Bakıda Beynəlxalq Bank Konfransı keçirilir
Dünən Bakıda
"Maliyyə institutları
MDB iştirakçı dövlətlərinin
iqtisadiyyatlarının struktur
modernləşdirilməsinin əsasıdır" mövzusunda
MDB-yə üzv dövlətlərin III Bakı
Beynəlxalq Bank Konfransı işə başlayıb.
"APA-Economics"in
xəbərinə görə, Azərbaycan və MDB
ölkələrinin bankirləri, MDB Maliyyə-Bank
Şurasının nümayəndələrindən ibarət
180 iştirakçısı olan konfransın əsas
mövzusu MDB məkanında maliyyə və bank
sahəsində əməkdaşlıq və
təcrübə mübadiləsidir.
Konfransın
açılışında çıxış edən
Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin
sədri, MDB Maliyyə-Bank Şurasının I vitse-prezidenti
Cahangir Hacıyev bildirib ki, böhrandan sonrakı dövrdə
keçirilən konfransın əhəmiyyəti çox
böyükdür: "Böhrandan sonrakı dövrdə
maliyyə institutlarının təcrübə mübadiləsi
vacibdir". C.Hacıyev Azərbaycan iqtisadiyyatının cari
vəziyyəti barədə danışaraq, beynəlxalq
maliyyə institutları, o cümlədən Dünya Bankı
və Beynəlxalq Valyuta Fondu tərəfindən onun
yüksək qiymətləndirildiyini qeyd edib.
Bank sahəsi
barədə danışan C.Hacıyev qeyd edib ki,
iqtisadiyyatın modernləşdirilməsinin əsası olan
bu sektorda son illərdə həm keyfiyyət, həm də
kəmiyyət baxımından yüksək inkişaf
müşahidə olunur. MDB İcraiyyə
Komitəsinin sədr müavini E.Novojilov öz çıxışında
vurğulayıb ki, böhrandan sonrakı dövrdə iqtisadiyyatların
modernləşdirilməsinin əhəmiyyətli olduğu
aşkar olunub və bu sahədə
bank sektoru aparıcı rol oynamalıdır. Bu sahədə əsas amillərdən biri kimi bankların kreditləşməsinin diversifikasiyasını
qeyd edən E.Novojilov deyib ki, MDB çərçivəsində
iqtisadiyyatların modernləşdirilməsi
bütün səviyyələrdə
müzakirə olunur.
Konfransın
açılışında həmçinin MDB
Maliyyə-Bank Şurasının rəsmiləri, MDB-nin iri
banklarının rəhbərləri çıxış
ediblər.
Ədalət.- 2010.- 22 oktyabr.- S. 4.