"Yaddaş"

 

"Bakıfilm"in təqdim etdiyi bədii film belə adlanır

 

İyirmi ildir ki, tarixə, siyasətə siyasət tarixinə dair söhbətlər aparıb olub-keçmiş hadisələri cərrahlarsayğı hissələrə ayıraraq təhlil edən ağıllı adamlar sonda eyni bir müəmmalı diaqnoza gəlib çıxırlar: azərbaycanlılar unutqan xalqdır!

Yəni yaddaşımız zəifdir. Bu səbəbdəndir ki, tarixi fürsətləri daim əldən verərik, başımıza gələnlərdən ibrət almarıq...

Mən bilmirəm... kamil xilqət olan insan beynində yaşantıların, xatirələrin qorunub saxlanmasına cavabdeh qırış hansıdır biz azərbaycanlılarda naqisliyi var...

Onu da bilmirəm ki, özü ilə bir enerji, ağır məna daşıyan SÖZ olaraq "yaddaş" kəlməsinin etimologiyası hara gedib çıxır... Bəlkə "yad"-"daş", "yad cisim" kimi bir şeydir ki, sağlamlığını qorumaq istəyən beyin ondan azad olmağa meyllidir? Bəlkə doğrudan da tarixi məğlubiyyətlərin sarsıntısını sıxıb çıxarmağın yeganə əlacı, çarəsi budur?..

 

***

 

"Yaddaş" bədii filmində bir epizodik surət var - üzü tanışdır. Onu Təzəpirdə dəstəmaz alan görürük. Bu Adam elə filmin müəllifidir ki, qəhrəmanlardan birinin (Əlinin) yerini onu axtaran dostuna (Həsənə) nişan verir. Gerçəkdə tanıdığımız Vahid Mustafayevin əslində şəhid ruhları ilə ünsiyyətdə olduğu yalnız sonda bilinəcək. Demək ki, o mediator imiş - bizim aləmlə ruhlar aləmi arasında vasitəçiymiş...

Nümayişdən sonra səhnəyə çıxır: "filmdə gördüyünüz uydurma qəhrəmanlar deyil, müharibədə doğrudan da bu cür vuruşan oğlanlar olub" - deyir qəhərlənir...

 

***

 

Məşhur bir yazıçımızdan soruşublar ki, nəyə görə əsərləriylə bu qədər şan-şöhrət qazanmış, adı ədəbiyyat tariximizə yazılacaq bir nasir - yəni o ( onunkimilər) - Qarabağ müharibəsi kimi tarixi hadisəyə bir neçə məqalə essedən savayı heç həsr eləməyib? Çox səmimi bir cavab: "mən bu müharibəni yaşamamışam"...

Hədislərdən birində nəql olunur ki, qismətinə İslamı tək öyrənmək yox, həm yaşamaq düşmüş səhabələrdən biri "qəbir əzabı" mənasını yaşamaq üçün hətta qəbrə girməkdən çəkinməyib... Dəhşətdir?..

"Yaddaş" filmi birinci Qarabağ savaşında geri çəkilməli olan bir millətin qorxaqlığından deyil, qəhrəmanlığından bəhs edir. Vahid Mustafayev sovet dövrünü yaşamış yazarların, ssenaristlərin cəmiyyətə sırıdığı aciz, xəstə, iflasa uğramış "qəhrəmanı" kinoda yeni qəhrəman tipi ilə əvəzləyir. Onun qəhrəmanlarının doğru sözü, aydın məqsədi vuran əli var. Bu qəhrəmanları xəstə təfəkkür yox, həyat özü yetişdirib. Onlar Vahid Mustafayevin müharibədə gördüyü adbaad tanıdığı gerçək qəhrəmanlardır...

 

***

 

Müharibənin başlandığı vaxtdan gör neçə il keçir... "Yaddaş"da dekorların sürətlə dəyişildiyini görüb çaşırsan. Təzə binaların yanında bombardmandan çıxmış kimi görünən yarısökük xarabalarda şəhidlər özlərinə sığınacaq tapıblar. Sökük divarlara köhnə illərin şəkillərini yapışdırıb xatirələrə dalıblar. Tikinti səsi, yeni həyatın müjdəçisi olan nəhəng göydələnlər şəhidlərimizin məskunlaşqiqları nimdaş YAD - DAŞI həyatımızdan tamam sıxışdırıb çıxarmaq üzrədir...

Şəhid ruhlarının şahidlərin ruh kimi sərgərdan dolaşdığı məmləkətin halı belədir...

 

***

 

...Aldığı yaradan komaya düşmüş qəhrəman (Azər) 19 il sonra özünə gəlir. Həyatının ən vacib gününü - əzab zəfərlə dolu bir günü yaşamaq üçün ayılır!.. Yenə içimiz silkələnir. Bu bir təkan, yaxın tarixdən bir xəbərdir. Onun ağrısını yaşayıb mənasını açmalıyıq. Çünki başqa yol yoxdur. Özümüzdən biixtiyar uzaqlaşdırmaq istədiyimiz bu informasiyanın üzərində ayıq başla işləməsək, o yadımızda qəlbimizdə əbədi DAŞ olaraq qalacaq, Qubara dönəcək bizi yaşamağa qoymayacaq.

...Hələ indiyə qədər heç vaxt içimdə öldürməyə belə həvəs duymamışdım. "Yaddaş" filmində əsil düşmənin siması ünvanı dəqiq açıqlanır - o şərdir! Üstümüzə yerimiş olan bizi geri çəkilməyə məcbur edən bizi unutqan eləyən bizi insanlıqdan, vətəndən - Allahdan döndürən Şər!..

Filmdəki qəhrəmanların Adı bu mesajı anlamaq üçün açardır. "Yadaş"dakı savaş cılız, bədbəxt bir millətə qarşı yox, Allahın düşmənlərinə qarşı elan edilən müqəddəs savaşdır - sınaq məqamıdır.

Müqədəs kitabımız bizdən öncəki qövmlərin aqibətini yada salmaqda dərk edənlər üçün böyük ibrət olduğunu dəfələrlə xatırladır; ağır sınaqlardan üzüağ çıxıb qalib gəlməyin yolunu da nişan verir ki, o yol kamil xilqət olan insanın öz içində apardığı savaşdan keçir. Laqeydlik, soyuqqanlıq, etinasızlıqla savaşdan.

 

***

 

Bir əməli dəyərli, maraqlı edən onun sahibinin qeyri-adi keyfiyyətləri ya imkanları deyil. Əsla. Dərk edən kəs bilir ki, uğur qələbə iki vacib təməl üzərində qərar tutur - birincisi təmiz niyyət, ikincisi səmimi cəhddir!

Azərbaycanın kino sənayesinə yenicə daxil olan Bakıfilm studiyasının istehsal etdiyi "Yaddaş" bədii filmi 20-cü ildönümünü qeyd etməyə hazırlaşdığımız Qarabağ müharibəsinə uğurlu ithaf... çox mühüm bir cəbhədə - mədəniyyətin bir sahəsində qazanılmış qələbədir. Bu filmin ərsəyə gəlməsində əməyi keçmiş hər kəsin Yaddaşımızda qeydə alınacaq vətənpərvərlik manifestasiyasıdır.

 

***

 

Müharibə isə hələ davam edir.

 

 

Lalə

 

Ədalət.- 2010.- 21 oktaybr.- S. 6.