Metafiziki ağlıq
yaxud, "Yol ağardıram" kitabının
iradi-emosional ovqatında mexaniki güclənmə
İqtisadi-siyasi, mədəni,
eləcə də ədəbi-bədii həyatımızda
uğurlu strateji amillərə xüsusi önəm verən
dinamik inkişaf zəruri həyati meyarların başlıca
xarakter daşıdığını təsdiq edir,
güclü ədəbi templi poeziyamızın bədii
uğurları barədə inandırıcı fikir
yürüdür. Elmi-bədii meyarların dünyəvi
xüsusda təsbitlənməsi kimi bir sıra məsələlər
və prinsiplər də bu məqama məxsusi zərurilik
verir. Bu baxımdan, istedadlı şair-alim, qəlbcə,
könülcə ziyalı Tahir Taisoğlunun ədəbi və
elmi sahələrdə əldə etdiyi nailiyyətlər də
müstəsna əhəmiyyət kəsb edir.
Təxminən 70-80-ci
illərdə ədəbiyyata gəlmiş Tahir Taisoğlu
sözün ovqata bürünməsi naminə hər bir
çətinliyə qatlaşan qələm sahiblərindəndir.
Onun bu vaxtadək işıq üzü görmüş
kitablarında əsas məqsədi demək olar ki, ədəbi
qayədə həyati manevrləri gücləndirmək və
bununla da, poetik əhval yaratmaq olub. İstedadlı şairin
2009-cu ildə "Azərbaycan" nəşriyyatında
işıq üzü görmüş "Yol
ağardıram" kitabının da məqsəd və məramı
məhz bəhs etdiyimiz qayədir. Kitabdakı şeirlər
demək olar ki, bütünlükdə maddi, mənəvi və
zahiri məsələlərə toxunur, həyati gerçəklikləri
yaşam üçün meyar kimi səciyyələndirir.
"Yol
ağardıram" kitabında təsadüfün zərurəti
tamamlaması, adi bir fikrin poetikaya çevrilməsi
hallarına tez-tez rast gəlirik. Bu hallar bəlkə də həyatın
şərtlər məcmusudur, hər halda nisbi xarakter
daşıyır və istedadlı şairin
yaradıcılıq nisbətində zəruri əhəmiyyət
kəsb edir. Diqqət yetirək: "...Poetik bir böcək
işıldayır otların arasında...", "Köhnə
budaqlarda təzə pöhrə vermiş zoğlar kimidir
barmaqlarım...", "Bakıda ağacların özünə
də əl ağacı lazımdır, ...Bu şəhərdə
ağaclar böyrək xəstəliyindən əziyyət
çəkir" və s. misralarda poetik tamamlanma bədii zərurətlərə
keçid edir, fikri məzmun geniş və uyğun forma
yaradır. Kitabda bu cür uğurlu misralar (əslində,
bütöv şeirlər) çoxluq təşkil edir.
Tahir Taisoğlu bəlkə
də ona görə çoxlarından fərqli şair təsiri
bağışlayır ki, onun şeirləri subyektin
seçdiyi şərtlər əsasında müəyyənləşir.
İlk baxışdan adama elə gəlir ki, ruhca, qəlbcə
subyektin mahiyyət qatında əyləşən şairin hər
şeiri bir həyat predmetidir və məkanca bir-birinə əks
qütblərdə yerləşirlər. Lakin poetik əhval
daxili əlaqələri sistem halına saldığı
üçün Tahir Taisoğlu yaradıcılığı
"Yol ağardıram" kitabında qeyri-poetik əhvala
qarşı durur.
Kitabda şair-oxucu
münasibətlərinə poetik zəmin yaradan məqamlar da
çoxdur. Şair əksər şeirlərində poetik
duyğuların öz orbiti üzrə hərəkətini təmin
edir, fikir və düşüncələrinin fəza
mexanikasını oxucu marağı kontekstində cilalyır,
ovqatının metafiziki əhatəsini genişləndirir. Bu
genişlikdə biz şairin fikir dəyişkənliyindən
zərurətə keçid edən təsadüflərə
də meyl edirik, dialektik ziddiyyətli münasibətlərə
də. Bu iki fərqli xassənin bir-birində şərtlənməsi
şübhəsiz, adıçəkilən kitabın
uğurudur.
"Yol
ağardıram" kitabında toplanan şeirlər
arasındakı uyğun bağlılıq həm də bu
şeirlər arasındakı funksional
asılılığı ifadə edir. Bu şeirlər
öz xarakterlərinə uyğun təsir gücünə
malikdirlər.
Məlumdur ki, hər bir
fikir və düşüncə oxşar səbəb və
xarakterlə şərtlənir. Bu şərtlənmə də
qanunauyğun ədəbi əlaqələrin artmasına yol
açır. "Yol ağardıram" kitabının
oxucuya açmaq istədiyi fəlsəfi-bədii məqamlardan
biri məhz budur.
Tahir Taisoğlunun yeni
kitabına daxil etdiyi şeirlər təkcə onun poetik əhvalını
açmaq missiyası güdmür, eyni zamanda, ətraf
mühitə təsirlə də müşayiət olunur. Bu təsir
oxucu düşüncələri ilə universal, obyektiv və
zəruri əlaqələr qurur.
"Yol
ağardıram" kitabında cəm olan şeirlərin əksərinin
süjet xətti onların daxili formasını təyin edir. Bu
şeirlərin xarici forması isə müəllifin bədii
dili və yazı üslubu ilə özünü təcəssüm
etdirir. Və hər iki əhatədə kitab məzmun sistemi
ilə uyğun formaya keçid edir.
Kitabdakı şeirlərin
bir qismi bədii təfəkkürümüzün incəlikləri
və zəriflik xüsusuna istinad edir, aşiq-məşuq
faktoru burada ayrı-ayrı epizodik surətlərdə bədii
lövhələrlə verilir. Hətta, burada elə şeirlərə
də rast gəlmək mümkündür ki, lakonikliyi,
obrazlılığı, mükəmməlliyi və ifadə
vasitələrinin zənginliyi baxımından oxucunu heyran
edir. Ən yaxşı hal odur ki, sağlam təfəkkürlü
ziyalı-vətəndaş, ömrünün müdrik
çağını yaşayan şair bütün şeirlərində
hadisələrə ədəbi baxışını
aydın şəkildə şərh edə bilmişdir.
bucaq şəkilli
uçur durnalar.
Həyat sırası kimi
keçir durnalar.
Bir bucağı ömürdü,
bir bucağı ölümdü.
O birisi nədir bəs?
Üçüncüdədir hər şey!...
***
...Elə bil yuxulu,
yorğun yolçulara əl edir
pəncərənin "əlləri"
Ey... bayaqdan bəri.
İmtahanqabağı, bir axşamüstü
küləkliyindən o pəncərənin
sallanıb bir şülək işıq –
ağappaq kəndir kimi...
***
Hönkürdü üstümə
gecələrin sonsuzluğu,
islandım təkbaşıma...
o ki var...
***
Gecənin sakit çağında
Yonca ətri qoxuyur səma.
Poetik bir böcək işıldayır
otların arasında.
Uzaq arzuya bənzəyir
sevdiyim gözəlin
gözlərinin qarasında...
***
Səni yol
salır bir topa adam,
Mənə əl eləyir tənha bir bulud.
Bu boyda vağzalda ögeyəm, yadam,
Burda hamı
sənin əlindən
tutub...
***
Məni gözəl qızlar məşhurlaşdırıb,
Yoxsa nə idim ki, uzun bir oğlan...
Göründüyü
kimi, Tahir Taisoğlunun şeir dili sadədir, lakin ədəbi
dil normaları mürəkkəb quruluşludur və geniş
panoramda təzahür edir. Bu, bizə onun şeirləri
arasındakı əlaqələrin xarakterini müəyyən
etməyə imkan verir. Elə yuxarıda sitat gətirdiyimiz
nümunələrdə də fikri-struktur əlaqələr
bədii istiqamətlidir.
Həm sadə, həm də
mürəkkəb bədii təsvirlərlə zəngin olan
"Yol ağardıram" kitabı Tahir müəllimin
yaradıcılığında xüsusi əhəmiyyət
daşıyır. Birincisi, ona görə ki, buradakı
şeirlər buçağacan heç harada çap
olunmayıb, ikincisi, ona görə ki, bu şeirlər kitab
boyu tam keçirici xassə yaradıb, özünün məkan
və zaman nisbətini müəyyən edib.
Gözəl həyat
lövhələri, bədii mahiyyət, iradi keyfiyyət,
poetik ovqat, lirik əhvalla süslənmiş "Yol
ağardıram" kitabı əslində, həm də epik
quruluşludur. Düzdür, burada lirik meyarlar epik məqamların
adekvat inikası kimi özünü göstərir, hər
halda, kitabdakı bir neçə şeirlə biz epik
ovqatı aydın müşahidə edə bilirik.
Şairin kitab boyu qələmə
aldığı hadisələrə kompleks yanaşması da
diqqət çəkən məqamlardandır.
Kitabdakı şeirlər
oxucu qəlbini isidir, onun daxili aləminə zənginlik bəxş
edir. Vətəndaşlıq yanğısı, təbiət
və insan gözəllikləri, saf məhəbbətin tərənnümü,
bugünümüzlə bağlı həqiqətlər,
zamanın və mürəkkəb hadisələrin mənəvi
dünyamızda doğurduğu duyğular və s. şairin
adıçəkilən kitabının əsas xəttidir.
Tahir müəllimi yeni
uğurlu kitabı münasibətilə təbrik edir, yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq.
Hikmət Məlikzadə
Ədalət.- 2010.- 21 oktyabr.- S. 6.