BİR ULDUZUN
İŞIĞINA MİLYONLAR ŞƏRİK...
XX əsr Azərbaycan
poeziyasının ən görkəmli nümayəndələrindən
olan xalq şairi Məmməd Arazın oktyabrın 14-də
anadan olmasının 77-ci ildönümü tamam oldu.
İstedadlı şair-filosof Məmməd Arazın adı Səməd
Vurğun, Hüseyn Cavid, Mikayıl Müşfiq, Rəsil Rza,
Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə,
Nəbi Xəzri, Məhəmməd Hüseyn Şəhriyar
kimi dahi şairlərimizin adları ilə yanaşı, milli
poeziyamızın tarixində layiqli yer tapmışdır.
1933-cü ildə Azərbaycanın
ən gözəl və səfalı bölgələrindən
olan Şahbuz rayonunda, dağın zirvəsində yerləşən
Nurs kəndində dünyaya gəlmişdir Məmməd Araz.
Gözəlliklər məskəni olan bu yerlər Badamlı,
Sirab, Vayxır və çoxsaylı mineral su mənbələri
və bulaqlarla zəngindir. Deyilənlərə görə, kəndin
adı əvvəllər Nursu olmuşdur. İnsanların
gözlərinə nur verən şəfalı kənd
bulaqları və çeşmələri ilə mənalandırılır
bu ad. Doğulub boya-başa çatdığı kəndin
adı kimi şairin özü də nurlu, parlaq, zəkalı
ziyalı olmuşdur. Taleyin ağır sınaqlarına mərdliklə
dözərək, saysız-hesabsız maneələri inadla dəf
edərək yarım əsrə yaxın Azərbaycan
poeziyasının sımasında nur saçan ən parlaq
ulduzlardan biri olmuşdur. Onun yaratdığı ölməz sənət
əsərləri, böyük söz ustasının
poeziyasının həyat fəlsəfəsi milyonlarla insanı
valeh etmiş, insanpərvərlik ruhu, mənəvi paklıq
nuru bəxş etmişdir. Şairin məşhur
"Dünya sənin, dünya mənim, dünya heç
kimin..." şeirində deyildiyi kimi, bir zərrənin
işığında milyonlarla insan şərik olmuşdur.
Şairin vəfatından
6 il ötür. Çoxsaylı şair, yazıçı,
ziyalı dostlarının, tanışlarının Məmməd
Arazla bağlı söhbətləri ürəkdə
ülvi hisslər, unudulmaz xoş xatirələr oyadır.
1959-61-ci illərdə Məmməd
Araz, Nəriman Həsənzadə və Söhrab Tahir Moskvada
SSRİ Yazıçılar İttifaqı nəzdində
Maksim Qorki adına Ədəbiyyat İnstitutunda birlikdə təhsil
almışlar. Xalq şairi Nəriman Həsənzadə o illəri
xatırlayıb söyləyir ki, hər
üçümüz tələbə yataqxanasında
qalırdıq. Biz tələbələrə verilən
cüzi təqaüd dolanışığımıza
güclə çatırdı. Buna baxmayaraq, bir-birimizə
imkan dairəsində kömək edir, təhsil alıb vətənə
qayıtdıqdan sonra var gücümüzlə
çalışıb xalqımıza layiqincə xidmət
etmək barədə fikir mübadiləsi edir,
könlümüzdə yazıb yaratmaq arzuları
aşıb-daşırdı. Məmməd Araz təbiətən
fəlsəfi və məntiqi düşüncə tərzinə
malik insan olduğundan onun yazdığı şeirlər də
dərin fəlsəfi mənalı və mükəmməl
olurdu. Məmməd Araz son dərəcə səmimi, son tikə
çörəyini tələbə dostları ilə
bölüşən zəhmətkeş və inadlı məqsədlərə
doğru irəliləyən istedadlı bir gənc idi.
Şair Zöhrab Tahir
söyləyir ki, Məmməd Arazla bağlı
yaddaşımızda saysız-hesabsız xoş xatirələr
qalıb. Moskvada təhsilimizi başa vurduqdan sonra Bakıya
qayıtmışdıq. O dövrdə hər cür sosial ədalətsizliyə,
işsizliyə, xalqlar arasında qanlı toqquşmalara və
müharibələrə həmişəlik olaraq son
qoyulacağı rəsmi təbliğatda təntənəli
şəkildə vəd edilirdi.
Məmməd Araz
xatırlayıb söyləyirdi ki, Moskvada təhsil
aldığımız illərdə biz tələbələri
inandırmağa çalışırdılar ki, SSRİ-də
dünyanın heç bir yerində olmayan
yaradıcılıq azadlığı var və nə istəyirsən
yaz: düzü düz, əyrini əyri, ağı ağ,
qaranı qara.
Real həyatda isə belə deyildi.
1970-ci ildə Məmməd
Araz Nəriman Nərimanovun anadan olmasının 100 illiyi ilə
əlaqədar "Ədəbiyyat və incəsənət"
qəzetində görkəmli dövlət xadimi ilə
bağlı tarixi həqiqətləri xalqımıza
çatdırmaq məqsədilə bir sıra məqalələr
dərc etdirmişdi. Bu hadisə ölkədə
xalqımız və onun görkəmli dövlət xadimləri
barədə mənfi ictimai fikir formalaşdırmağa
çalışan bədxahlarımızın qəzəbinə
səbəb olmuşdu. O dövrdə müxtəlif təzyiqlərdən
və tənqidlərdən sonra, nəhayət, 1972-ci ildə
Məmməd Araz "Ədəbiyyat və incəsənət"
qəzetində tutduğu redaktor müavini vəzifəsindən
azad edilmişdi. Ermənipərəst məmurlar tərəfindən
şairə təzyiqlər uzun müddət davam etmişdir.
Məmməd Araz
söyləyirdi ki, Moskvada Ümumittifaq Mərkəzi
İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində
çalışan və Mikoyan başda olmaqla erməni
şovinistlərinə və Stalin diktaturasına qarşı
nifrətini gizlətməyən Nəriman Nərimanovun 1925-ci
ildə Moskvada mütəmadi şəkildə qəfildən
ölməsinin həqiqi səbəbi bu günədək sirr
olaraq qalır. Stalin represiyası illərində on milyonlarla
günahsız insan öldürülmüş, qondarma
ittihamlarla "millətçi", "xalq düşməni",
"casus" adlandırılaraq cəzalandırılmışlar.
Mehriban, xoşrəftar,
kövrək qəlbli, son dərəcə həssas bir insan
olan Məmməd Araz erməni faşistlərinin Xocalıda və
Dağlıq Qarabağın digər ərazilərində
dinc əhaliyə qarşı törətdikləri qanlı vəhşiliklərdən,
qətliamdan, doğma kəndlərindən, yurd-yuvalarından
zorla qovulmalarından, xalqımıza qarşı düşmən
qüvvələrin təhriki və yardımı ilə
aparılan bu işğalçılıq müharibəsində
on minlərlə günahsız ata və
qardaşlarımızın, ana və
bacılarımızın, uşaqların və gənclərimizin
şəhid olmaları barədə hər dəfə
söhbət düşərkən gözləri dolur, qəhər
onu boğurdu, göz yaşlarını gizlədə bilmirdi.
Söyləyirdi ki, məsəl var: arxalı köpək qurd
basar. Azərbaycan, ləzgi xalqının görkəmli
oğlu, tanınmış qocaman ziyalı, milli
poeziyamızın vurğunu Kələntər Kələntərli
Məmməd Arazla gənclik illərində, 1954-cü ildə
Azərbaycan Yazıçılar İttifaqında
İsmayıl Şıxlının yaratdığı ədəbi
dərnəkdə tanış olmuşdur. Sonralar bu
tanışlıq dostluğa çevrilmiş və yarım əsrədək
davam etmişdir. Poeziyaya aşıb daşan məhəbbət,
yazıb-yaratmaq ehtirası və gözəl arzular iyirmi bir
yaşlı bu gəncləri tanış olduqları ilk gündən
ayrılmaz dostlara çevirmişdi.
Onunla Dağıstanda
bir qədər dincəldikdən sonra Qubanın Digah kəndinə
gəldik. Xalamın evində qonaq qaldıq. Ertəsi gün kənddə
gəzərkən Məmməd Araz yaraşıqlı və
gözəl bir qızı göstərib qulağıma
pıçıldadı ki, bu qız lap göydən enmiş
mələyə oxşayır. Bizi tanış etdi. Mən ləzgi
dilində həmin qızı çağırdım və
onları tanış etdim. Qızın adı Gülxanım
idi. Öyrəndik ki, Bakı şəhərində Pedaqoji
İnistitutda təhsil alır. Elə həmin ilin sentyabr
günlərinin birində Bakıda dənizkənarı bulvarda
Məmməd Araz, mən və Gülxanım
görüşdük. Bir-birinə böyük məhəbbətlə
baxan xoşbəxt gənclərə vacib işim olduğunu
bildirib onları tək buraxdım.
1958-ci ildə Məmməd
Arazla Gülxanım ailə həyatı qurdular. Toy məclisində
ona həsr etdiyim şeiri oxudum. Bakıda evləri
olmadığından bir müddət kirayə tutduqları mənzildə
yaşadılar. Kələntər müəllim
xatırlayır ki, tez-tez onlara qonaq gedərdim. Çay
süfrəsi arxasında ötən ömrün xoş
günlərini yada salardıq.
Sevimli şairimiz
Zöhrab Tahir əlli ilə yaxın Məmməd Arazla dostluq
etmişdir. Cənubi Azərbaycanda milli demokratik hərəkata
divan tutulduqdan sonra qanlı despotik şah rejimi uzun müddət
hərəkatın iştirakçılarına qarşı
amansız cəza tədbirləri həyata keçirirdi.
İrandakı monarxiya rejiminə qarşı
narazılığını bildirən milli
ziyalılarımızın əksəriyyəti ya xarici
ölkələrə müraciət etməyə məcbur
olmuş, ya da həbsxanalara atılmışdılar. Rejimin
"Savak" adı ilə məşhur olan bədnam təhlükəsizlik
təşkilatı mühacirətdə olan milli demokratik hərəkatın
liderlərini də təqib edirdi.
1950-60-ci illərdə
demək olar ki, bütün şairlərimiz Cənubi Azərbaycan
mövzusunda şeirlər yazırdılar.
Zöhrab Tahir
xatırlayıb söyləyir ki, bir gün
axşamüstü, işdən sonra sahilyanı bulvarda gəzişərkən
Məmməd Arazla rastlaşdım. O, gülərüzlə
salamlaşıb mənə şad xəbər verdi.
"Azneft" meydanı yaxınlığında, "Bəhramgur"
abidəsi ilə üzbəüz "Yazıçılar
evi" adlandırılan yaraşıqlı binada təzə
mənzil aldı. Məni evlərinə dəvət etdi. Biz Məmməd
Arazın yaşadığı binanın altındakı
geniş və yaraşıqlı ərzaq mağazasından
konfet və müxtəlif şirniyyatlar aldıqdan sonra Məmməd
Arazın yeni mənzilinə daxil olduq. Nahar süfrəsi
arxasında Məmməd Araz mənə xatırlatdı ki, bu
gün Cənubi Azərbaycanda Milli hökumətimizin
yaradılmasının ildönümüdür.
Biz şərəfli
tarixi keçmişimiz və ümummilli problemlərimiz barədə
çay süfrəsi arxasında sübhədək fikir
mübadiləsi etdik. Bir də xəbər tutduq ki, səhər
saat 5-dir. Mən getməyə hazırlaşırdım. Məmməd
Araz razılaşmadı. Həmin gecə qonaq kimi şair
dostumun mənzilində yatıb qaldım. Səhərisi
gün çay içərkən qələm və
kağız götürüb şair dostuma həsr etdiyim
"Qardaşım" adlı kiçik bir şeir
yazdım. Bu şeir dostumun çox xoşuna gəldi.
1983-cü ildə Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında Məmməd Arazın 50 illik
yubileyi keçirildi. Mən həmin şeiri
çıxışımın sonunda oxudum. Yubiley tədbiri
iştirakçıları bu şeiri gurultulu
alqışlarla qarşıladılar.
Bir gecə məni sən qonaq saxladın,
Yaramı yaranla yuyub bağladın.
Mənim gözlərimlə bəzən
ağladın,
Qoymadın gözlərim dola qardaşım.
Toyuna gəlmişəm hər yan xonçadır,
Boş əlim bükülmüş, qanlı
qonçadır.
Bircə ürəyim var
parça-parçadır,
O, sənə çatacaq, ala, qardaşım.
Xalqımızın
sevimli şairi İlyas Tapdıq xatırlayıb söyləyir
ki, 1960-cı illərin ortalarında Məmməd Arazla birlikdə
bir neçə şair yayın sonlarında Kəlbəcərə
istirahətə getmişdik. Gözəl təbiəti,
insanı valeh edən uca dağları, isti və buz kimi şəfalı
suları olan bulaqları, saf, təmiz havası və
insanları Məmməd Araza qol-qanad verir, onu ürəkdən
sevindirirdi. Aşıq Şəmşirin qonağı olandan
sonra İstisuya gəldik. Uca dağın zirvəsində yerləşən
Taxta düzü odlanan yaylaqda bir müddət dincəldik. Qəfildən
yağmağa başlayan çiskinli soyuq yağış bizi
tamam islatmışdı. Bir həftəlik istirahətdən
sonra tezliklə Bakıya qayıtmaq qərarına gəldik. Məmməd
Araz cib dəftərçəsini çıxarıb Taxta
düzündə qoşduğu şeiri karandaşla
kağıza köçürdü. Sonralar şeir dillərdə
dastan oldu. Aşıqlarımız indi də toy və məclislərdə
bu şeiri sevə-sevə oxuyurlar:
Bəlkə bu yerlərə bir də gəlmədim
Duman salamat
qal, dağ salamat qal-
Yağış salamat qal, yağ, salamat qal...
Məmməd Arazla məni
1997-ci ildə xalq şairi Bəxtiyar Vahabzadə tanış
etmişdi. O vaxtlar mən tanınmış dövlət
xadimi Qurban Xəlilovun köməkçisi vəzifəsində
çalışırdım. İsti yay günlərindən
biri idi. İstiqlaliyyət küçəsində Prezident
Aparatı yaxınlığında yüksək vəzifəli
dövlət məmurlarının yaşadığı
binanın qızıl gül kolları və bəzək
ağacları əkilmiş həyətində uca
yaşıl ağacların sərin kölgəsindəki
skameykada əyləşmiş ağ saçlı
yaşlı kişi və qadınla ayaqüstə
dayanmış Bəxtiyar müəllim nə barədəsə
mehribancasına söhbət edirdilər. Yaxınlaşıb
salamlaşdıqdan sonra Bəxtiyar müəllim bizi
tanış etdi. Hörmətli prezidentimiz Məmməd müəllimə
bu binada mənzil verib - dedi.
Ümummilli liderimiz cənab
Heydər Əliyev Azərbaycan xalqının görkəmli
filosof şairi Məmməd Arazın
yaradıcılığını yüksək qiymətləndirmiş,
ona həmişə diqqət və qayğı göstərmişdir.
Xalq şairinin xatirəsinə
hörmət ümummilli, mədəni və ideoloji əhəmiyyət
kəsb edən vacib məsələdir. Respublikamızda
küçə və prospektlərdən, mədəniyyət
və obyektlərindən birinə Məmməd Arazın
adının verilməsi gözəl əsərləri ilə
Azərbaycanın poeziya xəzinəsini zənginləşdirmiş
sevimli şairimizin xatirəsinə dövlət
qayğısını təcəssüm etdirərdi.
Məmməd Arazın
yaradıcılığı zəngin poeziya irsi, onun adı əsrlər
boyu yaşayacaqdır.
Vaqif ƏSƏDOV
Ədalət.- 2010.- 23 oktyabr.- S. 4.