ONLARIN DÜNƏNİ: MAESTRO
NİYAZİ
BİR ƏFSANƏ, BİR NAĞIL
Nə qədər
inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu
günümüz ONLARIN DÜNƏNİNdən
başlayıb.Onlar : sənətimizin və
ədəbiyyatımızın dünəni.
Dünən onlar kim
idi,hardaydılar və nələr yaşayırdılar?
Yeni ədəbi nəsl
üçün ibratamiz və bir qədər də
kədərli olan O DÜNƏN və O DÜNƏNİN
insanlarının keçdiyi yol, bu gün üçün
son dərəcə kərəkli və daha qabarıq
görünməkdədi.
Proektimizin
davamı olaraq unudulmaz sənətkarımız maestro Niyazi
haqqında danışayıq. Eynən bu rubrikada daha
kimlər olacaq. İzləməyə dəyər.
Bəlkə
də belə deyil. Ancaq mənə elə gəlir ki, hər
dəfə mayestro Niyazinin dirijorluğuna baxanda, onun
hərəkətlərində, onun musiqiyə, orkestrə
baxımında bir əfsanəlik, bir nağıllıq
görürəm. Bu əfsanəliyi, bu
nağıllığı təkcə Niyazi pult arxasında
dayananda hiss eləyirsən. Küçədə, evdə,
haradasa onunla rastlaşanda yüzlərdən, minlərdən
biridir. Ancaq pult önündə bu adam çevrilir
əfsanəyə, dönür nağıla.
Dirijor Niyazi pult
arxasında dayananda və onun simfonik orkestri Üzeyir
Hacıbəyovun məşhur "Koroğlu"sundan
Üvertura çalanda bir savaş, bir qılınc
qınından sıyrılır. Orkestrin
qəhrəmanlıqla dolu ifasını dinlədikcə,
Niyazinin hərəkətlərinə fikir verdikcə bir az
keçmişə, bir az igidliyinə, bir az
gələcəyinə inamın artır. Bəlkə də
Niyazi sənətinin Üverturaya verdiyi güc-qüvvət,
parlaqlıq da məhz elə bundadı. Dinləyicidə
mübariz ovqat yaratmasındadı.
Mayestro Niyazi pult
arxasında, əlində dirijor çubuğu olarkən
dəyişir. Bu dəyişkənliyi təkcə onun
sifət cizgilərində, orkestrinə rəhbərliyində
görmürük. Hər dəfə Niyazinin
dirijorluğundan, ümumiyyətlə, sənətkarın
ustalığından söhbət düşəndə
deyirlər: "Filankəs musiqini, rolu yaşayır". Qoy
belə olsun. Mayestro Niyazi pult arxasında olanda,
çaldığı musiqi əsərini yaşayır.
Məsələ burasındadı ki, o biri dirijorlar da az və
ya çox ölçüdə ifa etdikləri əsəri yaşayırlar.
Bəs nə üçün Niyazinin dirijorluğu adama
əfsanələri, nağılları xatırladır?
D.ŞOSTAKOVİÇ:
"Niyazi sovet simfonik musiqisinin incə şərhçisi
və yorulmaz təbliğatçısıdı".
Rauf KƏRİMOV,
(direktor): Mayestro Niyazinin incəsənətimizdəki
xidmətləri çoxşaxəlidi, hərtərəflidi.
Əvəzolunmaz bəstəkar, cəsarətlə
deyək ki, dahi dirijor, əla təşkilatçı,
böyük ictimai xadimdi. Dediklərimizə inanmaq
üçün təkcə onun qaynar yaradıcı
həyatını, Opera və Balet Teatrında direktor və
bədii rəhbər işləndiyini xatırlamaq kifayətdi.
Otuz ildən artıq rəhbəri olduğu Dövlət
simfonik orkestri Moskvada, Sibirdə və Uralda sənət
səfərlərində olur.Cəsarətlə demək olar
ki, Azərbaycan bəstəkarlıq məktəbi Niyaziyə
borcludur. Azərbaycan bəstəkarlarının bütün
partituraları bu böyük sənətkarın
əlindən keçib. Niyazinin şəxsində
Azərbaycan bəstəkarları təkcə əla
interpretatorla yox, həm də böyük dost, yaxın
məsləhətçi ilə tanış olur. Mayestro Niyazinin yazdırdığı və ifa
etdiyi əsərlərin çoxunu klassik əsərlər
adlandırmağa dəyər. Əvvəllər bir
skripkaçı kimi, indi isə bir dirijor kimi Niyazinin
sənətini daima izləmişəm.Niyazi qısa bir
müddətdə əsərlərin məşqini başa
çatdırır. O məşqlərdə
yaxşı bir pedaqoqsa, konsertlərdə öz artistlik,
dirijorluq məharətini göstərən, orkestrin
ilhamvericisi, tamaşaçıları o saat ələ ala bilən
bir sənətkardır. Bu və ya buna bənzər
keyfiyyətlərinə görə onu tək-tək dirijorlarla,
o cümlədən Toskanini, Furtvengler, Knapersburş, Erix
Playberlə müqayisə etmək olar".O zaman Fərhad
Bədəlbəyli Beynəlxalq müsabiqədən
təzəcə qayıtmışdı. Azərbaycan
Dövlət Filarmoniyasında onun konserti vardı. Həmin
konsertdə Üzeyir Hacıbəyov adına dövlət
simfonik orkestri çalacaqdı. Orkestrin dirijoru mayestro Niyazi
idi. Filarmoniyanın salonu adamla doluydu. Onlardan bəzisi
Fərhad Bədəlbəylinin ifasını eşitməyə,
bəzisi, şübhəsiz, Niyazinin dirijorluğuna baxmağa
gəlmişdi. Bu konsertdə Niyazi Qərbi Avropa
sənətkarları ilə yanaşı, həm də
Azərbaycan bəstəkarlarının əsərlərini
çaldırırdı.
Onun dirijorluğuna
baxanda adama elə gəlir ki, simfonik orkestrin
ifaçıları daha rahat, daha səliqəli
çalırlar. Nə üçün belədi?
Bəlkə bu ona görədi ki, mayestro Niyazi heç zaman,
necə deyərlər, hörmətdən, ad-sanından
istifadə etmir. Şübhəsiz, bu amil böyük rol
oynayır. Onda istər orkestrin
ifaçıları, istər solo çalan özünü
sərbəst hiss edir. Əbəs yerə deyil ki, istedadlı
dirijor Rauf Abdullayev öz müsahibələrindən
birində dirijorluq sənətinin bu xüsusiyyətinə
üstünlük verib və deyib ki, dirijor işlədiyi
hər hansı bir kollektivdə öz "mən"ini
heç kəsin gözünə soxmamılıdı.
Mən məhz həmin
gecə mayestro Niyazinin rəhbərliyi ilə simfonik orkestrin
ifasına qulaq asanda hər bir musiqiçinin necə
sərbəst, necə ustalıqla
çalışdığının şahidi oldum. Həmin
gecə dirijor Niyazinin ifasında səslənən musiqi
əsərləri ifaçıların rahat
çalğısında dinləyicilərin
rəğbətini qazandı.
Təkcə həmin
gecə yox, həmişə mayestro Niyazinin ustalığı
musiqisevərlərin, elliyin diqqətində olub. Onun
səsli-soraqlı ifaçılığı
respublikamızdan uzaqlarda çox tez tanınmağa
başlayıb.
Maestro Niyazinin iş
otağında həmişə qəribə bir
qarmaqarışıqlıq, qəribə bir sakitlik olar. Bu
qarmaqarışığı salan, bu sakitliyi pozan onun balaca
nəvəsi Ceyhundur. Niyazi onun xətrinə qətiyyən
dəymir. Mən bir neçə dəfə dirijorumuz Niyazinin
iş otağında olmuşam, onunla söhbət
etmişəm. Sənət haqqında
söhbətlərdə qətiyyən xəsislik etməz.
Azərbaycan musiqisinin bugünkü taleyi, onun dünyaca,
ellikcə tanınmasında özünü tam məsul bir
adam kimi hiss edir. Onunla olan görüşümüzdə
mən bunu böyük dirijorumuzdan dəfələrlə
eşitmişəm. Onun Üzeyir Hacıbəyov adına
Dövlət Simfonik orkestri bu dediklərimizə danılmaz
misaldı.
Niyazi ömrünün
elə çağlarını yaşayır ki, onun
üçün heç bir şöhrət hissi, heç
bir ad-san qayğısı yoxdu. Niyazi adı, Niyazi
şöhrəti dünyada yaşayıb. Ona görə
də dirijor Niyazinin bugünkü musiqimiz üçün
narahatçılığında məncə ancaq və ancaq
bir ümid, bir qayğı var: Azərbaycan musiqi sənətini
elliklə, dünyada bir daha tanıtmaq, şöhrəti
əldə verməmək.
Mayestro Niyazinin
sənəti püxtələşəndən sonra, onun
dirijorluğunun səsi, sorağı eldən-elə
yayılandan sonra konsertlərə
çağırılır. Onun sehrkar sənətinin
minlər, milyonlar öz gözləri ilə görmək
istəyirlər. Dirijor Niyazi dünyanın elə
məşhur konsert salonlarında, elə tanınmış
orkestrlərində çıxış edir ki, tək-tək
dirijora bu salonu, bu pultu etibar edirlər. Tək-tək
sənətkara belə tələbkar dinləyicilər
qarşısında, tələbkar musiqi
sənətkarları önündə çıxış
etmək nəsib olur. Mayestro Niyazini nə salonların
burulğanı, zəhmi, nə tamaşaçıların
çoxluğu, nə də müxtəlif orkestrlərin
müxtəlif ifaçıları çaşdırmır.
HAŞİYƏ: -
Deyirlər ki, bir gün mayestro Niyazi dünyann məşhur
kollektivlərindən biri olan Londonun Kral Teatrının
orkestri ilə çıxış etməli olur. Niyazi
bu orkestrlə çıxış edərkən,
əlbəttə, özünə, öz ustalığına
tam arxayın idi. Onu bu sənət səfərinə
göndərənlər də bunu yaxşı bilirdi. Mayestro
Niyazinin ustalığına, musiqi duyumuna bələd idilər.
London Kral orkestrinin ifaçılarının, deyirlər,
qəribə bir xüsusiyyəti var. Onlar orkestrə
gələn bütün dirijorları, necə deyərlər,
dişlərinə vururlar,yoxlayırlar. Hansı
zarafatsevər musiqiçi isə bu dəfə mayestro Niyazini
yoxlamaq fikrinə düşür. Mayestro Niyazi orkestrlə
məşq edəndə həmin ifaçı əsərin
ifa tərzi ilə uyuşmayan yad notlar vurur. Niyazi o saat həmin
uyarsızlığı duyur və orkestri saxlayır.
Sakitcə həmin musiqiçiyə yanaşıb
qulağına pıçıldayır:
"Bəlkə..."
Hər
şey o ifaçıya aydın olur. Orkestrin qalan
üzvləri Niyazinin musiqi duyumunu görüb özlərini
yığışdırırlar.
Hörmətli dirijorumuz
1961-ci ilin ayağı sayalı günlərindən
birində Londona səfər etmişdi. O
zaman mayestro Niyazinin konsert proqramıyla Baxın, Bethovenin,
Çaykovskinin və neçə-neçə dünya
sənətkarlarının əsərləri vardı.
Ümumiyyətlə, həmin səfər zamanı
hörmətli dirijorumuz dünya sənətkarlarının
on doqquzdan artıq əsərində dirijorluq etdi. Onun
bütün konsertləri uğurla keçdi. London
qəzetləri Niyazinin ustalığını,
ifaçılığını dəfələrlə
təriflədilər. Onun haqqında məqalələr
yazdılar. Bir gecədə üslubca kəskin
fərqlənən musiqi əsərlərinə dirijorluq
edəndə Niyazi özünlü tərpənişinə,
ifaçılığına, ustalığına
həmişə sadiq qalıb.
1965-ci
ildə mayestro Niyazi Türkiyə səfərinə gedir. O,
həmin məmləkətin ən böyük konsert
birliklərindən biri olan prezident orkestri ilə
çıxış etməli olur. Böyük
sənətkar Çaykovskinin "Qaratoxmaq qadın"
operasına dirijorluq edir. Sonra yenə də həmin
orkestrlə dünya sənətkarlarının, Azərbaycan
bəstəkarlarının əsərlərini
çaldırır. Türkiyənin mərkəzi
qəzetləri bu böyük sənətkarın uğurlu
sənət səfəri haqda geniş məqalələr
yazırlar.
26 noyabr
1965-ci il. Türkiyənin "Axşam" qəzetinin
əməkdaşı Cəlaləddin Çətin mayestro
Niyazi ilə tanışlığa belə başlayır:
"Dünyaca tanınmış, ünlü bəstəkar
və orkestr şefi Niyazi Hacıbəyovla o gün dilimiz,
mahnılarımız, musiqimiz və
ədəbiyyatımızdan söhbət açdıq. Niyazi
bəy: "Göylərinizi gördüm gəlirkən.
İçim qan ağladı. Sonra da türkülərinizi
eşitidim. Böyük bir xəzinədi, - dedi. Moskvada ilk
dəfə türk musiqisi çalan adamdır Niyazi
Hacıbəyov. O, sadəcə Niyazı
çağırılmasını istəyir".
Mayestro Niyazi
təkcə özgə məmləkətlərə
sənət səfərinə getmir. O, respublikamızın
müxtəlif rayonlarında, sənət ocaqlarında
xüsusi konsert proqramı ilə çıxış edir.
Simfonik musiqinin yayılmasında, sevilməsində
xidmətlərini əsirgəmir. Bu, onu ellərlə,
obalarla, adamlarla bir daha yaxınlaşdırır.
Niyazının rəhbərlik etdiyi Dövlət simfonik
orkestri dəfələrlə Gəncədə
keçirilən "Musiqi baharı"nda iştirak
etmişdir. Onun bu səfəri olduqca uğurlu olur. Bu
barədə görkəmli dirijor belə deyir:
(ardı var)
Tofiq Abdin
Ədalət.- 2010.- 23 oktyabr.- S. 15.