandığından.

 

Simi gah dindirir, gah qırır həyat,

Hərdən qılıncını sıyırır həyat.

İnsanı insana möhkəm sevdirib,

Sonra həmişəlik ayırır həyat.

 

***

 

Şerimdə üçnöqtə, mötərizə var,

Nidam zərb aləti kimi çalınar.

Defislər birləşsə - üfüqü düz xətt,

Tire parçalansa defis alınar.

 

Terror, müharibə, göz yaşı, fəryad..

Saxta dərmanlar da çoxalıb qat-qat.

İlahi! Ya sağalt bəşəriyyəti,

Ya da insanlığı yenidən yarat!

 

Təzadlı aləmin sakiniyik biz,

Səndə güc üstündür, onda duyğu, hiss.

Yaxşı ki, ağıllar bərabər deyil –

Söz yetim qalardı, dünya dahisiz.

 

Desək də "ağ"a "ağ", "qara"ya "qara",

Çox şeyin dəyəri bilinir sonra.

... Məhəccər, sadəcə tutalğac deyil,

Məhəccər güc verir qocalanlara.

 

Çılğın olmağıma, dostlar, dözün siz!

Hərdən danışıram birdən, iznsiz;

Biz şair millətik... əfsus dünyada

Dil var qafiyəsiz, dil var vəznsiz.

 

Dağ, dəniz, çay, çəmən, orman fırlanır.

Dünya mütəmadi, yaman fırlanır.

Bu ucsuz-bucaqsız fəzada hər şey,

Hər şeyə qoşulub zaman fırlanır.

 

Ağacı ağaca sürtüb od aldıq,

Şamı kəşf edərək xeyli ucaldıq.

Gəldi elektrik əsri... Nəhayət

Nüvə bombasının girovu olduq.

 

Çətin yol gedirik Yeni dünyaya,

Min dərd-sər yayılıb eyni dünyaya.

Ay ata, ay ana! Ay əzizlərim,

Niyə gətirdiniz məni dünyaya?!

 

***

 

Yüz payız, yüz bahar ötüb o vaxtdan –

"Leyli və Məcnun"lu tarixi çağdan.

Neçə simfoniya, balet, opera...

Od alıb muğamat adlı ocaqdan.

 

Yayır fəlakəti, şəri qasırğa,

Ulayır nə vaxtdan bəri qasırğa.

Küləyin cürbəcür oyunları var:

Biri meh, biri yel, biri qasırğa.

 

Məşhur işarələr - iqrek, iks, zet:

Mərkəzdə birləşən üç istiqamət.

Üç mühüm nöqtəni tapsaq - bilərik:

Ya düz, ya əyridir axtarılan xətt.

 

Çoxdur təbiətdə müəmma, məna,

Min cür qəribəlik durur yan-yana.

Çıxır yumurtadan körpə kenquru –

Anası döşündən süd verir ona.

 

Gərək öyrəşəsən əksiklərə:

Gah qıya qulaq as, gah cik-ciklərə.

Zamanın hər annı atom kimidir –

O da bölünürmüş zərrəciklərə.

 

Qalmaqal qoparıb azı min kərə,

Bezdən ustalıqla keçib məxmərə;

Ərini çərlədib öldürən arvad

İndi müsahibə verir müxbirə.

 

Ucalıq - ömrünün hər pilləsində,

Qalır gümrahlığı hətta səsində.

Türkün tarixini öyrədir, amma

Yad dildə danışır ailəsində.

 

 

Oqtay RZA

 

Ədalət.- 2010.- 19 oktyabr.- S. 6.