Ordumuz yüksək döyüş hazırlığına malikdir

 

Ordu quruculuğu işinin dövlət başçısı tərəfindən prioritet elan olunması müvafiq yöndə qarşıya çıxan problemlərin çevik həllini tələb edir. Ölkənin milli maraqlarından doğan və zəruri həyati əhəmiyyət daşıyan strateji xarakterli bir sıra məsələlərin qısa zaman kəsiyində öz həllini tapması digər mühüm sahələrdə olduğu kimi, Silahlı Qüvvələr quruculuğunda da dövlət rəhbərliyinin sərgilədiyi prinsipial mövqeyi ortaya qoyur.

24 iyun 2010-cu il tarixdə ordumuzun 92-ci ildönümü münasibətilə keçirilən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev ordu quruculuğunun hər bir ölkə üçün çox önəmli məsələ olduğunu bir daha vurğulamış və bu sahənin xüsusilə müharibə şəraitində yaşayan ölkə üçün prioritet xarakter daşıdığını qeyd etmişdir. Doğrudan da, dövlət büdcəsinin ordu quruculuğu ilə bağlı statistikası kifayət qədər ciddi mətləblərdən xəbər verir.

Son yeddi il ərzində hərbi xərclərimiz 14 dəfəyədək artırılmışdır. 18 iyun 2010-cu il tarixdə Milli Məclisin növbədənkənar sessiyasında müdafiə və təhlükəsizlik xərclərinin daha 400 milyon manat artırılması nəticəsində cari ilin bütün hərbi xərcləri 2 milyard 150 milyon dollaradək yüksəlmişdir. Müqayisə üçün deyək ki, bu məbləğ işğalçı Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Yeri gəlmişkən, 23 iyun 2010-cu il tarixdə "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçular üçün xidməti yaşayış evlərinin tikintisinə 5 milyon manat məbləğində vəsait ayrılmışdır.

Ümumiyyətlə, ordu quruculuğu sahəsində əldə olunan bu və digər uğurların əsası hələ 1990-cı illərin əvvəllərində xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz 15 iyun 1993-cü il tarixdə ümummilli liderimizin dövlət rəhbəri kimi məsul bir vəzifənin icrasına başlaması eyni zamanda Silahlı Qüvvələr quruculuğunda yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə edilir. Ordu quruculuğu ilə bağlı qarşıda dayanan prioritet məsələlərin müəyyənləşdirilib sistemləşdirilməsi, yaxın və uzaq perspektivlərin ön plana çəkilməsi və nəhayət, Silahlı Qüvvələr quruculuğunun elmi əsaslar üzərində aparılması kimi təxirəsalınmaz tədbirlərin davamlı və ardıcıl şəkildə həyata keçirilməsi məhz bu dövrə təsadüf edir. Həmin il noyabrın 1-də ümummilli liderimizin xalqa tarixi müraciəti ölkədə hərbi vətənpərvərlik ruhunu ikiqat artırdı və ordu quruculuğu işinin elmi-təcrübi prinsiplərə əsaslanmasına, vahid komandanlıq prinsipinin həyata keçirilməsinə təkan verdi. Milli Məclisin 18 noyabr 1993-cü il tarixli iclasında Müdafiə və təhlükəsizlik məsələləri müzakirə olundu. Qısa müddətdə ordunun qanunvericilik bazası yaradıldı. Milli Məclis tərəfindən "Silahlı Qüvvələr haqqında", "Hərbi xidmət haqqında", "Müdafiə haqqında", "Hərbi qulluqçuların statusu haqqında" və s. qanunlar qəbul edildi. Aparılan kompleks tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verdi: 10 dekabr 1993-cü il tarixdə qoşunlarımız Beyləqan istiqamətində hücuma keçən düşməni 40 kilometrədək geriyə oturtdu. Analoji hal digər cəbhə bölgələrində də təkrarlandı.

Əsası ümummilli liderimiz tərəfindən qoyulan ordu quruculuğu ilə bağlı mühüm prinsip və tədbirlərin bu gün uğurla davam etdirilməsi Azərbaycan Silahlı Qüvvələrini az müddətdə Cənubi Qafqazın yüksək döyüş hazırlığına malik ən mobil və nümunəvi bir silahlı qurumuna çevirmişdir. Ordu siyasətinin hüquqi bazası davamlı olaraq təkmilləşdirilmiş, müvafiq istiqamətdə özündə prioritet prinsipləri ehtiva edən müxtəlif sənədlərə imza atılmışdır. Bu sənədlərdən ən mühümü 8 iyun 2010-cu il tarixdə Milli Məclis tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasının Hərbi Doktrina"sıdır. Ölkənin ilk "Hərbi Doktrina"sı Azərbaycan Respublikasının müdafiə siyasətinin hüquqi bazasını təşkil edən strateji əhəmiyyətli tarixi sənəddir.

Ordumuzun son illər əldə etdiyi ən mühüm uğurlardan biri də onun beynəlxalq əlaqələri ilə bağlıdır. 4 may 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulmaqla öz üzərinə götürdüyü bütün öhdəlikləri bu günədək uğurla yerinə yetirir. Ötən il hərbi qulluqçularımız müxtəlif əməkdaşlıq sahələri üzrə 44 kursda, 6 təlimdə, təlimlə bağlı 24 planlaşdırma konfransında, 11 seminar və 5 işçi görüşdə, 10 konfrans və simpoziumda və s. iştirak etmişlər. Bu il NATO ilə Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində hərbçilərimizin 9-u Azərbaycanda olmaqla 120 tədbirdə iştirakı nəzərdə tutulmuşdur. Bu tədbirlərin böyük hissəsi istər Bakıda, istərsə də digər xarici ölkələrdə artıq uğurla həyata keçirilmişdir. Hərbi qulluqçularımız NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində öz üzərlərinə düşən tapşırıqları uğurla yerinə yetirirlər. Hərbi qulluqçularımız sülhməramlı missiyalarda da fərqli döyüş hazırlığı və nizam-intizam nümayiş etdirirlər. Bununla bağlı Müdafiə Nazirliyinin ünvanına göndərilən təşəkkür məktublarında Azərbaycan hərbçilərinin yüksək peşəkarlığından ətraflı bəhs olunur. Azərbaycan Respublikası dünyanın 30-dək ölkəsi ilə hərbi əlaqələrin normativ hüquqi bazasını təşkil edən saziş və memorondumlar, o cümlədən 2009-cu ildə hərbi sahədə 4 əsas sənəd imzalamışdır. Hazırda daha 27 ölkə ilə analoji saziş layihələrinin imzalanması ilə bağlı məhsuldar müzakirələr aparılır.

Cari ildə Silahlı Qüvvələrin döyüş hazırlığı istiqamətində yeni keyfiyyət göstəriciləri ilə müşayiət olunan bir sıra mühüm uğurlara imza atılmışdır. Birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiə təmin olunmuş, müdafiə sistemi təkmilləşdirilmişdir. Vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi üzrə işlərin artan sürətlə davam etdirilməsi qoşunların döyüş qabiliyyətini yüksək səviyyədə saxlamağa əsaslı təminat vermişdir. Cari tədris ilində birlik və birləşmələrdə keçirilən 70-dək komanda-qərargah təlimləri və bu təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompyuter şəbəkələrindən istifadə olunması görülən işin effektini ikiqat artırmışdır. Ordunun kəşfiyyat imkanlarının yüksəldilməsi məqsədilə idarəetmə sistemləri təkmilləşdirilmiş, strateji və taktiki səviyyədə pilotsuz uçuş aparatları alınmış, kəşfiyyatçılar müasir tələblərə cavab verən fərdi gecəgörmə vasitələri ilə təmin olunmuşlar. Ümumiyyətlə, 2009-cu ilin sonuna Silahlı Qüvvələrin istifadəsinə təxminən 1 milyard ABŞ dollarından artıq dəyərdə modern silah və texnika verilmişdir. Bu da öz növbəsində bütün qoşun növlərinin döyüş imkanlarını ikiqat artırmışdır.

Hərbçilərin sosial müdafiəsi də ölkə rəhbərliyinin daim diqqət mərkəzində dayanan məsələlərdəndir. Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişi ilə müxtəlif hərbi qarnizonlarda sosial, mədəni və məişət obyektləri ilə birlikdə 5 hərbi şəhərcik kompleksi inşa edilir. Hərbi qulluqçular üçün ümumilikdə 627 mənzili olan yaşayış binalarının tikintisi yaxın vaxtlarda başa çatdırılacaqdır. 20 sentyabr 2010-cu il tarixdə ölkə başçısının imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, o cümlədən digər güc strukturlarının dövlət büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və dövlət qulluqçusu olmayan mülki işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır.

Bütün bunlar ordu quruculuğu ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərin, aparılan mühüm islahatların yalnız bir hissəsidir. Hərbi qulluqçularımız onlara göstərilən bu diqqət və qayğıya daim yüksək döyüş hazırlığı ilə cavab verməyə çalışırlar. Axı müharibə şəraitində yaşayan bir olkənin ordusunda xidmət etmək hər bir hərbçidən ikiqat diqqət və məsuliyyət tələb edir.

 

 

İbrahim RÜSTƏMOV

 

Ədalət.- 2010.- 23 oktyabr. – S. 9.