YAMAN YORĞUNAM

 

Novruzov Zeynalabdin Novruz oğlu 1946-cı ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Xok kəndində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Yaradıcılığa tələbəlik illərində başlayıb. İndiyədək iki kitabı- "Zaman yaşatmağa qadir deyilsə" (1998) və "Əldə gül, dildə tikan" (2009) kitabları işıq üzü görüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

Kimi istər daşa dönüb

yaşamaq,

Kim istəməz, mən

nə bilim, bilmirəm.

Bəlkə heç istəmir

daş insan olmaq?

Daş olmaqdan qorxduğumçün ölmürəm.

 

Qorxuram qəfildən

götürüb biri,

Birinin başına çırpa o

daşı.

Qorxuram divarda boş

qalan yeri,

Divarı uçurda

bir yaz yağışı.

 

Qorxuram bir sapand

daşına dönəm,

Ovub, çilikləyəm büllur

şüşəni.

Oğurluq üzüyün

qaşına dönəm,

Boğazdan keçirdəm

haram tikəni.

 

Qorxuram tərəzi

üstündə durub,

Əyriyə əyiləm, düzə

sərt olam.

Qorxuram mən

tərdə dəvəni yorub,

Ağılın özünə meydan

oxuyam.

 

Məhbəsdə olmaqdan

qorxuram, di gəl,

Məhbəs divarında

olam, qorxuram.

Daşlar insan olsa,

bu da bir əngəl,

Bəlkə daş oluram,

yaman yorğunam.

 

 

GİROV GEDİR

 

Qəhrəman da insandı,

İnsan qəhrəmandı,

Atalar demiş, bunun

İncə bir fərqi vardı:

Qəhrəman olmaq üçün

An da kifayət edir.

İnsan olmaq üçünsə,

Bir ömür girov gedir.

 

 

Ədalət.- 2010.- 19 oktyabr.- S. 6.