"Millət vəkili xalqla dövlət arasında körpü
rolunu oynamalıdır"
Həmsöhbətimiz 60 saylı Salyan-Neftçala Seçki
Dairəsindən deputatlığa namizəd Əziz Mikayıl
oğlu Həsənovdur.
Qısa arayış: Əziz
Mikayıl oğlu Həsənov 1952-ci ildə Salyan rayonunun
Aşağı Noxudlu kəndində anadan olub. 1969-1974-cü
illərdə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən
sonra təyinatı Bakı şəhərinə olsa da, rayona
qayıtmağa üstünlük vermiş və Salyan rayon
Statistika İdarəsində 1991-ci ilədək
proqramçı-mühəndis, rəis müavini vəzifələrində
çalışmışdır. Həmin ərəfədə,
yəni Qanlı Yanvar hadisələrindən sonra Kommunist
partiyasının üzvlüyündən imtina etdiyinə
görə Statistika idarəsinin rəis müavini vəzifəsindən
kənarlaşdırılır və Salyan rayon Pambıqtəmizləmə
Zavoduna direktor müavini vəzifəsinə təyin edilir.
Ulu öndərimiz Heydər
Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən
sonra, yəni 1993-cü ilin axırlarından Salyan rayon
İcra Hakimiyyətində şöbə müdiri işləyərkən
cəbhə bölgəsindəki əsgərlərə
yardımların aparılmasında, rayonda çörək
qıtlığının aradan qaldırılmasında,
insanların rifah halının
yaxşılaşdırılmasında yaxından iştirak
etmişdir.
1995-ci ildə
respublikamızda aqrar islahatların başlaması ilə əlaqədar
o, Salyan Rayon Torpaq Şöbəsinin müdiri Nəbi Xəlilovla
ölkəmizdə ilk dəfə olaraq məhz Salyan rayonu
üzrə aqrar islahatlar proqramını hazırlayaraq onun təsdiq
edilməsinə nail olmuşdur. 1996-cı ildən etibarən
yenə də ilk dəfə olaraq Əziz Həsənovun təşəbbüsü
ilə rayon kəndləri üçün İslahata
Yardım Fondu yaradılır. Beş kəndi və
üç kolxozu əhatə edən fondun direktoru vəzifəsində
işləyən Əziz Həsənov bir qədər sonra
TASİS proqramı çərçivəsində, Dünya
Bankının maliyyə dəstəyi ilə kəndlilərin
maliyyələşdirilməsi sahəsində fəaliyyət
göstərir. Nəticədə 1997-ci ildə ölkəmizdə
ilk dəfə olaraq yeni bir maliyyə institutu, öncə
Kredit Birliyi, sonra isə "Altun" Kredit
İttifaqının yaradılmasına nail olur. Bu ittifaqa
rayonun daha 26 fermeri daxil idi və o, 1998-ci ilin avqust ayında
Milli Bankdan Lisenziya almağa nail olur. Həmin dövrdə
ölkəmizin müxtəlif bölgələrindən belə
bu ittifaqa müraciətlər olurdu.
1999-cu ildə Kredit
İttifaqlarının fəaliyyətinin daha da gücləndirilməsi,
genişləndirilməsi ilə əlaqədar olaraq Ə.Mikayıloğlu
ölkəmizin bir qrup bank işçisi ilə birgə
ABŞ-ın Ayova ştatındakı Eymis Dövlət
Universitetində bir aylıq ixtisasartırma kursu keçir.
O, 1999-cu il Bələdiyyə
seçkilərində iştirak edərək, Salyan rayonunun
Aşağı Noxudlu kəndində bələdiyyə
üzvü, 2003-cü ildə bələdiyyə sədri
seçilir. İşlədiyi müddətdə yerli
ehtiyatların və xarici qrant təşkilatlarının
yaratdıqları imkanlardan istifadə edərək ərazidə
yolların qaydaya salınması, su kanallarının təmizlənməsi
və s. işlərin yerinə yetirilməsinə
çalışıb.
Əziz Həsənov
2005-ci il parlament seçkilərində də fəal
iştirak etmişdir.
- Əziz müəllim, indi ölkəmizin
bütün regionlarında deputatlığa namizədliyini irəli
sürənlərin təbliğat kampaniyası gedir. Bir namizəd
kimi seçki dairəsində yaradılan şərait,
mövcud ab-hava sizi qane edirmi?
- Öncə qeyd etmək
istərdim ki, yerli əhalinin böyük əksəriyyəti,
xüsusilə də mənim ötən illər ərzindəki
fəaliyyətimdən xəbərdar olanlar təkidlə məndən
namizədliyimi irəli sürməyi xahiş etdilər. Yerli əhali,
xüsusilə 60 saylı Salyan-Neftçala Seçki Dairəsinin
əhatə etdiyi 40 kənddə yaşayan insanlar mənim bu
günədək bir iqtisadçı kimi gördüyüm
işlərin şahididirlər. Ancaq çox təəssüflər
olsun ki, ölkəmizdə insanların həyat şəraitinin
yaxşılaşdırılması və s. kimi sahələrdə
aparılan genişmiqyaslı işlər bu kəndlərdə
görünmür. Bildiyimiz kimi, ölkəmizdə həm
sosial sahənin, həm də iqtisadiyyatın inkişaf etdirilməsi
istiqamətində böyük islahatlar həyata
keçirilir. Ancaq qeyd etdiyim bu məntəqələr
bütün ölkə miqyasında görülən işlərlə
müqayisədə müəyyən mənada geri
qalmışdır. Yalnız bir faktı qeyd etməyi
özümə borc bilirəm ki, Neftçalanın Surra,
Aşağı Surra, Qardaşbəyli, Qaraqaşlı,
Şorkənd kəndlərindən keçən 8-9 km-lik yol
hələ sovet dövründən bu günədək tam
baxımsız vəziyyətdə qaldığından həmin
ərazidə yaşayan 10 minə yaxın adam illərdir ki,
çox böyük əzab-əziyyətlərə
düçar olurlar.
Görülən
işlər isə yalnız yerli əhalinin, yerli
sahibkarların hesabına həyata keçirilmişdir.
Qarabağlı kəndi istisna olmaqla digər kəndlər, o
cümlədən Xıdırlı, Kürsəngi, Peyk və
s. kəndlərdə Dövlət proqramlarının həyata
keçirilməsi üçün heç bir iş
görülməmişdir.
-Yeri gəlmişkən, sizin fikrinizi bilmək istərdim.
Sizcə, namizədliyini irəli sürən şəxs həmin
ərazidən olsa yaxşıdır, yoxsa bunun heç bir fərqi
yoxdur?
- Siz həqiqətən
də çox gərəkli bir məsələyə
toxunursunuz. Ümumiyyətlə, Milli Məclis hakimiyyətin bir
qoludur və millətin hər bir üzvünün, hər bir
kəsin əsas hüquqlarından biri də seçmək
hüququdur. Hər bir demokratik cəmiyyətdə insanlar bu və
ya digər formalarda, xüsusilə, seçdikləri millət
vəkillərinin vasitəsi ilə bir növ dövlətin
idarə olunmasında iştirak edirlər. Yəni vətəndaş
seçdiyi millət vəkilinə öz təkliflərini
edir və o da həmin təkliflərin həyata keçirilməsinə
çalışmalıdır. Çox təəssüflər
ki, hələ də bəziləri kimlərinsə köməyi
ilə deputat mandatlarını ələ keçirməyə
çalışırlar. Ancaq belələri yalnız deputat
mandatını əldə edə bilər, lakin millətin vəkili
ola bilməzlər.
Bu gün Azərbaycanda
dövlət başçısı cənab İlham Əliyevin
rəhbərliyi altında çox böyük işlər
görülür. Demokratik, sivil dəyərlərə
üstünlük verildiyi indiki zamanda insanların səsini
alıb onların heç bir problemini həll etməyən,
yaxud ümumiyyətlə həll etmək fikrində belə
olmayan şəxslərin bu ali kürsüyə seçilməsi
yolverilməzdir. Odur ki, mən tam açıq şəkildə
və səmimiyyətimlə deyirəm: Xalq özü
seçim etməlidir!
Yenə də deyirəm,
bu gün dövlət başçısının
apardığı işlər, etdiyi çıxışlar,
verdiyi bəyanatlar bir daha seçiciləri əmin edir və əhali
inanır ki, builki seçkilər tam demokratik və şəffaf
şəkildə keçiriləcəkdir. Biz ziyalılar,
regionların gündən-günə daha da inkişaf etməsini
istəyən və bütün varlığı ilə buna
çalışan əsl vətənpərvər insanlar əminik
ki, bu seçkilər həqiqətən də demokratik şəraitdə
keçəcəkdir. Bu, həm ölkə rəhbərliyinin,
həm də bütün insanların istəyidir.
- Biz bilirik ki, siz bu bölgədə kifayət qədər
tanınmış bir insansınız. Sizin bu bölgə
üçün etdiklərinizi də nəzərə alsaq,
seçkilərdə qalib gələcəyinizə əminsinizmi?
- Hesab edirəm ki, şəxsən
mən bu bölgədə, qeyd etdiyiniz kimi, kifayət qədər
tanındığıma görə namizədliyimi irəli
sürdüyüm seçki dairəsindən deputat seçilə
bilərəm. Hətta buna öz əminliyimi də bildirmək
istəyirəm. Bu günədək yerli insanların mənafeyi
naminə gördüyüm işlər bunu söyləməyə
imkan verir. Gəlin açıq danışaq. Axı hansı
yerli sakin istəməz ki, onun bütün problemlərindən
xəbərdar olub, özü də həmin problemlərin
içində olan və bu torpaqla bağlı bir şəxs
onların vəkili olmasın. Axı bu, həm yerli sakinlər
üçün, həm də dövlətimiz
üçün sərfəlidir. Məlumdur ki, hər bir
yerli sakin o bölgənin problemlərini də kənar adamdan
daha yaxşı bilir və onun qısa bir vaxtda aradan
qaldırılmasında da maraqlıdır. Bu, artıq
aksiomadır və bu barədə uzun-uzadı
danışmağa da lüzum yoxdur. Bundan əlavə,
dövlətimizin qəbul etdiyi və böyük əzmkarlıqla
həyata keçirdiyi regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramları da bunu tələb
edir. Fürsətdən istifadə edib bütün
seçicilərimə müraciət etmək istəyirəm.
- Əziz həmyerlilərim!
Əziz həmkəndlilərim! Konstitusiyamızın sizlərə
verdiyi seçmək hüququ sizin növbəti 5 ildə
haqlarınızın təminatçısıdır. Kimlərinsə
xoş sözlərinə, şirnikləndirici təkliflərinə
aldanmayın. Öz şəxsi mənfəətləri naminə
bu prosesə qoşulmuş şəxslərin yağlı vədlərinə
inanıb, gələcəyinizi sual altında qoymayın. Yüz ölçüb, bir biçin.
Əziz həmvətənlərim!
Tanımadığınız, etibar etmədiyiniz insanlara səs
verməyin. Sizi düşünən,
övladlarınızın gələcəyini, onların
firavan həyatını düşünən namizədlərə
səs verin.
- Əziz müəllim, namizədliyinizi irəli
sürdüyünüz seçki dairəsindən millət vəkili
seçiləcəyiniz təqdirdə hansı işləri
görməyi planlaşdırırsınız?
- Çox sağ olun, bu
sual açığı qeyd edim ki, bilavasitə hər bir
namizədin həyat qayəsi ilə bağlıdır. Hər
şeydən öncə kəndlərimizin inkişaf etdirilməsi
və onların baş verə biləcək təbii fəlakətlərdən
müdafiəsi bu gün məni düşündürən,
narahat edən bir məsələdir. Məlumdur ki, bu ərazilər
mütəmadi olaraq ekoloji problemlərlə, xüsusilə
daşqınlarla üz-üzə qalır. Ötən əsrin
90-cı illərindən bu günədək bu mühüm məsələ
məni həmişə qayğılandırıbdır və
müvafiq istiqamətdə, zənnimcə, kifayət qədər
işlər görə bilmişəm. Xüsusilə bölgənin
iqtisadi potensialının gücləndirilməsi,
insanların həyat şəraitinin
yaxşılaşdırılması mənim
üçün ən əhəmiyyətli məsələlərdəndir.
Aydındır ki, dağılmış keçmiş
sosialist iqtisadiyyatı bazasında yaradılmış kəndli
sahibkarların bu gün inkişaf etdirilməsi ən zəruri,
vacib məsələlərdən biridir. Bəs bunun
üçün nə lazımdır? Bunun üçün
birincisi, kəndlilər dövlətin maliyyə dəstəyi
ilə tam təmin olunmalıdırlar. İkincisi, regionda təsərrüfat
müəssisələrinin maliyyələşdirilməsi
üçün yeni bank, yaxud kredit institutları
yaradılmalıdır. Bundan əlavə, aydındır ki,
dövlət aqrolizinq xidmətləri üçün hər
il böyük məbləğdə maliyyə vəsaitləri
ayırır. Çox təəssüflər olsun ki, kəndlilər
bu vəsaitlərdən səmərəli şəkildə
istifadə edə bilmirlər.
Başqa bir mühüm
məsələyə də toxunmaq istəyirəm. Aydındır
ki, hər bir yerli adam yaşadığı ərazidə, məsələn,
söhbət əgər təsərrüfatın inkişaf
etdirilməsindən gedirsə, hansı sahənin daha çox
prioritet olduğunu bilir. Məlumdur ki, Kür çayı boyu
ərazilərdə qədim ənənəyə müvafiq
olaraq balıqçılığın inkişaf etdirilməsi
birinci dərəcəli məsələdir. Təəssüflər
olsun ki, bu sahə unudulub və insanlar pərakəndə
şəkildə balıqçılığın
inkişaf etdirilməsi ilə məşğuldurlar.
Həmçinin Salyan və
Neftçala rayonlarında ötən əsrin 90-cı illərindən
etibarən qazlaşdırma dayandırılmasına baxmayaraq,
bu günədək kəndlər mavi yanacaqla təmin
olunmamışdır.
Namizədliyimi irəli
sürdüyüm ərazidə 50-60 min əhali
yaşayır ki, bunun 37 mini seçicilərdir. Bu qədər
insanın ağrı-acısını duymaq, onlara məlhəm
olmaq üçün onların yanında olmalısan.
Başqa heç bir yolla insanların mövcud problemlərini
araşdırıb onların həlli yollarını tapmaq və
bu sahədə əhəmiyyətli uğurlar əldə etmək
mümkün deyildir.
Son zamanlar mətbuatda da
geniş şəkildə qeyd olunduğu kimi, Kür
çayı sahilində yerləşən bəzi ərazilərin
su altında qalması məsələsinə də
toxunmağı özümə borc bilirəm. Məsələ
bundadır ki, heç bir ölkə, yaxud heç bir bölgə
təbii fəlakətlərdən sığortalanmayıb.
Ancaq mən başqa bir məsələyə toxunmaq istəyirəm.
Məlumdur ki, Kür çayının sahilyanı ərazilərə
ziyan vurmaması üçün tələb olunan işlər
ardıcıl olaraq davam etdirilsəydi (xatırladıram ki,
dövlət bu məqsədlə böyük maliyyə vəsaitləri
ayırır) və regionun səlahiyyətli şəxsləri,
həmçinin də bu bölgənin seçdiyi millət vəkili
heç olmasa ildə bir dəfə əraziyə gəlib
seçicilərlə görüşsəydi, mən sizi əmin
edirəm ki, belə bir fəlakət də baş verməzdi.
Unutmamalıyıq ki, hələ ötən əsrin 30-cu illərindən
etibarən bu ərazilərdə daşqınlardan müdafiə
olunmaq üçün həmişə çayın sahillərində
bəndatma işləri aparılmışdır.
- Ancaq bəzən səlahiyyətli şəxslərin,
habelə millət vəkillərinin verdikləri vədlər
həyatda öz əksini tapmır. Sözləri ilə əməlləri
üst-üstə düşmür. Amma onlar müəyyən
olunmuş müddətlərinin sonunadək öz
postlarından əl çəkə bilmirlər.
- Əvvəla, qeyd edim
ki, əgər mən bu seçki dairəsindən millət vəkili
seçilsəm, məni bu ərazidə tanıyanlar da bilirlər
ki, öhdəmə götürdüyüm işləri tam ləyaqətlə
yerinə yetirəcəyəm. Mənim bu dairədən namizədliyimi
üzvü olduğum Demokratik Azərbaycan Dünyası
Partiyası irəli sürdüyündən mən həm də
partiya qarşısında məsuliyyət
daşıyıram. Yeri gəlmişkən qeyd etmək istərdim
ki, 2007-ci ildə Demokratik Azərbaycan Dünyası
Partiyasının Salyan rayon təşkilatı
yaradılmışdır və elə həmin vaxtdan bu
günədək mən bu təşkilatın sədriyəm.
Yerli təşkilatın 600 nəfər üzvü vardır
və gənclər üstünlük təşkil edir.
Partiyamız "Bizim yolumuz haqq yoludur, Heydər Əliyev
yoludur" devizini öz fəaliyyətində əsas kimi
götürərək, respublikamızda demokratiyanın getdikcə
daha da inkişaf etdirilməsinə çalışır.
Fürsətdən istifadə edərək namizədliyimi irəli
sürən partiya rəhbərliyinə, xüsusən
DADP-ın sədri Məmməd Əlizadəyə öz minnətdarlığımı
bildirirəm.
Həmçinin demək istəyirəm
ki, əgər mən seçicilərə verdiyim vədləri
yerinə yetirə bilməsəm, qısa bir vaxtda öz
seçicilərimdən üzr istəyib istefa verəcəyəm.
Mən belə hesab edirəm ki, millətin səsini alan hər
bir şəxs bu məsuliyyəti tam aydınlığı
ilə dərk etməli və lazım gəldiyi məqamda
ondan imtina etməyi bacarmalıdır. Yəni hər birimiz
lazım gəldiyi təqdirdə xalqın, insanların mənafeyi
naminə öz şəxsi niyyət və məqsədlərimizdən
əl çəkməyi bacarmalıyıq.
Açığını deyim ki, bu gün əgər bu ərazidən
vaxtilə yaşayıb-yaradan İbrahim Qurbanov, Səfər Bəşirov,
Mayıl Ağamalıyev, Oruc Dünyamalıyev kimi şəxslər
öz namizədliklərini irəli sürmüş
olsaydılar, məmnuniyyətlə namizədliyimi geri
götürərdim.
Ümumiyyətlə,
millət vəkili olmaq istəyən hər bir kəs
yaxşı-yaxşı düşünməlidir ki, o, xalq
üçün nə edə bilər, hansı işləri
görə bilər. Əgər millət vəkili xalqa xidmət
etməyəcəksə, onun qayğı və problemləri
ilə maraqlanmayacaqsa, onda vay bizim halımıza. Artıq
seçkilərə də çox qalmayıb. Odur ki, bir daha
seçicilərə müraciət edərək, onları tələsməməyə
və layiqli namizədlərə səs verməyə
çağırıram.
- Sağ olun.
Əliəsgər Behbudlu
Ədalət.- 2010.- 22 oktyabr.- S. 4.