"MƏNƏ ÜRƏK VERİN"

 

Yayın isti günlərinin birində sözə, poeziyaya öz möhürünü vurmuş, öz imzasını həkk etmiş, tanınmış söz sərrafı, şair Musa Ələkbərli redaksiyamıza telefon açdı. Ustad qardaşım hal-əhvaldan sonra bildirdi ki, redaksiyaya bir cavan oğlan göndərdim. Maraqlıdır təzə fikirləri, deyimləri var. İmkan olsa diqqət yetirərsən.

Təbii ki, ustad sözü yazılmamış qanundu və iş otağıma gələn bu cavan oğlanın səmimiyyəti, özünü təqdim etməsi və söhbət əsnasında öyrəndiyim həyat yolu diqqətimi çəkdi. İxtisasca həkim olan Qalib sən demə döyüş bölgəsində, hərbi hosbitalda xidmət edib, Qarabağda, ondan öncə doğulub-yaşadığı Gədəbəydə də düşmənin bütün məkirlərindən xəbərdar olub.

Musa Ələkbərlinin təqdimatı ilə tanıdığım gənc dostum mənə özünün ilk kitabını bağışladı. Kitab "Mənə ürək verin" adlanırdı. Çox maraqlı və bir az da iddialı addır. Axı, hər adama ürək vermək mümkün deyil. Elə həmin maraqla da, həmin istəyə yanaşmaq meyili ilə də "ŞUR" nəşriyyatının çap etdiyi kitabı oxuyub başa çıxdım.

Musa Ələkbərlinin ön söz yazdığı bu kitabda təzə misralara, isti fikirlərə qonaq oldum. Gördüm ki, həkim-şair dostumuz yazır:

 

Hər səhər yuxudan durub

Üfüqlərə baş çəkirəm

Hər gün günü aldadıram

Mən ömür yox, daş çəkirəm.

 

bunun ardınca da vurğulayır ki:

 

Süni güllər də süni gülüş tək

Mən süni gülləri sevə bilmirəm

Səninlə nə vaxtsa bir də görüşsək

Mən süni gülləri sevə bilmirəm.

 

Bir neçə bölümdən ibarət olan bu kitabda sevgi də, vətən həsrəti də insanlığa, həyata münasibət də özünəməxsusdu. Təbii ki, bu da müəllifin uğurudu. Mənə elə gəlir ki, həkim-şair özünün bu ilk kitabı ilə oxucuların qarşısına əlidolu gəlib və onun dediyi kimi:

 

Kim gələcək, kim gedəcək

Səndən, məndən o yana ki?

Kim qalacaq, kim olacaq

Səndən, məndən oyana ki?

 

Bax bu sualın cavabını onun kitabını oxuyan hər kəs misraların arasında mütləq tapacaqdı. Çünki o misralar son dərəcə səmimidir.

 

 

Əbülfət Mədətoğlu

 

Ədalət.- 2010.- 23 oktyabr.- S. 19.